Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Xalqın mədəni sərvəti” adlı sənət layihəsinə başlanılır

    Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.

    Layihə çərçivəsində yanvarın 8-dən 14-dək dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.

    Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.

  • Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb

    Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabı türk dilində nəşrə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova hazırlayıb. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovdur.

    Bu araşdırma dünyanın müxtəlif yerlərində yaşayan türk xalqları ilə bağlı qısa xülasəsidir. Oxucu bu kitabça ilə türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edəcək.

    Nəşrdə qeyd edilir ki, böyük tarixi keçmişi olan türklər müəyyən dövrlərdə dünyanın müxtəlif yerlərində yaşayıb və böyük izlər qoyublar. Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, böyük tarixi və mədəni irsə malikdir. Başqa xalqlar müəyyən ərazidə yaşadıqları halda, türklər dünyanın müxtəlif yerlərində yaşamışlar və hazırda da yaşamaqdadırlar. Nəşrdə dünyada təxminən 300 milyondan çox türkün yaşadığı vurğulanır. Bildirilir ki, qloballaşma və digər dünya xalqları ilə inteqrasiyanın genişlənməsi türklərin öz tarixi yerlərindən daha geniş ərazilərə yayılmasına səbəb olub. Bu gün türkdilli xalqlar müxtəlif qitələrdə yaşayırlar.

    Kitabda türk xalqlarının hər biri haqqında ayrıca məlumat verilir. Bu kitabçada əlavə interaktiv məlumatlar da yer alıb.

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

  • V “Müasir audiovizual baxış” mükafatı təqdim olunacaq

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildən “AzerNyuMedia” şirkətinin istehsal etdiyi və hazırda “Real FM”də (107 FM) yayımlanan “Cinema Radio” kanalının növbəti – V “Müasir audiovizual baxış” mükafatı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, mükafatın təqdimetmə mərasimi hər il yanvarın sonlarında keçirilir.

    Mükafat “Cinema Radio”nun ötən il üzrə yekunları əsasında müəyyənləşir.

    Qeyd edək ki, “Sinema Radio” 2019-cu ildən etibarən şənbə və bazar günləri yayımlanır. Kanalın buraxılışlarında əcnəbi kino bazarı haqqında məlumatlar, eləcə də Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının eksklüziv xəbərləri, yerli və əcnəbi filmlərdən “soundtrack”lər, audiotreylerlər, audiosəhnələr, yerli audiovizual xəbərlər, xüsusi audioreportajlar, həmçinin maraqlı qonaqlarla müsahibələr yayımlanır.

    “Cinema Radio” 2021-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür, 2022-ci ildən etibarən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası ilə əməkdaşlıq edir.

  • Bu gün Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

    Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 104 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

    AZƏRTAC xəbər verir ki, Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

    Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

    Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

    Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

    Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

    Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

    “Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • “Ozan” elm və sənət toplusunun yeni nömrəsi işıq üzü görüb

    Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən nəşr olunan “Ozan” elm və sənət toplusunun yeni nömrəsi çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, toplu AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təbrik məktubu, professorla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri ilə açılır.

    Topluda professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin, Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın “Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri təqdim olunub.

    AAB-nin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər barədə xəbərlər və “Qurbani” dastanı da öz əksini tapıb.

  • “Qızıl qlobus” mükafatının qaliblərinin adları açıqlanıb

    İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” (2023) filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

    “Report”un məlumatına görə, film həmçinin “Ən Yaxşı Dram Filmi” nominasiyasında da namizəddir.

    Amerikalı aktyor Robert Dauni isə “Oppenheymer” filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb.

    Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. Rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.

    Bundan başqa “Ən yaxşı rejissor” nominasiyası üzrə “Oppenheymer” bioqrafik dramının rejissoru Kristofer Nolan, “Ən yaxşı xarici film” nominasiyası üzrə “Düşmə anatomiyası” filmi, “Dram serialında ən yaxşı aktyor” nominasiyası üzrə Kiran Kalkin “Varislər” serialındakı roluna görə, “Miniserialda ən yaxşı ikinci plan aktyoru nominasiyası üzrə “Varislər” serialındakı roluna görə Metyu Makfadyen, “Televiziya filmi, serialı və ya miniserialında” ən yaxşı aktyor nominasiyası üzrə “Beef” (2023) mini serialındakı roluna görə Stiven Yeun, aktrisa Ali Vonq eyni layihədə iştirakına görə, “Komediya/Muziklda ən yaxşı aktrisa” nominasiyası üzrə Emma Stoun “The Down and Out” filmindəki roluna görə, Billi Ayliş “Barbie” filmindəki mahnısına görə, ən yaxşı cizgi filmi nominasiyası üzrə yapon rejissoru Hayao Miyazakinin “Oğlan və quş” filmi, “Kinematoqrafik və distribütor nailiyyətləri” nominasiyası üzrə “Barbie” filmi “Qızıl qlobus”a layiq görülüblər.

    Xatırladaq ki, əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci sırada dayanan “Qızıl qlobus” 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir.

    Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.

  • Mərdəkanda eko-bilik və turizm mərkəzi yaradılacaq

    2040-cı ilə qədər Bakının Mərdəkan qəsəbəsində eko-bilik və turizm mərkəzi yaradılacaq.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Sənədə əsasən, qeyri-istehsalat (iqtisadiyyat) sektoru (xidmət sferası) mərkəzlərinin inkişafı, yüksək texnologiyalar sahəsinin, habelə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin genişləndirilməsi; turizm və hotelçilik sektorunun gücləndirilməsi qarşıya məqsəd qoyulub.

  • Bakıda poçt şöbələrinin sayı 181-ə çatdırılacaq

    2040-cı ilə kimi Bakıda əhaliyə xidmət göstərən poçt şöbələrinin sayı 181-ə çatdırılacaq.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    2027-ci ilə kimi isə paytaxtda poçt şöbələrinin sayı 163-ə kimi artırılacaq ki, bu da 2020-ci illə (planın hazırlama vaxtı) müqayisədə 10 ədəd çoxdur.

    Plana əsasən, Bakı şəhərinin 20 000 nəfərədək əhali yaşayan ərazisində və Bakı şəhəri ətrafı qəsəbələrdə isə əhali sayı 5 000 nəfərdən artıq olduqda yeni poçt şöbələrin açılması nəzərdə tutulur.

    2020-ci ilə olan məlumata görə, Bakı şəhərində milli poçt operatoru “Azərpoçt” MMC-nin 6 poçt filialının 153 poçt şöbəsi tərəfindən əhaliyə həm poçt, həm də maliyyə xidmətləri göstərilir. Bununla yanaşı Bakıda sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə 150-dən çox özəl poçt müəssisələri lisenziya əsasında fəaliyyət göstərir. Həmçinin paytaxtda 6 müasir “Şəbəkə” mərkəzləri yaradılıb və həmin xidmət mərkəzlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı, turizm və digər xidmətlər də göstərilir.

  • Bakıda yeni turistik istiqamətlər yaradılacaq

    Bakının turistik təkliflərinin şaxələndirilməsi və yeni turistik istiqamətlərin yaradılması nəzərdə tutulur.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Sənədə əsasən, 2040-cı ilə qədər turizm və hotelçilik sahəsində 4 % artımın olacağını proqnozlaşdırılır.

    Bu iqtisadi sektor ilə əlaqədar Baş Plan çərçivəsində qarşıya qoyulmuş əsas məqsədlər davamlı və iqtisadi cəhətdən səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi, həmçinin insanların bütün il boyu bu sahədə fəaliyyət göstərə bilməsi üçün turistik fəaliyyətlərin və xidmət strukturlarının daha çox şaxələndirilməsindən ibarətdir.

    Bu təkliflər həm ümumi, həm də müxtəlif seqmentlər üzrə turizm fəaliyyətlərinə tətbiq edilməli, habelə yerli və xarici turistlərə uyğun şəkildə təşkil edilməlidir:

    - Şəhərin dayanıqlı inkişafı

    - Sovet irsinin müasir mədəni irs kimi təqdim edilməsi məqsədi ilə qorunması;

    - Piyada yolları sisteminin genişləndirilməsi. Piyada yolları mühitinin yaxşılaşdırılması, piyada gəzintinin və velosipedin nəqliyyat vasitəsi kimi istifadəsinin təşviqi. Şəhər və ətraf mühitin regenerasiyası

    - Göllərin su mühitinin və təbii dəyərinin bərpası, onların rekreasiya ərazisi və təbii yaşayış mühiti kimi yenidən canlanması, su-bataqlıq mühitinin sağlamlaşdırılması;

    - Yaşıllıq mərkəzləri və rekreasiya ərazilərinin genişləndirilməsi, təbii landşaft ərazilərinin mühafizə zonasının müəyyən edilməsi. Şəhərin memarlıq siması və tarixi irsə qayğı

    - Bakının səciyyəvi xüsusiyyətlərinin qorunub saxlanılması;

    - Abşeronun yerli memarlıq üslubunun qorunub saxlanılması və yeni tikililərin layihələndirilməsində onların müasir interpretasiyasına uyğun həllərin verilməsi. Yeni şəhər iqtisadiyyatı

    - Mədəniyyət və yaradıcı sənayelər kimi əlavə yeni iqtisadi qruplar təqdim edərək turizm və mədəniyyət sektorunun gücləndirilməsi;

    - Sahilyanı yaşayış məntəqələrinin və yeni istirahət fəaliyyətlərinin ahəngdar inkişafı. Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə aşağıdakılar daxildir:

    - çimərlik turizmi;

    - mədəni ekoturizm;

    - Bakı bulvarı;

    - milli parklar;

    - yaradıcı turizm;

    - təcrübi turizm (ölkə tarixinin, insanların, yerli mətbəxin və mədəniyyətin öyrənilməsi məqsədilə səyahət);

    - iş səyahətləri;

    - rekreasiya;

    - idman turizmi;

    - asudə vaxtın təşkili;

    - muzeylər;

    - “MICE” turizmi (görüşlər, tədbirlər);

    - konfranslar və sərgilər;

    - tibbi turizm.

    Bütün bu sahələrin inkişaf etdirilməsi üçün şəhər əraziləri ilə Abşeronun təbii dəyərə malik əraziləri arasında əlaqələndirmə imkanlarının olması tələb olunur.

  • Emin Ağalarov “DREAM FEST” Beynəlxalq musiqi festivalının keçiriləcəyini elan edib

    Dubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək Sea Breeze Resort kurort şəhərinin səfalı sahilində təşkil olunacaq “DREAM FEST 2024” beynəlxalq festivalına start veriləcəyi ilə bağlı rəsmi açıqlama verib.

    Emin Ağalarovun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası dünya miqyasında təqdim olunacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar.

    “Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, – deyə festivalın təşkilatçısı Emin Ağalarovun şərhində bildirilir.

    TV tamaşaçıları da festivalın televiziya versiyasını izləyəcək, özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər.