Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Durna balığı” tamaşası növbəti dəfə səhnədə

    Azərbaycan Dövlət Kukla Teatrı yanvarın 26-da rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

    Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

  • Pantomima Teatrının yanvar repertuarı

    Azərbaycan Dövlət Pantomima Teatrı yanvar ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

    AZƏRTAC xəbər verir ki, yanvarın 7-də "Mən və Mən", yanvarın 13-də "Pantomima buketi", yanvarın 14-də “İblis”, yanvarın 20-də "Xocalı-bu olub" tamaşaları göstəriləcək.

    Bundan başqa, yanvarın 21, 27, 28-də isə “Romeo və Cülyetta” tamaşası nümayiş ediləcək.

    Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.

  • Rusiya istehsalı “Serf 2” filminin gəlirləri rekord həddə çatır

    Komediya janrında ekranlaşdırılan “Serf 2”nin kassa gəlirləri 2 milyard rublu ötərək ən uğurlu layihələr sırasında yer alıb.

    AZƏRTAC xəbər verir ki, filmdə əsas rolları Aqlaya Tarasova, Miloş Bikoviç, İvan Oxlobıstin, Aleksandr Samoilenko ifa edib.

    Rejissoru Klim Şipenko olan ekran əsərinin premyerası bu il yanvarın 1-də keçirilib.

  • “Mən öləndə ağlama” yenidən Gənc Tamaşaçıların səhnəsində

    Yanvarın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında maraqlı tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası sənət ocağının kiçik səhnəsində nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilib.

    Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.

    Səhnə əsərinin premyerası 2019-cu il martın 29-da keçirilib.

  • Əməkdar artist Aygün Bəylər vəfat edib

    Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    “Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə nazirlikdən bildirilib.

  • AZƏRTAC 5108 ədəd foto və kinosənədi Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verib

    Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daimi mühafizə olunmaq üçün 5031 saxlama vahidi fotosənədi və 77 saxlama vahidi kinosənədi Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verilib.

    2021-2022-ci illəri əhatə edən sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iş qrafikinə uyğun xarici ölkələrə, o cümlədən respublikamızın ayrı- ayrı bölgələrinə, xüsusilə İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərimizə səfərlərini, habelə rəsmi görüş və qəbullarını, beynəlxalq tədbirlərdə iştirakını və çıxışlarını, yerli və xarici ölkələrin mətbuat nümayəndələrinə müsahibələrini, hərbi hissələrdə əsgər və zabit heyətləri ilə görüşlərini, eləcə də yeni istifadəyə verilən hərbi hissələrin açılışlarında iştirakını əks etdirir.

    Eyni zamanda, Prezident İlham Əliyevin Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında və Yuxarı Gövhər Ağa məscidinin açılışında iştirakını əks etdirən kino – fotosənədlər də qəbul olunmuş sənədlərin tərkibində ayrıca yer alıb.

    Hazırda Dövlət Kino – Foto Sənədləri Arxivinə yeni qəbul olunmuş kino – fotosənədlərin ekspertizası keçirilməklə, Milli arxiv fonduna qəbul olunması rəsmiləşdirilir.

  • Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək

    Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində dekabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edəcək.

    Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşada İbrahim xan ictimai-siyasi, ailə-məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. Məmləkətin xanlıqlara parçalanması, düşmənə qarşı gizli ittifaqın olmaması məğlubiyyətin və faciənin əsas amilləridir.

    Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.

    Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

    Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.

    İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.

  • Salyanda Xalq şairi Məmməd Arazın 90 illiyi qeyd edilib

    Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə tədbir təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, tədbir Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

    Əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

    Mərasimdə Salyan Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri, yazıçı-publisist Nəbi İbrahimov, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məmmədli, Salyan şəhər 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova çıxış edərək Azərbaycanın milli istiqlal şairi Məmməd Arazın yubileylərinin daim ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini bildiriblər.

    Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Onun fəaliyyəti Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə qiymətləndirilib. Şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev də görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

    Diqqətə çatdırılıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin poeziyası bu gün də aktuallığını qoruyub saxlayır, onun şeirlərinə mahnılar yazılır və bu mahnılar dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.

    Daha sonra tanınmış şair Zabil Pərviz Məmməd Araz ilə unudulmaz görüşlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. O, şairin poeziyasının bənzərsiz olduğunu vurğulayıb.

    Tədbirin bədii hissəsində Məmməd Arazın müəllifi olduğu şeirlər səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

  • Fazilə Rəcəbova və Yelena Suvorovanın “Canlanan daşlar” sərgisi

    İçərişəhərdəki “Zaman Art Gallery” qalereyasında Fazilə Rəcəbova və Yelena Suvorovanın müxtəlif mövzuda mozaika işlərinin təqdim edildiyi “Canlanan daşlar” adlı sərgisi açılıb.

    Təqdim edilən işlərin müəlliflərini çoxillik və peşəkar stilist fəaliyyəti birləşdirir. Məşhurların gözəlliyinə böyük məharətlə yenidən gözəllik qatan Fazilə Rəcəbova moda dünyasında məşhurdur. Peşəkar stilist kimi, o, yekun obrazı əvvəlcədən görə bilmək, “hissə-hissə” bir yerə cəmləmək bacarığına malikdir. O, mozaikanın fəlsəfəsinə nüfuz edərək, onun özünəməxsus xüsusiyyətlərini öyrənməyə cəhd edib, rəssamın sənət ideyalarının gerçəkləşdirilməsində isə Yelena Suvorova iştirak edib. “Canlanan daşlar” bu maraqlı tandemi özündə əks etdirib.

    Sərginin açılışında iştirak edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisi, CBC kanalının əməkdaşı Vahid Şükürov sovet dövründə Azərbaycan mozaika sənətinin çoxsaylı parlaq səhifələrinin olduğunu deyib. Onun sözlərinə görə, Bakıdakı Heydər Əliyev adına İdman Konsert Kompleksində dünyanın ən böyük – 700 kvadratmetr sahəyə malik mozaikası yerləşir. O qeyd edib ki, Bakıda mozaika sənətinin çoxlu nümunələri saxlanılıb, ən yaxşı işlərin müəllifləri isə aralarında Mikayıl Abdullayev və Oqtay Şıxəliyevin də olduğu görkəmli Azərbaycan rəssamlarıdır.

    Vahid Şükürov onu da əlavə edib ki, sözügedən sərgi bu növ monumental təsviri sənət ənənələrinin davamlılığını nümayiş etdirir, onun bu gün də inkişaf etdirilməsinin sübutu isə tədbirin qonaqlarından biri olan Xalq rəssamı Hüseyn Haqverdinin Azərbaycan mozaikaçılarının irsinə dayanan yaradıcılığıdır.

    Açılışda çıxış edən Hüseyn Haqverdi, həm tədbirin müəlliflərini və təşkilatçılarını, həm də bu sənətin işığına yığışanların hamısını paytaxtın mədəni həyatındakı bu maraqlı tədbir münasibətilə təbrik edib.

    “Mozaika sənətinin yenidən nəfəs almağa başlaması və dərin tarixə malik olan bu əziyyətli və möhtəşəm sənətlə məşğul olan yeni sənətkarların meydana çıxması çox gözəldir”, – deyə o bildirib.

    Ekspozisiya elə qurulub ki, tamaşaçını mozaika çərçivəsi sayəsində adi güzgülərə xüsusi incəlik verməyi bacaran, gündəlik həyat predmetlərindən bədii obyekt düzəldə bilən Yelena Suvorovanın əsərləri “qarşılayır”.

    “Biz sadəcə, özümüz, möhtəşəmliyə qarışaraq, bu gözəlliyi yaradırıq. Bəli, bu bizə əllərimizdə kəsiklər, ağır materiallarla işləmək bahasına başa gəlir... axı biz zəif cins sayılırıq! Ancaq bütün çətinliklərə baxmayaraq, işimizdən böyük zövq alırıq” – deyə Yelena Suvorova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

    “Bu sərginin ideyası həm də mozaika sənətinə olan tələbatı yenidən bərpa etmək, mozaikanın interyerdə nə qədər dəbdəbəli görünəcəyini nümayiş etdirmək, məsələn, kaminləri, hovuzları və panelləri dəyişdirməkdən ibarətdir” – peşəkar stilist bildirib.

    Fazilə Rəcəbova yaradıcı düşüncələrin rəngarəng çalarlar toplusunu təqdim edib. Sənətkarın işlənməsinə və süjetinə görə müxtəlif olan işləri tamaşaçıların diqqətini cəlb edir, onların arasında məşhur rəssamların, məsələn Maleviçin yaradıcılığına edilmiş mozaik “müraciətləri” görmək mümkündür.

    AZƏRTAC-ın müxbiri ilə söhbətində o, mozaikanın özünəməxsus sehrinin sirlərini açıqlayıb.

    “Bu, ilk növbədə, ilk baxışdan məhəbbət deməkdir” – rəssam qeyd edib. Mən mozaikanı ona görə sevmişəm ki, bu sənət növü istənilən materialla işləməyə imkan yaradır. Mozaika fantaziyalara tam azadlıq verir, bu sənətdə daşa, şüşəyə, düyməyə, hətta metala və taxtaya da yer tapılır... Mənə isə həmişə materiallardan qarışıq şəkildə istifadə etmək maraqlı gəlib, hər zaman bənzərsiz, maraq oyadan kompozisiya yaratmaq istəmişəm, mənim bütün səylərim məhz hər zaman bu arzunun gerçəkləşməsinə yönəlib. Sənətə olan marağım uşaqlıqdan başlayıb. Tikişlə məşğul olmuşam. Stilist işləmişəm. Məktəbdə informatika və riyaziyyatdan dərs demişəm. Ta ki həyatıma mozaika adlı bu sənət daxil olana qədər...Dəqiq elmlərlə bağlı biliyimi öz mozaika işlərimdə uğurla tətbiq etməyə çalışmışam, işlərimdə hər şey millimetrə qədər dəqiqliklə ölçülmüş və biçilmiş şəkildədir”.

    O, sərgidə keçmiş dövrün məşhur rəssamlarının vizual əsərlərinin bir növ “parafrazı”nın təqdim olunduğunu bildirərək sözünə davam edir: “Əsərləri sadəcə olaraq, hissələrə ayırmaq kifayət etmirdi. Onları fərqli teksturada göstərmək, tanış əsərləri fərqli fakturada təqdim etmək, öz bildiyim mozaikalarda “çəkmək” istədim. Yeri gəlmişkən, mozaika formasında da gözəl görünəcək çoxlu rəsm əsərləri mövcuddur, ona görə də, bu sərgidə təqdim olunan əsərlərdə müasir texnikanı və klassik üslubu qarışdırmaq qərarına gəlmişəm. Portretlər, natürmortlar və mənzərələr təqdim etmişəm. Onların yaradılması üçün Bakı mozaikasından istifadə olunub, daşlar əvvəlcə yuyulub və rənglərinə görə çeşidlənib”.

    Öz yaradıcılıq fikirlərini bölüşən Fazilə Rəcəbova əlavə edib: “Smalta, eləcə də vitraj şüşə ilə işləmək planlarım var. Təəssüf olsun ki, bizdə bu materiallar istehsal olunmur, onları ölkəyə gətirmək barədə düşünürəm, məqsədim mozaikaçılarımızın da bizə qoşularaq, öz sənət ideyalarını gerçəkləşdirmələri üçün imkanların artırılmasından ibarətdir”.

    “Biz çox gözəl əsərlər yarada bilərik! Bu gözəlliyin ölkəmizdə yaradılmasını, bu əsərlərlə beynəlxalq sərgilərdə iştirak etməyimizi istəyirəm, axı Azərbaycan başdan-başa rəngarəng motivlər, ornamentlər, rəng çalarları, süjetlərlə çox zəngindir. Bütün bunların hamısını dünyaya nümayiş etdirməliyik”, – deyə rəssam vurğulayıb.

  • Bu gün Xalq artisti Mərziyə Davudovanın doğum günüdür

    Azərbaycan teatrında bir sıra əvəzolunmaz aktrisalar var ki, zaman keçdikcə onlar daim teatr tarixində əbədi olaraq qalacaqlar. Belə sənətkarlar səhnədə bir sıra möhtəşəm, yaddaşlardan silinməyən obrazlar qalereyası yaradıblar. Onlar nəinki özləri iştirak etdikləri tamaşaların, hətta iştirak etmədikləri tamaşaların da müvəffəqiyyətinə seviniblər. Bütün tamaşaların uğurlu alınmasında ürəkdən çalışıblar. Belə sənətkarlardan biri də Mərziyə Davudova idi.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Mərziyə Davudovanın anadan olmasından 122 il ötür.

    Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Onun anası Qaşqa-Camal elmə, ədəbiyyata meyilli bir insan idi. O, qızı Mərziyəni 1908-ci ildə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində oxutdurub. Məktəbi bitirəndən sonra M.Davudova Həştərxanda “Qaliyə” məktəbində təhsilini davam etdirib. 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəbində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.

    XX əsrin əvvəlində N.Vəzirovun, N.Nərimanovun əsərləri tatar dilinə tərcümə olunur və Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi böyük səhnə ustaları yerli həvəskarlarla qastrol tamaşalarında çıxışlar edirlər. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrın aparıcı sənətçilərindən olub. Əksər Azərbaycan, rus, Qərbi Avropa dramaturgiyasının baş qəhrəmanlarına səhnə həyatı verib. Həvəskar aktrisalıqdan SSRİ Xalq artisti səviyyəsinə yüksələn Mərziyə Davudova 1962-ci ildə yanvarın 5-də altmış yaşında həyat ilə vidalaşıb, Birinci Fəxri xiyabanda dəfn olunub.

    Mərziyə Davudova hələ gənc yaşlarında səhnəni böyük məhəbbətlə sevib, bütün həyatını səhnə sənətinə həsr edib. Neçə on illər tamaşaçılar Mərziyə Davudovanın böyük sənətindən zövq alıb, böyük bir aktrisalar nəsli ona baxaraq səhnəyə gəlib. Mərziyə xanımın aktrisalıq şöhrəti o qədər parlayıb ki, onu Azərbaycandan çox-çox uzaqlarda da tanıyırdılar. Onun yaradıcılığı müsbət və mənfi obrazlar ilə zəngindir. Aktrisa üçün obrazın böyük və kiçikliyi, mənfi və müsbətliyi olmayıb. Aktrisa ona tapşırılan obrazı öz sənət süzgəcindən keçirib, yüksək sənətkarlıqla tamaşaçılara təqdim edib.

    Onun ifa etdiyi Sevil, Gültəkin, Firəngiz, Gülnisə, Yaxşı, Gülsabah, Solmaz, Nabat, Şəmsa (“Sevil”, “Aydın”, “Oktay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Dönüş”, “Od gəlini”, “1905-ci ildə”, “Trablis müharibəsi”), Xuraman, Qızyetər, Şirin, Səhər (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”), Südabə, Xumar, Jasmen, Anjela (“Səyavuş”, “Şeyx Sənan”, “Knyaz”, “Uçurum”), Səlimə, Sona (“Pəri cadu”, “Dağılan tifaq”), Həyat, Lina (“Həyat”, “Madrid”), Həcər (“Qacaq Nəbi”), Gülzar (“Şərqin səhəri”), Məshəti (“Nizami”), Ülkər (“Vəfa”), Nüşabə (“Nüşabə”), Gertruda, Dezdemona, Qonerilya, Ledi Maqbet (“Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”), Luiza (“Mərk və məhəbbət”), Joziana (“Gülən adam”), Kriçinina, Kabanixa (“Günahsız müqəssirlər”, “Tufan”), Vassa Jeleznova (“Vassa Jelezniva”), Lambrini (“Gözəllik və sevgi adası”) və s. obrazlar Azərbaycan teatr tarixinin qızıl fonduna daxil olub.

    Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı deyib ki; “Mərziyə yetkin sənətkardır, aktrisa, səhnədəki əhvali-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.

    Mərziyə Davudova yaradıcılıqda nə qazanıbsa, hamısını gərgin əmək sayəsində əldə edib. Onun həyatı, obraz üzərində böyük təmkinlə işləyən, xarakterin bütün təfərrüatını dərindən mənimsəyən zəhmətkeş bir insanın həyatıdır. O, zəngin xarakterlər, qüvvətli ehtiraslar ustası idi. O, qırx illik yaradıcılıq dövründə yüzlərlə rəngarəng, unudulmaz səhnə qəhrəmanları yaratmışdır. O, görkəmli səhnə xadimi kimi, birdən-birə meydana gəlməmişdir. Sənətkarlığın yüksək pilləsinə zəhmətlə, əziyyətlə yüksəlmişdir.

    Mərziyə Davudovanın ifasındakı zəngin boyalar onun ifaçılıq sənətini fərqləndirən əsas əlamətlərdəndir. Aktrisanın ifa üslubu son dərəcə çətin və mürəkkəb idi. Görkəmli teatr rejissoru, pedaqoq Mehdi Məmmədov “Teatrlar, aktyorlar, tamaşalar” kitabında Mərziyyə Davudovun səhnə fəaliyyəti haqqında deyirdi: “O, müxtəlif cəhətlərin, başqa-başqa üsulların, bəzən təzadların uyuşmasından, vəhdətindən istifadə edir. Romantik ünsürlər onun oyununda məişət boyaları, faciə ünsürləri isə yumor boyaları ilə uzlaşır, o, qəhrəmanlığı göstərmək üçün adilikdən, monumentallığı sezdirmək üçün təfərrüatdan istifadə edir. İlham dəqiqələrində biz səhnəmizin sönməz ulduzu Mərziyə xanımın oyununda böyüklüyün sadəliyini və sadəliyin böyüklüyünü az görməmişik”.

    Mərziyə xanım səmimi aktrisa idi. O, obrazı özününkü etməmiş səhnəyə çıxmazdı. Bu da onun tamaşaçılara hörmətindən irəli gəlirdi. O, səhnədə çıxış etdiyi hər sözün arxasında axtarışlarla dolu olan, gərgin duyğular dayanmışdı. Bu cəhət Mərziyə Davudovanı tamaşaçılara sevdirməsinin əsas şərtlərindən biri idi. Onun ifa etdiyi obrazlar heç biri digərinə bənzəmir. O, obrazı tamaşadan tamaşaya təkmilləşdirir, onu canlı insan şəklinə salırdı. Mərziyə xanım obrazın inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilirdi, əsərdə baş verən hadisələrə onun münasibətini göstərirdi. Bu böyük aktrisanın səhnə fəaliyyəti illər boyu parlamış, Azərbaycan teatr tarixində nadir hadisəyə çevrilmişdir. Onun ifa etdiyi zəngin obrazlar indi də öz bədii dəyərini itirməmişdir.

    Mərziyə Davudova dram artisti olmaqla yanaşı, öz istedadını Azərbaycan kinosunda da sınayıb. O, otuzuncu illərdən başlayaraq ömrünün sonuna qədər irili-xırdalı bir neçə filmə (“Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”) çəkilib. Xüsusən onun “Bir ailə”, “Bakının işıqları” və “Koroğlu” filmlərində yaratdığı müxtəlif xarakterli ana obrazları öz bədii dəyəri ilə seçilən sənət nümunələridir. Nə qədər Azərbaycan incəsənəti yaşayır, Mərziyə Davudovanın böyük sənəti də yaşayacaq.