Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlayıb.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirib ki, 3 ay müddətinə icra olunacaq layihənin məqsədi Türk dünyası ədəbiyyatında qəhrəmanlıq, vətənpərvərlik, mübarizə, birlik mövzusunda yazılmış əsərləri tədqiq edərək sistemləşdirmək, mövzunun çağdaş dövr ədəbi prosesdə təbliği-təşviqi məsələlərini aktuallaşdırmaqdır.
“Araşdırmalarımızın nəticəsi olaraq, çağdaş Türk dünyası yazarlarının qəhrəmanlıq və marş mövzusunda yazdığı poetik nümunələri toplamaq, keçirəcəyimiz silsilə tədbirlər vasitəsilə ədəbi, ictimai mühitdə təqdim etməkdir. Layihəni həyata keçiriləcəyi təqdirdə tədbirlər vasitəsilə mədəni-ədəbi mühitdə yeni bir motivasiya, canlanma yaranacaq, keçmişdən bu yana qəhrəmanlıq və çağdaş Zəfər tariximizə Türk dünyasında münasibət və onu vəsf edən yeni əsərlərin yazılmasına stimul veriləcəkdir. Eyni zamanda, tədbirlər çərçivəsində qəhrəmanlıq əsərləri yazan müəlliflərlə görüş-müzakirələr keçiriləcək, iştirakçı-yazar dialoqu ədəbi prosesə yeni rəy və təkliflər verəcəkdir.
Fikrimizcə, yaradıcı orta nəsil, gənclər, ədəbi-mədəni, elmi fəaliyyətlə məşğul olan qurumlar, ictimai, ədəbi-mədəni sektor nümayəndələri üçün layihənin nəticəsinin faydalı olacaqdır. Nəzərə alaq ki, hədəf olaraq yeni nəsil yaradıcı insanların, gənclərin auditoriyaları, ziyalılar seçilmişdir. Çoxəsrlik türk tarixində və yeni çağda mövcud olan qəh-rəmanlıq əsərləri indiyədək sistemli halda təqdim olunmamışdır. Ona görə də benefisiarların təfəkküründə, milli, ədəbi-mədəni, elmi düşüncə-sində Türk xalqlarının ədəbiyyatında qəhrəmanlıq mövzusunda yeni yaradılan əsərlər, o cümlədən marşlar və onların hansı milli-mənəvi duyğulardan yarandığı barədə təsəvvürləri genişləndirməyə, dolğun şəkildə bilgiləndirməyə ehtiyac vardır. Bu mənada, layihənin nəticələri ilə ölkəmizdə formalaşmaqda olan gənclərin, ədəbi yaradıcılıqla məşğul olan yeni nəsil yazarların, elmi-ədəbi ictimaiyyətin və uyğun təsisatların faydalanması nəzərdə tutulub, -deyə İctimai Birliyinin sədri bildirib.
Bu gün Xalq şairi Musa Yaqubun doğum günüdür
Musa Yaqubun yaradıcılığında qəribə bir cəhət var. O, bir çiçəkdə, bir güldə, bir ağacda, bir bulaqda, bir çayda bütün təbiəti görmək, dərk etmək və onun bədii təsvirini vermək qabiliyyətinə malik idi. Bu, Musa Yaqubun yaradıcılığının zərif mənbələrdən qidalanmaq imkanları ilə bağlı idi. Musa Yaqub xırda bir zərrədə bütün kainatı görə bilirdi. Bu sözlər akademik Nizami Cəfərovun Musa Yaqub yaradıcılığı ilə bağlı fikirlərində yer alıb.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Musa Yaqubun anadan olmasının 87-ci ildönümü tamam olur.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. Göyçay Pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. ADU-nun Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.
1995-2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2004-cü ildən sonra bir müddət bir sıra ictimai təşkilatda təmsil olunub.
Musa Yaqub 24 may 2019-cu ildə Xalq şairi fəxri adına layiq görülüb.
2021-ci il mayın 7-də vəfat edən Xalq şairi doğulduğu Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Söz yox ki, Azərbaycan poeziyasında öz dəst-xətti, fərqli üslubu olan, hər kəsin yaradıcılığına sonsuz məhəbbət bəslədiyi Musa Yaqub şair kimi heç vaxt unudulmayacaq. Çünki Musa Yaqub təbiətə və insanlara sevgisindən doğan şeirlərilə könüllərə köçərək, ədəbiyyat tarixində silinməz izlər buraxıb.
Dünyanın adi daşı ilə insan dilində danışmağı bacarmış şair necə yaddan çıxa bilər...
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Onu “Bu dünyanın qara daşı göyərməz” şeiri məşhurlaşdırdı. Təsadüfi deyil ki, bu şeirinə 80-dən çox nəzirə yazılıb.
Musa Yaqub İsmayıllının, Cənubi Qafqazın dağlarını, dərələrini, çaylarını, gülünü, çiçəyini ən səmimi şəkildə, parlaqlığı ilə, gözəlliyi ilə təsvir etmiş böyük bir sənətkardır. O, öz yaradıcılığında insanı da təbiətin tərkib hissəsi kimi, təbiətlə vəhdətdə təqdim edib. Musa Yaqub özündən sonra çox böyük, anlaşılan və sevilən poeziya qoyub gedib.
Bu gün Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ulu Öndərin doğum günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq linkindən istifadə edə bilər.
Ənənəvi kitab sərgisində isə Ulu Öndərin həyat yolundan, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablar, fotoalbomlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik müraciəti ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir.
Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir.
“Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”, – deyə təbrikdə vurğulanır.
Azərbaycanda “Mənə bənzər adam”, “Ağalı” tammetrajlı, “Oriondan Sevgilərlə” qısa bədii, “Müharibənin gözləri”, “Danışır və göstərir Şuşa” qısa sənədli və “Nağıl istəyirəm!” adlı qısa animasiya filmləri çəkiləcək.
"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasının yekun nəticələrində qeyd olunub.
Bildirilib ki, Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsinə qərar verilib.
Vurğulanıb ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.
Məlumatda müsabiqədə qalib gələn istehsalçı şirtkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanıldığı qeyd olunub.
Mayın 8-də biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev turizm sektorunda aparılan mühüm işlərə töhfə verilməsi məqsədinə əsaslanan Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə 2022-ci ilin oktyabrında Komissiyanın tərkibində “Turizmin inkişafı” işçi qrupunun yaradıldığını bildirib.
O qeyd edib ki, Agentliyin rəhbərlik etdiyi işçi qrupun üzvlərinin ümumi sayı 40-a yaxındır və onlardan 12-si bilavasitə turizm sektorunda aparıcı olan özəl şirkətlərin və otellərin təmsilçiləridir.
“İşçi qrupun mandatı və fəaliyyət sahəsinin Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksinə fokuslandığını və bu indeksə əsasən həm region ölkələri ilə müqayisədə, həm də ümumi orta göstəricilərə nəzərən təhlükəsizlik, səyahət və turizmin prioritetləşdirilməsi, hava nəqliyyatı infrastrukturu, turistlərə xidmət infrastrukturu və təbii resurslar baxımından ölkəmizin kifayət qədər potensialı var. Ölkəmizin turizm potensialının beynəlxalq indekslər və bençmarklarla müqayisəli təhlilinin aparılması və bu sahədə təşəbbüslərin həyata keçirilməsi olduqca müsbət nəticələr verir. “Turizmin inkişafı” işçi qrupunun tərkibində turizm üzrə aparıcı özəl sektor təmsilçilərinin iştirakı və aidiyyəti dövlət qurumları ilə birlikdə eyni platforma əsasında məqsədyönlü və koordinasiyalı tədbirlərin həyata keçirilməsi vahid sinerjinin yaradılması ilə inklüzivliyi daha da artırır. Məhz çevik institusional çərçivə əsasında konstruktiv əməkdaşlığın nəticəsidir ki, işçi qrupun Fəaliyyət Planı 14 əsas blok üzrə 75 tədbirin icrasını əhatə edib”,- deyə o fikirlərinə əlavə edib.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun rəhbəri Kənan Qasımov diqqətə çatdırıb ki, işçi qrupun təşkilati aktivliyi fonunda ötən dövrdəki fəaliyyətinə diqqət yetirsək, xeyli sayda geniş iclasların və tematik görüşlərin keçirildiyini müşahidə edə bilərik. O qeyd edib ki, Fəaliyyət Planının uğurla icrası bu sahəyə dair müsbət və davamlı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır.
Tədbirdə turizm sektoruna dair aktual mövzular, o cümlədən Səyahət və Turizmin İnkişafı İndeksinin avtomobil icarəsi üzrə böyük şirkətlərin mövcudluğu, qısamüddətli kirayələrin sayı, rəqabətli turizm xidmətləri və digər alt-indekslərinə dair müzakirələr və fikir mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlər, müasir çağırışlar, eləcə də işçi qrupun növbəti dövr üzrə inkişaf prioritetləri və digər təşkilati məsələlər geniş müzakirə olunub.
68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı İsveçin Malmö şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda 15 ölkə çıxış edib. Bu ölkələrdən onu növbəti mərhələyə keçib. Bunlar Serbiya, Portuqaliya, Ukrayna, Sloveniya, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburqdur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı geniş videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü tarixi əhəmiyyətli işlər haqqında geniş məlumat verilib.
Materialda, həmçinin Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımızın öz təbii sərvətlərinin tam sahibinə çevrilməsi, qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resursları əldə etməsi, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, təhsil, iqtisadiyyat, səhiyyə, mədəniyyət kimi sahələrdə köklü islahatların həyata keçirilməsi, demokratik, müstəqil, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, ölkəmizin beynəlxalq siyasi müstəvidə tanıdılması istiqamətində olan uğurlu fəaliyyəti haqqında məlumatlar öz əksini tapır. Burada Ulu Öndərin müsahibələrindən fraqmentlər də təqdim edilib.
Materialda bu il 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barəsində ətraflı informasiyalar yer alıb.
Bundan əlavə 2023-cü ildə kitabxanada Ulu Öndərin 100 illiyi ilə əlaqədar həyata keçirilən “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində Ümummilli Liderə həsr edilən elektron məlumat bazasına əlavələr edilərək yeni bölmələr artırılıb. Azərbaycan və xarici dillərdə təsvirləri özündə əks etdirən “Kitablar”, “Dövrü mətbuat nümunələri”, “İzomateriallar”, “Elektron resurslar” kimi bölmələr yeni məlumatlarla zənginləşdirilib.
Silsilə materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/azerbaycana-feda-edilmis-serefli-omur https://ryl.az/melumat-bazalari/Ulu_Onder_Heyder_Eliyev_el_melumat_bazasi/index.html tanış olmaq mümkündür.
68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı İsveçin Malmö şəhərində keçirilir.
AZƏRTAC xəbər verir ki, yarımfinalda 15 ölkə çıxış edir. Bu ölkələrdən onu növbəti mərhələyə keçəcək.
Müsabiqədə Azərbaycanı Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edirlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək Dili və Ədəbiyyatı fakültəsində təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün Azərbaycan dili və ədəbiyyatı mövzusunda mühazirələrin dinlənilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən oxunan mühazirələrdə Azərbaycan ədəbiyyatı tarixi haqqında ətraflı məlumat verilərək mövzu ilə bağlı tələbələrdə ümumi təsəvvür yaradılmağa çalışılıb.
Bundan əlavə mühazirələrdə Azərbaycan şifahi xalq ədəbiyyatı, klassik ədəbiyyat, XX əsrin əvvəlləri və müasir dövr Azərbaycan ədəbiyyatı haqqında məlumatlar verilib. Həmçinin türk xalqlarının ədəbiyyat tarixi, ümumi Şərq ədəbiyyatının və ümumdünya ədəbiyyatından qaynaqlanan ortaq dəyərlər haqqında da söhbət açılaraq Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatı ilə müqayisəli təhlili də aparılıb.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin builki tədris ilinin sonuna qədər davam etdirilməsi və növbəti tədris ilində də aparılması planlaşdırılır.