Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

    Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlayıb.

    Bu barədə AZƏRTAC-a “Aktual Media” qrupunun rəhbəri, aktual.ge xəbər portalının direktoru İlkin Hüseynov məlumat verib. Onun sözlərinə görə, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, haqqımızda mənfi rəy yaradırlar. “Haqlı olaraq yeni nəsil azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi. Əsas məqsəd məlum stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları geniş ictimaiyyətə çatdırmaqdır”.

    O bildirib ki, müxtəlif sahələrdə uğur qazanmış gənclərimizin həyat hekayələrini əks etdirəcək bədi-sənədli film 45 dəqiqəlik olacaq. “Novella” adlanacaq filmdə ilk olaraq böyük uğurlar qazanmış 7 gənc qəhrəmanın həyat yolundan bəhs olunacaq. Ssenari əsasında artıq çəkilişlərə başlanılıb. Çəkilişlər təkcə Gürcüstanda deyil, Azərbaycanda da aparılacaq.

  • Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

    Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 105-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı geniş kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

    Sərgi bir həftə davam edəcək.

  • Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

    Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş edilib.

    Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, Azərbaycan dövlətinin bu günə gəlib çıxması, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsi məhz Ulu Öndərin qurduğu müdrik siyasətin nəticəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.

    Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamasından və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs ediblər.

    Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub.

    Sonda tədbir iştirakçıları və qonaqlar Ulu Öndərə həsr edilmiş geniş kitab sərgisi ilə tanış olublar.

  • Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

    Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür.

    Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncam ilə bəstəkarın 100 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunub.

    Soltan Hacıbəyov 1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

    Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

    Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

    İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

    S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

    1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı, həm də təbiət təsvirləri vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay - lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

    1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

    Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

    1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

    Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

    1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...

  • Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

    Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    "Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq.

    Bildirilir ki, “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilərlər: "Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılacaq".

    AYNA qeyd edir ki, sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunacaq.

  • "Fintex Summit" tədbirinin tarixi açıqlanıb

    Mayın 15-16-da Bakıda "Fintex Summit" - Maliyyə və Texnologiyalar Sərgisi keçirəcək.

    “Report” Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, sərgi “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr olunacaq.

    Məlumata görə, sammit “Visa” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində ABA, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçiriləcək.

    Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçinin, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkətin, 1 500 yerli və xarici iştirakçının foruma qatılacağı gözlənilir.

    Sammitlə bağlı fikirlərini bölüşən “Visa”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev tədbirin təcrübə və fikir mübadiləsi üçün Fintex bazarının əsas oyunçularını bir araya gətirən aparıcı platforma olduğunu deyib: “Visa” artıq bir neçə ildir ki, Bakıda keçirilən "Fintex Summit"in tərəfdaşı olmaqdan qürur duyur. “Visa” rəqəmsal ödənişlər sənayesində qlobal lider olaraq Azərbaycana regionda strateji əhəmiyyətli bazarlardan biri kimi baxır. Azərbaycan dinamik inkişaf edir və innovativ texnologiyaların tətbiqinə açıqdır. Biz tədbirdə ölkədə rəqəmsal ödəniş ekosisteminin və nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı qlobal baxışımızı təqdim etməkdən məmnunuq”.

    Qeyd edək ki, sammit ölkənin tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya toplayacaq.

  • “Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunan “Qiraət axşamı” keçirib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat veriblər.

    Gecədə qiraətçilərdən İmamverdi Vəliyev, Lalə Həsəncan, Xalidə Nəbiyeva və Məhəmməd Hacıyevin səsləndirdiyi şeirlər maraqla qarşılanıb.

    Sonda Xalq artisti Sevinc İbrahimova “Çırpınırdı Qara dəniz” və Əməkdar artist Tural Abdullayev “Şükriyyə” əsərlərini ifa edib.

  • Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

    Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinə Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar artisti, “Rəqsin qəlbi” mükafatının laureatı, rejissor-xoreoqraf Ramil Mehdiyev tərəfindən ustad dərsləri keçilib.

    AZƏRTAC xəbər verir ki, BXA-nın rəhbərliyi və müəllim heyətinin də iştirak etdiyi dərs müddətində tələbələrə rəqslərin ifası zamanı əl və ayaq hərəkətləri, rəqs duruşunun incəlikləri nümayiş etdirilib. Dəzgah qarşısında tələbələr müvafiq rəqs hərəkətlərini icra ediblər.

    Eyni zamanda onlara xoreoqrafiya sənətinin sirləri barədə danışılıb, səhnədə icra edilən vacib elementlərlə bağlı tövsiyələr verilib.

    Ustad dərsləri BXA-nın müəllim və tələbələri tərəfindən yüksək qiymətləndirilib.

  • Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib

    Azərbaycan nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Böyük Britaniyanın Kralı III Çarlza tanınmış heykəltaraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərin təsvir olunduğu rəsm əsərini hədiyyə edib.

    Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bildirilib ki, Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyətinin çıxışları uğurla başa çatıb. Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

    Tədbirdə Qarabağ atları, milli musiqi və Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

    Yüz mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

    Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub.

    Qeyd edək ki, mayın 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma Azərbaycan komandasının xeyrinə 6:4 hesabı ilə başa çatıb.

  • Malmödə “Avroviziya”nın açılışı olub

    Mayın 5-də İsveçin Malmö şəhərində 68-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimi olub.

    “Report” xəbər verir ki, açılış müsabiqənin yutub kanalında canlı yayımlanıb.

    Bütün iştirakçılar “Firuzəyi cığır” üzərində hərəkət ediblər. Yalnız İsraildən gələn nümayəndə heyəti Holokostun ildönümü ilə əlaqədar bu prosesdə iştirak etməyib.

    Qeyd edək ki, bu il qitənin əsas mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 7-də və 9-da baş tutacaq. Ən yaxşı ifaçı isə mayın 11-də finalda seçiləcək.

    Xatırladaq ki, Azərbaycanı bu yarışmada Fahree (Fəxri İsmayılov) təmsil edəcək. O, birinci yarımfinalda “Özünlə apar” mahnısı ilə çıxış edəcək.