"Cənab və xanım Smitlər" serialının ikinci mövsümünün premyerası 2024-cü il fevralın 2-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, komediya janrında ekranlaşdırılan filmin baş rollarını Donald Qlover və Maya Erskin canlandırıb.
Ekran əsəri sirlərlə dolu casus agentliyi tərəfindən dəbdəbəli həyat müqabilində işə götürülən və bir-birinə qarşı yad olan iki şəxsin hekayəsindən bəhs edir.
Filmin aktyor heyətində Aleksander Skarzqard, Eiza Qonzales, Sarah Paulson, Şaron Horqan, Ron Perlman və Billi Kambel də yer alıb.
Dekabr 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Lyudoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dünyaşöhrətli italyan neoklassik bəstəkarı Lyudoviko Eynaudinin əsərləri istedadlı pianoçu, kamera musiqisinin incə ustası Nigar Əsədullayevanın ifasında səsləndiriləcək.
Lyudoviko özünü geniş auditoriya üçün klassik musiqi dünyasına bələdçi hesab edir. Onun "Elements" adlı albomu ağlasığmaz kommersiya uğuru qazanıb. Dünyada məşhur italyan bəstəkarı, pianoçu 20-dən çox albomun, eləcə də filmlərdən Darrena Aranovskinin "Qara qu quşu" və Ksavye Dolananin "Mən hələ də buradayam", "Ana" saundtreklərinin müəllifidir.
Türkiyənin UNESCO-nun çoxmillətli nominasiyalar üzrə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən mədəni nümunələrinin sayı 30-a çatıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir: “Türkiyənin koordinatorluğu ilə Azərbaycan, İran, Özbəkistan və Tacikistanla birgə təqdim olunan “Təzhib sənəti”, İranın koordinatorluğu ilə Türkiyə, Azərbaycan və Özbəkistan ilə birgə hazırlanan “İftar və onunla bağlı sosial-mədəni ənənələr”, Azərbaycanın koordinatorluğu altında Türkiyə ilə birlikdə təqdim edilən “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və Türkiyənin koordinatorluğu ilə Azərbaycanla birgə təqdim olunan “Sədəf sənəti” başlıqlı çoxmillətli nominasiyalar üzrə namizədlik nümunələri Botsvananın Kasane şəhərində keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında UNESCO-nun çoxmillətli nominasiyalar üzrə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib”.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Vəqflər Ümumi Müdirliyi, Van Qubernatorluğu və Van Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Çatakdibi rayonunda yerləşən “Qara Yusuf bəy” türbəsinin bərpası üçün tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda tenderi keçirilən layihə çərçivəsində bərpa işlərinə başlanılıb.
Sözügedən tədbirlər çərçivəsində Van şəhərinin valisi və Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Ozan Balcı, Qubernator müavini Furkan Doğan, Erciş Kaymakamı və Bələdiyyə sədrinin müavini Murat Karaloğlu türbə ilə tanış olublar.
Tarixi binaların qorunub saxlanmasına böyük önəm verdiklərini qeyd edən O.Balcı deyib: "Van şəhəri sərvətləri ilə Türkiyənin ən əhəmiyyətli vilayətlərdən biridir. Vanın inkişafına, dirçəlişinə hər sahədə töhfə verməklə yanaşı, biz həm də tariximizi, mədəni sərvətlərimizi qoruyuruq. Başlıca məqsədimiz əcdadlarımızdan və böyüklərimizdən bizlərə əmanət edilən abidələri gələcək nəsillərə çatdırmaqdır. Van zəlzələlərində “Qara Yusuf bəy” türbəsi zərər görüb. Nazirliyin vəsaiti hesabına hazırlanan bərpa layihəsinin tenderini etdik. Biz bu yolla mədəni sərvətlərimizi qoruyacağıq. Türbənin bərpasının təxminən 7 milyon lirəyə başa gələcəyini düşünürük. Burada ekoloji planlama da aparılacaq. Bərpa tədbirləri bitdikdən sonra türbə ziyarətçilərə açıq elan ediləcək”.
“Warner Bros.” kinostudiyası tərəfindən ekralaşdırılan məşhur milad filmi “Elf” 20 il sonra, dekabrın 8-də yenidən ABŞ kinoteatrlarında yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, amerikalı ssenarist David Berenbaum tərəfindən yazılmış ekran əsəri 2003-cü ildə tənqidi bəyənmə ilə debüt edib və uğur qazanıb.
Bu şən film Milad ərəfəsində səhvən Şaxta babanın hədiyyələr çantasında Şimal qütbünə aparılan və elf kimi böyüdülən gənc, kimsəsiz uşağın hekayəsindən bəhs edir.
Ekran əsərində əsas rolları Vil Ferrell və James Caan canlandırıb.
Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Muzeyin elmi kütləvi işlər şöbəsinin müdiri Xanımbacı Abdinova Azərbaycanın ilk qadın pianoçularından olan Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış edib.
Bildirilib ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.
Tədbirdə “Ömür sonatası” sənədli filmi nümayiş olunub. Azərbaycan Televiziyasının “Sabah” studiyası tərəfindən Xədicə Qayıbovanın 130 illik yubileyi münasibətilə çəkilmiş “Ömür sonatası” sənədli filmi bu il geniş tamaşaçı auditoriyasına təqdim olunub. Filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüseri Xalq artisti Ramiz Həsənoğludur.
Filmin nümayişindən əvvəl Xədicə Qayıbovanın rolunu ifa etmiş pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, filmin məsləhətçisi, Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova yaradıcılıq prosesi haqqında təəssüratlarını bölüşdülər.
Tədbir Nərgiz Salmanlının və Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Çıxışlar və musiqi ifalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış və Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.
Dünya şöhrətli ssenarist, kinorejissor və kino tənqidçisi Pol Cozef Şneyderin hazırda 77 yaşı var. Kinosevərlər onu ən çox “Taksi sürücüsü” filmi ilə tanıyırlar.
AZƏRTAC-ın məlumatına görə, tanınmış kinorejissor “The Independent” agentliyinə verdiyi müsahibəsində çəkdiyi filmlər, dünya kino sənəti və xəstəliyi haqqında danışıb.
O, “Taksi sürücüsü” filmini Martin Skorsesin eyniadlı əsəri əsasında çəkdiyini deyib. Bildirib ki, sonralar həmin müəlliflə əməkdaşlığı davam etdirərək, “Qəzəbli buğa” ("Raging Bull"), “Məsihin son sınağı” ("The Last Temptation of Christ"), “Ölüləri çıxarmaq” ("Bringing Out the Dead") kimi əsərlərini də lentə alıb.
Həyatda namuslu, düzgün yaşamağın çətin olduğunu deyən Pol Şneyder 50 illik karyerasında bir çox mərhələlərdən keçdiyini də dilə gətirib.
“Taksi sürücüsü” filmini 1976-cı ildə, yəni 26 yaşında çəkdiyini deyən rejissor hazırda çox yorulduğunu, xəstəliklə mübarizə apardığını da bildirib. O, 2021-ci ildə ölüm haqqında çəkdiyi “Qaçmış” ("Foregone") filmini min bir əziyyətlə ərsəyə gətirdiyini deyir.
Qeyd edək ki, COVID-19-a yoluxan rejissor ağır pnevmoniyadan əziyyət çəkir. "Ölmək haqqında filmimi artıq çəkmişəm, bundan sonra nə etməliyəm?" deyən 77 yaşlı Şneyder qocalsa da, şuxluğunu itirməyib.
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın 4 çoxmillətli nominasiyası Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
AZƏRTAC UNESCO üzrə Azərbaycan Milli Komissiyasına istinadla xəbər verir ki, Hökumətlərarası Komitənin sessiyasında Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiyalar: “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) , “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
Həmçinin, UNESCO-nun Təcili Qorunma Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu gözlənilir.
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
AZƏRTAC Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə istinadla xəbər verir ki, “Balaban sənətkarlığı və ifaçılıq sənəti” nominasiyasının qəbulu zamanı ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, faylın yekdil qəbuluna görə Komitə üzvlərinə təşəkkürünü bildirib.
Balaban sənətkarlıq və ifaçılıq sənətinin əsrlər boyu Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin bir parçası olduğunu deyən natiq ölkəmizdə bu qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Şuşa şəhəri haqqında “Vikipediya”nın özbək dilli seqmentində bölmələr hazırlanıb. TÜRKSOY tərəfindən 2023-cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi” ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin Viki-könülləri tərəfindən özbək seqmenti üzrə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında şəhərdə yerləşən tarixi abidələr, memarlıq nümunələri, tanınmış şuşalıların ev-muzeyləri haqqında yeni bölmələr istifadəyə verilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ensiklopediyada “Qarabağ Xan sarayı”, “Qaraböyük xanım sarayı”, “Hacı Quluların mülkü”, “Mehmandarovların evi”, “Zöhrabbəyovun evi” adlı bölmələr yer alıb.
Yeni yaradılmış “Qarabağ Xan sarayı” və “Qaraböyük xanım sarayı” bölmələrində Pənahəli xan sarayı və Qaraböyük xanım sarayının dövrümüzə qədər gəlib çatması qeyd olunub.
Vikiməqalənin "Tarix" adlı bölməsində orta əsrlərə aid feodal dövrünün demək olar ki, bütün şəhərlərinin yüksəkliklərdə tikilmiş istehkam qalalarının olması ilə xarakterizə olunması bildirilib. Bu qalalarda hökmdara xidmət etmək və onun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş saray kompleksi, istehkamlar və digər tikililər yerləşib.
Şuşa qalasında qala memarlığının özünəməxsusluğu səyyahların və şəhər qonaqlarının diqqətini cəlb etməsi və mənbələrdə bununla bağlı məlumatların da yer alması ayrıca qeyd olunub.
“Hacı Quluların mülkü” adlı yaradılmış məqalədə isə, 1849-cu ildə tikilmiş tarixi-memarlıq tikilisindən bəhs olunub.
“Mehmandarovların evi”, “Zöhrabbəyovun evi”nə həsr olunmuş məqalələrdə XVIII əsr Azərbaycan memarlığının ən maraqlı və gözəl nümunələrindən biri olan və Şuşada yerləşən saray tipli tarixi yaşayış kompleksləri haqqında məlumat verilib. Qeyd olunub ki, sözügedən binaların interyerləri Şəki Xan Sarayının divar rəsmlərinə bənzəyən rəsmlərlə bəzədilib.
Yaradılmış məqalələrdə vurğulanıb ki, bu abidələrin əksəriyyəti Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı nəticəsində dağıdılıb, bəzilərində isə yalnız divarlar qalıb.
Məqalədə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etməsi, hazırda dövlətimiz tərəfindən bu ərazilərdə abadlaşma işlərinin aparılması və Heydər Əliyev Fondunun bu abidələrin bərpasını həyata keçirməsi diqqətə çatdırılıb.