Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, TÜRKPA-nın mərkəzi qərargahında keçirilən görüşdə Aktotı Raimkulova dəvət üçün təşəkkürünü bildirərək, ilk növbədə Türkiyə Cümhuriyyətini quruluşunun 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə təşkilatın rəhbəri Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirən Fondun fəaliyyətindən bəhs edib.
Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətlərinin Parlament Assambleyası arasında mövcud əməkdaşlığı vurğulayaraq, Türk dünyasının mədəniyyətinin və irsinin qorunması və təbliği sahəsində təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadilələri ilə yekunlaşıb.
Natavan Əliyevanın qeyri-adi moda nümayişi “Azerbaijan Fashion Week”in ən parlaq hadisələrindən birinə çevrilib. Defilədə model qismində paytaxtın tanınmış qadınları iştirak ediblər. 15-ci “Azerbaijan Fashion Week” moda nümayişi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcılıq həftəsi” çərçivəsində keçirilib və “The Ritz-Carlton” otelində öz ətrafına geyim dizaynı sənətinin parlaq nümayəndələrini toplayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycandan və yaxın dost ölkələrdən – Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstandan olan dizaynerlərin moda kolleksiyalarından ibarət 20 defilə təqdim edilib.
Azərbaycanlı dizayner, “Natavan Gallery”nin yaradıcısı, qədim Azərbaycan geyimlərinin və aksesuarlarının tanınmış kolleksiyaçısı, yaratdığı hər bir geyimdə milli motivlərin təbliğini rəhbər tutan Natavan Əliyevanın defiləsi ən qeyri-adi və parlaq nümayişlərdən biri olub. Dizayner bu dəfə də işinə sadiq qalaraq, Azərbaycan ornamentalistikasını tərənnüm edən kolleksiyasını təqdim edib. Geyimlərin orqanik davamı olan bir çox aksesuar Natavanın şəxsi kolleksiyasına aid qədim bəzək əşyaları idi.
Qeyd etmək yerinə düşər ki, bu defilə dizayner Natavan Əliyevanın və modellər üçün, eyni zamanda, xoreoqraf-quruluşçu olan Lyubov Qutorova-Poyrazın birgə yaradıcılıq məhsuludur. Lyubov Qutorova-Poyraz on ildən çox model agenti olub, dəfələrlə müxtəlif “fashion” layihələrinin rəhbəri və təşkilatçısı kimi fəaliyyət göstərib, dəb dünyasını bir müddətlik tərk edib və lap bu yaxınlarda artıq yeni ideyalarla geri dönüb.
Natavan Əliyeva öz nümayişində standartlardan qırağa çəkilməyə çalışıb və yeni kolleksiyasının nümayişi üçün model qismində şəhərimizin tanınmış qadınlarını – öz peşəkar sahəsində nailiyyət qazanmış xanımları dəvət edib: Mələk Abbaszadə - Azərbaycanın Əməkdar artisti, model; Əsmər Babayeva – “Azərxalça”nın kreativ direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru; Fəridə Qasımova – dizayn və memarlıq müəllimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Qrafik və media dizaynı” kafedrasının dosenti, memarlıq sahəsində “PhD”; Sevinc Abbasova – “Mercedes-Benz” şirkətinin Azərbaycanda nümayəndəliyinin marketinq direktoru; Aysel Mirzəyeva – marketinq mütəxəssisi, “Alpha-Omega” event-agentliyin həmtəsisçisi, bloger Asolia; Tatyana Maltseva – “SMM” şirkətinin direktoru, qadın fotoqrafı; Lala Xancanova – “Old City Yoga Baku” studiyasının banisi, fərdi yoqa təlimatçısı; Lidiya Əliyeva-Şestak – biznesvumen, “Union of Ukrainian Women in Azerbaijan” ictimai təşkilatının başçısı, “Business Woman Magazine in Azerbaijan” jurnalının ölkəmizdəki nümayəndəliyinin direktoru; Tatyana İvanayeva – jurnalist, art-layihələrin kuratoru; İradə Əsədova – “AGALAROV DEVELOPMENT”in “PR” meneceri, “Zerkalo” qəzetinin jurnalisti; İnna Lisovskaya – teleaparıcı, beynəlxalq jurnalist, sənədli kino rejissoru; Leysan Almisakova – pilates və qadınların təbii yolla cavanlaşması üzrə fərdi müəllim; Natalya İsmayılova – “fashion makeup artist”, “Makeup Academy” makiyaj məktəbinin sahibi; Milena Nəbiyeva – rəssam, UNESCO-nun üzvü; Nərmin Kərimbəyova – populyar estrada müğənnisi; Lalə Mansurova – sabiq qazma mühəndisi, hazırda qadınlara öz tərzini tapmaqda kömək edən stilist; İradə Hacıyeva – marketinq mütəxəssisi, “Neon Agency”də project-menecer, dizayner, “Change by Irada” brendinin yaradıcısı; Turan Kərimbəyli – dizayner. Bundan başqa, podiuma Natavan Əliyevanın anası – bədii gimnastika üzrə idman ustası, modellərin “gözəl yaşda” dünya trendini dəstəkləyən və sürəkli alqışlar qazanan 69 yaşlı Tamara Əliyeva da çıxıb.
“NATAVAN” defiləsi təkcə nümayiş olunan geyimlərlə deyil, həm də podiumda olan qadınların ötürdüyü enerji baxımından tədbirə qeyri-adi rəngarənglik qatıb. Kolleksiyaya daxil olan geyimlərin ardıcıllığı da cəsarətli addım idi: tünd rəngli geyimlər getdikcə parlaq naxışlıları ilə əvəz olunurdu. Geyimlərin hər birində milli yaylıq – qadın qarderobunda artıq öz möhkəm yerini tutan kəlağayıdan istifadə olunmuşdu.
Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanan “Polyaklar Azərbaycanda” adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib.
Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsindən bildirilib.
Sözügedən sərgiyə daxil edilmiş və Dövlət Tarix Arxivində daimi mühafizə edilən sənədlər XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olmaqla Bakı şəhərinin tarixi memarlıq abidələrində polyakların əməyini qiymətləndirmək baxımından dəyərli hesab edilə bilər.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda yaşayan polyaklar Bakı şəhərində tikinti-abadlıq işlərində yaxından iştirak etmişlər. Sözügedən dövrdə polyaklar arxitektura və tikinti planı üzrə şəhərin müxtəlif hissələrində böyük layihələrin işlənib-hazırlanmasında böyük əmək sərf edib və Bakı şəhərinin tarixi arxitekturasına öz töhfələrini veriblər. O dönəmlərdə Bakı şəhərində polyaklar tərəfindən məktəb və kitabxanaların binaları, ictimai binalar, parklar, bulvarlar və s. layihələndirilmiş və tikilmiş, həmçinin “Polşa evi” adlı cəmiyyət yaradılmışıdır. Polyaklar Azərbaycanda həyatın bir çox sahələrinin inkişafında yaxından iştirak etdikləri kimi, həm də öz mədəniyyətlərini ölkəmizdə təbliğ etmişlər.
Sərgi ilə bu linkdən (http://milliarxiv.gov.az/az/polyaklar-az-rbaycanda-adli-virtual-s-rgi) tanış ola bilərsiniz.
Dekabrın 8-də Bakıdakı Rus evində keçiriləcək “Sehrli simlər” gitara musiqisi konserti möhtəşəm klassik musiqi əsərlərinin bu musiqi alətində necə gözəl səslənməsinin parlaq nümunəsi olacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi çərçivəsində təşkil olunacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbələri Raul Hüseynov və Tunar Vəlizadənin ifasında tamaşaçılara dünya klassiklərinin əsərləri və populyar melodiyalar təqdim ediləcək. Gənc ifaçılar dəfələrlə respublika və beynəlxalq müsabiqələrin qalibləri olublar. Elmar Sultanovun yetirmələri tamaşaçıları gözəl bayram konserti proqramı ilə sevindirəcəklər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı təlimlərinin çəkiliş mərhələsi başlayıb.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları Qəbələdə, ssenarisi təlim çərçivəsində hazırlanmış “Məhkəmə” qısametrajlı bədii filmi və layihə prosesini müşahidə edən “Çevrilmə” sənədli filmini istehsal edəcəklər.
Filmdə Əməkdar artist İlqar Cahangir və başqa aktyorlar rol alacaq. Prosesə rəhbərliyi, layihənin mentoru Rövşən İsax edəcək. Filmin bütün yaradıcı heyəti layihədə iştirak edən tələbələrdən ibarətdir. Hazırda filmin çəkilişinə hazırlıq prosesi gedir. Çəkilişlərə bu gün start veriləcək.
“Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin nəzər hissəsi Bakıda keçirilib. Layihənin birinci mərhələsində mentor Rövşən İsax tərəfindən ideyanın və onun ekran həllinin tapılması, ssenarinin üzərində rejissor işi, hazırlıq mərhələsində rejissorun operator, bəstəkar və rəssamlarla işi, çəkilişə hazırlıq və s. mövzular üzərində təlimlər baş tutub.
Qeyd edək ki, bu tip layihə AKİ-nin 4-cü layihəsidir. Bundan əvvəl “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələflinin yeni kitabı belə adlanır - “Yaddaş yanğısı”
AZƏRTAC xəbər verir ki, müəllifin “Yaddaş yanğısı” kitabına işğal dağıntılarına məruz qalmış yurd yerlərinin ürək göynədən, sinə dağlayan acı mənzərələrini əks etdirən iki əsəri - “Yaddaş yanğısı” və “Bir Xələfli var imiş” poemaları daxil edilib.
“Yaddaş yanğısı” poeması işğaldan azad olunan yerlərə müəllifin səyahəti zamanı sarsıntılı müşahidələri əsasında yazılıb. Müəllif gördüyü acı mənzərələri yaddaşından aldığı xatirələr fonunda qələmə alıb. “Bir Xələfli var imiş" poeması da (əslində "Yaddaş yanğısı" poeması bu əsərin davamıdır) 22 il əvvəl qələmə alınsa da, maraqla oxunur, yadda qalır. Əsərlər tarixi məzmun daşıyır, məkan və zaman əlaqələri ilə biri digərini tamamlayır.
Kitabın redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist Tariyel Abbaslının nəşrə yazdığı “Sözün yanğı yolu” adlı “Ön söz”də Əli Rza Xələflinin hər dəfə “Kredo”da publisistik yazılarını, şeir və poemalarını oxuyanda sözün həqiqi mənasında onun həm poeziyasına, həm də publisistik yazılarına heyranlığını gizlədə bilmədiyini deyib: “Şairin bu günlərdə qəzetin dalbadal üç nömrəsində çap olunan "Yaddaş yanğısı" poeması diqqətimi cəlb elədi. Yurd yeri düşüncələri ilə yazılmış əsəri müəllif haqlı olaraq poema-esse adlandırıb. 419 bənddən ibarət, qəzetin üç nöməsində çap olunmuş əsəri oxuyarkən adamı heyrət bürüyür. Mən onu yaddaş yanğısından süzülüb gələn düşüncələr poeması adlandırardım. Yaddaşda alovlanan bu yanğı nə imiş, ilahi, nə yaxşı bu insanı yandırmayıb. Amma bir az diqqətlə yanaşılsa, elə bütün bunlar bu insanın yanmağıdır. Kitab variantında əsər yeddi hissədən ibarətdir. Hər hissənin özünün düşüncə yanğısı və mövzu istiqaməti var. Adətən poemalar quruluşuna görə bir neçə yerə bölünür. Lirik poema, epik poema, epik-lirik və lirik-epik poemalar. Bu, ədəbiyyatşünaslığımızın poetik əsərlərə verdiyi bölgüdür. "Yaddaş yanğısı" poema-essesini qeyd-şərtsiz gözəl lirik poemanın ən uğurlu növü hesab edə bilərik. Çünki bu əsər başdan-başa lirika ilə düşüncələrdən gələn bədii-poetik nümunələrdir. Bu əsərdə, poemada müəllif elə bədii-emosional, bədii təsvir və ifadə vasitələri işlədir ki, sanki bu söz və ifadələr vasitəsilə bu ağrılı lirika insanın qəlbinə hopur, onu otuz il əvvələ aparır, yaddaşları təzələyir, yanğılı yaddaşlara su səpir sanki”
Kitabın rəyçisi və “Son söz” müəllifi iqtisad elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəddat Cəfərov “Bir Xələfli var imiş" poemasını şairin poeziya yaradıcılığının zirvəsi kimi dəyərləndirib.
İnanırıq ki, yüksək poliqrafik üslubda çap olunmuş bu kitab da müəllifin digər əsərləri kimi geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq və Əli Rza Xələfli sözünün işığına toplaşanları daha da artıracaq.
“Gələn il Azərbaycanda Tailandın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.
Səfir vurğulayıb ki, mədəniyyət sahəsi xalqları bir-birinə yaxınlaşdırır: “Tailandla Azərbaycanın əlaqələri mədəni, təhsil, turizm və həmçinin mənəvi-mədəni əlaqələr vasitəsilə gücləndirilə bilər. Tailandın maraqlı mədəniyyəti, qədim tarixi, ticarət təcrübəsi, dünya şöhrətli yerli mətbəxi var. Üstəlik, ölkəmiz qida texnologiyasında halal məhsul sertifikatına sahibdir ki, bu da dünyanın ən yaxşı markalarından biridir.
Bundan başqa filmlər, seriallar və ya digər incəsənət növləri vasitəsilə Azərbaycanla mədəni münasibətlərimizi inkişaf etdirə bilərik. Yəni planlaşdırılan Mədəniyyət Günlərində Azərbaycana tayların ən keyfiyyətli nümunələrini təqdim etmək niyyətindəyik”.
Apirat Suqondhabhirom Azərbaycanın Malayziya və Tailanddakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovla yaxın dostluq əlaqələrinin olduğunu deyib. O, bildirib ki, bu ay səfir İ.Davudovun Tailandın paytaxtı Banqkoka səfəri gözlənilir.
Qeyd edək ki, dekabrın 5-də Ankarada Tailandın Milli Günü keçirilib. Tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.
Dekabrın 15-də energetika naziri Pərviz Şahbazov Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 142) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
“Qırmızı Ürəklər” Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki ağacəkmə aksiyası “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə Qazax rayonunda, “Kapital Bank” ASC-nin dəstəyi ilə Şabran rayonunda həyata keçirilib. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, “Kapital Bank”ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyəti qurumlara təşəkkür ediblər.
“Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində “Vətən Bağı”nın sayı 28-ə çatıb. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu həyata keçirir.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.
AZƏRTAC xəbər verir ki, bu gün romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış Xalq artisti Həsənağa Salayevin anadan olmasının 201-ci ildönümü tamam olur.
Bakıda dünyaya göz açan Həsənağa Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib, bir ildən sonra yenidən doğma teatra qayıdıb.
Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Uilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.
Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları isə bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir. Aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmdə rol alıb. O, "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.
Görkəmli kinorejissor Rza Təhmasibin 1960-cı ildə çəkdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində aktyora ikinci planlı rol olan kapitan Qüdrət obrazı həvalə edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini peşəkar aktyor lirik və psixoloji nüanslarla göstərib. Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa, canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.
Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını tamaşaçı Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii televiziya filmində də görür.
Əsərin televiziya filmi kimi ekranlaşdırılması nəzərdə tutulsa da, ssenarini yazan Kamil Rüstəmbəyov ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı Azərbaycan kino tarixinə ilk bədii televiziya rejissoru kimi daxil olub. Filmdə əsas rollardan birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib. Az sayda aktyorun yer aldığı filmdə tərəf-müqabillərinin ekran dueti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
“Aygün” bədii televiziya filmi yeni ailə qurmuş gənclərin sosial həyat şəraitindən, qarşılıqlı münasibətlərindən bəhs edir. Filmin mövzusu bu gün də aktualdır. Çünki bu gün də ailədə gender bərabərsizliyini yaradan, evdə öz hökmranlığını bayağı şəkildə yeridən Əmirxanlar az deyil.
Yüksək qazanc əldə etdiyinə görə özünü qüsursuz kişi sayan Əmirxan vaxtının çoxunu əyyaş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına lüzum görmür, yeganə övladı ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb içki dostlarına yaxınlaşması onun sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir.
Filmdə Əmirxan köhnəliyin, mövhumatçılığın, Aygün isə tərəqqipərvərliyin, yeniliyin nümunəsi kimi göstərilib. Əmirxan gec də olsa, cəmiyyətin cılız şəxsiyyəti olduğunun fərqinə varır. O, karyerasına ciddi yanaşmaqla ətrafındakıların hörmətini yenidən qazandıqdan sonra ailəsinə qayıdır. Lakin buna qədər tamaşaçı filmdə yetkinlik yaşına çatan qızını tək böyüdən ananın - Aygünün (Nəcibə Məlikova) məşəqqətlərini görür. Bu gün də aktuallığını itirməyən filmin yaradıcı heyəti qarşılarına qoyduqları məqsədin, yəni Azərbaycan ailəsinin davranış etikasını, bütövlük, dağılmazlıq prinsipini maksimum səviyyədə tamaşaçılara çatdıra biliblər.
H.Salayev yaratdığı hər bir obrazın xarakterik cəhətlərini kiçik ştrixlərinə qədər açır. O, Əmirxan rolunun tipik cəhətlərini çox kadrda monoifası ilə göstərərək aktyorluq potensialının çoxcəhətliliyini, fərdi iş üslubunu göstərmiş oldu. Sonda həyata sağlam düşüncə ilə baxan Əmirxan yalnız müsbət xarakterlərin, sağlam psixologiyanın həmişə insanlığı dəyərləndirən əsas səbəb olduğunu göstərməklə vicdan təmizliyinin varlığını təsdiqləyir. Psixoloji dram janrında çəkilən filmdə hadisələrin ziddiyyətlərinin açılması, əsərin mənasının tamaşaçıya çatdırılması məhz Həsənağa Salayevin yaratdığı Əmirxan obrazının üzərinə düşür. Onun kino yaradıcılığında daim nəzərəçarpan obrazların dəqiq mövqelərini çatdırmaq prinsipiallığı çəkildiyi bütün filmlərdə özünü göstərib.
Aktyorun epizodik rolları da yaddaqalan olurdu. Məsələn, “Görüş” filmində aktyorun yaratdığı Musa obrazı mülayim, səmimi keyfiyyətlərə malik olan bir personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə-müsbətin, yalanla-doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyinə, sevgisinə, insanlarla münasibətində dəqiq olan bir personajdır. Onun müsbət keyfiyyətləri, əsl azərbaycanlı kişisinə məxsus xarakterik cəhətləri filmin ideyasına tamlıq gətirirdi.
H.Salayev “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib. Aktyorun səsləndirdiyi rolların mənfi və ya müsbət olmasından asılı olmayaraq onun ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla çatdırır, dublyaj sənətinin ən azı kinonun özü qədər ciddi bir sənət növü olduğunu göstərirdi.
Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.