Dekabrın 19, 20 və 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qorxma, biz səninləyik!" tamaşa-konsertin premyerası olacaq.
Teatrından AZƏRTAC-a verilən məlumata görə, səhnə əsəri tanınmış rejissor və ictimai xadim, 1960-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın 80 illik yubileyi münasibətilə təqdim olunur.
Tamaşa 42 il əvvəl çəkilmiş "Qorxma, mən səninləyəm!" filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanıb, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyevdir.
Tamaşanın ideya müəllifi yubilyarın qardaşı, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.
Əfsanəvi azərbaycanlının yubileyinin vaxtilə çalışdığı teatrda qeyd olunması fikri isə tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə məxsusdur.
Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti isə Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirlər.
Premyerada yubilyarın özü ilə yanaşı, qardaşı Mixail Qusman, həmçinin Xalq artistləri Polad Bülbüloğlu, Aleksandr Şarovski, Həmidə Ömərova, Sərxan Sərxan və digər tanınmış sənət adamlarının iştirakı da gözlənilir.
Ölkəmizin mədəniyyəti zəngin və çoxşaxəlidir, onun tərkibində əsas yeri təsviri incəsənət tutur. Təsviri incəsənətin ən qeyri-adi texnikalarından biri “ebru” sənətidir. Onun mahiyyəti xüsusi hazırlanmış suyun səthinə boya damcıları tökməklə rəsmin formalaşdırılmasındadır. Sonra təsvir parça, keramika və ya kağız üzərinə köçürülür. Nəticədə unikal əsər yaranır və bu əsəri təkrarlamaq qeyri-mümkündür.
Bu fikirləri tədqiqatçı Vahid Şükürov Şərq ölkələrində yayılmış təkrarsız incəsənət növünə həsr olunmuş məqaləsində yazır.
AZƏRTAC məqaləni oxuculara təqdim edir.
X X X
“Ebru” sözünün mənşəyi bir neçə varianta malikdir. Lakin bir çox adlı-sanlı alimlər hesab edirlər ki, “ebru” fars sözü olan “ebri”dən əmələ gəlib və tərcümədə “bulud” deməkdir. “Ebru”nun vətəni Özbəkistan, İran və digər ölkələr hesab olunur. “Ebru” Osmanlı imperiyası dövründə geniş yayılıb. Türk ustaları bu texnikanı o dərəcədə dərin bilirdilər ki, onlar abstrakt və güllü naxışlarla yanaşı, real təsvirlər də yarada bilirdilər. Ustalar “ebru”nu öz mədəni kodlarına “yerləşdirməyi” bacarmış, günümüzədək onu qoruyub saxlaya bilmişlər. Bu gün də dünyada su üzərində rəsm çəkməyin mərkəzi Türkiyədir.
Osmanlı imperiyasında “ebru”nun yaranması tarixçəsi maraqlıdır. Məlumdur ki, Osmanlı imperiyasında mərmər kağız dövlət sənədləri, eləcə də rəsmi yazışmalar üçün əsas kimi götürülürdü. Bu, qiymətli kağızların saxtalaşdırılmasının qarşısını almaq məqsədilə, eləcə də gözəllik baxımından edilirdi. Çeklərdə, istiqrazlarda və əsginaslarda mürəkkəb naxışların bugünkü məntiqi bu prinsipə əsaslanıb. “Ebru” naxışları ilə veksellərə, kitab cildləmələrinə və Quranın səhifələrinə bədii tərtibat verilib. Hazırda mövcud olan ən qədim “ebru” nümunələri XVI əsrə aid edilir və “Topqapı” muzeyindədir, arzulayan hər kəs ona tamaşa edə bilər.
“Ebru” naxışı əl izləri kimi unikaldır. İki eyni rəsmi yaratmaq qeyri-mümkündür. Hər təsvir həmişə bir-birindən seçiləcək, çünki rəsmi çəkmək üçün istifadə olunan su maye və dəyişkəndir. Klassik “ebru” texnologiyası bu yaxınlaradək ciddi şəkildə məxfi saxlanılırdı. Ustalar nəsillərdən-nəsillərə bu biliyi yalnız şagirdlərinə ötürürdülər.
“Ebru”nun yaradılmasında boyaların hazırlanması mühüm hissədir. Bundan ötrü əksər hallarda təbii piqmentlərdən istifadə olunur. Lil, duda, qurğuşun karbonatı, dəmir oksidi su ilə qarışdırılır, sonra üzərinə az miqdarda qaramalın ödü əlavə olunur. Qatılaşdırılmış su qalın kətan kimi istifadə olunur. Bundan ötrü suya qatılaşdırıcı - kəvən (latınca “Astralagus”) bitkisinin cövhəri qatılır. Suyun və məhlulun hazırlanmasında düzgün nisbətə riayət olunduqda şəkil çəkərkən arzulanan nəticəni əldə etmək mümkündür.
“Ebru”nun çəkilməsində istifadə olunan alətlər də maraqlıdır. Suyun səthinə çəkilən, daha dəqiq desək, boyanı suya “çırpan” fırçalar qızılgül gövdəsi və at tükündən hazırlanır. Belə materiallar təsadüfi seçilməyib. Çünki at tükü zəruri codluğa malikdir, bu səbəbdən də boya ustanın düşündüyü kimi paylanır. Fırçanın tutacağı qızılgülün gövdəsindən hazırlanır ki, bunun da sayəsində su ilə müntəzəm əlaqədə fırça görkəmini dəyişmir.
Rəqs edən boyaların rəsmə çevrilməsi prosesini sözlə təsvir etmək çətindir. Rəssam müxtəlif boyaları götürür, fırça ilə onları suyun üzərinə silkələyir. Boya damcıları suda həll olmur, suyun səthində qalır. Sonra rəssam bizi suda ehtiyatla hərəkət etdirərək boya damcılarını rəsmə çevirir. Boya damcılarının qeyri-adi rənglərə, naxışlara, nağıllardan süjetlərə çevrilməsini saatlarla izləmək olar.
Ölkəmizdə “ebru” ustalarından biri də gözəl əsərlər yaradan Sevinc Əliyevadır. Sevinc xanım sayəsində bu qədim sənət yaşamaqda davam edir. Sevinc xanım 7 ildən artıqdır ki, “ebru”nun incəliklərinin öyrənilməsi ilə məşğuldur. “Mən “ebru” ilə məşğul olmağa başlayanda onun dərinliklərini təsəvvür etmirdim. Vaxt keçdikcə texnika ilə yanaşı, mən “ebru” yaradıcılığının fəlsəfəsini də dərk etdim. “Ebru” mənə həyatı bütün təzahürləri, bütün gözəllikləri ilə sevməyi öyrətdi. Detalları sezməyi və xırdalıqlarda gözəlliyi görməyi öyrətdi. Mən özümü kəşf etdim, özümü tanıdım”, - deyə “ebru” ustası qeyd edir.
Öz yaradıcılıq yolundan danışan Sevinc xanım deyir: “Əvvəlcə bu, sadəcə maraq idi. Mən çox oxumuşam, metodikanı öyrənmişəm. “Ebru”nu yaradan ustaların necə işləmələrinə baxmışam. Usta Bekir Özsudan da çox şey öyrənmişəm. Bir dəfə mən qərara gəlib ona yazdım. O, dərhal cavab verdi, suallarımı cavablandıraraq, texnikanın bəzi sirlərini mənə açdı. Sonralar mən Türkiyəyə getdim. Öz müəllimim sayəsində “ebru” texnikasını öyrəndim və özüm dərs deməyə başladım. “Ebru” ustası Alparslan Babaoğlunun da adını çəkmək istərdim. Mən ondan öyrəndiklərimlə klassik texnikanın sirlərinə yiyələnmişəm. Bu iki insan mənim bu gözəl sənəti öyrənməyimdə böyük rol oynayıblar, buna görə onlara çox minnətdaram”.
“Ebru” özündə çoxlu müxtəlif elmləri birləşdirib. “Ebru” yaradıcıları, ilk növbədə, çox elmli, ziyalı insanlar olublar. “Ebru”nu yaratmaq üçün kimya və fizika kimi müxtəlif elmləri gözəl bilmək lazımdır.
Sevinc xanım deyir ki, “ebru” səbirdir. “Ebru” sənəti öyrənmək istəyən kəs, ilk növbədə, bu sənəti sevməlidir. İkincisi isə həddən artıq səbirli olmalıdır”, - deyə o vurğulayır.
Qeyd etmək lazımdır ki, “ebru” sənəti nəhəng psixoterapevtik effektə malikdir. “Ebru” harmoniyalaşdırır, sakitləşdirir, yaradıcılıq potensialının aşkarlanmasına imkan verir, eləcə də özünüifadə üçün şərait yaradır. “Ebru”nun müalicəvi potensialı kifayət qədər çoxdan aşkarlanıb. Bu qeyri-ənənəvi bədii texnikada işləmək valeh edir, cəlb edir və insanı xəyalən öz hisslərinə qapayır.
“Ebru”nu qısa müddət ərzində öyrənmək mümkün deyil. Buna bəzən bütöv ömür gedir. Sən axtarışda, öyrənmədə olursan. Hər dəfə sən daha yaxşı nəticə əldə etmək üçün sınayırsan. Demək olar ki, “ebru” sənə təkcə yaradıcılığının deyil, həm də özünün kamilləşməyində kömək edir. Bu sənin ömrü boyu öyrəndiyin yoldur!”, - deyə usta vurğulayır.
“Ebru”nun tarixindən danışarkən o faktı qeyd etmək maraqlı olardı ki, dahi şair Nizami Gəncəvi də öz əsərlərində bu yaradıcılığı xatırladır. O yazıb ki, ustalar suda şəkil çəkir, bu isə bir çox alimlərin hesab etdiyi kimi yalnız “ebru” sənətinə aid edilə bilər. Bu da öz növbəsində onu sübut edir ki, XII əsrdə bu sənət növü Azərbaycan ərazilərində də yaşayıb.
“Ebru” sakitləşdirir. “Ebru” sizin həyat tərzinizi və sizin həyat fəlsəfənizi dəyişir. Sizin həyata baxışınızı dəyişir. “Ebru” hər hansı vəziyyətdən çıxış yolunu tapmağı öyrədir”, - deyə Sevinc xanım “ebru” fəlsəfəsini təsvir edərkən deyir.
Bu gün “ebru” sənəti müxtəlif yaşa, müxtəlif peşələrə, dinlərə və ideologiyalara sahib olan insanları birləşdirir. “Ebru” şəhərləri və ölkələri birləşdirən görünməz körpüdür, onları həqiqətən unikal sənətə ortaq sevgi telləri ilə bağlayır. Sevindirici haldır ki, bu gözəl sənət bizim ölkəmizdə də yaşayır. “Ebru” təcrübəsini keçən insan üçün bu, incə və dərin sənətdir ki, ondan sonra zərif və dərin füsunkarlıq hissi qalır.
Dekabrın 7-də YARAT Müasir İncəsənət Mərkəzində gürcü rəssamların “Ekinoks” adlı qrup sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən sərginin kuratoru Fərəh Ələkbərli azərbaycanlı və gürcü rəssamların əsərlərinin nümayiş olunduğunu bildirib. Sərgidə Qia Edzqveradze, Tamara K.E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin bu yaxınlarda ərsəyə gətirdikləri və son illərdə çəkdikləri əsərlər nümayiş olunub.
“Ekinoks” multidisiplinar sərgisi insan identikliyinin dərk edilməsinin təməl prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə qədər lokal və qlobal perspektivlərdə şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamı bir araya gətirir. Sözügedən sərgi layihəsi, müəyyən fərdi və kollektivi bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin kollektiv təcrübəyə, habelə onun dəyişən zaman kəsiklərinə təsirini ortaya qoyur. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub; burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda nəzərdən keçirilir.
Sərgidə təqdim olunan araşdırma tanınmış gürcü mütəfəkkiri Merab Mamardaşvilinin Tbilisi Dövlət Universitetinin incəsənət və humanitar elmlər fakültəsinin tələbələrinə (1984-1985) oxuduğu bir sıra mühazirələri üzərində qurulub. “Yolun psixoloji topologiyası” (1997) adlı silsilə mühazirələrdə Merab Mamardaşvili zaman və həyatı Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanına əsaslanan diskursun mərkəzi mövzuları kimi istifadə edib. Sərginin adı məhz Mamardaşvilinin “Bərabərlik nöqtəsi” mühazirəsindən götürülüb. Burada gecə və gündüzün qarşılıqlı təsirinin nümunəsi qismində şüurun ifadə tarazlığının əldə edildiyi məkanı təsvir edir.
Sərgi, kəpənəyin daxilində baş verən qarşıdurma vasitəsilə metamorfozu təsvir edən simvoldan başlayır və pupun öz qanadlarını açması üçün sərf etdiyi səy və zamana istinad edir. Daha sonra, sərgi layihəsi bu yola sövq edən amilləri aşkara çıxarır ki, burada kollektiv yaddaş və təcrübə mühüm əhəmiyyət kəsb edir. Burada, həmçinin dualist prinsip vurğulanır. Bir tərəfdən, geosiyasi dəyişikliklər, mədəni müşahidələr, keçmişlə əlaqə və onun zamanla transformasiyası mənsubiyyət hissinin baş qaldırmasında vacib rol oynayır. Digər tərəfdən isə identikliklərin qloballaşma və texnoloji dəyişikliklərə cavab olaraq transformasiyası və metamorfozlara məruz qalması, şüurun təməl prinsiplərini dəyişir. Beləliklə, yeni formalar ərsəyə gəlir və yaddaşa olan zərurət öz aktuallığını itirir, mədəni mənsubiyyət fenomeni isə absurd görünür.
Sərginin ikinci hissəsi “kontinuum” anlayışını, insan şüurunun yol keçdiyi sistemi araşdırır. İşığın arxitekturasını öyrənməklə (qara üzərində sarı çalar), məlumatların şüurda dərketmə (qavrayış) fenomeninə istinad edilir (işıq və ya təəssüratın qavrayışına gəlincə, qəbul edən şəxsin əsas şəraitləri qaranlıq və boşluğa əsaslanır) və nisbilik nəzəriyyəsindən istifadə etməklə, zamanın qavrayışının şərtiliyi, insan və kollektiv şüurun miqyası müəyyən edilir. Elə bu prinsip dünyadakı təkrarlanan kütləvi prosesləri müəyyən edir. Məhz bu aspektlə, təkrarlanan çalarlara qarışmaqla və ya fərdi fəaliyyətin irəli gəlməsinə təkan verən fərqli, vahid yol formalaşdırmaqla, fərdi və kollektiv şüur arasında qarşıdurma baş verir.
Sərginin kulminasiya nöqtəsi, yalnız şəxsi səylər vasitəsilə gerçəkləşən xarici aləm üçün anlaşılmaz və keçilməz məkanı ifşa edən “əks diskurs” vasitəsilə əldə edilir; bu məkan isə, öz növbəsində, zamanın yeni formalarını və dəyişikliklərini törədən kollektiv şüurun strukturu üçün katalizatora çevrilir.
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub.
“Report” xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.
Sərgidə Azərbaycan xalq rəssamları Hüseyn Əliyev, Kamil Əliyev, Arif Qazıyev, Əməkdar rəssam Rza Avşarov, Əməkdar rəssam İsa Məmmədov, Nağdəli Xəlilov, Sabir Hüseynov, Saleh Məmmədov, Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil Əhmədova, Əli İsmayıl və başqaları olmaqla 25 müəllifin 40-adək rəngkarlıq və rəsm əsərləri nümayiş olunur.
Açılış mərasimində Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və bərpası məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı tarixi və siyasi hadisələr olmaqla yanaşı, eyni zamanda yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradcılıq mövzusudur.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu dekabrın 8-də Naxçıvan şəhərində gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Caspi Art”ın təşkilatçılığı ilə İsveçrədə onlayn keçirilən “Consonance” II beynəlxalq musiqi müsabiqəsində uğurla çıxış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Qönçə Əlimova II dərəcəli diploma, Qabil Quliyev isə III dərəcəli diploma layiq görülüb.
Şagirdlərin müəllimi Gülzar Məmmədova isə sertifikatla təltif edilib.
ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçək ayın qatilləri” dramı ilin ən yaxşı filmi seçilib.
AZƏRTAC xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru Martin Scorses isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub.
Müsabiqədə Paul Giamatti “Ən yaxşı aktyor”, Lili Qladstoun “Ən yaxşı aktrisa”, “Anatomy of a Fall” filmi “Ən yaxşı beynəlxalq film” nominasiyaları üzrə mükafata layiq görülüb.
Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin nizamnamə fondu kəskin artırılaraq 5 642 390 manatdan 245 157 852 manata çatdırılıb.
Dekabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın sənət əsəri nümayiş olunacaq.
Sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edəcək.
Tədbirdə Şah İsmayıl Xətai, General Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, sevimli Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verəcək.
İncəsənətə böyük töhfələr verən, yüksək bədii-emosional təsir qüvvəsinə malik portret, mənzərə, süjetli-tematik, natürmort janrlarında əsərlər yaradan görkəmli sənətkar Tofiq Ağababayevin sərgisi yanvarın 10-dək davam edəcək.
Hər bir xalqın şeirinin bir misrasından bütün yaradıcılığının tanındığı görkəmli şairi var. Azərbaycan xalqı üçün belə bir söz ustası əbədiyaşar klassik, yaradıcılığında daim Vətən mövzusunu tərənnüm edən Səməd Vurğundur. Onun ən məşhur şeiri də məhz “Azərbaycan” adlanır. Şairin əsərləri müasir Azərbaycan ədəbiyyatının Qızıl fonduna daxil olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-də Bakıdakı Rus evində Azərbaycanın böyük oğlu Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş poeziya axşamı təşkil ediləcək.
Tədbirdə şairin mənalı həyatının ən mühüm məqamlarından və onun yaradıcılığından söhbət açılacaq, Səməd Vurğunun sevimli melodiyalarının sədaları altında şeirlər səsləndiriləcək.
Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.