Romantik janrda ekranlaşdırılan “Bridgerton” filminin üçüncü mövsümünün yayım tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, izləyicilər tərəfindən uzun müddətdir maraqla gözlənilən ekran əsərinin premyerası 2024-cü il üçün planlaşdırılıb.
Filmin aktyor heyətində Penelope Featherington, Jonatan Beyley, Rut Qemmell, Kladya Cessi, Luyk Tompson, Luyk Neton, Vil Tilston və Florens Hunt yer alıblar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistanın Xarəzm vilayəti hökumətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti və həmin ölkənin Azərbaycandakı səfiri Baxrom Aşrafxanovu qəbul edib.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
Görüşün əsas məqsədi "İçərişəhər” DTMQ və “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol”un imzalanmasıdır.
Protokol “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanıb.
Daha sonra qonaqların Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olması üçün ekskursiya təşkil edilib.
Qeyd edək ki, imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi, bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
Dekabrın 2-dən 5-dək Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyəti Günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində qazaxıstanlı rəssamların əsərlərindən ibarət sərgi və bu ölkənin incəsənət ustalarının qala-konserti keçirilib.
Sərginin ekspozisiyasında müxtəlif janrlarda və üslublarda işləyən qazaxıstanlı rəssamların nadir əsərləri nümayiş olunur.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib ki, sərgi ortaq kökləri, böyük keçmişi ilə haqlı olaraq fəxr edən, birgə səylərlə layiqli gələcək quran, təkcə öz ölkələrində deyil, bütün regionda sülh və firavanlığa can atan iki xalqın dirçəlişinin mənəvi vizuallaşdırılmasıdır
Bu gün rəssamların gözü ilə təmsil olunan mənəvi sərvətin sözlə ifadə edilə bilməyəcəyini qeyd edən nazir deyib: “O əsərləri ürəklə görmək lazımdır. Ekspozisiyada təsviri incəsənətin ənənəvi formaları ilə yanaşı, yeni instalyasiya növləri, doqquz qazaxıstanlı müəllifin art-obyektləri təqdim olunur. Hər əsər özünəməxsusdur və maraqlıdır. Əminəm ki, bugünkü sərgi iki qardaş xalqın mənəvi yaxınlaşması missiyasını yerinə yetirəcək”.
Sonra qonaqlar zəngin ekspozisiya ilə tanış oldular. Tanışlıq zamanı Milli Məclisin sədri Sahibə Qafarovaya Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanın təsvir olunduğu xalça hədiyyə edilib.
Tədbir mədəniyyət naziri Adil Kərimlinin, Milli Məclisin sədri Sahibə Qafarovanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, deputatların, səfirlərin və Azərbaycanın mədəniyyət xadimlərinin qatıldığı qala-konsertlə davam edib.
“Bu günlərdə Odlar Yurdu-Azərbaycan təkcə ümumi kökləri deyil, həm də mehriban qonşuluq və dostluğun yeni cəhətlərini kəşf edərək, qardaş qazax xalqının mənəvi dünyasına qərq olub. Bu, təkcə bu ilin ən mühüm hadisələrindən biri deyil, ölkələrimizin son dövrdə dövlət başçılarımızın iradəsi və səyləri sayəsində mümkün olan siyasi, sosial-iqtisadi və mədəni-humanitar yaxınlaşmasının məntiqi nəticəsidir", - deyə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva konsertdən əvvəl bildirib.
Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük önəm verdiyini qeyd edən nazir xalqının bu sevgi və mehribanlığı qiymətləndirdiyini və ona qarşılıq verdiyini diqqətə çatdırıb: “Azərbaycan bizim üçün mehriban qonşu, sadiq dost və qardaşdır, onu bizdən yalnız Xəzər ayırır. Azərbaycan daim qəlbimizdə olub və bundan sonra da belə qalacaq”.
Qazaxıstanın və Azərbaycanın ortaq Türk dünyasını birlikdə inkişaf etdirdiyini və möhkəmləndirdiyini deyən Aida Balayeva burada keçirilən Qazaxıstan mədəniyyəti günlərinin də bu işdə mühüm rol oynadığını qeyd edib: “Azərbaycanlılar Mədəniyyət günləri çərçivəsində keçirilən bütün tədbirlərdən əsl estetik zövq alıblar. Mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əməkdaşlığımızın böyük potensiala malik olduğuna əminlik yarandı”.
Nazir, həmçinin iki ölkə arasında mövcud mədəni-yaradıcı dialoqun öz məntiqi davamını tapacağına əminliyini ifadə edib.
Daha sonra Qazaxıstanın Xalq artisti Roza Rımbayeva, "Kurmet" ordeninin kavaleri Zarina Altınbayeva, eləcə də Qazaxıstanın əməkdar simaları qazax və Azərbaycan kompozisiyalarını tamaşaçılara təqdim ediblər.
Bu gün Xalq artisti Əşrəf Yusifzadənin doğum günüdür
Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Yusifzadə daxili temperamenti, gur səsi, pafoslu danışıq ahəngi, klassik faciə obrazların mahir ifaçısı kimi yaratdığı bənzərsiz obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünəməxsus yer tutur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Əşrəf Yusifzadənin anadan olmasının 117-ci ildönümü tamam olur.
Əşrəf Yusifzadə 1906-cı il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Həmçinin o məktəbdə dram dərnəyinin fəallarından olub.
Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə dəbdə olan “Rabfaka” (fəhlə fakültəsinə) daxil olub, eyni zamanda, İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandan Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin “Zorən təbib” komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının “Aydın” (Dövlət bəy), Qabriel Sundukyanın “Pepo” (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb.
1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barmaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanıb, kollektivin populyar aktyoru kimi sevilib. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa edib.
Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə görkəmli səhnə xadimi Rəmziyə Veysəlova ilə ailəli olub.
Əşrəf Yusifzadə 1963-cü il aprelin 7-də dünyasını dəyişib.
Dekabrın 14-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək.
Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Lənkəran Dövlət Dram Teatrı “Heydər Əliyev İli”nə töhfə olaraq Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub.
Kompozisiyada Ulu Öndər Heydər Əliyevin 1923- 2003-cü illər ərzindəki həyat və fəaliyyəti təqdim olunur, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturaloji həyatındakı rolu, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyəti göz önündə canlandırılır, Ulu Öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir.
Kompozisiyanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin yaradıcılığını tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.
Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, videomühəndisi Şəhriyar Camalbəylidir. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar Şarud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev, Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova, Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə, Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə Cəfərova və Teymur Hacızadə ifa edib.
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 9-dək keçiriləcək sessiyada 72 iştirakçı dövlət tərəfindən təqdim edilmiş 55 yeni elementin siyahıya salınmasına baxılacaq.
Bu sessiyada mədəniyyətin qorunması üzrə qlobal hüquqi arsenalını gücləndirmiş və genişləndirmiş UNESCO Konvensiyasının 20 illik yubileyi də qeyd ediləcək.
Bu sessiyada qurumun 181 iştirakçı dövlətini təmsil edən Komitənin 24 üzv dövləti Konvensiyanın Siyahılarına yazılmaq üçün ümumilikdə 55 namizədliyi, eləcə də Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına yazılmaq üçün 45 müraciəti araşdıracaq. Bəşəriyyətin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün 6 təklif və Yaxşı Mühafizə Təcrübələri Reyestrinə seçilmək üçün 4 təklif təqdim olunub.
Komitə həmçinin Paraqvay və Zimbabve tərəfindən təqdim edilmiş beynəlxalq maliyyə yardımı üçün 2 sorğu ilə bağlı qərar verəcək və əvvəllər sadalanan elementlərin statusu ilə bağlı bir sıra hesabatları araşdıracaq.
Hər zaman müştəriyönümlülük və sərfəli qiymət strategiyasına sadiq qalan “Nar” öz abunəçiləri üçün yenilənmiş “Dinlət” xidmətini təqdim edir. Bir zamanların ən çox istifadə edilən xidmətlərindən biri olan “Dinlət” yeni funksiyalarla təkmilləşdirilib.
İndi “Nar” abunəçiləri ayda cəmi 1.8 AZN ödəniş etməklə “Dinlət” parçasını istənilən sayda aktivləşdirə biləcək. Xidmətə qoşulmaq üçün www.dinlet.az platformasındakı parçalardan istədiyinizi seçib *185*DinlətKodu#YES yığmaq kifayətdir.
“Dinlət” xidmətinə qoşularaq sizə zəng edənlərə standart zəng səsi əvəzinə sevdiyiniz musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları və s. dinlədə biləcəksiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin yaratdığı “SİMA İmza” dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
Ədliyyə Nazirliyi ilə aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imzanın nazirliyə məxsus Elektron Məhkəmə Sisteminə inteqrasiyası uğurla tamamlanıb. Artıq vətəndaşlar e-mehkeme.gov.az portalında şəxsi kabinetinə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.
Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə giriş etmiş vətəndaşlara sistem üzrə bütün əməliyyatları onlayn qaydada həyata keçirmək imkanı təqdim olunur:
– İddia ərizəsi göndərmək;
– Apellyasiya və kassasiya şikayəti göndərmək;
– Mövcud olan işlər üzrə axtarış etmək;
– Məhkəmə sənədləri ilə tanış olmaq;
– Əlavə sənəd və müraciət göndərmək.
“SİMA İmza” ilə sistemə daxil olduqdan sonra sənədlərin imzalanması zamanı təhlükəsizlik üçün biometrik funksionallıqdan istifadə olunur. Bu funksionallıq imza edən şəxsin məhz imza sahibinin özü olub-olmadığını süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdirmək imkanı verir. Bu isə bir şəxsin başqa şəxsin imzasından sui-istifadə hallarının qarşısını alır.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Kinotənqidçi Stefani Zaxarek “Time” jurnalı üçün 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib.
AZƏRTAC jurnalın saytına istinadla xəbər verir ki, S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin “Tökülən yarpaqlar” filmini layiq görüb. Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.
İkinci yerdə Bredli Kuperin “Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin “Maraqlar zonası” kinolenti qapayır.
TOP-10-da, həmçinin Sofiya Koppolanın “Prissilla: Elvis və mən”, Alisa Vinokurun “Paris haqqında xatirələr”, Selin Sonun “Ötən talelər”, Martin Skorsezenin “Çiçəkli ayın qatilləri”, Kelli Frimonun “Tanrı, buradasanmı?”, Bill Poladın “Vəhşi yuxular” və Ayra Saksın “Passajlar” filmləri də yer alıb.