Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Cənubi Koreyada incəsənət əsərlərini saxlamaq üçün dünyada ən iri anbar tikiləcək

    Cənubi Koreyanın İnçhon beynəlxalq hava limanı yanında incəsənət əsərlərini saxlamaq üçün ümumi sahəsi 100 min kvadratmetr olan yeni nəhəng anbar tikilir.

    AZƏRTAC bu barədə “Artnet news” nəşrinə istinadla xəbər verir.

    Yeni saxlama yeri beş mərtəbədən, o cümlədən zirzəmi və müxtəlif ölçülü 138 otaqdan ibarət olacaq. İnşasına 283,3 milyon dollar sərmayə yatırılacaq və dünyada ən iri olacaq bu anbarın tikintisi 2026-cı ildə başa çatacaq. Hava limanının rəhbərliyi ilə müvafiq razılaşmanı “Arshexa” inşaatçılar konsorsiumunun təmsilçiləri imzalayıb.

  • Türk Dünyasının Yumor Festivalı keçirilib

    “Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır.

    TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır.

    Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak ediblər. Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxış ediblər.

    Yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər.

    Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb.

    Qalibə festivalın kuboku təqdim edilib.

    Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

  • “Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

    “Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir.

    AZƏRTAC “The Wall Street Journal”-a istinadla xəbər verir ki, şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” birgə təklifinin işə salınması ehtimalını müzakirə ediblər.

    “Apple” və “Paramount” arasındakı danışıqlar hələ ilkin mərhələdədir. Bu xəbərin fonunda hər iki şirkətin səhmlərinin dəyəri sürətlə artmağa başlayıb.

  • Flamand rəssamının tablosu auksionda 883 min dollara satıla bilər

    Klara Petersin natürmortu auksionda 500 mindən 700 min funt sterlinqə qədər (631 min dollardan 883 min dollara) satıla bilər. Həmin incəsənət əsəri indiyədək təxminən 200 il ərzində Belçikadakı şəxsi kolleksiyada saxlanılıb.

    AZƏRTAC xəbər verir ki, rəsm əsərinin tam adı “Qızılgül, qərənfil, zanbaq, nərgiz, iris, dumanda sevgi, xəndəkotu və üzəri kəpənək və işıldaquş ilə bağlı toxunmuş səbətdə olan digər çiçəklər”dir. Kətanın üzərində toxunmuş səbətin içərisində parlaq çəhrayı, ağ və sarı çiçəklər təsvir olunub. Onların bir neçəsi solub, kəpənək və işıldaquş isə ləçəklərin arasında yer alıb.

    Nyu-Yorkdakı “Sotheby's” auksionunun vitse-prezidenti və qədim ustalar üzrə mütəxəssis Elizabet Lobkoviç deyib: “Rəsm əsəri bu yaxınlarda yenidən kəşf edilib, çünki onun haqqında heç vaxt mətbuatda yazılmayıb. Bu tabloda Petersin böyük əsərlərinin hamısına məxsus olan fərqli xüsusiyyətlər var”.

    Flamand rəssamı Klara Peters XVII əsrin birinci yarısının unudulmuş rəssamlarından biridir. Həmin dövrdə Niderlandda kişi rəssamlar arasında böyük rəqabət səbəbindən qadın rəssamların əsərlərinə maraq olmayıb.

    “Sotheby's” auksionunun bəyanatında deyilir: “Şübhəsiz ki, Klara Peters natürmort janrında yaradan digər rəssamlar, o cümlədən Reyçel Ryuş və Mariya van Osterveyk üçün yol açmış pioner olub”.

    Klara Petersin indiyədək ən bahalı rəsm əsəri 1998-ci ildə 1,7 milyon dollara satılmış “Küp və pendir boşqabı ilə natürmort” tablosu olub. Əgər indi aşkar edilmiş natürmort daha bahalı qiymətə satılarsa, o, rəssamın ən qiymətli əsərləri sırasına daxil olacaq.

    Elizabet Lobkoviçin sözlərinə görə, rəsm əsəri çox heyranedicidir və əla vəziyyətdə qorunub saxlanılıb. O əlavə edib: “Onun çox kiçik ölçüdə olması, amma böyük vizual təsir göstərməsi məni daha çox cəlb edir. Bu, ustalıqla təsvir edilmiş çiçəklərin və detalların kaleydoskopudur”.

  • “The Boys” filminin treyləri yayımlanıb

    “The Boys” filminin növbəti mövsümünün tizer-treyləri yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, “Amazon” şirkəti tərəfindən ərsəyə gətirilən ekran əsərinin treyleri izləyicilər tərəfindən maraqla qarşılanıb.

    Filmdə baş rolları Karl Urban və Ceyk Queyd canlandırıb.

    Rejissoru Erik Kripke olan ekran əsərinin dünya üzrə premyerası 2024-cü ilə planlaşdırılıb.

  • Muzey Mərkəzdə “Rənglərdə yaşayan ömür” adlı sərgi açılıb

    Muzey Mərkəzinin sərgi salonunda Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, “Rənglərdə yaşayan ömür” adlı sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

    Milli Məclisin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə acılan sərgidə rəssam Nərgiz Quliyeva ilə bərabər onun rəhbərlik etdiyi “Nargiz Art Studio”nun yetirmələrinin 40 yaxın əsəri də nümayiş edilib.

    Sərginin ideya müəllifi sentyabrda vaxtsız dünyasını dəyişən, Milli Məclisin mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva olmuşdur.

    Sərginin təşkilatı zamanı Qənirə xanımın xatirəsini əziz tutaraq onun sərgi ilə bağlı bütün istək və arzuları nəzərə alınıb.

    Sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Xalq rəssamı Arif Hüseynov müəllifi təbrik edib və ona yeni layihələrdə böyük yaradıcılıq uğurları arzulayıblar.

    Qonaqları salamlayan Nərgiz Quliyeva ona dəstək olmağa gələn bütün həmkarlara və dostlara təşəkkür edib və təşkilatçılara xüsusi olaraq minnətdarlığını bildirib.

    Sərgi dekabrın 5-dək davam edəcəkdir.

  • "Gəl, Yarat!” Yaradıcılıq üzrə marafonun qalibləri müəyyən olunub

    YARAT Müasir İncəsənət Məkanında 1-3 dekabr tarixlərində “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunub.

    Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 3-də “Yarat” Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən marafonun final mərhələsi baş tutub və beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib.

    Sonda münsiflər heyətinin qərarı ilə aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

    Kino - “Alfa”

    Teatr - “Səssiz”

    Dizayn - “The last of us”

    Videoqrafiya - “The pulse of innovator”

    Animasiyada - “Ovsun”

    “GƏL, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasınının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşıb.

  • Mədəniyyət sahəsində Qazaxıstanla əməkdaşlıq müzakirə olunub

    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

    Mədəniyyət Nazirliyindən "Report"a bildirilib ki, nazir Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 dekabr tarixlərində Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib.

    Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarımız tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

    Aidə Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb. Bu mənada Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda süni intellekt sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartını qəbul edib.

    Bu barədə "Report"a AZSTAND-dan bildirilib.

    Məlumata görə, sözgedən standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

  • Bakının Cabir Novruz küçəsi təmir olunur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.

    “Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

    Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.