Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Kitabxanada “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlanıb

    Dekabrın 1-də Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, türkdilli ölkələrin gənc yazıçıları haqqında qısa biblioqrafik məlumat və tammətnli nəşrlər nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkdilli_olkelerin_genc_yazarlar%C4%B1/index.htm linkindən istifadə edə bilər.

    Təqdim olunan Elektron məlumat bazası “Rəsmi sənəd”, “Gənc yazarlar”, “Nəşrlər” bölməsindən ibarətdir. “Rəsmi sənəd” bölməsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gənc yazarlar” bölməsində yazarlar haqqında qısa biblioqrafik məlumat və onların əsərlərinin bir hissəsi təqdim olunur. “Nəşrlər” bölməsi “Kitablar” və “Məqalələr” adlı 2 yarımbölmələrdən ibarətdir. Bazada təqdim olunan gənc yazarların əsərləri tam mətnləri ilə verilib.

    Elektron məlumat bazasına keçid üçün link: http://anl.az/el/emb/Genc_Yazarlar/index.html

  • Xalq rəssamı Fərhad Xəlilovun yeni sərgisi - “Yerlə göy arasında”

    “YARAT” Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə, rəssamın son illər yaratdığı rəngkarlıq tabloları və bu günə qədər nümayiş olunmayan qrafika əsərləri bir araya gətirilib.

    1960-1970-ci illərin Ümumittifaq sərgilərində fərqli dəst-xətti ilə fərqlənən Fərhad Xəlilovun həqiqi “sənət məktəbi” o dövrdəki Moskvanın qeyri-rəsmi bədii həyatı olub. O, İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov kimi rəssamların mühitində yetişib, püxtələşib və yüksək bədii dəyərlər aləminə bələd olaraq, milli ənənələrə bağlı rəssam kimi formalaşıb. Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov) təhsilini bitirəndən sonra Azərbaycana dönən rəssamın əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olub.

    “Yerlə göy arasında” adlı sərgidə rəssamın uzunillik yaradıcılığına istiqamətlənən və poetik mövzulardan ilham alan əsərləri nümayiş olunub. Ətrafı hiss etdiyi kimi kətanda təsvir edən Xəlilovun əsərlərində təbiətin müxtəlif halları ifadə olunub. Məhz bu halların açıqlanması sərginin əsasını təşkil edir. “Yerlə göy arasında” adlı ekspozisiya rəssamın ilham aldığı ünsürlərə bağlılığıdır. Fəaliyyətinin müxtəlif mərhələlərində fərqli vizual həllərin yer aldığı rəssamın yaradıcılıq tendensiyası fəlsəfi diskursdur.

    Tədbirdə Fərhad Xəlilovun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

    Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Xalq rəssamı Fərhad Xəlilov öz sənət dünyasından və sərgidə yer alan əsərlərdən danışıb.

    “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli Fərhad Xəlilovun fərdi sərgisinin açılışını incəsənət aləmində mühüm hadisə kimi dəyərləndirib. “Bu sərgidə Fərhad müəllim son aylarda üzərində işlədiyi əsərlərini nümayiş etdirir. Əsasən rəngkarlıq əsərləridir. Rəssamın bu günə qədər heç bir yerdə nümayiş edilməyən qrafik əsərləri də bu sərgidə yer alıb”, - deyə o, vurğulayıb.

    “Yerlə göy arasında” adlanan bu sərginin adından da göründüyü kimi, daha çox abstrakt əsərlərə üstünlük verildiyini bildirən Fərəh Ələkbərli sərginin yanvar ayına qədər davam edəcəyini bildirib.

    Nümayişdən sonra rəssam media nümayəndələrinin suallarını cavablandırıb.

  • “İçərişəhərin həyatı” adlı fotosərgi açılıb

    “İçərişəhərin həyatı” adlı fotosərginin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Bakı Fotoqrafiya Evində açılan sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkil etdiyi fotomüsabiqənin qaliblərinin və iştirakçılarının fotoları sərgilənib.

    “İçərişəhərin həyatı” adlı fotomüsabiqədə fotokamera və mobiloqrafiya kateqoriyaları üzrə ümumilikdə 51 nəfər iştirak edib. Sərgilənən 36 fotodan 6-sı qaliblərə aiddir.

    “Fotokamera” kateqoriyası üzrə birinci yerə Aleksandr Fristov, ikinci yerə Cavid Həşimov, üçüncü yerə isə Hikmət Sadıxov layiq görülüblər.

    “Mobiloqrafiya” kateqoriyası üzrə isə I yeri Asif Mustafazadə, II yeri İsmayıl Cəfər, III yeri Yaqub Bəndəliyev tutub.

    Sərgi dekabrın 8-dək Bakı Fotoqrafiya Evində davam edəcək.

  • QİÇS-lə Mübarizə Günü ilə bağlı biblioqrafik icmal istifadəçilərə təqdim edilib

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar olaraq virtual kitab sərgisi, videomaterial və biblioqrafik icmal hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda bütün bəşəriyyətin bəlası olan narkomaniya, narkotik vasitələrin növləri və onlardan asılılıq mərhələləri, ağır fəsadları, bu sosial bəlaya qarşı mübarizə, İİV, QİÇS-in yaranma səbəbləri, bu xəstəliklərə yoluxma yolları, dünyada İİV/QİÇS-ə yoluxan və narkomaniyadan əziyyət çəkən insanların statistikası haqqında məlumatlar təqdim edilir.

    Materiallarda bu mövzuda qəbul edilən dövlət proqramı və digər rəsmi sənədlərdən də bəhs edilir.

    Virtual kitab sərgisində “Ölümün bir addımlığında”, “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar”, “İİV/QİÇS-in erkən diaqnostikasında ailə həkiminin rolu”, “İnsanın immunçatışmazlığı xəstəliyi”, “Reproduktiv sağlamlığın əsasları” kimi 10-dan çox kitabın, “Qlobal bəla ilə qətiyyətli mübarizə”, “Narkomaniya ilə mübarizə hər birimizin işidir” kimi dövrü mətbuat nümunələri sərgilənir.

    Biblioqrafik icmalda 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününün təsis edilməsi, bu sahədə yerli və beynəlxalq səviyyədə qəbul edilən sənədlər, ölkəmizdə xəstəliyin qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verilir.

    İcmalda Azərbaycan və rus dillərində olmaqla 15-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri, elektron mənbə təqdim edilir.

    Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

  • Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür

    Xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çoxu onun yaradıcılığında əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

    Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın vəfatından 19 il ötür. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.

    Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

    1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

    Böyük sənətkar 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz, əslində, bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

    Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

    Ümummilli Lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

    Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalılarının, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

    Hər bir şeiri, hər bir misrası ədəbiyyatımızın, yaddaşımızın, bütövlükdə xalqımızın söz xəzinəsinin incisi sayılan və sağlığında xalqının şairi olan Məmməd Araz öz orijinal fikirləri, poetik düşüncə və tapıntıları ilə daim yaşayacaq.

  • “As we know it” filminin yayım tarixi məlum olub

    Amerikalı rejissor Jos Monkar tərəfindən ekranlaşdırılan zombilərdən bəhs edən “As we know it” filminin yayım tarixi açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, faciəvi komediya janrında çəkilən film dekabrın 1-də tamaşaçıların qarşısına çıxacaq.

    Ekran əsərində baş rolları Mayk Kastel, Oliver Kuper, Taylor Blakvel, Tomas Kristofer Parnell və Pamela Grier canlandırıb.

    Film 1990-cı ilin sonlarında Los-Anceles şəhərinin qeyri-adi zombi epidemiyasına bürünməsindən bəhs edir.

  • Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi qeyd edilib

    Dekabrın 1-də Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək şairin xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

    AZƏRTAC xəbər verir ki, AYB-nin həmişə qonaqlı-qaralı olan “Natəvan” klubunda davam edən tədbirdə Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

    Tədbirin aparıcısı AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid deyib ki, bu gün şairin vəfatından 19 il ötməsinə baxmayaraq onun poeziyasına olan ümumxalq məhəbbəti heç vaxt azalmayıb.

    Bildirilib ki, bu il Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər təşkil edilib.

    Rəşad Məcid qeyd edib ki, Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çoxu onun yaradıcılığında əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

    Tədbirdə Əməkdar Artist Ağalar Bayram şairin bir-birindən bənzərsiz şeirlərini səsləndirib.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar diqqətə çatdırıb ki, AYB-nin “Natəvan” klubu son vaxtlar belə qələbəlik yaşamamışdı. Bu, Məmməd Araz poeziyasına, şəxsiyyətinə olan sonsuz sevgi ilə bağlıdır.

    Məmməd Arazın ixtisasca coğrafiyaçı olduğu xatırladan AYB-nin sədri bildirib ki, o, başdan-başa təbiət vurğunu idi. Bu sevgi onun bütün yaradıcılığına hopmuşdu. Eyni zamanda Azərbaycan dilinin bütün incəliklərini onun poeziyasında görmək mümkündür. Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

    Bildirilib ki, harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq Məmməd Araz, əslində, bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir.

    Xalq yazıçısı Anar deyib ki, bu gün də Məmməd Arazın ocağı ədəbiyyat ocağı kimi gurlayır və onun yolunu əzizləri, doğmaları İradə Tuncay və Aqil Abbas uğurla davam etdirirlər.

    Tədbirdə çıxış edən digər natiqlər Məmməd Arazın Azərbaycan poeziyasına bəxş etdiyi bənzərsiz poeziya nümunələrindən söhbət açıblar.

    Bildirilib ki, Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

    Vurğulanıb ki, Xalq şairi Məmməd Araz təkrarsız şeirləri, bənzərsiz poeziya nümunələri ilə hər zaman xalqımızın qəlbində yaşayacaq.

  • "Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaş qəbulu keçirəcək

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Zaqatala rayonunda vətəndaş qəbulu keçiriləcək.

    “Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 11:00-da Zaqatala Regional qaz istismarı İdarəsinin inzibati binasında (Faiq Əmirov küçəsi, döngə 1, bina 11) baş tutacaq görüş zamanı Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

    Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024-22-4-02-60; 050-845-94-21) müraciət edə bilərlər.

  • Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək

    Dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin tədbirlə əlaqədar təşkil etdiyi mətbuat konfransında məlumat verilib.

    Bildirilib ki, "İtaliya mətbəxi masada: dad və rifah " mövzusuna həsr olunmuş tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və ICE-İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

    Qeyd olunub ki, 6 gün davam edəcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsində məşhur italiyan aşpaz Pino Kuttaya qeyri-adi proqramla və bir sıra maraqlı tədbirlərlə çıxış edəcək. O, dekabrın 6-sı saat 12.00-da "Dinamo Hotel Baku" ila birgə təşkil olunmuş tədbirdə "Il Cannolo Siciliano di Melanzane " resepti ilə masterclass keçirəcək.

    Eyni zamanda dekabrın 5-i və 6-da Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün "Dinamo Hotel Baku"da aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.

    İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri tədbiri açaraq bildirib ki, qida sənayesi ölkə iqtisadiyyatı üçün önəmli sahələrdən biridir: "Ümumiyyətlə İtaliyaya məxsus qidaların kökləri dərindir və bu gün məhsullarımız bir çox yerlərdə kopyalanır. Hər il eyni tarixdə İtaliya səfirlikləri bütün dünya ölkələrində bu cür tədbirləri keçirir. Yəni ənənə halını alıb. Mənim missiyam dövründə üçüncüsü təşkil edilib. Bu il çalışacağıq ki, italyan mətbəxinin gözəlliklərini Azərbaycanda insanlara tam göstərə bilək".

  • Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib

    Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 130 illiyi qeyd edilib.

    AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara ümumtürk mədəniyyətində, xüsusilə də Azərbaycan xalqının tarixi, mədəniyyəti və bədii-mənəvi həyatında xüsusi yerə malik aşıq yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənəti musiqi, poeziya, rəqs, teatr yaradıcılığı kimi elementləri özündə birləşdirir və ustad aşıqların yaradıcılığı xalqımız tərəfindən hər zaman sevilmiş, əziz tutulmuşdur. Məhz buna görə də 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

    Diqqətə çatdırılıb ki, tarixi uzun əsrlərə dayanan və 16-cı əsrdə Miskin Abdaldan başlayan söz-sənət ailəsində dünyaya göz açan Aşıq Şəmşir hələ gənc yaşlarından Azərbaycan aşıq sənətinin layiqli davamçısına çevrilmiş, milli folklor xəzinəmizi öz səsi, sözü və ifası ilə zənginləşdirmişdir. Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşir təkcə el havaları və dastanların mahir ifaçısı və el sənətkarı olmamış, həmçinin özündən sonra zəngin irs qoymuş, poeziya nümunələri ilə yanaşı nəsr əsərləri də qələmə almışdır.

    Filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova-Əlizadə çıxışında Aşıq Şəmşirlə bağlı fikirlərini bölüşüb və uşaq olarkən anası, Azərbaycan aşıq sənətinin ilk tədqiqatçısı, musiqişünas Eminə Eldarovanın Aşıq Şəmşirin ifalarını lentə aldığından bəhs edib. Qeyd edilib ki, E. Eldarovanın sayəsindən Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb və onların çoxu indi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur.

    Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ailəsi adından görkəmli el sənətkarının yubileyi münasibətilə təşkil olunmuş tədbir üçün təşəkkür edib, Aşıq Şəmşirlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, 30 il bundan əvvəl Ermənistanın işğalı nəticəsində Aşıq Şəmşir və onun atası Ağdabanlı Aşıq Qurbanın əlyazmaları Kəlbəcər rayonunda məhv edilib. Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu işğalda olan bütün ərazilərimizi azad etdikdən sonra Dədə Şəmşirin doğma yurdu Kəlbəcər də bu gün azaddır, görkəmli sənətkarın ruhu da şaddır.

    Sonra Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

    Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Fəzail Miskinlinin rəhbərliyi ilə Azərbaycan aşıqları konsert proqramı ilə çıxış edib. Vyanada yaşayan gənc musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) də iştirak etdiyi proqramda sözləri Aşıq Şəmşirə məxsus el havaları ilə yanaşı, sevilən bəstəkar mahnıları da ifa edilib.