Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans işini davam etdirir.
Konfransın ikinci günündə plenar iclası AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova açıb. O, tədbirin ilk günündə plenar və seksiya iclaslarında COVID-19-un müxtəlif problemlərinə həsr olunan çoxlu fundamental məruzələrin təqdim olunduğunu diqqətə çatdırıb.
Konfransın moderatoru AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova tədbirin ikinci günündə də dolğun və məzmunlu məruzələrin təqdim olunacağını vurğulayıb. Tədbir işini “COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr”, “Məsafədən spektrofotometrik müşahidələr əsasında Bakı şəhəri havasında mikroorqanizmlərin yayılması arealının operativ təyini”, “COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrinin imkanlarının öyrənilməsi”, “COVID-19 ilə bağlı miokarditlər”, “COVID-19 xəstəliyindən sonra yaranan psixoloji pozuntuların reabilitasiyası”, “SARS-CoV-2 virusunun genom verilənlərinin analizi üçün yeni bioinformatik proqramın və veb-səhifənin yaradılması”, “SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi” və digər mövzularda məruzələrlə davam etdirir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın ən yeni dövr ədəbiyyatının görkəmli simalarından biri Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutan, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatının problemlərindən bəhs edən ilk roman “Böyük dayaq” əsəri haqqında məlumat təqdim edib.
Təqdimatda həm yazıçı, həm də onun əsərin haqqında geniş məlumatlar yer alıb.
Yaradıcılığı xalq həyatı, xalq taleyi ilə möhkəm bağlı olan Mirzə İbrahimov görkəmli nasir, dramaturq, publisist, alim və fəal ictimai xadim kimi tanınıb.
Mirzə İbrahimovun “Böyük dayaq” (1957) romanı sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub.
“Böyük dayaq” romanının əsas süjet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Əsərin baş qəhrəmanı Rüstəm kişi bütün hadisələrin mərkəzindədir və ya onlarla əlaqəlidir. O, “Yeni həyat” kolxozunun sədridir. Müəllif təsərrüfata bu adı verməklə həm də ölkənin və xalqın gələcəyi haqqında özünün estetik idealını ifadə edir. Əsərdə Rüstəm kişi bütün ziddiyyətləri ilə bərabər, əsasən, müsbət surət kimi təqdim olunur. O, İkinci Dünya müharibəsində mərdliklə döyüşən, işgüzar, pak təsərrüfat rəhbəri, Muğanın timsalında Vətənin gələcəyini dərindən düşünən bir insan kimi səciyyələndirilir. Bütün bunlarla bərabər, şəxsiyyətə pərəstişin əsas əlamətləri və acı aqibəti də onun simasında bədii şəkildə canlandırılıb. Onda öz xidmətlərinə güvənmək və hamıya böyüklük etmək meyli vardır. Bu cəhət isə onu səhvlərə, zorakı hərəkətlərə sövq edir. Rüstəm kişi güman edir ki, o, kolxozda bütün adamlardan üstündür. Yastı Salman, Lal Hüseyn, Yarməmməd kimi hiyləgər, yaltaq adamların şirin tərifindən xoşlanır. Köhnəliklə yenilik arasında ziddiyyətin olması səbəbindən o, get-gedə ailəsindən və xalqından uzaq düşür. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Maya kəndə gəldikdən sonra istər Rüstəm kişinin ailəsində, istərsə də təsərrüfatda bir yenilik, bir canlanma əmələ gəlir.
Lakin ailədə Qaraşla Maya arasında yaranmış anlaşılmaz münasibətlərdən Yastı Salman və digərlərinin məharətlə istifadə etməsi ziddiyyəti daha da dərinləşdirir.
Son nəticədə Rüstəm kişinin dilindən “xalqdan böyük dayaq yoxdur” etirafının səsləndirilməsi əsərin əsas ideyası kimi ümumiləşdirilir.
Müəllif yeniliyi təmsil edən Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan və başqalarının simasında kəndin sağlam mənəvi simasına işıq salıb. Səkinə və Telli arvad da yenilik tərəfdarlarına həmfikir obrazlardır.
“Böyük dayaq” romanı müəllifin millilik və müasirlik mövqeyində dayanan bir sənətkar olduğunu sübut edir. Əsər əsasında eyniadlı film də çəkilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyaları Azərbaycana gətirilib. Hazırda Sumqayıt şəhər 1 saylı Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər Xəstəxanasında isə 2 PCR laboratoriyası fəaliyyət göstərir.
Bunu “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib. O, TƏBİB-in ölkənin elmi qurumları ilə koordinasiyasının təşkilində AMEA-nın xüsusi rolunu vurğulayıb. Koronavirusla bağlı tədqiqatların aparılması və vaksinin hazırlanması istiqamətində akademiya ilə sıx əməkdaşlığın son dərəcə vacib olduğunu qeyd edib. Həmçinin TƏBİB-in Elm və təhsil departamentinin fəaliyyətindən söz açıb. Çin və İtaliyadan gələn tibbi heyətlə COVID-19-a qarşı vaksinlərin hazırlanmasına dair birgə tədqiqatlar aparılacağını, eyni zamanda, koronavirusla bağlı araşdırmaların nəticələrinin dünyanın nüfuzlu jurnallarında dərc olunacağını diqqətə çatdırıb.
Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, aşkar edilmiş pozitiv halların təxminən 80 faizə yaxını həmin avtomatlaşdırılmış laboratoriyalar və yüksək keyfiyyətli reaktivlərin hesabına mümkün olub, bir milyon əhaliyə düşən test sayına görə Azərbaycan dünyanın öndə gedən ölkələrindən biridir.
Qeyd olunub ki, yeni Çağrı Mərkəzinə 70-ə yaxın həkim cəlb edilib. Bu mərkəzdə tibbi personal, ictimaiyyət, o cümlədən xəstələr üçün psixoloji dəstək qrupu yaradılıb.
R.Bayramlı tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsinin COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdən biri olduğunu qeyd edib. O, xəstəxanaların bir çoxunda bu sahədə ciddi boşluqlarun aşkarlandığını bildirib, bu işdə Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyini xüsusi vurğulayıb: “Biz artıq xüsusi layihələr hazırlayıb hökumətə təqdim etmişik. Tibbi tullantıların idarə olunması üçün TƏBİB-in digər bir layihəsi ilə bağlı işlər davam etdirilir. Məhz bu istiqamətdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində biz biotəhlükəsizliyi təmin edə, xəstəxanalardakı tibbi tullantıları doğru idarə etməklə yoluxmanın qarşısını ala bilmişik”.
O, TƏBİB-in Elmi komitəsi haqqında da məlumat verərək, buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib: “Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirib, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə edib, müvafiq qərarlar qəbul edib”.
TƏBİB-in İdarə Heyətinin sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini deyib, ölkə başçısının tapşırığı ilə Türkiyədən yüksəkixtisaslı həkim-mütəxəssislərin Azərbaycana dəvət olunduğunu, onların xəstəxanalarda tibbi personallara təlimlər keçdiyini, həm də koronaviruslu xəstələri müalicə etdiklərini nəzərə çatdırıb. Eyni zamanda, Rusiya, Çin, İtaliya və Kuba ilə ikitərəfli danışıqlar aparıldığını, bu ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində tədbirlər görüldüyünü söyləyib.
“Elektron qeydiyyat sisteminin hazırlanması qarşımızda duran əsas məsələlərdən biri idi”, - deyən R.Bayramlı xəstə sayının idarə olunmasında elektron idarəetmə sisteminin vacibliyindən danışıb. O, həmçinin Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Bu da xalqın Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq nümayiş etdirdiyi həmrəyliyin nəticəsidir”.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları paytaxtın mərkəzindəki yeni ofislərində salamlamaqdan məmnun olduğunu bildirib. Bədii rəhbər teatrın keçdiyi yola nəzər salıb, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.
Mərasimdə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, teatrın kollektivinə uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində gənc aktyor Əli İlqaroğlunun monoloqu alqışlarla qarşılanıb.
Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə gerçəkləşdirilib və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində baş tutub.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti 2 avqust - Milli Kino Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
Bildirib ki, bu il 60 yaşları tamam olan Əməkdar incəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətilə Milli Kino Günündə pul mükafatları təqdim edilib.
Bununla yanaşı, ittifaqın rəsmisi bildirib ki, Milli Kino Günü ilə bağlı kino veteranları olan Əməkdar incəsənət xadimi Leyla Səfərova, Əməkdar mədəniyyət işçisi Rəfiqə Budaqlı, Əməkdar mədəniyyət işçiləri Şahin Qalabəyov və Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və veteran Ədalət Yunusova da pul mükafatları verilib.
Əli Vəliyev daha sonra qeyd edib ki, Respublikası Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin hər il təqdim etdiyi “Milli Kino” mükafatı isə pandemiya ilə bağlı olaraq sentyabr ayında açıqlanacaq.
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 2020-ci il avqustun 31-dək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO dünyadakı mövcud pandemiya şəraitində qeyd ediblər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Hazırda Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumtəhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.
Bildirilib ki, ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların müvafiq hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə edilməklə, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirilməkdədir. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində Antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub. Sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb. Kənd sakini bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verib.
Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir.
Ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub. Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi.
Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.
Pedaqoji kadrların peşəkar inkişafı məqsədilə “Virtual məktəb”də müəllimlər üçün STEM təlimləri davam edir.
Avqustun 6-da ”Oyun əsaslı dərslər” mövzusunda STEM təlimi keçiriləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.
Şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.
Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.
Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazılan fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxmaq olar.
Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”ın “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların qəbulu mərkəzi avqustun 31-dək fəaliyyətini dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər idarənin Məlumat sorğu mərkəzi (telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.