Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək.

    Namizədlər iyulun 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər. Avqustun 4-ü saat 12:25-ə olan məlumata əsasən, 100-ə yaxın namizəd “İmtahana buraxılış vərəqəsi” səhifəsinə daxil olmayıb və göstərilən sənədləri çap etməyib.

    Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

    “İmtahana buraxılış vərəqəsi”ndə imtahan haqqında məlumat – imtahanın keçiriləcəyi yer, bina, imtahan binasına yaxınlaşma vaxtı, həmçinin imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası”ndan çıxarış əksini tapır.

    İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə verib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə icazə verilir.

  • Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı görkəmli yazıçı, dramaturq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına işıq salaraq videoçarx hazırlayıb. Videoçarxda yazıçının həyatı və yaradıcılığı haqqında geniş məlumat yer alıb.

    Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F.Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb.

    1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib.

    1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

    Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz.

    https://m.facebook.com/story.php?story_fbid=2771605609792395&id=100008289486457

    https://www.instagram.com/p/CDbJteTBDM1/?igshid=5k430qahnnw5

  • “YARAT” uşaqlar üçün virtual sərgi açıb

    “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqlar üçün “Virtual Artım” sərgisi açılıb.

    Layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı verilib. Moderatoru Mina Abbasova olan layihə hər həftənin şənbə və bazar günləri təşkil olunur.

    Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün (+994 50) 246-92-92 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.

     

  • “Sevilənlər, sevənlər” rubrikası davam edir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir.

    Kitabxananın “İnstagram” sosial şəbəkəsi üzərindən təşkil edilən canlı yayımın növbəti qonağı "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı olub. “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1900-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. Canlı yayımın aparıcısı Günay Həsənova ilk növbədə Milli Mətbuatın 145 illiyi münasibətilə Elçin müəllimin III dərəcəli “Vətənə xidmət görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

    Canlı yayımın ilk dəqiqələrində qonaq uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından, atası İsmayıl Şıxlıdan yadigar qalan və növbəti illərdə daha da zənginləşən evdə olan şəxsi kitabxanasından söhbət açıb. Sonradan ənənəvi jurnalistikanın xüsusiyyətləri, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklər və vəzifələrdən, informasiya müharibəsi anlayışından, bu müharibədə uğur qazanmaq yollarından danışıb. Bundan əlavə Elçin müəllim atası – İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, görkəmli nasirin yaradıcılığından, “Dəli Kür” romanının məsuliyyətindən danışıb. Elçin müəllim uzun illər çalışdığı və təsisçisi olduğu “Ayna-Zerkolo” qəzetinin, saytının yaranma tarixindən, fəaliyyətindən, bu qəzetin onun həyatında oynadığı roldan da söhbət açıb.

    Sonda Elçin Şıxlı maraqlı müsahibəyə görə kitabxana rəhbərliyinə və izləyicilərə öz təşəkkürünü bildirib.

    İstifadəçilər Əməkdar jurnalistlə keçirilən canlı yayıma https://www.instagram.com/p/CDb7nXeBvHw/ linkı vasitəsilə baxa bilərlər.

  • Dilçilik İnstitutunun yaradılmasının 75 illiyinə həsr olunan konfransa məruzələrin qəbulu davam edir

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyi münasibətilə “Dilçiliyin aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məruzələrin qəbulu davam edir.

    Noyabrda keçiriləcək konfransa Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə məruzələr qəbul olunur.

    Məruzələr А4 formatda, “Timеs New Roman” şrifti ilə 12 ölçüdə, 1,5 intervalda olmalıdır. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd edilir. Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.

    Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir.

    Məruzələr sentyabrın 30-dək qəbul olunur.

  • Azərbaycan Texniki Universiteti beynəlxalq layihənin regional koordinatoru oldu

    Yunanıstanın Qərbi Attika Universitetinin təşəbbüsü ilə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” mövzusunda “Erasmus+ KA2” beynəlxalq layihəsinə start verilib.

    Azərbaycan, Rusiya və Qazaxıstanın iştirakı ilə reallaşan layihənin regional koordinatoru Azərbaycan Texniki Universitetidir (AzTU).

    Layihədə Avropa İttifaqından Afina, Nitsa və Kluj universitetləri, Azərbaycanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Milli Onkologiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti, Rusiyanın 8, Qazaxıstanın isə 6 universiteti təmsil olunur.

    Layihə 36 ay müddətində davam edəcək.

  • Turizm sahəsində pilot peşə təhsil proqramlarına tələbə qəbulunun müsahibə mərhələsi aparılır

    Turizm sahəsində pilot peşə təhsil proqramları üzrə qəbul üçün qeydiyyatdan keçən tələbələrin müsahibə mərhələsinə həsr olunan vebinar keçirilib.

    Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi vebinarda işəgötürənlərlə birgə həyata keçirilən pilot peşə proqramlarının müsahibə mərhələsi haqqında geniş məlumat verilib.

    Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova bildirib ki, mərkəzdə pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun müsahibə mərhələsi aparılır. O qeyd edib ki, pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə 1 illik texniki peşə təhsili pilləsinə ümumilikdə 156 namizəd qeydiyyatdan keçib. Onlardan 102 nəfəri aşpaz, 54 nəfəri isə mehmanxana inzibatçısı ixtisasını seçib. Bu namizədlərdən 89-u artıq müsahibə mərhələsindən keçib. Turizm ixtisasları üzrə pilot peşə proqramlarına müraciət edənlərin 10 faizi ali təhsili namizədlər olub.

    “JW Marriott Absheron Baku” otelinin İnsan resursları şöbəsinin müdiri Sevinc Purvis diqqətə çatdırıb ki, əvvəlki illərin təcrübəsi də göstərir ki, bəzən peşə təhsili üzrə təsadüfi müraciətlər də olur. Lakin gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində “Açıq qapı” günlərinin keçirilməsi planlaşdırılır. Bu da peşə təhsili almaq istəyənlərin peşə ilə birbaşa, yerində tanış olmağına imkan verəcək.

    “Af Hotel City”nin icraçı direktoru Tahir Məmmədov vurğulayıb ki, peşə təhsili müəssisələri mövcud ixtisaslar üzrə işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq qurmalıdır. İstər qəbul, istərsə də tədris prosesində işəgötürənlər də iştirak etməlidirlər.

    “Boulevard Side Hotel”in İnsan resursları üzrə direktoru Nərminə Quliyeva peşəyönümü işinin yaxşı təşkil olunmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, namizədlər peşələr haqqında hərtərəfli məlumat alsalar, ixtisas seçimində yanlışlıqlara yol verilməz.

    "Azərbaycan Aşpazlar Gildiyası"nın vitse-prezidenti Anar Qasımov qeyd edib ki, turizm sahəsini seçən namizədlərin dil biliklərinə də üstünlük verilməlidir. Bu sahəni seçənlərin nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqlarının olmasına da diqqət yetirilməlidir.

  • Ölkəmizdə könüllülük fəaliyyəti şaxələnir

    Ölkə rəhbərliyi tərəfindən son dövrlərdə aparılan işlər və mədəniyyətə ayrılan misilsiz qayğının nəticəsi olaraq gənclərimizin sözügedən sahəyə artan diqqətin şahidi oluruq. Mövcud kontekstdə ölkəmizdə sürətlə inkişaf edən könüllülük fəaliyyəti də xüsusi olaraq vurğulanmalıdır.

    Bu məqsədlə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına pandemiya dövründə xüsusi fəallıq göstərmiş regionlarda çalışan gənc mədəniyyət könüllüləri ilə görüş təşkil edib.

    Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Cavid Əliyev bildirib ki, ötən ildə mərkəz tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə, yarışlarda, sərgilərdə, müsabiqələrdə, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak ediblər. Qeyd edilib ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Həmçinin pandemiya dövründə xüsusi fəallıq göstərmiş gənc mədəniyyət könüllülərinin mükafatlandırılmasıdır.

    Mərkəzin şöbə müdiri Nurəddin Babazadə pandemiya dövründə yerli və beynəlxalq könüllülük fəaliyyətini müqayisəli təhlil etdi, nöqsan və üstünlüklər, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib. Mədəniyyət və incəsənət sahələrində çalışan gəncləri, xüsusən, bu dövründə könüllülük fəaliyyətində fəal olmağına çağırıb.

    Tədbirin təşəbbüskarı olan Gədəbəy rayonun Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov rəhbərlik etdiyi ideoloji müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verib. Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev məktəbin fəaliyyətindən bəhs edib.

    Öz növbəsində çıxış edən Gədəbəy rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Sonda Mədəniyyət könüllüləri Nicat Nəsibova, Fatimə Əmiraslanovaya, Nəhayət Mustafayevə, Sübhan Xıdırzadəyə, Muraz Süleymanova və Narın Məmmədhəsənovaya ictimai fəallığına görə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sertifikatları təqdim olunub.

    Görüşün sonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, mədəniyyət sahəsində könüllülük fəaliyyətinin koordinatoru Asif Usubəliyev çıxış edərək gənc mədəniyyət könüllülərini və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə edib. Direktor bildirib ki, keçən il mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının, Bakı Humanitar kollecinin tələbələri də qoşulub. Vurğuladı ki, öz tarixini, mədəniyyətini, mənəviyyatını tədqiq və təbliğ edən hər bir şəxsi könüllü adlandırmaq olar. Eyni zamanda, bundan sonra regionlardan fəaliyyət göstərən Mədəniyyət könüllülərin vəsiqə və sertifikatların məhz regionun Heydər Əliyev mərkəzlərində təqdim olunacağı barədə məlumat verib.

    Qeyd edək ki, tədbirdə Mərkəzin əməkdaşları və könüllülərlə yanaşı, bir sıra Heydər Əliyev Mərkəzlərinin direktorları da iştirak ediblər.

  • “Hər kitab bir dünyadır” layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Hər kitab bir dünyadır" layihəsinə davam edir və Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına müraciət edərək "Dağlar arxasında üç dost" əsəri haqqında videoçarx hazırlayıb.

    Videoçarxda yazıçının həyat yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat əksini tapıb.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayıb, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyib. Məhz bu keyfiyyətinə görə onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur.

    İlyas Əfəndiyev yaradıcılığı çoxşaxəlidir. Belə ki, o, yaradıcılığı dövründə hekayələr, əmək qəhrəmanları haqqında oçerklər, irihəcmli pyeslər və romanlar, dramaturji cəhətdən bir-birindən fərqli olan səhnə əsərləri yazıb-yaradıb. Məhz bu kontekstdən İlyas Əfəndiyev bütün sovet məkanında öz dövrünün ən görkəmli və məhsuldar yazıçısı kimi dəyərləndirilib.

    İlyas Əfəndiyevin xarici ölkələrin teatrlarında səhnələşdirilən dramaturgiya nümunələri də az deyildir. Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə tərcümə edilib. Onun yaradıcılığı təkcə nəsr və dramaturgiya nümunələri ilə məhdudlaşmır. O, bədii yaradıcılığın mühüm sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarla publisistik yazının müəllifidir.

    Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

    https://m.facebook.com/story.php?story_fbid=2770831523203137&id=100008289486457

    https://www.instagram.com/p/CDYuSUDBLQv/?igshid=baox90lqyxaa

  • Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında

    Türkiyənin erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş “Şəhidlər”, “Bilə bildiyin qədər” kimi şeirlərinin yayınına başlayıb.

    2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

    Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.