Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 13-dən etibarən 18 mart 2020-ci il tarixindən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.
Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Bu səbəbdən namizədlərə Mərkəzin internet portalında “Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki” bölməsini mütəmadi izləmək tövsiyə olunur.
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bir qrup könüllü tərcüməçi yaradılıb.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun rəhbərlik etdiyi bu qrup xəstəliyin qarşısının alınması və idarə edilməsi, epidemiya haqqında məlumatların Çin dilindən Azərbaycan dilinə tərcüməsi haqqında biliklərin yayılması ilə məşğul olacaq.
Layihə çərçivəsində Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji problemləri" adlı müsabiqə elan edir.
Müsabiqədə həm peşəkar psixoloqlar, həm həkimlər, polislər, müəllimlər, insanlarda əlverişsiz psixi vəziyyətlərin təzahürləri ilə üzləşən sosial işçilər də iştirak edə bilərlər. Tövsiyələrdə karantin dövründə insanlarda yaranan müxtəlif emosional vəziyyətlərin izahı ilə bağlı məsələlər işıqlandırılmalı, həmçinin stressin azaldılması, narahatlığa nəzarət, cari işlərdə məhsuldarlığın qorunması üçün məsləhətlər verilməlidir.
İşlər aşağıdakı mövzularda təqdim edilə bilər:
1.Özünü təcrid zamanı insanın psixi vəziyyəti;
2.Məsafədən tədris rejiminə keçərkən və müvəqqəti evdə olarkən tələbələrə tövsiyələr;
3.İmtahanlara psixoloji hazırlıq;
4.Risk qrupunun nümayəndələrinə psixoloji yardım;
5.Koronavirusa görə narahatlıq keçirən yeniyetmələr üçün tövsiyələr;
6.Karantin dövründə məktəbəqədər uşaqların və kiçik yaşlı məktəblilərin valideynləri üçün məsləhətlər;
7.Karantin dövründə əlverişsiz emosional vəziyyətlərin qarşısının alınması üçün Çinin təcrübəsi.
Müsabiqədə iştirak edəcək şəxslər özləri barədə məlumatı (adı, soyadı və əlaqə nömrəsi əlavə olunmaqla) Azərbaycan və ingilis dilində avqustun 31-nə qədər elektron poçta (rafabba@yandex.ru) göndərməlidir. Seçilmiş işlər xüsusi nəşrdə dərc olunacaq. Qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxana fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.
MEK-də akademiklərin fondu yaradılır. Akademik fondlar dedikdə görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və edəcəyi şəxsi sənəd kolleksiyaları nəzərdə tutulur. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.
Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ prosesdir və MEK-də aparılan islahatların əsas tərkib hissələrindən biridir. Bu fondlara AMEA-nın Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi dünya miqyasında tanıdan və Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir. Akademik kolleksiyaların tərkibinə elmi əsərlər, yaradıcılıq məhsulları, toplular, kitablar, konfrans materialları, e-nəşrlər, hədiyyə olunmuş avtoqraflı nəşrlər, şəxsi kitab kolleksiyası, fotosurətlər, reprint nəşrlər, albomlar, dövri mətbuat nümunələri və s. daxil ola bilər.
Kolleksiyalar beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara görə kataloqlaşdırılacaq. Belə ki, hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi inventar ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq. Həmçinin biobiblioqrafik elektron məlumat bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq, biblioqrafik göstərici hazırlanacaq. Kolleksiyaların vaxtaşırı, əlamətdar və tarixi günlərdə müvafiq qaydada sərgiləri, təqdimat-mərasimləri keçiriləcək, xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək, onların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün zəruri şərait təmin olunacaq, beynəlxalq elmi əlaqələrdə kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi aparılacaq.
“Virtual məktəb”də müəllimlər üçün kurikulumun tədrisi üzrə ödənişsiz vebinarlar davam edir.
Azərbaycan və rus bölmələri üzrə aparılan vebinarların növbəti buraxılışı avqustun 7-də olacaq.
Tacikistanın millat.tj portalında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında geniş yazı yer alıb.
Tacik dilində çap olunan yazıda Azərbaycan dilinin formalaşması, xalqın etnogenezi haqqında ətraflı məlumat verilir.
Yazıda bildirilir ki, ilk dəfə Azərbaycan dili dövlət dili səviyyəsinə Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai tərəfindən qaldırılıb. Həm də şair olan Şah İsmayıl Xətai fars dili ilə yanaşı türk (Azərbaycan) dilində də şeirlər yazıb. Böyük Azərbaycan şairləri Məhəmməd Füzuli və İmadəddin Nəsimi də bu dildə böyük əsərlər yaradıb.
Məqalədə vurğulanır ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili də Azərbaycan dili olub.
Sovet dövründə Azərbaycan dilinin heç bir statusu olmayıb. Ancaq 1956-cı il avqustun 21-də ölkədə dövlət dilinin Azərbaycan dili olması haqqında Qanun qəbul edilib.
Bildirilir ki, hələ keçmiş SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dilimizin qorunması və saxlanması istiqamətində böyük işlər görülüb.
Vurğulanır ki, müstəqillik illərində Azərbaycan dili yenidən Dövlət dili elan edilib. 2001-ci il avqustun 1-də isə Azərbaycanda yenidən latın qrafikasına keçilib və bu işdə ulu öndər Heydər Əliyevin böyük rolu olub. O vaxtdan avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda çalışan mütəxəssislər, həmçinin dünyanın aparıcı elmi-tədqiqat müəssisələrində vaksinlərin hazırlanmasında yaxından iştirak edirlər.
Bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda məlumat verib.
Vitse-prezident vurğulayıb ki, MBBİ-də, eləcə də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirus genomunun oxunması üçün zəruri olan bütün imkanlar mövcuddur.
İradə Hüseynova bu genomların verilənlər bazalarında olan məlumatlarla müqayisəli təhlil prosesini həyata keçirmək üçün akademiyada yüksəkixtisaslı kadrların fəaliyyət göstərdiyini də bildirib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanovun universitetin digər alimləri ilə birgə həmmüəllifi olduğu məqalələri “Web of Science”, “Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.
“Azərbaycanın Abşeron yarımadası ərazilərin radioekoloji monitorinqi nəticələrinin xəritələşdirilməsi və qiymətləndirilməsi” (“Mapping and Assessment of the Results on Radioecological Monitoring of the Territories in the Absheron Peninsula of Azerbaijan") adlı məqalə “Şpringer” nəşriyyatının “Rəqəmsal və sənaye 4.0: İqtisadi və sosial inkişaf” ("Digitalization and Industry 4.0: Economic and Societal Development") monoqrafiyasında dərc edilib. Məqalənin elmi nəticələri BDU-da uğurla yerinə yetirilən 3998 saylı STCU qrant layihəsi tədqiqatlarından alınıb. Məqalədə Abşeron yarımadası klasterlərə bölünüb, neftlə çirklənmiş ərazilərdə radiasiya fonu öyrənilib, radiasiyanı yaradan səbəblər təhlil edilərək xəritələnib.
“Maqnetizmin dərman daşınma, MRG və hipertermiyada tətbiqi: icmal” (“Magnetism for Drug Delivery, MRI and Hyperthermia Applications: a Review”) adlı məqalə “Biointerface Research in Applied Chemistry” jurnalında nəşr olunub. Məqalədə dəmir oksid nanohissəciklərinin xərçəng xəstəliyinin diaqnostikası, müalicəsi və dərman daşınma sistemlərində tətbiqi və təhlükəsizliyi ilə bağlı əsasən son illərdə dərc olunmuş ədəbiyyatın təhlili ilə bağlı məsələlərə toxunulub. Biotibbi məqsədlərdə istifadə üçün maqnit nanohissəciklərinə qoyulan əsas tələblər qeyd edilib, həmçinin, quruluş, forma, ölçü ilə maqnit xassələri arasındakı sıx əlaqənin xüsusiyyətləri araşdırılıb. Bununla yanaşı, nanohissəciklərin toksiklik xassələrinin tədqiqinin ədəbiyyat analizi aparılıb.
Paytaxt məktəblilərinin iştirakı ilə onlayn “Evdə qal, musiqidən zövq al” aksiyası keçirilir.
“Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında keçirilir.
Aksiyasının əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi, qorunub saxlanılması, istedadlı məktəblilərin aşkar edilməsi, şagirdlər arasında ifa mədəniyyətinin yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir. Aksiya çərçivəsində şagirdlər hər hansı musiqi alətində ifalarını, oxuduqları mahnıları, etdikləri müxtəlif rəqsləri videoçarx şəklində hazırlayıb estafeti digər məktəblilərə ötürürlər.
Qeyd edək ki, videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə edərək fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa və daha təşəbbüskar olmağa səsləyirlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırıb, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edib. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edilib.
Bu gün də kitabxana Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində təşkil olunub. Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapıb. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer alıb.
Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.
Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab işıq üzü görüb. Söhbət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrində əməyi keçən hər kəsə könül dolusu təşəkkürümü yetirirəm.
Bu fikirlər Milli Məclisin deputatı Qənirə Paşayevanın Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr olunmuş yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə həsr etdiyi yazıda yer alıb.
Məqalədə deyilir: “Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmanı özündə ehtiva edən uyğun vəsaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır.
Mənə görə, bu lüğət bizlərin – işgüzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bunun üçün nəşrin tirajı önəm ərz edir; lakin “e-kitabxana”lara, Tərcümə Mərkəzinin özünün elektron orqanına pdf formatında yüklənməsi ilə (yaxud sifarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemini) çözmək olar.
Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, professorlar – Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıl Məmmədov kimi görkəmli filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və “Ön söz” müəllifi Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuddur.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin öncəki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir?
1) Yazılış qaydası öncəki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib;
2) Minlərlə (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib;
3) Öncəki orfoqrafiya lüğətlərində yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri əhatə edib.
Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb – hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünün), inkişaf və tərəqqinin, deyərdim, humanitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək hazırlanıb. Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rolu olmuş dilçilərimizin zəhmətini unutmuruq – bütün qüsurları ilə yanaşı, indiyədək istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmasında rol oynayıb. Necə deyərlər, yanlışı-doğrusu ilə (imtina edilmiş metodologiya, imtina edilmiş sözlər daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasınadək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifadə etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, öncəki ilə yeni lüğəti müqayisə etdikdə açıq-aşkar fərqi görməmək mümkün deyil. Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə, variantlılıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normativlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən məna üfüqünü ifadə etməyə qadirdir; yetər ki dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində mükəmməl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmimiz, mədəniyyətimiz üçün mühüm hadisə hesab etməkdə haqlıyıq.
Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi yanaşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimini ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsas sayılıb.
Professor Vəli Xuluflunun 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxuşlu yol keçib. Proses milli irsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə (o cümlədən milli mövqeli alimlərimizə) Stalin repressiyası dönəmində, sonrakı hakim ideologiya illərində və müstəqilliyin ilk təbəddülatlı illərindəki gərginliklərlə müşayiət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub.
Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul qurumun – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişafı ilə bağlı tarixi çıxış və çağırışları, uğurun və inkişafın rəhnidir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlardan arındırılmasının da Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir.
Əlbəttə, mən bir deputat olaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm. Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasətinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından kənarda da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki, bu məsələlərə tərtibçinin “Ön söz”ündə də vurğu edilir.
Yəqin, o da təsadüfi deyil ki bu günlərdə fəal ictimaiyyətçilərin, ziyalıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adi qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı. Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı. Fürsətdən istifadə edib, ziyalıların haqlı mövqeyini qəbul etdiyimi, narahatlıqlarını bölüşdüyümü bildirmək istərdim.
Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm!”.