Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

    Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

    “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti avqustun 16-sı saat 23:59-dək uzadılıb.

    Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elanda verilib.

  • Üçüncü ANİMAFİLM-in müsabiqə iştirakçıları bəlli olub

    Üçüncü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.

    Seçim komissiyası 58 müxtəlif ölkədən 433 müraciətə baxaraq 146 əsəri müsabiqə proqramına daxil edib. Festivalda yerli və beynəlxalq 13 kateqoriya var. İştirakçıların tam siyahısı festivalın rəsmi saytında dərc olunub: www.animafilm.az 

    “Bu il ən çox müraciət yenə ABŞ-dan daxil olub. İngiltərə, Kanada və Fransa həmişəki kimi aktiv olublar. Müraciətlərin sayı ötən ilə nisbətən iki dəfə artıb. Həmçinin, Azərbaycandan bu il müsabiqəyə 20-yə yaxın film, 40-a yaxın ssenari göndərilib. Bu, çox sevindiricidir və onu göstərir ki, Azərbaycanda animasiya kinosu dirçəlməyə başlayır”, – bu sözləri festivalın direktoru Rəşid Ağamalıyev deyib.

    Bütün seçilmiş filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2020-ci ilin oktyabrın 18-də 3-cü ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq.

    Xatırladaq ki, builki ANİMAFİLM-in milli kateqoriyalarının qaliblərini möhtəşəm mükafatlar gözləyir. ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaqdır. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən qarşılanacaq. ANİMAFİLM festivalı "Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi" kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. Builki ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq.

    Xatırladaq ki, 3-cü ANİMAFİLM festivalı oktyabrın 14-dən 18-dək Bakı şəhərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Nizami” Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, Barat Abdullayev və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

  • Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

    Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

    İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

    Xatırladaq ki, avqustun 5-də keçiriləcək rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün 1525 namizəd ərizə verib.

  • Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib

    Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

    Bu barədə Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib.

    Onun sözlərinə görə, ifadan əvvəl əsər haqqında məlumat verən Ruslan Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edəcəyini bildirib. “Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur ifaçılar R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

    Ruslan Biryukov yüksək artistizmi, ehtirası və fərdiliyi ilə dünyada tanınmış istedadlı violonçel ifaçısıdır. O, təhsilinin təməlini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında alıb. Məktəb-studiyada oxuyarkən, o, beynəlxalq və respublika müsabiqə və festivallarda böyük rəğbət qazanıb, onun adı "Yeni adlar" Rusiya beynəlxalq proqramının "Qızıl kitabına" daxil edilib. Gənc yaşlarından Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edən Biryukov çox zaman onların ilk ifaçısı olub. Sonralar violonçel ifaçısı dünyada bir çox mükafatlar alıb. Hazırda Ruslan Biryukov Qlendeyl Filarmonik Orkestrin rəhbəri və Los-Ancelesdə Positive Motions konsertlər seriyasının bədii rəhbəridir. O, auditoriyanın diqqətini cəlb edən xarizmatik cazibəli ifaçı kimi qəbul olunur.

     
  • Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir

    Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir.

    Qalereyadan bildirilib ki, sənətsevərlər layihənin növbəti proqramında da xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazanıblar.

    Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.

    Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

     
  • Maestro Niyazinin xatirəsi anılıb

    Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 36 il ötür.

    Bununla əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Niyazinin Mənzil Muzeyinin əməkdaşları Fəxri xiyabanda görkəmli sənətkarın məzarını ziyarət edib, üzərinə güllər qoyublar.

    Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Dirijor Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdi. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.

    Maestro Niyazinin əziz xatirəsi Azərbaycan xalqı, sənətsevər insanlar tərəfindən həmişə hörmətlə yad ediləcək.

     
  • Kazanda “Extension.az: Məxməri etiraflar” sərgisi keçirilir

    Tatarıstanın paytaxtı Kazanda, “Smena” Müasir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların “Extension.az: Məxməri etiraflar” adlı sərgisi keçirilir.

    Sərginin ekspozisiyasında 15 rəssamın sulu boya ilə çəkilmiş mənzərələrdən tutmuş videoinstallyasiyalaradək müxtəlif janrlara aid əsərləri təqdim edilir. Təşkilatçıların fikrincə, əsərlər Azərbaycanın müasir incəsənəti dünyasına bələdçi rolunu oynayacaq, həmçinin sərgiyə gələnləri bu ölkənin tarixi və mədəniyyəti ilə tanış edəcək.

    Sərgidə Aydan Salahova, Sədaqət Xəyal-Kuşku, Niyaz Nəcəfov, Fərhad Fərzəli, Törə Ağabəyova və digərlərinin əl işləri ilə tanış olmaq mümkündür.

     
  • Məşhur Talışxanovlar nəslinin nümayəndəsi Fuad-Xan Talışinski kim olub

    Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri tərəfindən tarixi mövzularda məqalələrin yaradılması, zənginləşdirilməsi və redaktə olunması davam edir.

    Kitabxanadan bildirilib ki, könüllülər tərəfindən doğma dilimizdəki “Vikipediya”da hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı polkovnik Fuad-Xan Talışinski haqqında məqalə yaradılıb. Məqalədə Fuad-Xan Talışinskinin həyatı və fəaliyyəti, ailəsi, həmçinin həbs olunması haqqında maraqlı məlumatlar yer alıb.

    Qeyd edək ki, polkovnik Fuad-Xan Talışinski məşhur Talışxanovlar nəslinin nümayəndəsidir.

     
  • Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” nəşr olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çapdan çıxıb.

    Nəşrin məsləhətçisi və "Ön söz"ün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

    AMEA-dan bildirilib ki, kitab akademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi” sərlövhəli yazısı ilə açılır.

    “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru professor Alxan Bayramoğlu, tərtibçiləri professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.

    Kitaba Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” monoqrafiyası və seçilmiş məqalələri daxil edilib.

     
  • Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə davam edir

    Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

    DİM-in avqustun 3-ü saat 11:15-ə olan göstəricilərinə əsasən xəbər verilir ki, müsahibədə indiyədək 82 nəfər uğur qazanıb. Onlardan 20-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Kənd Təsərrüfatı Nazirliyində, 14-ü Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

    Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.