Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə (Dövlət İmtahan Mərkəzinin saytında ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Mərkəzdən bildiriblər ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcək.
Xatırladaq ki, iyun-iyul ayları ərzində keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
İnstitutdan bildirilib ki, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək ilahiyyatkonfrans@ait.edu.az elektron ünvanına göndərməlidir.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.
“Virtual məktəb”də şagirdlər üçün “Su-həyat mənbəyidir” adlı vebinar keçiriləcək.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib ki, avqustun 5-də olacaq vebinarda suyun əhəmiyyəti, içməyə yararlı olan sular, su ehtiyatlarının tükənməsinin qarşısının alınması yolları mövzuları müzakirə olunacaq.
Vebinarın sonunda şagirdlər müsabiqədə iştirak edərək qalib ola bilərlər.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən bildirilib ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq.
Namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.
İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.
Xatırladaq ki, ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir.
Avqustun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib.
DİM-dən bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin 21–30 iyul tarixləri arasında imtahana yazılmış 21 nəfərin iştirakı nəzərdə tutulurdu.
COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 83 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Bir nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda, namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 4-6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid vəzifələr üzrə keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Bu barədə DİM-dən bildirilib.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçirilmiş test imtahanının nəticələri ilə bağlı avqustun 4-dən 6-dək saat 14:00-dan 17:00-a kimi Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Komissiya Dövlət İmtahan Mərkəzində - Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında namizədlərin müraciətlərinə baxacaq.
Xatırladaq ki, imtahanda 83 namizəd iştirak edib. AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
2020-ci ilin noyabr ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.
Konfransda arxivşünaslıq, dokumentalistika, dilçilik, əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması, əlyazmaşünaslıq/paleoqrafiya, fəlsəfə, kitabşünaslıq, mənbəşünaslıq, mətnşünaslıq, tarixşünaslıq bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislərin son təqdim olunma tarixi oktyabrın 20-sidir.
Qeyd edilib ki, Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Maraqlananlar ətraflı məlumatı (+994 12) 492 63 33, (+994 12) 437 21 52 əlaqə nömrəsi, konfrans.elyazma@mail.ru elektron poçt ünvanından və www.manuscript.az saytından əldə edə bilərlər.
Avqustun 2-si Azərbaycan kinosu günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Milli Kino Günü” adlı sərgi virtual rejimdə təqdim olunub.
Sərgidə mövzuya dair təqdim olunan resurslar tam mətnləri ilə yer almışdır. Sərgi ilə bu keçid vasitəsilə tanış olmaq olar.
Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan kinosu yaranmasının 122-ci ildönümünü qeyd edir.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
Bu il 122-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək. Azərbaycanda da kino sahəsində yeni bir canlanma yaşanacaq.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.