Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatına layiq görülən kino xadimlərinin adları açıqlanıb. Nominantlar ənənəvi olaraq 2 avqust - Milli Kino Günü ərəfəsində elan edilir.
Kinematoqrafçılar İttifaqı katibliyinin qərarına əsasən, “Sənət ideallarına sadiqliyinə görə” nominasiyasında aktyor Fərhad İsrafilov, “Müasir kino dili ilə çəkilmiş filmlərinin beynəlxalq uğuruna görə” nominasiyasında isə kinoşünas Sevda Sultanova təltif olunublar.
Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş bu nüfuzlu mükafata indiyədək yazıçı Anar, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, aktrisa Zülfiyyə Qurbanova, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu və başqaları layiq görülüblər.
BMT İP, Ekologiya və Təbii Sərvətlər, Nazirliyi və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, su ilə bağlı problemlər, maarifləndirmə və həyata keçirilən layihələr” mövzusunda iyul-avqust aylarında məktəblilər üçün hər şənbə günü vebinarlar keçirilir.
Vebinarlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yüksək səviyyəli ekspertləri dörd ayrı mövzu ilə çıxış edirlər.
Vebinarlar sosial şəbəkədə yayımlanır və maraqlanan uşaqlar qeydiyyatdan keçərək qoşula bilirlər. Bakı şəhəri üzrə 30 ümumtəhsil müəssisəsinin və 21 regional Uşaq-Gənclər İnkişaf Mərkəzinin ümumilikdə 200-dən çox dərnək üzvü ilə yanaşı, eko-klubun dərnək rəhbərləri də vebinarlarda iştirak edirlər.
Onlayn tədbirin əsas məqsədi insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatının və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, Azərbaycanda mövcud su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmək və maarifləndirmə işini təşkil etməkdir.
İyulun 18-dən keçirilən layihənin bağlanış mərasiminin avqustun 8-də keçirilməsi nəzərdə tutulur. Bağlanış mərasimində fəal məktəblilərin və su ilə bağlı layihələrin qaliblərinin təltif edilməsi planlaşdırılır.
Bu günə qədər keçirilən vebinarlarda “Su probleminin yaranma səbəbləri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “Maarifləndirmə: amalımız-sudan qənaətlə istifadədir!” mövzularında çıxışlar dinlənilib.
İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə ümummilli liderimiz Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri bir daha AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əsas fəaliyyət missiyasını müəyyən edir. Ulu Öndərin davamçısı Prezident İlham Əliyev Azərbaycan kitabxanalarını Azərbaycan xalqının milli sərvəti hesab edir. Bu milli sərvətin mühüm tərkib hisslərindən biri də MEK-in elmi ədəbiyyat fondlarıdır. Kitabxana rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.
Kitabxanada yeni yaradılan Şərqşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətlərini şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplekləşdirilməsi, elmi kataloqlaşdırılması, elektron kataloqun formalaşdırılması, informasiya-axtarış aparatının təşkili və aparılması, oxuculara kitabxana-informasiya xidmətinin təşkili və s. əhatə edir. Bundan başqa, şöbə Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini həyata keçirir. Sənədlərin istifadəsi acıq rəf üsulunda təqdim edilir.
Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü tarixdə ilk dəfə olaraq pandemiya dövrünə təsadüf edir. Məhz bu səbəbdəndir ki, bu gün xüsusi təmtəraqla qeyd edilmir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bu gün üçün kreativ addım atıb.
“Azərbaycanfilm” Kinostudiyası xüsusi olaraq videomaterial hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib. 20 ildir qeyd olunan Azərbaycan Milli Kino Günü üçün özəl olaraq hazırlanan videomaterialda Azərbaycanın tanınmış simaları öz fikirlərini bölüşüblər.
Növbəti illərdə Milli Kino Günümüzün daha möhtəşəm keçirilməsi arzusu ilə - “Azərbaycanfilm” bütün kino işçilərini təbrik edir. Bayramınız mübarək, əziz Azərbaycan kinosunun fədakarları!
Hazırlanmış videomateriallara aşağıdakı linklərdən baxmaq olar- https://m.youtube.com/watch?v=5ofG94PN6QI&feature=emb_title
Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib.
Təbrikdə qeyd olunur ki, 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərində özünün intibah dövrünü yaşayıb.
Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə ötən əsrin 70-ci illərində respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib.
1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olub. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artıb, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlayıb. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin qorunması və inkişafı ilə bağlı bir çox sərəncamlar imzalayıb.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Diqqətə çatdırılır ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilib. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək.
Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır".
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-da və 30-da keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi liseylərə qəbul imtahanlarının nəticələri elan olunub.
DİM-dən bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə mərkəzin saytında tanış ola bilərlər. İmtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 1020 nəfərdən 130 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1491 nəfərdən 543 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4664 nəfərdən 459 nəfər, Hərbi liseylərə qəbul imtahanında iştirakı nəzərdə tutulan 377 nəfərdən 35 nəfər imtahana gəlməyib. Xatırladaq ki, buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, iyulun 29-da və 30-da keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.
Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Bu meyarlar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir. Meyarlar ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir.
Qərara görə meyarlar əsasında ümumi təhsil müəssisələri ibtidai ümumtəhsil, ümumi orta ümumtəhsil, tam orta ümumtəhsil, ümumtəhsil internat, xüsusi, xüsusi internat, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, gimnaziya, inteqrasiya təlimli internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli və inteqrasiya təlimli ümumi təhsil müəssisələri, lisey növlərinə aid edilir.
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyən edilərkən “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-u və11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 826 nəfər şagird (bütün imtahan verənlərin 3,95%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
DİM-dən bildirilib ki, bu ərizələrdə ümumilikdə 1644 (bütün yazı işlərinin 0,65%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.
Bütün müraciətlər araşdırılıb və şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 360 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 466 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apelyasiyaya müraciət edənlərdən 97 şagirdin (bütün imtahan verənlərin 0,46%-i) cəmi 107 tapşırıq (bütün tapşırıqların 0,04%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 8 işdə edilən düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
Təxminən 10 şagird ərizə ilə müraciət etmələrinə baxmayaraq, apelyasiya prosesinə qoşulmayıb. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə iyunun 10-da keçirilmiş imtahanın ingilis dili fənnindən bir tapşırığının (A variantında 29 nömrəli, B variantında 30 nömrəli, C variantında 28 nömrəli, D variantında 30 nömrəli) qiymətləndirmə meyarının 0.5 ballıq şkalasına “a better land” və "good farmland" ifadələri də daxil edilib və həmin tapşırığı bu şəkildə cavablandıran 140 şagirdin nəticəsində müvafiq dəyişiklik olunub. Qeyd edilən dəyişikliklər bu gündən etibarən abituriyentlərin imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapıb.
Xatırladaq ki, bu imtahanlarda 21000-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 251000-ə qədər tapşırıq üzrə yazı işi yoxlanılıb. Həmçinin həm apelyasiya prosesinə ərizə qəbulu, həm də apelyasiya prosesi "online" formada həyata keçirilib.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
AZƏRTAC müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
İyulun 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.
Akademiyadan bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, həmçinin bölmənin nəşr fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlərdən və planlardan danışıb. Akademik İ.Hüseynova bölmənin institutları tərəfindən mütəmadi olaraq “AMEA-nın məruzələri” və “Həyat elmləri və biotibb” jurnallarında dərc edilməsi üçün elmi məqalələrin hazırlanmasının vacibliyini vurğulayıb.
İclasda institut rəhbərlərinə elmi müəssisələrdə aparılan tədqiqatların müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmi istiqamətlərə yenidən baxılması ilə bağlı təklifləri sentyabr ayına kimi bölməyə təqdim etmələri tapşırılıb.
Daha sonra akademik İ.Hüseynova avqustun 4-də və 5-də keçirilməsi planlaşdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfransa hazırlıq işləri ilə bağlı məlumat verib, tədbirin Azərbaycanda bu mövzuda ilk elmi konfrans olduğunu bildirib. O, alimləri beynəlxalq tədbirdə fəal olmağa çağırıb.
AMEA-nın vitse-prezidenti bu il bölmə institutlarının magistraturasına 16 nəfərin qəbul olunduğunu söyləyib, növbəti qəbul üçün sifarişlərin verilməsi, prioritet ixtisasların seçilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb.
Elmi şuranın sədri, həmçinin AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı müzakirələrin davam etdiyini bildirib, bununla bağlı görüləcək işləri diqqətə çatdırıb.
Daha sonra şura üzvləri çıxış edərək regionlarda ekspedisiyaların keçirilməsi, çöl tədqiqatlarının aparılması ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov akademiyanın yüksəkixtisaslı alim və mütəxəssislərinin təhsil prosesinə cəlb edilməsi təklifini irəli sürüb.
Onlayn iclasda AMEA Dendrologiya İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, eləcə də bölmə üzrə bir sıra elmi-təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.