Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən VLT teleskopu NGC 2899 planetar dumanlığının yeni təsvirini əldə edib. Bu barədə məlumat rəsədxananın saytında yer alıb. NGC 2899 planetar dumanlığı simmetrikliyi, rəng çalarları və daxili mürəkkəb strukturu ilə gecə səmasında kəpənəyi xatırladır.
RİA Novosti saytına istinadla xəbər verilir ki, NGC 2899 Yer planetindən Yelkən bürcünün cənub hissəsinə doğru 3000-dən 6500 işıq ilinədək məsafədə yerləşir. Tədqiqatçıların fikrincə, dumanlığın ideal strukturu iki mərkəzi ulduzla bağlıdır. Onlardan biri təkamülünü başa vurub və xarici təbəqəsini əhatə olunduğu fəzaya buraxıb. İkinci ulduz bu qaz axını ilə qarşılıqlı təsirdədir və fotoda görünən ikiqat strukturu formalaşdırıb. Bütün planetar dumanlıqların təqribən 10-20 faizi bu cür bipolyar formaya malikdir.
NGC 2899 dumanlığının geniş qaz təbəqəsi öz mərkəzindən iki işıq ili məsafəsində ayrılıb. Orada qaz 10 min dərəcəyədək qızır və dumanlıq Süd Yolu ulduzlarının fonunda parlaq görünür. Qazın yüksək temperaturu bu dumanlığı yaradan ana ulduzun güclü şüa saçması ilə izah edilir: qaz təbəqəsinin ibarət olduğu hidrogen onun təsiri altında qırmızımtıl görünür, oksigenli qaz təbəqəsi isə mavi görünür.
Astronomlar NGC 2899-un aydın təsvirini FORS qəbuledicisi sayəsində əldə ediblər.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu məqalələri “Web of Science”, “Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.
Universitetdən bildirilib ki, “Tərkibində misvak (Salvadora persica L.) ekstraktı olan bionanokompozitlə gücləndirilmiş titanium dioksid (TiO2) nanohissəciklərinin hazırlanması və xarakteristikası - antimikrob, termofiziki və baryer xassələri” adlı məqalədə (“International Journal of Nanomedicine”) antimikrob preparatın xüsusiyyətləri açıqlanıb.
“Karbohidrat polimer-əsaslı gümüş nanohissəciklər: antimikrob sarğı materiallarında yeni nailiyyətlər” sərlövhəli məqalədə (“Carbohydrate Polymers” jurnalında) irinli yara törədən bakteriyalara qarşı mübarizədə gümüş nanohissəciklərin tətbiqi ilə bağlı əldə olunan son nailiyyətlər təhlil olunub.
“Vərəm xəstəliyində kodlaşdırılmayan uzun RNT molekulları” başlıqlı məqalədə (“International Journal of Biological Macromolecules”) xəstəliyi törədən bakteriyaların antibiotiklərə qarşı davamlılıq mexanizmində kodlaşdırmaya malik olmayan uzun RNT molekullarının rolunun mümkünlüyü üzə çıxarılıb.
“Acinetobacter baumannii bakteriyasının çıxarma nasosu və antibiotikə davamlılıq” adlı məqalədə (“Infection and Drug Resistance” jurnalında) insanlarda ciddi infeksion xəstəlik törədən bakteriyanın antibiotiklərə qarşı davamlılıq mexanizmləri araşdırılıb, “çıxarma nasosu” mexanizminin mühüm rolu göstərilib.
“CRISPR-Cas sistemi antimikrob davamlılığa qarşı necə istifadə oluna bilər” başlıqlı məqalədə (“Infection and Drug Resistance” jurnalında) klasterli müntəzəm aralıqlı qısa palindramik (residiv) təkrarlanmalar sisteminin patogen mikrobların antibiotiklərə davamlılığına qarşı istifadə yolları araşdırılıb.
“AdeB çıxarma nasosu geninin mRNT bağlıqlı peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının Acinetobacter baumannii bakteriyasının çoxlu dərmanlara davamlılığında istifadəsi” adlı məqalədə (“Microbial Pathogenesis” jurnalında) eksperimental olaraq “çıxarma nasosu” mexanizminin fəaliyyətinin gen (molekul) səviyyəsində peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının mümkünlüyü göstərilib.
“Ağız boşluğu spiroxetləri: parodontoz xəstəliklərində patogenliyin mexanizmləri” adlı məqalədə (“Microbial Pathogenesis” jurnalında) ağız xəstəliyi törədən Spiroxet cinsli bakteriyaların patogenlik mexanizmləri analiz edilib və bu mexanizmlərin fəaliyyətinin molekulyar səviyyədə tormozlanması istiqamətində tədqiqatlar aparılmasının vacibliyi bildirilib.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası işğal olunmuş torpaqlarımız haqqında silsilə videoçarxlar təqdim edir.
Kitabxanadan bildirilib ki, informasiya-resurs şöbəsi tərəfindən hazırlanmış növbəti videoçarx işğal altında olan Ağdərə rayonuna həsr olunub.
Videoçarxda Ağdərə rayonu haqqında ümumi məlumat verilir. Rayonun işğala qədər olan əhalisi və ərazisi, tarixi abidələri, təbiəti, yeraltı və yerüstü sərvətləri haqqında informasiya videoçarx vasitəsilə izləyicilərə çatdırılır.
Videoçarx, həmçinin ermənilər tərəfindən işğal olunmuş Ağdərə rayonuna aid fotolar və video lentlərdən təşkil olunub.
Təqdim olunan videoçarxda rayonun erməni təcavüzkarları tərəfindən dağıdılmış görüntüsü də təqdim edilib.
Kitabxana tərəfindən işğal altında olan rayonlarla bağlı silsilə videoçarxlar davam edir.
Uzun illər ərzində ölkəmiz müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər təşkilatlara üzvdür.
Sözügedən mövzu ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq dünya təşkilatları” mövzusunda yeni bir aksiyaya start verib.
Kitabxanadan bildirilib ki, bu aksiya 3 dildə - Azərbaycan, ingilis və rus dillərində keçirilir. Belə ki, kitabxana əməkdaşları bu və ya digər beynəlxalq dünya təşkilatı haqqında 3 dildən birində (və ya hamısında) videoçarx hazırlayaraq, sosial şəbəkə istifadəçilərinə təqdim edirlər. Qısa zaman müddətində başlamasına baxmayaraq, kitabxananın “Instagram” və “Facebook” səhifələrində artıq UNESCO, ISESCO, BMT, ATƏT, Beynəlxalq Olimpiya Komitəsi, TÜRKSOY, Qızıl Aypara Cəmiyyəti və s. kimi dünya miqyaslı təşkilatlar haqqında bəhs edən videomateriallar yerləşdirilib. Bütün bu materiallar kitabxana əməkdaşları tərəfindən səsləndirilmiş və hazırlanmışdır. Videoçarxlarda beynəlxalq aləmdə tanınan və fəaliyyət göstərən təşkilatların yaranma tarixi, fəaliyyət prinsipləri, ona üzv olan dövlətlər və Azərbaycan Respublikasının bu təşkilatlar ilə olan beynəlxalq əlaqələri haqqında məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində cari ilin mart ayında elan edilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.
28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümunələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.
Qeyd edək ki, birinci mərhələdə müsabiqənin iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib.
Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir.
Müsabiqənin yekun sərgisinin keçirilməsi ilə bağlı təşkilatı məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq və kataloq çap olunacaq.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib.
“Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə işıq üzü görüb. “Yaşar qələm” nəşriyyatında işıq üzü̈ görən kitabı tanınmış̧ şair Çalğın nəşrə hazırlayıb.
Q. Paşayeva bildirib ki, bu, onun üçün xoş̧ sürpriz olub: “Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm”.
Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin trilogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərində yazılmış şeirlər və esselərdən ibarətdir. Kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb. Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş̧ Türkiyə və Özbəkistanda da kitabları işıq üzü̈ görüb.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb. Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib. Sərgi ilə http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linki vasitəsilə tanış olmaq olar.
Bu ilin fevralından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Xalq artisti Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıdıb. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan ustad pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynayıb.
Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycanda Xan Şuşinski Fondunun yaradıldığı qeyd olunur.
Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa mahnılarla Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır.
Özbək dilində istifadəyə verilmiş “Xon Shushinskiy” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xon_Shushinskiy linkində tanış olmaq mümkündür.
İyulun 30-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri” adlı vebinar təşkil edib.
Əvvəlcə mərkəzin əməkdaşı Sevinc Cəfərova tərəfindən hazırlanan “Qarabağın tarix və mədəniyyət abidələri” videoçarxı nümayiş olunub.
Sonra mərkəzin sektor müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın moderatorluq etdiyi vebinarda AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Qarabağ abidələri”, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri, NK yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov “Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələrinin ümumi vəziyyəti”, Şuşa Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov “Şuşada tarixi abidələr”, Qərbi Kaspi Universitetinin Tarix və Fəlsəfə kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirli “XIII-XIV əsrlərdə Qarabağın memarlıq abidələri”, Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı “Qarabağ memarlığı” mövzuları ətrafında, həmçinin mərkəzin sektor müdiri Pakizə Almazova, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova, Nurəddin Babazadə geniş məruzələrlə çıxış ediblər.
Mütəxəssislər qeyd etdilər ki, 90-cı illərdən bu günə qədər mənfur düşmənlərimizlə müharibədə torpaqlarımız uğrunda minlərlə oğullarımız şəhidlik zirvəsinə ucalmışlar. Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan daşınmaz tarix və mədəniyyət abidələrinin erməni vandalizminə uğradılması səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri hələ də araşdırılır. Bildirilib ki, işğala məruz qalmış ərazilərdə məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin arxividir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi acınacaqlıdır. Daha sonra alim və mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.
Tədbiri yekun vuran mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, belə vebinarlar Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, təbliğinə, tanıdılmasına, həmçinin gənclərin diqqətini cəlb etmək məqsədinə xidmət edir. Önəmli mövzu ətrafında alimlərlə yanaşı, gənclərin də toplaşması məsələnin daim diqqət mərkəzində olacağına ümid verir. “İşğal altında qalmış hər bir abidəmiz tarixin canlı şahididir. Onların qaytarılması və bərpa olunması torpaqlarımızın qaytarılması qədər önəmli vəzifədir”,- deyən A.Usubəliyev daha sonra ermənilərin tarixi falsifikasiya siyasətlərindən söhbət açdı. Azərbaycan hökuməti tərəfindən mövcud istiqamətdə görülən işlərlə bağlı iştirakçılara məlumat verən məruzəçi alim və mütəxəssislərin potensiallarının səfərbər olunması, tədqiqatların şaxələnməsi, təsdiqedici faktorlar sisteminin artırılması, beynəlxalq aləmə adekvat məlumatların çatdırılması və s. bu kimi işlərin birgə və ara vermədən görülməsinin zəruriliyini bildirib.
Tədbirin sonunda birgə görülə biləcək layihələr haqqında geniş diskussiyalar aparılıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyi münasibətilə “Dilçiliyin aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məruzələrin qəbulu davam edir.
İnstitutdan bildirilib ki, noyabrda keçiriləcək konfransa Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə məruzələr qəbul olunur.
Məruzələr А4 formatda, “Timеs New Roman” şriftində 12 ölçü, 1,5 intervalla yazılmalıdır. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd edilir. Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.
Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir.
Məruzələr sentyabrın 30-dək qəbul olunur.