M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qarabağ inciləri” adlı konsert olub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər - İlyas Mirzəyev (piano), Olgu Kızılay (violin, Türkiyə) və Nuran Bəkir (balaban) çıxış ediblər.
Konsertdə bəstəkar İlyas Mirzəyevin əsərləri səslənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat 11:00-da satışa çıxarılacaq.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına çatmayan şəxslər üçün də bilet almaq mümkündür.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26 530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.
“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir. Çoxu yerlə-yeksan edilib. Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, - deyə Aydın Kərimov vurğulayıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də Türk dünyasının mədəniyyət beşiyi rolunu oynayır.
Harada anadan olmağımıza baxmayaraq, Şuşanın hər bir azərbaycanlının qəlbində yeri ayrıdır. İnanırıq ki, Türk dünyası memarlarını bir araya gətirən simpozium Şuşamızın daha da gözəlləşməsinə, memarlığının inkişafına öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva noyabrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumunun açılış mərasimində çıxışında söyləyib.
Xidmət rəisi abidələrin monitorinqinin aparıldığını, bu prosesə 2021-ci ildən start verildiyini diqqətə çatdırıb. “Azərbaycana məxsus abidələrdə ermənilər tərəfindən aparılan saxta təsnifat əməlləri beynəlxalq konvensiyalara və hüquqlara ziddir. Bu kultursiddir. İnanırıq ki, istedadlı memarların tövsiyələri ilə Şuşanın siması daha da gözəlləşəcək. Düşünürəm ki, birgə işlərimiz çox olacaq. Qarabağın və Şərqi Zəngəzurun abidələrinin qorunması çox vacib məsələlərdəndir”, - deyə Səbinə Hacıyeva vurğulayıb.
25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Kəlbəcər rayonunun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.
Materiallarda Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsunkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onu yaranma tarixi haqqında məlumatlar təqdim edilir. Virtual sərgidə Azərbaycanın əzəli torpağı olan Kəlbəcər şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması tarixi faktlar və görüntülər ilə qeyd edilir. Materiallarda Kəlbəcər rayonunda aparılan yenidənqurma işləri, Zəfər və İşğal muzeylərinin yaradılacağı haqqında məlumatlar təqdim edilir.
Virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinə gedən yol”, “44 günlük əfsanəvi hərb tariximiz”, “Yolumuz Zəfər yoludur”, “Qanı ilə Zəfər yazanlar”, “Yol gedirmi Kəlbəcərə?”, “Kəlbəcərin tanınmış adamları” kimi 20-dən çox kitabın, “Quruculuğun Kəlbəcər təntənəsi”, “Azad torpaqlarımız: Hüsnu əcər Kəlbəcər” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
“Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Noyabrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş festival çərçivəsində konsert və konfrans keçirilib. Bu tədbir müxtəlif nəsillərdən olan Azərbaycan musiqiçilərini – Qara Qarayev zalında uğurla çıxış etmiş BMA-nın professorları, məzunları və tələbələrini birləşdirib.
AZƏRTAC xəbər verir ki, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə filologiya doktoru, professor Könül Nəsirova konfrans-konsertin iştirakçıları və qonaqlarını salamlayıb. Tədbir çərçivəsində Arif Məlikovun simfoniyasına yeni müəllif baxışını nümayiş etdirən BMA Musiqi nəzəriyyəsi kafedrasının dosenti Nigar Rəhimova və BMA-nın məzun-magistrantı Nəzrin Quliyevanın kitabının təqdimatı olub. Monoqrafiya Arif Məlikovla səmimi dostluq və qarşılıqlı hörmət münasibətləri olmuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olub.
Arif Məlikovun həmkarları və onun sinfinin məzunları – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə doktor, professor İmruz Əfəndiyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə doktor, professor Gülzar Mahmudova, Kompozisiya kafedrasının dosenti Gülnarə Məmmədova, bəstəkar Tamilla Əhədova görkəmli bəstəkar haqqında səmimi xatirələrini bölüşüblər.
İncəsənət üzrə fəlsəfə doktoru, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının aparıcı müəllimi Alyona İnyakinanın rəhbərliyi altında tarix-nəzəriyyə fakültəsinin tələbələri dahi ustadın müxtəlif cəhətlərini nümayiş etdirən təqdimat hazırlayıblar.
Əməkdar artist Aleksey Miltıx, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Ofeliya Axundova, eləcə də gənc pianoçular – BMA-nın magistrant və bakalavrları Zöhrə Cahan-Şıxəliyeva, Nurel Kərimova, Kübra Həşimli, Jalə Quliyeva, Fidan Əmirovanın ifasında təqdim olunan görkəmli bəstəkarın musiqisi gecənin əsl bəzəyinə çevrilib.
Konfrans-konsert Arif Məlikovun həyatında və yaradıcılığında yaddaqalan hadisələri illüstrasiya edən foto və videomateriallarla müşayiət olunub. Tədbirdə BMA-nın tədris işi üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Arif Məlikovun ailə üzvləri, ali məktəbin professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gecənin səmimi atmosferi iştirakçıların çıxışını qurultulu alqışlarla müşayiət edən tamaşaçılarda güclü emosional reaksiya doğurub.
Ölkəmizin aparıcı banklarından biri olan “Bank Respublika” ASC aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.
Bankın əməkdaşları Şərur, Kəngərli, Babək, Culfa, Ordubad rayonlarında eləcə də Naxçıvan şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.
Belə ki, Bank sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin istəklərini həyata keçirərək onları əvəzsiz olaraq dərzi sexi, dəmirçi sexi, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, eləcə də un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlarla təmin edərək sahibkarlığa başlamalarına təkan verib.
Özünüməşğulluq layihə çərçivəsində “Bank Respublika” indiyə qədər paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 200-ə yaxın işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Daha ətraflı məlumatı bankın saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
24 noyabr 2023-cü il, Bakı – Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.
Bu barədə Reporta AZAL-dan bildirilib.
Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.
"AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.
Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!".
Bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, təməli qoyulan Soltanlı kəndinin Baş planı layihəsi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir. Qeyd olunanlarla yanaşı, mövcud olmuş məskunlaşma ərazisini formalaşdıran kənd yolları, sel sularının axıb keçdiyi dərə plan quruluşunun təşkilinə təsir edən amillərdir.
Ümumi sahəsi 398,82 hektar olan və 6 100 nəfərdən ibarət 1 525 ailənin yaşayacağı proqnozlaşdırılan bu məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib.
Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində "ağıllı kənd" yanaşmaları tətbiq olunacaq.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1 336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək.
Kəndin təqdim edilmiş layihə təklifindəki yaşayış və ictimai binaların memarlıq həlləri onun təkrarsız və özünəməxsus simasını formalaşdıracaq. Tətbiq edilmiş memarlıq üslubları, rəng koloriti, istifadə olunan materiallar, ahəngdarlıq, milli motivlər bütövlükdə əlaqəli, tamamlanmış ictimai və yaşayış məkanlarının yaranmasını təmin edəcək.