Van Qoqun oğurlanan və 20 il bundan əvvəl aşkarlanan əsəri sərgiyə çıxarılıb. Rəssamın sulu boya ilə çəkilən əsəri rənglərin solmasını azaltmaqdan ötrü çox nadir hallarda sərgilənsə də, hazırda o, Londonun Kral İncəsənət Akademiyasında 2024-cü il martın 10-dək davam edəcək “İmpressionistlər kağız üzərində: Deqadan Tuluz-Lotrekədək” adlı sərgidə nümayiş olunur.
2003-cü aprelin 27-də səhər tezdən Mançesterin Uitvort qalereyasından üç əsər - Van Qoqun “Parisin evlərlə istehkamı” (1887), Pol Qogenin “Taiti mənzərələri” (1891-93) və Pablo Pikassonun “Yoxsulluq” (1903) əsərləri oğurlanıb. Ertəsi gün, telefon zəngindən sonra əsərlər kiçik parkın yaxınlığında yerləşən ictimai ayaqyolunun qapalı məkanında, islanmış yarpaq və zibillə yanaşı aşkarlanıb. Yağışlı gün olduğundan, polisin bəyanatında da “həddən artıq pis hava şəraiti” və oğrunun qalereyanın təhlükəsizlik sistemini adlaması təsvir olunub. Buradan ehtimal yaranır ki, insident “daxildən” baş verib. Oğurluğun kimin tərəfindən törədilməsi, kiminsə təhlükəsizlik sistemindəki çatışmazlıqlara diqqəti cəlb etmək istəyi və yaxud əsərlərdən yaxa qurtarmağın çox çətin olacağını başa düşməsi hələ də müəmmalı qalır. Hadisədən sonra Uitvort qalereyasında təhlükəsizlik tədbirləri dərhal gücləndirilib. Lakin 20 il keçsə də heç kim oğurluqda ittiham olunmayıb.
“Parisin evlərlə istehkamı” əsərinin zədələnməsi təəccüb doğurmur: sağ tərəfdən 12 santimetr ölçüdə yırtıq, qırışlar və boya itkisi. Sulu boya ilə çəkilən əsər oğurlandıqdan bir neçə ay sonra bərpa edilib, indi zədələr güclə sezilir.
“Parisin evlərlə istehkamı” - paytaxtın şimal ucqarında, Vinsentin qardaşı Teo ilə yaşadığı mənzildən şimala bir kilometrdən çox məsafədə yerləşən mənzərədir. 1926-cı ildə əsər Mançester pambıq parça şirkətinin sahibi Tomas Barlou (1883-1964) tərəfindən 157 funta alınaraq, dərhal Uitvort qalereyasına hədiyyə edilib. 1962-ci ildə Van Qoqun əsəri Kral Akademiyasında sərgilənmək üçün götürüləndə o, 7500 funt-sterlinq dəyərində sığorta olunub. Əsərin cari qiyməti məxfi saxlansa da, sözsüz ki, bir neçə milyon funt-sterlinqdir.
“İmpressionistlər kağız üzərində: Deqadan Tuluz-Lotrekədək” adlı sərgidə Van Qoqun daha beş əsəri nümayiş olunur.
Bəstəkar Edvard Benjamin Brittenin 110 illik yubileyi münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Benjamin Britten-110” adlı klassik musiqi gecəsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin və 23 nömrəli musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edərək B.Britten, D.Şostakoviç, A.Modsart, F.Şopen, N.Paqanini, S.Prokofyev, K.Qlyukun repertuarından ibarət əsərlər ifa ediblər.
İki dahi musiqiçi B.Brittenlə Mstislav Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrinə həsr olunmuş slayd-şou nümayiş olunub.
Tədbirdə qonaq qismində muzey əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri və 189-190 saylı məktəbin şagirdləri iştirak edib. Sonda konsert proqramı ilə çıxış edən şagirdlər muzey tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.
Qeyd edək ki, dünyaşöhrətli ingilis bəstəkarı, dirijor və pianoçu Edvard Benjamin Brittenin bu il 110 illik yubileyi qeyd olunur. Yaradıcılığı ilə İngiltərə operasının canlanmasına, yenidən dünya musiqi arenasına qayıtmasına səbəb olan musiqiçinin yaradıcılığında xüsusi yeri ona dünyaşöhrəti gətirən “Hərbi rekviem” operası tutur. Bu opera üçün bəstəkar üç nominasiyada Qremmi mükafatına, digər yaradıcı fəaliyyətinə görə isə müxtəlif vaxtlarda UNESCO, Ernest Simon mükafatına layiq görülüb. B.Britten Oldboro musiqi festivalının əsasını qoyub.
B.Brittenlə Mstislav Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrini musiqi tarixində böyük əhəmiyyət kəsb etdiyi üçün xüsusi qeyd etmək lazımdır. İki musiqiçinin ilk tanışlığı Londonda dahi rus bəstəkarı D.Şostakoviçə həsr olunmuş musiqi gecəsində M.Rostropoviç tərəfindən bəstəkarın violonçel üçün I konsertini ifa edən zaman olub. Onun ifasını ilk dəfə dinləyən B.Britten bütünlüklə bu insanın şəxsiyyətinə, dahiliyinə heyran olub. Dahi ifaçı M.Rostropoviç bu illəri belə xatırlayır: “Londonda keçirilən konsertdən sonra B.Britten səhnə arxasında mənə yaxınlaşdı və dedi: “Mən sizinlə gələcək haqqında ciddi danışmaq istəyirəm”. Sonra mehmanxanaya mənim yanıma gəlib violonçel üçün sonata yazmaq istədiyini bildirdi. İlk ifasını da Oldboro festivalında səsləndirməyimi xahiş etdi. Mən də ona söz verdim”. B.Britten Violonçel üçün Sonatasının məhz M.Rostropoviç tərəfindən Oldboro festivalında ifa olunmasını istəyib və əsərin premyerası Oldboro festivalında olub. Bundan başqa B.Britten Violonçel üçün sonatasını (Cello Sonata), Solo süitalarını ( Solo Suits) və Violonçel üçün Simfoniyasını (Cello Symphony) M.Rostropoviçə həsr edib. B.Britten bir dəfə M.Rostropoviç ilə dostluğu barədə belə deyir: “Mən daha çox ruhən özümü yaxın hiss etdiyim insanlar üçün əsərlər yazmağa üstünlük verirəm”.
Noyabrın 30-da YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi, rəssamın son illər ərazində yaratdığı rəngkarlıq tablolarını və bu günə qədər nümayiş olunmayan qrafika əsərlərini bir araya gətirir.
1960-70-ci illərin ümumittifaq sərgilərində fərqli dəst-xəti ilə özünə diqqət çəkən gənc Fərhad Xəlilovun əsl “sənət məktəbi” o dövrün Moskva şəhərinin qeyri-rəsmi bədii həyatı olmuşdur. İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov və digər nonkonformist rəssamların mühitində yetişib, püxtələşən Xəlilov yüksək bədii dəyərlər aləminə bələd olmaqla yanaşı, milli ənənələrə bağlı bir rəssam kimi formalaşır. Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov) təhsilini bitirdikdən sonra Azərbaycana dönən rəssamın əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olublar.
“Yerlə göy arasında” sərgisi rəssamın uzunillik yaradıcılığına fokuslandığı və poetik mövzulardan ilhamlandıran əsərlərini nümayiş edir. Ətrafı hiss elədiyi kimi kətana ötürən Xəlilov, əsərlərində təbiətin müxtəlif hallarını əks etdirir. Məhz bu halların açıqlanması sərginin özəyini təşkil edir. “Yerlə göy arasında” metaforik başlıq altında birləşən ekspozisiya rəssamın səcdə etdiyi, əsas ilham mənbəyi olan ünsürlərə sitayişidir. Fəaliyyətinin müxtəlif etaplarında fərqli vizual həllərə yer verən rəssamın yaradıcılıq tendensiyası fiqurativlikdən mücərrədə və minimalistik mücərrədə qədər aparan fəlsəfi diskursdur. Ustad koloristin ümumiləşdirilmiş abstraksiyalarında rəng və məkanın təfsiri nəql edilmir. Rəssam üçün vacib olan motiv deyil, hal, durum və təəssüratdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı soyuq dekabr günlərində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
AZƏRTAC sənət ocağının dekabr ayı üçün repertuarını təqdim edir:
1 dekabr - “Cəza”
2 dekabr - “Balaca və damda yaşayan Karlson”
2 dekabr - “ Xortdanın cəhənnəm məktubları”
3 dekabr - “Göyçək Fatma”
3 dekabr - “Qağayı”
8 dekabr - “35 ildən sonra”
9 dekabr - “Qızıl balıq”
9 dekabr - “Dəlixanada qətl”
10 dekabr - “Bremen musiqiçiləri”
10 dekabr - “Dəli yığıncağı”
15 dekabr - “Biganə məşuq”
16 dekabr - “Şən Elf və Cadugər”
16 dekabr - “ANTİQONA”
17 dekabr - “Uzuncorab Pippi”
17 dekabr - “ANTİQONA”
23 dekabr - Kod adı: “V.X.A.”
24 dekabr - “Qoğalın sərgüzəştləri”
28 dekabr - “Şirin əjdəha-2024”
29 dekabr - “Şirin əjdəha-2024”
30 dekabr - “Şirin əjdəha-2024”
31 dekabr - “Şirin əjdəha-2024”
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən filologiya elmləri doktoru, professor, akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Dövlət mükafatı laureatı Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, akademikin 70 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Qərarının və akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubunun tam mətni yerləşdirilib. Eyni zamanda, bazada Teymur Kərimlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müdafiə etdiyi elmi tədqiqat işləri, tərtib etdiyi kitablar, rəhbəri və məsləhətçisi olduğu elmi tədqiqat işləri, tərcümələri, məqalələri, müsahibələri təqdim edilir.
Elektron məlumat bazasında “Klassik ədəbiyyatın müasir tədqiqatçısı”, “Klassik ədəbiyyatımızın xiridarı” kimi bölmələrlə yanaşı, akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, Zəfər tarixi, şanlı Qələbə mövzusunda qələmə aldığı şeirlər də yer alır. Məlumat bazasında akademikin filmoqrafiyası, video və fotoqalereyası da sərgilənir.
Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, “Yaddaş#3: Terra Memoria” adlı konsertdə yaradıcılığı əsasən XX əsrin sonları XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsəri ifa olunacaq.
Bu dəfə orkestrə rusiyalı Meri Çeminava dirijorluq edəcək.
M.M.Çeminava Sankt-Peterburqda doğulub və musiqi təhsilini burada alıb. Bir çox nüfuzlu festivalların iştirakçısı olan dirijor Moskva Dövlət Konservatoriyasında (İ.A.Dronovun sinfində) “Opera və simfonik orkestrin bədii rəhbəri” ixtisası üzrə təhsil alıb. 2021-ci ildə Moskva Dövlət Simfonik Orkestrində dirijor köməkçisi kimi çalışmağa başlayıb.
Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.
Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.
Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi keçirilib. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun dəyərləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
Seçim Komissiyası və Ekspert şurasının yekun iclası noyabrın 28-də keçiriləcək.
Azərbaycan bu gün Rusiyanın paytaxtı Moskvada işə başlayan “Primakov qiraətləri” IX beynəlxalq elmi-ekspert forumunda təmsil olunur.
“Report”un Rusiya bürosunun məlumatına görə, Beynəlxalq Ticarət Mərkəzində “Postqloballaşmanın üfüqləri” mövzusunda ikigünlük forum keçirilir.
Forumda Rusiya və xarici elmi-ekspert ictimaiyyətinin nümayəndələri, rəsmi şəxslər, siyasətçilər, diplomatlar, işgüzar dairələrin nümayəndələri də daxil olmaqla 1300-dən çox insanın iştirakı gözlənilir.
Qeyd edək ki, tədbirdə dünyanın 80-dən çox ölkəsindən, o cümlədən Azərbaycan, Ermənistan, Banqladeş, Misir, Hindistan, İran, Qazaxıstan, Çin, Suriya, ABŞ, Türkiyə və Özbəkistandan beynəlxalq təhlükəsizlik, siyasət və iqtisadiyyat sahəsində ixtisaslaşan 30-dan çox aparıcı xarici ekspert çıxış edəcək.
Forumun ikinci günündə iştirakçılar Cənubi Qafqaz ətrafındakı vəziyyəti, o cümlədən Rusiya ilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığı, eləcə də Çin və ABŞ arasında münasibətləri və qlobal Cənub ölkələrinin inkişafını müzakirə edəcəklər.
İrlandiyalı yazıçı Pol Linç antiutopik “Peyğəmbər nəğməsi” əsərinə görə 2023-cü ilin “Buker” mükafatına layiq görülüb. Antiutopiya totalitarizm məngənəsində olan İrlandiyanı hekayə edir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, müəllifin sayca beşinci romanı Qərb demokratiyalarındakı çaxnaşma və onların Suriyadakı daxili partlayış kimi fəlakətlərə biganəliyini göstərməyə çalışır.
Əvvəllər İrlandiyanın “Sunday Tribune” qəzetinin film tənqidçisi olmuş Linç əsərində intensiv realizmlə antiutopiyanı gücləndirərək oxucuların totalitarizmi daha yaxşı anlamalarını istədiyini bildirib.
“Oxucunun dalışını o qədər dərinləşdirmək istəyirəm ki, kitabın sonuna doğru o, nəinki problemi başa düşsün, həm də onu hiss etsin”, – yazıçı söyləyib.
Beləliklə, Pol Linç “Buker” mükafatına layiq görülmüş üçüncü irlandiyalıdır. Ondan öncə Ayris Merdok, Con Benvill, Roddi Doyl və Enn Enrayt laureat olublar. 2018-ci ildə isə qalib şimali irlandiyalı yazar Anna Börns olub.
1969-cu ildə təsis edilmiş “Buker” mükafatının laureatları arasında Marqaret Etvud, Salman Rüşdi və Yan Martel kimi sənətkarlar var.