Tacikistan və Azərbaycan əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri bu ölkənin İqtisadi İnkişaf Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan və Tacikistanın iqtisadiyyat nazirləri müvafiq olaraq Mikayıl Cabbarov və Zavki Zavkizoda böyük investisiya layihələri ilə bağlı sənədlər imzalayıblar.
“Bu sənədlər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - mənbə bildirib.
Vurğulanıb ki, əsas istiqamətlər arasında Tacikistanın “Dəngərə” Azad İqtisadi Zonasında yerləşən neft emalı zavodunun işə salınması üzrə investisiya layihələri, Tacikistanda su elektrik stansiyasının tikintisi, TALCO-nun (Tacikistan Alüminium Şirkəti) istehsal gücünün artırılması var.
Tacikistanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Azərbaycan bu ölkənin aqrar-sənaye klasterlərinin təşkili, ilkin alüminium, kriolit və alüminium ftoridin ixracı, TALCO-nun ehtiyacları üçün alüminium oksidinin idxalı kimi sahələrin inkişafına sərmayə qoyacaq.
Bundan başqa, Bakı Düşənbəyə dəmir yolu daşımalarında güzəştlərin verilməsi təşəbbüsü ilə çıxış edib.
“Bu məqsədlə daimi fəaliyyət göstərən ikitərəfli işçi qrupu yaradılıb və bu layihələrin həyata keçirilməsi üçün konkret tədbirlər həyata keçirilir”, - mənbə qeyd edib.
Azərbaycan və Qətər arasında turizm əlaqələrinin genişləndirilməsi, turizm destinasiyası kimi Azərbaycan haqqında məlumatlılığın artırılması, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr Qətərdə Agentlik yanında Azərbaycan Turizm Bürosunun üzvləri, Azərbaycanın Qətərdəki səfirliyinin nümayəndəsi və yerli turizm sektorunun nümayəndələri arasında təşkil olunmuş işgüzar görüşdə baş tutub. Tədbir zamanı Azərbaycanın turizm imkanları təqdim edilib.
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.
Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq
Azərbaycan Respublikasının Türkmənistan Respublikasındakı səfirliyi noyabrın 28-də ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğam Mərkəzində “Heydər Əliyev – Azərbaycan-Türkmənistan qardaşlığı” adlı konsertin keçiriləcəyi ilə bağlı məlumat yayıb.
AZƏRTAC Türkmənistan KİV-ə istinadla xəbər verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Konsert proqramında “Mukam” (Muğam) vokal-musiqi qrupu iştirakçılarının və Resul Klıçevin rəhbərliyi altında Türkmənistan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində olacaq.
Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.
Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında cinemoff.com yayımlanacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bu il təşkilatın Türk Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib. Həmçinin Ulu Öndərin möhtəşəm yubileyi Avropanın müxtəlif şəhərlərində Fondun himayəsində yaradılan və 7 Türk dövlətini təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri ilə qeyd olunub. Eyni zamanda, Fond tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş böyük nəşr layihəsinin - “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitab yaxın zamanda işıq üzü görəcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən keçirilən “Heydər Əliyev və parlamentarizm” adlı konfransda çıxış edərkən deyib.
Günay Əfəndiyeva şərəfli ömrünü ölkəsinə, xalqına həsr etmiş Azərbaycanın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söz açaraq deyib: “Heydər Əliyev Azərbaycana ən çətin zamanda qayıtdı və yenidən dövləti qurdu. Dövlətin müstəqilliyini əbədiləşdirdi. Bu gün öz torpaqlarını qaytarmış, tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın təməlini qoydu. Bu, tarix yazmaq missiyasıdır və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".
Günay Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, bu sözlərin dərin fəlsəfənin başlanğıcı kimi uzaqgörənliyin və qardaşlığın rəmzinə çevrildiyini vurğulayıb.
"Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən 3-dək Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.
“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.
Hakatonda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak edəcək.
Dekabrın 3-də münsiflər heyətinin dəyərləndirməsinə əsasən qaliblər müəyyən ediləcək və onlara mükafatlar təqdim ediləcək.
Qeydiyyat üçün week.creative.az səhifəsinə keçid edə bilərsiniz.
2024-2025-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin anadan olmasının 900 illiyi və “Divani-lüğəti-türk”ün isə 950 illiyi qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, hər iki tədbir UNESCO-nun Baş konfransının 42-ci sessiyasında müvafiq qərarla yubileylər siyahısına daxil edilib.
UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mir Cəlal Paşayev, Musa Əliyev, Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarının yubileyləri UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.
Yubileylər proqramı çərçivəsində keçirilən tədbirlər ölkəmizin zəngin mədəniyyətinin UNESCO tərəfindən tanınmasına və Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələri barədə geniş auditoriyaya məlumatın çatdırılmasına imkan yaradır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədovanın “Yubileylər silsiləsi” layihəsi çərçivəsində hazırladığı videoçarxda ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir, onun əsərləri izləyicilərin diqqətinə çatdırılır.
Yaradıcılığa əvvəlcə şeir, sonra isə oçerk və hekayələrlə gələn Mir Cəlal Paşayev az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanındı. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutdu.
Videoçarxda müxtəlif illərin fotoları və ədibin bir sıra kitablarının şəkilləri yer alır. Qeyd olunur ki, Mir Cəlal həqiqət, düzlük və səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan bir şəxsiyyət olub.
“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-30-da Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.