Sənaye və İnnovasiyalar, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə təhsil mərkəzlərinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu üçün qeydiyyat davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə göstərilən link vasitəsilə iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.
Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlar üzrə təhsil almaq mümkündür.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə müraciət etmək olar.
2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50, institutun nəzdində fəaliyyət göstərən “AzScienceNet” şəbəkəsinin isə 40 ili tamam olacaq.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet”in onlayn iclasında bu barədə məlumat verib.
İnstitutun yaranma tarixindən söz açan R.Əliquliyev qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. AİS Şöbəsi 1982-ci ildən sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. AİS Şöbəsinin əsasında 1997-ci ildə İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılıb. İTEM-nin əsasında 2002-ci il mayın 21-də İnformasiya Texnologiyaları İnstitutu təşkil olunub.
Alim 2021-ci ildə keçiriləcək tədbirlərin institutun 50 illik yubileyinə həsr olunacağını diqqətə çatdırıb: “Tədbirdə institutun yarım əsr ərzində Azərbaycan elminin və informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələr, ölkə elminin beynəlxalq aləmə inteqrasiyası, yeni nəsil ixtisaslı kadrların yetişdirilməsi, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eyni zamanda, qarşıda duran vəzifələrə dair məlumatların ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.
Yubiley çərçivəsində, həmçinin institutun əsas tədqiqat istiqamətlərinə uyğun, elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlər və bukletlər nəşr olunacaq.
Sonra AMEA-nın vitse-prezidenti “AzScienceNet” şəbəkəsinin tarixi haqqında məlumat verərək bildirib ki, Respublika Hesablama Mərkəzini birləşdirən verilənlərin ötürmə şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində yaradılıb. Qırx ilə yaxındır ki, fəaliyyət göstərən “AzScienceNet” bu gün AMEA-nın institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Bu şəbəkə Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa fəzasına inteqrasiyasında mühüm rol oynayır.
Akademik R.Əliquliyev sonda məsul əməkdaşlara həm institutun, həm də “AzScienceNet” şəbəkəsinin yubileyinin keçirilməsi ilə əlaqədar olaraq arxiv sənədlərinin araşdırılması və tədbirlər planının hazırlanması haqqında tapşırıqlar verib.
Aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, 84 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində 1936-cı ildə dünyaya göz açan T.Rüstəmova 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu “fortepiano” ixtisası üzrə bitirib.
1962-ci ildə rejissor Həbib İsmayılovun quruluşunda ekranlaşdırılan “Böyük dayaq” filmində Maya roluna çəkilən və ilk filmi ilə də tamaşaçılar tərəfindən sevilən, ifası yüksək qiymətləndirilən Tamilla iki il sonra yenidən filmə dəvət alır.
1964-cü ildə Ağarza Quliyevin çəkdiyi “Ulduz” filmində, qəhrəmanın adını daşıyan obrazı - Ulduz obrazını oynayır. Hər iki filmdəki obrazlar müəyyən mənada bir-birinə bənzəsə də, aktrisa dəyişik xarakterləri üzə çıxarmağı bacarıb ki, bunda da filmin rejissorları böyük rol oynayıb. Eyni ildə Azərbaycan kinosunda ilk dəfə olaraq 3 novelladan ibarət kinoalmanax hazırlanır: “Dağ meşəsindən keçərkən…”, “Zirvə”, və “Cazibə qüvvəsi”. Aktrisa “Zirvə” novellasında Sevda roluna çəkilir.
1971-ci ildə isə “Axırıncı aşırım” filmində Növrəstə adlı epizodik rola dəvət alır. Son iki filmdəki rollar o qədər diqqəti çəkməsə də, Tamilla Rüstəmova bir aktrisa kimi öz sözünü Maya və Ulduz obrazlarında deməyi bacarır. Sonralar aktrisa ixtisas aldığı musiqi sahəsi üzrə fəaliyyətini davam etdirir və vokalçı Olgerd Krastınşa ilə ailə quraraq Riqa şəhərində həyatına davam edib.
Allah rəhmət eləsin!
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dünyanı bürüyən koronavirus pandemiyası şəraitində ölkəmizdə tətbiq edilən ciddi karantin dövründə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulunu asanlaşdırmaq, müasir informasiya texnologiyalarının ən son nailiyyətlərini tətbiq etməklə onlayn yaradıcı məktəb ideyasını təcrübənin təhlili əsasında inkişaf etdirmək məqsədilə yeni musiqi.edu.az tədris portalını təqdim edib.
İdarədən bildirilib ki, musiqi.edu.az internet portalı (http://musiqi.edu.az/az/) vasitəsilə onlayn sənəd qəbulu həyata keçirmək mümkündür. Valideynlər “Qəbul” bölməsində övladı üçün evə yaxın yerləşən və onu maraqlandıran ixtisasların tədris olunduğu Bakı musiqi və incəsənət məktəblərindən birini seçərək qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat uğurla tamamlandıqdan sonra sistem şagirdə məxsus kod müəyyənləşdirir, hər bir kod sahibinə öncədən imtahanın keçiriləcəyi vaxt və yer haqqında elektron məktub və ya telefon vasitəsilə məlumat verilir.
Yaxın günlərdə portalda, həmçinin “Məktəblər” bölməsində Bakı uşaq musiqi və incəsənət məktəblərinin məlumat bazası ilə tanışolma imkanı yardılacaq, “İxtisaslar”, “Tədris vəsaitləri”, “Multimedia”, “Təkliflər və iradlar”, “Musiqi alətləri” bölmələri fəaliyyət göstərəcək. İstifadəçilər dərs vəsaitlərinin geniş bazası, musiqi alətlərinin özəllikləri və dərs cədvəlləri ilə yanaşı, məktəblərin tədris ilində əldə etdikləri uğurlara dair xəbərlər, yerli və beynəlxalq müsabiqələr haqqında məlumatlarla tanış ola biləcəklər.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası #igidəsgərmöhkəmdayan həştəqi ilə vətənpərvərlik ruhlu videoçarxlar hazırlayıb. Virtual oxucular tərəfindən vətənpərvərlik ruhunda söylənən şeir və ifa olunan mahnılar, vətən uğrunda canından keçən şəhidlərə həsr olunan videoçarxlar sosial şəbəkələrdə yerləşdirilib. Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova hazırladığı videoçarxda “Şəhid anası” şeirini səsləndirib, həmin şöbənin böyük metodisti İradə Hüseynova isə “Şəhidlik zirvəsi” şeirini söyləyib.
Şəhidlər bizim kədərimiz, nisgilimiz, qürur yerimiz, fəxrimizdir. Şəhidliyin özü də bir səadətdir. O, zirvəyə ucalmaq, insanlığın ən yüksək zirvəsinə çatıb ölümə qalib gəlməkdir.
Videoçarxların əsas qayəsi “Vətən qarşısında hər vətəndaş öz borcunu fəaliyyət göstərdiyi istiqamətdə yerinə yetirməli və lazım gəldikdə müsəlləh əsgərə çevrilməlidir” ideyasıdır.
Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.
Bu gün tanınmış rəssamın anadan olmasından 104 il ötür. Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.
1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.
Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.
M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.
İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.
Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.
Rəssam 2008-ci il martın 18-də vəfat edib.
Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvləri - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Həsən bəy Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı-alim Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın, ictimai xadim, ziyalı, maarifçi-publisist, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Sonra Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla Zərdab rayonunda keçirilən tədbirə qatılan Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, icra başçısı Mərdan Camalzadə və bir qrup ziyalı əvvəlcə rayondakı Həsən bəy Zərdabinin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyində maarifçi-publisistin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına milli mətbuatımızın banisi Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb. Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynadığını söyləyib.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva mətbuat nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin milli mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.
Tədbir iştirakçıları sonra rayon rəhbərliyi ilə birlikdə Kür ətrafında yerləşən parkda və rayonda qısa müddətdə gedən tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işləri, o cümlədən bir neçə ay ərzində müasir tərtibatda tamamilə yenidən inşa edilərək istifadəyə verilən Həsən bəy Zərdabi Parkı ilə tanış olublar.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına kitabxana-filialı karantin rejimi elan edildikdən sonra Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Evim–yeni iş yerim” layihəsinə qoşularaq, fəaliyyətini virtual məkanda davam etdirir, oxucularla maraqlı mövzularda söhbətlər aparır.
Kitabxana-filialdan bildirilib ki, iyulun 23-də Milli Ordunun könüllü döyüşçüsü, igid qəhrəman Vəfa Dəmirçioğlunun doğum günü olduğundan filialın oxucularla bugünkü virtual görüşü “Unudulmazlar” rubrikasından Vəfa Dəmirçioğluna həsr olunub.
Kitabxananın əməkdaşı, qurumun nəzdində fəaliyyət göstərən S.Vurğun Poeziya Ocağı İctimai Birliyinin rəhbəri Zərəngiz Mansurova virtual oxuculara qəhrəman haqqında söhbət açıb, ona həsr etdiyi şeirlərini təqdim edib.
Bildirilib ki, Vəfa Dəmirçioğlu Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşüb, Qərb bölgəsində ən strateji nöqtə, ən qanlı-qadalı cəbhə olan Qazax rayonunun Daş Salahlı kəndindəki möhtəşəm Avey yüksəkliyinin düşməndən mühafizə olunmasında böyük igidliklər göstərib.
O, istər Daş Salahlı kəndində döyüş əhvali-ruhiyyəsinin yüksəlməsində, kənddə səngər qazılmasında, qərargah yaradılmasında, istər də savaş meydanında odun-alovun içərisində bir igid kimi davranıb, cəbhə bölgəsi olan kənddə tam müdafiənin qurulmasında böyük fədakarlıqlar göstərib. Vətəninin, doğma kəndinin könüllülərinə arxa-dayaq olub, neçə dəfə döyüşən əsgərləri və kənd sakinlərinin həyatını xilas edib, bu rəşadətinə görə hər zaman el içində yüksək hörmətə, ehtirama layiq görülüb.
Vəfa Dəmirçioğlunun igidliyi haqqında hələ sağlığında oçerklər, hekayələr, şeirlər yazılıb. Vəfatından sonra isə o, bir ədəbi qəhrəmana çevrilib. Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru və təsisçisi Akif Aşırlı, yazıçı Hicranə Əhmədqızı, şairlər Eyyub Paşa, Azadə Taleh Hüseynova, Zərəngiz Dəmirçi Qayalı, Elmar Sahib və başqalarının yazdığı ədəbi nümunələrdə bu igid döyüşçünün göstərdiyi rəşadətindən, igidliyindən bir örnək kimi söhbət açılır. Doğulduğu Qazax rayonunun mərkəzində “Şəhidlər xiyabanı” deyilən müqəddəs məkanda “Şəhidlərin qız qardaşı-Vəfa Dəmirçioğlu” bulaq kompleksi inşa olunub.
Virtual görüşdə bir daha vurğulanıb ki, şəhidlərimiz heç vaxt ölmür, onlar hər zaman yad olunurlar.
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayonu İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.
Müsabiqəyə qeydiyyat bu il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim-2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.
Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.
Müsabiqənin münsiflər heyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində xsm.2016@mail.ru adresinə müraciət edə bilərlər.
Təşkilat komitəsi münsiflər heyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaq.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müşahidələrimə əsasən belə bir fikirdəyəm ki, görkəmli ziyalı, sənətkar qadınlarımızı hər zaman bir-birindən sənət özəllikləri, özlərinə məxsus üslub, peşəkarlıq vərdişləri, istiqamətləri fərqləndirib. Lakin bir cəhəti də hiss etmişəm ki, onları birləşdirən ümumi, həm də ali bir xüsusiyyətlər də var, bunlardan ən başlıcası qadın mövzusu, Azərbaycan qadınının mükəmməl obrazını yaratmaq istəyidir. Analarımızın çətinlik və məhrumiyyətlər yaşadıqları acı taleləri, həyat uğrunda mübarizlikləri, yaradıcılıqları, vətənə, millətə şərəflə xidmətdə keçən həyat yolları onları bu mənada bitkin, qüdrətli obrazlar yaratmağa sövq etmişdir. Əsasən də yaradıcılıqlarında uğur qazanmışlar. Azərbaycan qadınının obrazı bədii ədəbiyyatda da, rəssamlıqda da uğurla yaradılmışdır. Hər bir sənətkar da yaratdığı obraza özünün görüb-duyduğu, müşahidə etdiyi fərqli, məxsusi olan rəng çalarlarını əlavə edir.
Belə bir sənət taleyini yaşayanlardan biri də Azərbaycanın Xalq rəssamı, Azərbaycan SSR dövlət mükafatı laureatı Maral xanım Rəhmanzadə olub. Təbii ki, bir çox sənətkarlarımız kimi, onun da həyatı daşlı-kəsəkli yollardan keçərək bərkimiş, mətinləşmiş, özünün sənət yollarında böyük yaradıcılıq uğurları ilə ictimai, mənəvi, mədəni əhəmiyyət kəsb etmişdir.
Bu yerdə Maral Rəhmanzadənin tərcümeyi-halında bəzi məqamlara diqqət yetirmək zərurəti ortaya gəlir. Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində doğulub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq İnstitutunda oxuyub, 1934-1940-cı illərdə isə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Həyatının gənclik illərində acılar yaşayan Maral xanım çox çətinliklər görüb, bu mənada böyük bir məktəb keçib. Belə ki, atası otuzuncu illər repressiyasına məruz qalır, onu xalq düşməni kimi ləkələyir, Daşkənd həbsxanasına göndərirlər. Çox keçmir ki, o, elə həbsxanada dünyasını dəyişir. İnstitutu bitirdikdən sonra Maral Rəhmanzadə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işləsə də, atasının həbsindən sonra Bakıya qayıdır. Moskvada cəmi 6 ay işləməsinə baxmayaraq, sənətdə müəyyən təcrübə qazanır. Bakıda fəaliyyətə başlayan rəssamın əsərləri “Maral Rəhmanzdə” imzası ilə incəsənət aləmində tanınır, fırçasının ecazı mütəxəssislər, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycan qadınının obrazı. Keçmiş dövrlərdən başlamış, həyat - məişətdəki qadağalar, cəhalətdə boğulan, savadsızlıq içində məhv olan və yeni həyatın inkişafı proseslərində yetişən, cəmiyyətin, ailənin əsas sütunlarından olan qadınların portreti Maral Rəhmanzadənin əsərlərində silsilə obrazlar qalereyası kimi yaradılmışdır. Bakıda fəaliyyətinin ilk çağlarından da Maral xanımın əsərləri əsasən “Azərbaycan qadını” jurnalında dərc olunur, görkəmli sənətkarlar haqqında öz sözlərini deyirdilər. Formaca, avtobioqrafik rəsmlərinin hamısı sanki bir-birini məzmunca tamamlayır. Rəssamın “Mənim bacılarım”, “Bizim qızlar” əsərlərində Azərbaycanın qoçaq, qüdrətli, mərd, ağıllı qadınlarının, analarının obrazı aşkar görünür. Onun rəsmlərində diqqətçəkən cəhətlərdən biri də rəssamın mövzularında, əsasən də vətənin, xalqımızın həyatı, məişəti keçmişdən üzü gələcəyə doğru uzanan yollarda inkişafını yeni müşahidə, duyum və baxışları ilə işləməsidir. Bunların sırasında mənim də tanış olduğum “Doğma Vətənim”, “Azərbaycan” tabloları dediklərimizin əyani sübutudur. Qeyd edək ki, yaradıcılığının təzəcə çiçəkləndiyi illərdə onun ərsəyə gətirdiyi “Azərbaycan qadını keçmişdə və indi” (1940), “Qadınlar müharibə illərində” (1942) əsərlərində adlarından da göründüyü kimi, Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim, Azərbaycan” (1965-1975) portretləri heç şübhəsiz, müəllifin bütöv bir dövrün tarixi mənzərəsinin salnaməsini yaratmaq istəyindən doğmuşdur.
Ümumiyyətlə, Maral Rəhmanzadə özünün sənət incilərində vətəni Azərbaycanı böyük məhəbbətlə vəsf etməklə bir növ gələcək nəslə yurdunu, dədə-baba torpaqlarını sevməyi ərməğan etmişdir.
Maral Rəhmanzadə kitab qrafikası sahəsində də xeyli əsərlər yaratmış, ölkə nəşriyyatlarının sifarişi ilə bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Belə ki, rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə çəkdiyi illüstrasiyaların da müəllifidir. O, müxtəlif illərdə bir sıra xarici ölkələrdə də olmuş, həmin ölkələrin həyatından silsilə qravürlər (Çexoslovakiyada, 1959-1960) yaratmışdır.
Maral Rəhmanzadənin əsərlərinin taleyinə gəlincə, burada da məlum faktları xatırlamağı vacib sanırıq. Rəssamın əsərləri xarici ölkələrin incəsənət sərgilərində – İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya və Livanda nümayiş olunub.
Bundan başqa, dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964), İranda (1991) fərdi sərgisi açılmışdır. Əsərləri Tretyakov qalereyası (Moskva), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
Maral Rəhmanzadənin incəsənət tariximizdəki əməyi dövlətimiz tərəfindən bir sıra mükafatlara – “Qırmızı Əmək Bayrağı ordeni”, “Şərəf nişanı ordeni”, “Şöhrət” ordeninə layiq görülüb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən çox sevilən məşhur əsərləridir.
M.Rəhmanzadənin əsərləri təsviri sənətimizin inkişafında müstəsna rol oynamaqla yanaşı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rola malikdir. Bu mənada onun əsərləri maarifçilik baxımından da böyük əhəmiyyət kəsb edir.