Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb

    Respublika Gənclər Kitabxanası Ağdam rayonunun işğalı ilə əlaqədar videoçarxlar hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib.

    Kitabxana əməkdaşları 23 iyul - Ağdam rayonunun işğalı ilə əlaqədar rayonun tarixinə həsr olunmuş “Ağdam yaddaşımızın tarixi, tariximizin yaddaşı” adlı videoçarx, eyni zamanda, rayon uğrunda gedən döyüşlərdə şücaət göstərən, əslən bu torpaqdan olan Milli qəhrəmanlar Allahverdi Bağırov və Muxtar Qasımov haqqında videomateriallar hazırlayıb. “Ağdam yaddaşımızın tarixi, tariximizin yaddaşı” adlı videoçarxda Ağdam şəhərinin tarixi, ərazisi, təbiəti, mədəniyyət abidələri, işğalı və Ağdam rayonunun yetişdirməsi olan 4 Milli Qəhrəman – Allahverdi Bağırov, “Fred Asif” adı ilə tanınan Asif Məhərrəmov, Rzayev Canpolad, Edilov Yelmar haqqında məlumatlar yerləşdirilib.

    Hərbi vətənpərvərlik hisslərini tərənnüm edən bu videoçarxlar sosial şəbəkə istifadəçilərimiz, xüsusilə də yeniyetmə və gənclər üçün öz dərin məzmunu və maraqlı məlumatları sayəsində çox faydalı olacaqdır.

    Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrinə yerləşdirdiyi hərbi vətənpərvərlik mövzusunda olan materiallar öz baxış sayına görə həmişə ön sıralarda olub.

    İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallara kitabxananın “Instagram” səhifəsində baxa bilərlər.

     
  • Milli Kitabxana “Milli Mətbuat-145” adlı virtual sərgi açıb

    İyulun 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə “Milli Mətbuat-145” adlı virtual sərgi təqdim edilib.

    Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab və məqalələrin elektron resursları yer alır. Milli mətbuatımızın keçib gəldiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilib. “Milli Mətbuat-145” sərgisi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linki vasitəsilə tanış olmaq olar.

     
  • Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni layihələrini davam etdirir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yeni layihələr həyata keçirməkdə davam edir.

    Kitabxana növbəti - “Şəhidlər ölməz, Vətən bölünməz” adlı layihəni reallaşdırmaqla torpaqlarımız uğrunda döyüşən əsgərlərə və həlak olmuş şəhidlərin ailələrinə dəstək olur.

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəxri oxucusu, tanınmış şair Ramiz Qusarçaylı kitabxanaya “Mənlik deyil” və “Gözümdə dərd çiçəkləri” adlı şeirlərini təqdim edib.

    “Mənlik deyil” şeirində şair Azərbaycan uğrunda davadan başqa heç bir davanın bir məna kəsb etmədiyini vurğulayır.

     
  • Milli mətbuatımız “Əkinçi”nin izi ilə...

    Bu gün ölkədə və dünyada baş verən bütün prosesləri bizə xəbər verən milli mətbuatımızın yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və ölkəmizin ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrə başladığı tarix 1991-ci ildən Azərbaycan Milli Mətbuat Günü kimi qeyd olunur.

    Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Milli Mətbuat Günü ilə bağlı hazırladığı yazını təqdim edirik.

    Həmin dövrdə ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmiş və xeyli zəhmətdən sonra Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur.1875-ci il 22 iyul tarixindən 1877-ci il sentyabradək fəaliyyət göstərən və cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzet Azərbaycan mətbuatının təşəkkülündə böyük rolu olub. Bu illər ərzində qəzetdə dövrünün bir çox öndə gedən, maarifpərvərlərinin - Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub.

    Həsən bəy Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan maarifpərvər, demokratik naşirlər “Əkinçi”nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdilər, həmçinin Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Buna görə də onlar, "Əkinçi" qəzeti səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumat dərc edilir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verilir, "Əkinçi" bu qəzetlərlə müqayisə edilir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdılar. Lakin belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan "Əkinçi" sonrakı illərdə yerini "Kəşkül" (1883), "Ziya" (1884) qəzetlərinə verdi. 20-ci əsrin əvvəllərində nəşr olunan mətbu orqanlar isə Azərbaycanın milli-azadlıq, milli oyanış hərəkatının əsas istiqamətverici qüvvəsi kimi tarixə düşmüşlər.

    Ölkəmizdə milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə nəşr olunan qəzetlər isə cəmiyyətin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıb. Xüsusilə, Azərbaycanda milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan bu illərdə "Həyat", "Təzə həyat", "Füyuzat", "Şəlalə", "Açıq söz", "Şərqi-rus" və s. kimi qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıb, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində müstəsna xidmət edib.

    O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Ölkəmizin mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən, ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun səviyyədə görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi. Lakin heç şübhəsiz, demokratik cəmiyyətin inkişafına mane olan amillərdən biri də senzuranın mövcudluğudur. Azərbaycanda hələ sovet dövründən həm mətbuat, həm də incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi senzura tətbiq olunurdu. Azad yaradıcılığa, müstəqil fikrə ciddi senzuranın tətbiq olunduğu yerdə hansı inkişafdan söz açmaq olar? Mediada senzuranın tətbiqi həm də demokratik dəyərlərin tapdalanması deməkdir. Buna görə də demokratiya yolunda addımlayan ölkələr ilk olaraq mətbuat senzurasını aradan qaldırırlar.

    Artıq XX əsrin 80-ci illərindən milli mətbuatımız azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, həmçinin yenilənən informasiya vasitəsilə operativ məlumatlandırmanın daşıyıcısı olub.

    Qeyd edək ki, ölkəmiz üçün bu yolda ilk addım isə ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpasından sonra atıldı. Belə ki, əvvəlcə sistemli formada KİV-lərin hüquqi bazası yaradıldı. Demokratiyanın yüksək inkişaf etdiyi qabaqcıl ölkələrin təcrübəsini əsas tutaraq Azərbaycan Konstitusiyasında mətbuat dövlət tərəfindən öz hüquqlarının yüksək səviyyədə qorunmasının təminatını həyata keçirdi. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.

    Daha sonra ulu öndər Heydər Əliyevin 16 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Təbii ki, senzuranın birdəfəlik ləğvi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi, jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura “bəlasından” xilas oldular.

    Ölkəmizdə mətbuata olan diqqət və qayğı Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da gücləndirildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun yaradılmasında məqsəd Azərbaycanda söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsidir.

    Azərbaycan mətbuat tarixində ilkə imza atan, ana dilli mətbuatının ilk təməl daşlarını hörən Həsən bəy Zərdabi belə deyirdi: “Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belə də iş irəli gedə bilər".

    Həmin vaxtdan ötən 145 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

    Ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyətdə inkişaf etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Bu meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir.

    Bütün dövrlərdə mətbuat cəmiyyətin aynası hesab edilir. Bu səbəbdən mətbuat ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, eləcə də dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir, müstəqil media qurumları yaradılır. Xüsusilə müharibə şəraitində yaşayan dövlət kimi, düşmənə qarşı hər cəbhədə mübarizə aparmalı olduğumuzu unutmamalıyıq. Müasir dövrdə isə informasiya mübarizəsinin qalibi olan tərəf bütün mübarizələrdən qalib ayrılmağa təkan verən qüvvələrdəndir.

    Hazırkı şəraitdə Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanın təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.

  • Almaniya internet nəşrində Azərbaycan səfirinin “Azərbaycanın turizm profili” başlıqlı məqaləsi dərc olunub

    Almaniya Müstəqil Səyahət Şirkətləri Alyansı – Federal Assosiasiyasının (ASR) internet səhifəsində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun “Azərbaycanın turizm profili” başlıqlı məqaləsi dərc olunub (https://www.asr-berlin.de/ausschuss-internationale-beziehungen/azerbaijans-tourism-profile/).

    Məqalədə ölkəmizdəki multikulturalizm modeli, alman irsi, turizm sənayesi, eləcə də eno, tibbi, aqro-turizm potensialı və perspektivləri barədə məlumatlar diqqətə təqdim olunur. Məqalədə həmçinin, İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məqam da öz əksini tapıb. Bu xüsusda, məqalənin xülasəsini aşağıda diqqətinizə təqdim edirik.

    Multikulturalizm modeli

    Şərqin və Qərbin qarışığını özündə ehtiva edən Azərbaycan dünya sivilizasiyasının ən qədim məskənlərindən biridir. Azərbaycanın tarixi və mədəniyyəti çoxlu sivilizasiyaların və dinlərin elementlərini, o cümlədən Qafqazın xüsusiyyətlərini əhatə edir. Azərbaycan, sivilizasiyalar arasında mühüm körpü, eləcə də multikulturalizm, qonaqpərvərlik və tolerantlıq üçün unikal məkan qismində beynəlxalq reputasiya qazanmışdır. Ölkə əsrlər boyu dünyanın mədəniyyət qovşaqlarından biri kimi məşhur olmuşdur. Dünyəvi ölkə qismində, Azərbaycan dini cəhətdən dünyanın ən tolerant ölkələrindən biridir. Bütün dinlərin nümayəndələri eyni statusa və ən yüksək dini azadlıq səviyyəsinə malikdirlər, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşayırlar.

    Bu xüsusda, Azərbaycan, müxtəlif turist qrupları üçün məşhur təyinat ölkəsi qismində inkişaf etmişdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu) multikulturalizmin bariz nümunələridir. Mədəni və dini müxtəlifliyin təbliği, eləcə də multikulturalizm qovşağı qismində Azərbaycanın təşviqi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Yüksək turizm profilinə malik olan ölkə qismində Azərbaycanın nüfuzu qlobal arenada beynəlxalq tədbirlərə (Avroviziya Mahnı Müsabiqəsi, 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi, “UEFA” Avropa Liqasının Final Oyunu) ev sahibliyi etməklə daha da güclənmişdir.

    Alman irsi

    Azərbaycan tarixinin alman səhifəsi çox unikaldır və 200 il bundan öncə başlamışdır. 19-cu əsrin əvvəlində Vürttemberqdən olan almanlar Azərbaycanda məskunlaşmışlar. Onlar Azərbaycanlılarla inteqrasiya edə bilmiş və ölkənin aqro-sənayesinin inkişafına əhəmiyyətli töhfə vermişlər. 19-cu əsrin əvvəllərində alman məskunları yeni üzüm bağları salmaqla, kommersiya-məqsədli şərab sənayesinə başlamaqla və şərab istehsalını Avropa şərablarına münasibətdə rəqabət qabiliyyətli etməklə Azərbaycanın şərabçılığının inkişafında mühüm rol oynamışlar. Qafqazda alman mədəniyyətinin qovşağına çevrilmiş Göygöl (Helenendorf) həmçinin, şərab sənayesinin inkişafı üzrə məşhurlaşmışdır. Rayonda yüzlərlə alman-stilli evlər qalmaqdadır, onlardan biri də hazırda muzey qismində fəaliyyət göstərən, Göygölün sonuncu almanının rezidensiyası olmuş “Viktor Klein”ın Evidir. Azərbaycanın ilk Lüteran kilsəsi Göygöldə inşa olunmuşdur. Almanların məskunlaşdığı, sonradan şərabçılığın mərkəzi kimi məşhurlaşmış digər Azərbaycan şəhəri Şəmkirdir (Annenfeld). Şəmkir, alman-stilli evlər və Lüteran kilsəsi ilə alman atmosferini saxlamışdır. Tarixi, dini və mədəni abidələri özündə ehtiva edən alman irsi Azərbaycanda lazımi qaydada qorunub-saxlanılır. Alman arxitekturasının digər məşhur nümunəsi Bakıdakı Xilaskar Lüteran Kilsəsidir. Eyni zamanda, 19-cu əsrin sonunda, almanlar Naftalanda yaraların müalicəsi məqsədilə məlhəm istehsalı üzrə ixtisaslaşmış şirkət açmışlar. Naftalan nefti əsasında hazırlanmış dərmanlar dünyanın əczaçılıq sensasiyalarından birinə çevrilmiş, Avropadakı apteklərdə və kosmetika mağazalarında satılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 30.08.2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi 2017-ci ildə ölkədə və xaricdə geniş şəkildə qeyd edilmişdir. Bu tarixin 100 illiyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilmişdir. 2019-cu ildə təxminən 21000 alman Azərbaycanda səfərdə olmuşdur (2018-ci il ilə müqayisədə təqribən 20% artım).

    Turizm sənayesi

    İqtisadi diversifikasiya və regionların bərabər inkişafı kontekstində turizm sektoru Azərbaycanda mühüm prioritetlərdən biri qismində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə ixtisaslaşmış turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə yol xəritəsi qəbul olunmuşdur. Eyni zamanda, turizmlə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış” milli inkişaf konsepsiyasında əksini tapmışdır.

    Ölkəmizə beynəlxalq turistlərin axının artırılması üçün Azərbaycan güclü turizm potensialına malikdir və sözügedən sənayenin davamlılığının təmin olunması məqsədilə lazımi infrastrukur inkişaf etdirilmişdir. “Açıq Qapılar” siyasəti, eləcə də daxili və xarici sərmayələr Azərbaycanda turizm sektorunun daha da irəliləməsi üçün mühüm rol oynamışdır. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan çoxlu turizm xüsusiyyətləri ilə zəngindir. Azərbaycan tarixi və qədim arxeoloji və arxitektura abidələri ilə zəngin olan ölkədir. Ölkənin turizm sektoru özünün inkişaf dinamikasını saxlamış və 2019-cu ildə 3 milyondan artıq əcnəbi Azərbaycana səfər etmişdir. 2019-cu ildə turizmin ÜDM-dəki payı 2.4% olmuşdur.

    Bakının İçərişəhəri, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Xan sarayı ilə birgə Şəkinin Tarixi Mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilmişdir. “Atəşgah” və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbii Qoruğundakı əbədi alov mənbələri Azərbaycanda təbii enerjinin tarixini, eləcə də Zərdüştlüyün mədəniyyətə təsirini göstərir. Bakı ətrafındakı qumlu Xəzər sahilləri çimərlik turizmi üçün ecazkar anlar təklif edir. Azərbaycanın zəngin təbiəti, faunası və florası, təbii parkları və bio-müxtəlifliyi eko-turizm üçün böyük imkanlar açır. Şahdağ Kompleksi Azərbaycanın xizək kurortudur.

    8-10 aprel 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi dünyanın turizm bazarının mühüm “aktor”larını bir araya gətirən qlobal platformadır.

    Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbi adıçəkilən sənaye üçün rəqabət qabiliyyətli mütəxəssislər hazırlayırlar.

    Eno-turizm

    Azərbaycanın üzümçülük ənənələri minillik irsi ehtiva edir və ölkə dünyanın ən qədim şərabçılıq məkanlarından biridir. Əlverişli iqlim müxtəlifliyi sayəsində Azərbaycanın bir sıra regionlarında (Gəncə, Naxçıvan, Qafqazın dağətəyi, Şirvan düzü, Kür-Araz ovalığı, Xəzər dənizinin sahilləri) çoxsaylı üzüm növləri yetişdirilir. Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı şərab istehsalı və ixracı üçün yeni üfüqlər açmışdır. Azərbaycan Xəzər regionunda mühüm şərab istehsalçılarından və ixracatçılarından biridir. Ölkədəki bir sıra şərabçılıq zavodlarında və üzüm bağlarında daxili istehlak və ixrac üçün şərab istehsal edilir. Əksər istehsalçılar zavod “tur”ları təklif edir, o cümlədən dequstasiya və sərgi zallarına sahibdirlər. Azərbaycanın dünyaca məşhur nar şərabı qlobal miqyasda rəqabət qabiliyyətliliyə və bir sıra sağlamlıq faydalarına malikdir.

    Tibbi turizm

    Təbii komponentlərdən istifadə etməklə xəstəliklərin müalicəsinin ənənəvi metodları yalnız yerli əhali deyil, eləcə də Azərbaycana səfər edən əcnəbilər arasında məşhurdur. Naftalanda istehsal olunan tibbi neft və onun yüksək sağlamlıq keyfiyyətləri əsrlərboyu məşhur olmuş və bu məhsulun bütün Avrasiyada ticarəti aparılmışdır.

    Naftalan terapiyası xəstəliklərin müalicəsi üçün ən yaxşı metodlardan biri hesab olunur. Naftalan nefti tibbin bir sıra sahələrində vacib komponentdir və müstəsna şəfa mənbəyidir. Naftalan, özünün neft vannaları ilə məşhur olan möhtəşəm balneoterapevtik kurortdur. Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Duz mağarasında yerləşən bu Mərkəz mühüm tibb məkanıdır və bir sıra xəstəliklərin müalicəsi üzrə ixtisaslaşır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası mineral sularla (Sirab, Badamlı, Vayxır və s.) zəngindir. Həmin mineral sular bir çox xəstəliklərin müalicəsində faydalıdır. Şabranda yerləşən Qalaaltı Balneoloji Kurortu möcüzəli təbii mineral su ilə müalicə təklif edir. Qalaaltı mineral suyu bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Lənkəran regionu, yerli əhalinin və əcnəbilərin əsrlərlə özlərini müalicə etdikləri qaynar bulaqlarla zəngindir. Bütün region boyu yayılmış termal su bulaqları müxtəlif xəstəliklərin müalicəsi üçün məlhəm kimi istifadə olunmuşdur. Lənkəran İstisu Sağlamlıq Mərkəzi və Masallı İstisu Sanatoriyası minerallarla zəngin termal su ilə doldurulmuş vannalar təmin edir. Yanar Bulaq, bir sıra xəstəliklərin müalicəsində faydalı təsirə malikdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı palçıq vulkanı “landşaft”ı ən füsunkar yerlərdən biridir. Bu cür palçıq bir sıra xəstəliklərin müalicəsində, eləcə də kosmetologiyada istifadə edilir.

    Aqroturizm

    Azərbaycan iqlim “kontrast”ları ölkəsidir. Azərbaycanın bir çox regionları müxtəlif məhsul növlərini yetişdirmək üçün əlverişli hava şəraitinə, unikal iqlimə və münbit torpağa malikdirlər. Ölkənin böyük kənd təsərrüfatı potensialı Azərbaycanda aqroturizmin daha da inkişaf etdirilməsi üçün imkanlar yaradır. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Azərbaycanın bioorqanik meyvələri və tərəvəzləri ölkənin mühüm kənd təsərrüfatı üstünlükləridir. Bir sıra regionların (Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Gəncə-Qazax, Lənkəran-Astara) aqroturizm resursları perspektiv potensiala və müqayisəli üstünlüklərə malikdir. Sitrus və nar vadiləri aqroturları Azərbaycanda kənd təsərrüfatı potensialının reallaşdırılmasının bariz nümunələridir. Kənd təsərrüfatı sahibkarlığı ölkədə yaxşı inkişaf etmişdir. Davamlı kənd təsərrüfatının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təminatı, kənd yerlərinin inkişafı və ixrac potensialının təşviqi məqsədilə ölkədə bir sıra aqroparklar (Bakı, Şəmkir, Yalama və s.) təsis olunmuşdur. Aqroparkların rezidentləri müvafiq iqtisadi imtiyazlarla təmin olunurlar.

    Məlumat üçün bildiririk ki, 1976-cı ildə təsis edilmiş və təxminən 500 üzvü olan ASR kiçik və orta-miqyaslı səyahət agentliklərini və turoperatorları birləşdirir.

  • Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn fəaliyyəti ilə izləyiciləri üçün maarifləndirici materiallar çatdırmağa davam edir. Kitabxanadan bildirilib ki, bu məqsədlə “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni virtual səyahət videoçarxının hazırlanmasına start verilib. Respublika Gənclər Kitabxanasının “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbəsinin müdiri Səadət Şəfiyeva tərəfindən hazırlanan bu videoçarxlar silsilə xarakteri daşıyır və bu günədək bu layihənin iki buraxılışı izləyicilərə təqdim olunub.

    Həmin videoçarxlarda xarici görünüşü ilə fərqlənən dünyanın ən qeyri-adi kitabxanalarından Fransada Lui-Nyusser, İtaliyada Sandro Penna, Çində Liyuan kitabxanaları, Belarusda Minsk Milli Kitabxanası, ABŞ-ın Kaliforniya Universitetinin Qeyzel Kitabxanası, Danimarkanın Kral Kitabxanası, Meksikada A47 adlanan təkərlərdə mobil kitabxana, Qazaxıstanda olan Milli Kitabxana, Nyu-York şəhərinin metro stansiyasında inşa edilən kitabxana, Keniyada “Dəvə kitabxanası”, İsveçdə “Sonsuz kitabxana” və digər qeyri-adi kitabxanalar haqqında ətraflı məlumat verməklə yanaşı, həmin kitabxanaların rəngarəng görüntüləri də virtual səyahət formatında, əyləncəli şəkildə “Instagram” və “Facebook” səhifələrində izləyicilərin diqqətinə təqdim edilib. Onu da qeyd etmək lazımdır ki, hər bir dünya ölkəsinin kitabxanasından danışarkən fonda bu ölkələrin özlərinə xas olan musiqiləri də səsləndirilib.

     
  • “#ulduzlu nəşrlər” seriyasından növbəti kitab işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının ortaq layihəsi olan “#ulduzlu nəşrlər” seriyasından onuncu – “Kitab xəstəsi” adlı kitab işıq üzü görüb.

    Bu seriyaya Nobel mükafatı laureatı Herman Hessenin kitab, mütaliə, ədəbiyyat haqqında ən dəyərli 19 essesi daxil edilib. Esseləri yazıçı-tərcüməçi Xanım Aydın tərcümə edib.

    “Kitab oxumaq barədə”, “Kitab xəstəsi”, “Roman oxumaq”, “Kitabın sehri”, “Mütaliə barədə”, “Sevimli mütaliə”, “Aşkarlanmamış xəzinə”, “Kitabların əldə edilməsi və oxunması”, “Dünyəvi böhran və kitablar”, “Kitabların tozunun alınması”, “Şeirlər haqqında”, “Ədəbiyyatçının iş günləri”, “Novalis”, “Raritet”, “Ucuz kitablar”, “Yataqda mütaliə”, “Şair”, “Gənc şairə”, “Tolstoy və Rusiya” kitaba daxil edilmiş esselərdir.

    Qeyd edək ki, layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Fərid Hüseyn, dizayneri Zahid Məmmədovdur.

     
  • Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, Fərəh Əliyeva çıxış edərək dövlət başçısının iyulun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Anar Kərimov məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti, eyni zamanda, mədəniyyət sahəsi ilə sıx bağlı olub. Qeyd edilib ki, Anar Kərimov Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması, həmçinin mədəni irsimizin tanınması və təbliği işində fəal iştirak edib, bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.

    Dövlət başçısının müvafiq sərəncamına əsasən, Anar Kərimovun, həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Fərəh Əliyeva ümidvar olduğunu bildirib ki, o, bu yüksək etimadın öhdəsindən gələcək. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə, o cümlədən yerlərdə uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, mədəniyyət evləri, muzeylər və s. müəssisələrin fəaliyyəti ilə bağlı bir müddət əvvəl başlanan islahatlar prosesi davam etdirilməlidir.

    Prezident Administrasiyasının şöbə müdiri Anar Kərimova və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

    Təqdimat mərasimində çıxış edən Anar Kərimov ona göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirliyin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri olub. Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quracağını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir. Bunun üçün bütün sahələr üzrə mövcud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.

    Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.

    Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.

     
  • “Mədəniyyət” kanalı bu gündən “Mən də əsgərəm” adlı layihəyə start verir

    “Mədəniyyət” kanalı yeni “Mən də əsgərəm” adlı layihəyə bu gündən start verir.

    Bu barədə kanalın direktoru Ramil Qasımov məlumat verib.

    Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd müharibə şəraitində olan ölkəmizdə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, gənclərdə Vətənə sevgi hissi formalaşdırmaq, onlarda mübarizə ruhunu daha da artırmaqdır.

    “Bildiyiniz kimi, son günlər cəhbə xəttində, xüsusilə Tovuz istiqamətində baş verən hadisələr xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. “Mən də əsgərəm” layihəsi vasitəsilə hər bir istedadlı və yaradıcı şəxs öz yaradıcılığı ilə gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyə bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs - bəstəkar, musiqiçi, heykəltaraş, rəssam, aktyor, rejissor, bir sözlə, mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”, - deyə R.Qasımov əlavə edib.

    Direktor Vətəninə xidmət etmək istəyən incəsənət xadimlərini bu layihədə iştiraka dəvət edib.

    Layihədə iştirak etmək istəyənlər vətənpərvərlik mövzusunda olan əsərini 2 dəqiqədən artıq olmamaq şərti ilə çəkərək +99450-492-14-58 nömrəsinə “WhatsApp” vasitəsilə göndərə bilərlər.

    Layihə başa çatdıqdan sonra, iştirakçılar “Mədəniyyət”kanalının təşkilatçılığı ilə keçiriləcək telefestivalda iştirak edəcəklər.

     
  • İnternet məkan ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur

    İnternet məkan ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur.

    Bu fikir iyulun 22-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunmuş “Mədəniyyətimizin kütləvi informasiya vasitələrində təbliği” adlı vebinarda səsləndirilib.

    Tədbirin açılışında “Əkinçidən başlanan tarix...” adlı videoçarx nümayiş olunub. Vebinarda Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

    Çıxış edənlər milli mətbuatımızın tarixindən, mədəniyyətimizin təbliği istiqamətindən, informasiya müharibəsində mətbuatın rolundan, jurnalistlərin nitq mədəniyyətindən və digər mövzulardan danışıblar.

    Bildirilib ki, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının imzalanması bunun bariz nümunəsidir.

    Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, vebinarın məqsədi mədəniyyətimizin təbliğində KİV-in mühüm rolunu bir daha vurğulamaqdır.