Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Musiqili Teatrın balet truppasının quruluşçu baletmeysterinin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

    Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

    Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.

     
  • Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”

    Biz onunla “Əli və Nino” kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası – böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim:

    - Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün.

    Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: “Ümumiyyətlə mən nadir hallarda gülürəm”. – “Nə üçün?” – “Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam”.

    Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru – babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, “Hümmət” Partiyasının əsasını qoyanlardan biri, “Əkinçi” qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub.

    - Bu “Şamaxı qaçqını” hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. – Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib.

    Atası, onun dostları və o dövrün qorxusu barədə

    Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda – yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: “Sən ağarmış başını Solovkidə qoyacaqsan”.

    - O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz – uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi.

    - O, Bakıdan köçüb getməyə hazırlaşırdı?

    - O, həbs olunmağa hazır idi. Bilirdi ki, növbəti “təmizləmə” siyahısında Səməd Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları var.

    ...O illərin repressiyaları barədə çoxlu proqram hazırlamışam və bir məsələ məni həmişə narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət etdim: “Nə üçün ağıllı adamlar onlara divan tutulmasını belə sakitcə gözləyirdilər? Nə üçün cəlladlardan qaçmırdılar?”.

    - Hara qaçaydılar?! Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağı qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra... Bu nəsil romantiklər nəsli idi. Onlar öz Vətənini fədakarcasına sevirdilər. Heç nəyə baxmadan hakimiyyətə inanırdılar.

    - Lakin həm də ondan qorxurdular, eləmi?

    - Qorxurdular. Valideynlərimin yataq otağında hökumət telefonu vardı. Bu telefonla yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə, - bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə qaçırdıq. Qorxumuzdan pıçıltı ilə danışırdıq... (bir qədər susdu). İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: “Sən yenə səsini azaldırsan?” Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır.

    - Böyük adamın qızı olmaq çətin idimi?

    - Məsuliyyətli idi. Axı sən təkcə özünü təmsil etmirsən. Atamı hörmətdən salmamaq çox vacib idi. Çünki o da, biz də göz qabağında idik. Dövr isə sərt və təhlükəli idi.

    - Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər gəlirdi, onun dostlarından kimi xatırlayırsınız?

    - Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər Akademiyasının prezidenti olan dövrdə. Səməd Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə - bir sözlə, neft geologiyasının qızıl fondunun bütün qaymaqları. Çay süfrəsi sadə, münasibətlər təbii, şən olurdu. O vaxt intellektual diskussiyaları çox eşitmişəm.

    “Dünyanın yarısını ona tapşırmışdılar”

    - Necə oldu ki, siz şərqşünaslıq peşəsini seçdiniz? Yeri gəlmişkən, 1960-cı illərdə bu, Bakıda ən prestijli və dəbdə olan fakültələrdən biri idi.

    - Elədir, oraya çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım.

    Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub.

    ...Hafiz Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər – Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. Şair Nəriman Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: “Sənə dünyanın yarısını tapşırıblar”. Yadımdadır, Hafiz Mircəlal oğlundan soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri üçün ən mürəkkəb sual nə idi?

    Səfir xatırlayırdı: O vaxt Vaşinqtonda az adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən mürəkkəb sual da lakonik səslənirdi: nədən başlamalı? “Vaşinqton Post” qəzetində dərc edilmiş bir yazı məni, sadəcə, şok etdi. Ağ Evdə Azərbaycana görə cavabdeh olan yüksəkrütbəli şəxs telefonda öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib. Məmur öz xanımından sakitcə soruşur: “Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?”

    Rəna xanım da ərinin sözlərini təkrar edir:

    - Bəli, 1990-cı illərin əvvəli olduqca mürəkkəb dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar çıxır. Hara getsən, hər yerdə soruşurlar: “Siz nə üçün onları öldürürsünüz?”. Anamın dərdi barədə danışmaq istəyirəm, ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Heç kəs bunu eşitmək istəmir. Nə konqresmenlər, nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi söhbətlər zamanı da. Qarşımızda “Berlin divarı” dayanmışdı və Hafiz sözün hərfi mənasında bu divarı dəf etməyə çalışırdı. Mənim əllərim yanıma düşmüşdü.

    ...Kənardan baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər gün çox böyük səbir tələb edən yorucu işlə dolu həyatdır. Zahirən o qədər də effektli görünməyən bu həyat, əslində, dərin daxili temperament, fikir temperamenti ilə doludur.

    - Gecələr çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə Hafiz Paşayev xatırlayırdı, - özümün və xalqımın təhqir olunması fikri mənə dinclik vermirdi. Axı işğal edilmiş ərazilər, öz yurdundan silah gücünə qovulmuş insanlar mənim millətimə mənsubdur. Nə üçün? Nəyə görə? Hansı haqla?

    - Belə vəziyyət çoxmu davam etdi?

    - Üç-dörd il, - Rəna xanım dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım.

    ...Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur – Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir – filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı.

    - Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər ilə səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: “Siz kimsiniz? Hansı ölkədənsiniz?” Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: “Ah, Sizin o qız necə gözəl idi!”. Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu...

    Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı “Əsrin müqaviləsi” imzalananda isə, əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar.

    “Raisa Qorbaçovanın brilyant üzüyü”

    Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, “qəşəng yalançı” idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı.

    Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan “Ştern” jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür.

    Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında

    İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü “odun, suyun və zəfərlərin içində” qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər.

    - Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik.

    - Siz dünyabaxışınıza görə necə adamlarsınız – optimist, pessimist, yoxsa romantik?

    - Çox güman ki, realistlərik. Hafiz yumor hissi olan realistdir, mən isə, sadəcə, realist.

    - Bu gün sizi qorxudan məsələlər varmı?

    - Bəli. Müharibə. Mən nəvələrim üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha yaxşıdır.

    - Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi?

    - Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən – istər Ağ Ev olsun, istər Baş Qərargah və Pentaqon – hər yerdə qadınlardır. Oradakı çalışanların 50 faizi qadınlardır. Bizdə bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə qadınlar nə qədər çox olsa, dünyamız bir o qədər xeyirxah və təhlükəsiz olar.

    - Rəna xanım, həyatınızdan razısınızmı?

    - Bir dəfə qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə istirahət edir, çünki biz atalarımız qədər yüksək mövqelərə çatmamışıq. Cavabında mən dedim ki, nə üçün çatmamışıq? Biz, sadəcə, yaxşı insanlarıq. Məgər bu azdırmı? Məncə, çoxdur, lap çoxdur, çünki yaxşı insanlar azdır.

    ...Mən nə üçün məhz bu söhbəti xatırladım? Bu həftə Rəna xanım Paşayeva dünyasını dəyişdi... Məhz işğalçı ermənilər yenidən təxribat törətdikləri gün. Yenə atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə dammışdı. Əlvida, gözəl, qüssəli xanım, rahat yat.

  • “Şenzen Qlobal Dizayn Mükafatı 2020” müraciətlər üçün açıqdır

    Şenzen Dizayn Həftəsinin Təşkilat Komitəsi dünyanın bütün ölkələrindən olan dizaynerləri “Şenzen Qlobal Dizayn Mükafatı 2020: Anti-Koronavirus Məhsul Dizayn Mükafatı’’ üzrə xüsusi müsabiqəsinə müraciət etməyə dəvət edir.

    Dünyanın bütün ölkələrində fəaliyyət göstərən dizayner və dizayn şirkətləri pandemiyaya qarşı daha effektiv həll yollarını tapmaq üçün bu müsabiqəyə qatılmağa çağırılır.

    Şenzen Dizayn Mükafatının bu xüsusi buraxılışı Şenzen Dizayn Həftəsinin Təşkilat Komitəsi tərəfindən dəstəklənir və Şenzen Dizayn Şəhərinin Təşviqi Assosiasiyası tərəfindən təşkil olunur.

    Müraciətlər oktyabrın 14-dək qəbul olunur.

    Ətraflı məlumat əldə etmək üçün se.s-d-a.org ünvanına daxil olmaq lazımdır.

     
  • Uşaq musiqi məktəbi şagirdlərinin uğuru

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanın Almatı şəhərində keçirilən “Tessa Music Contest” beynəlxalq müsabiqəsində onlayn iştirak edərək yüksək nəticələr qazanıblar.

    İdarədən bildirilib ki, məktəbin fortepiano şöbəsinin müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alan beynəlxalq müsabiqələr laureatları Sevil Kəngərli və Zəhra Aslanlı Qazaxıstan, Rusiya və Azərbaycanın gənc ifaçılarının qatıldığı müsabiqədə müxtəlif yaş qrupları üzrə çıxış ediblər. Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və hər iki ifaçı 1-ci yerə layiq görülüb.

    Həmçinin Sevil Kəngərli bu ilin dekabr ayında keçiriləcək qaliblərin “Qran-Pri” uğrunda mübarizəsinə vəsiqə qazanıb.

     
  • Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında canlı yayımları davam edir

    Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir.

    Kitabxanadan bildirilib ki, növbəti belə görüş Bakı Dövlət Universiteti İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə keçirilib.

    Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayıma 1500-dən çox izləyici qatılıb. Qonaq, ilk növbədə, Ağdam rayonunun işğal gününü kədər hissi ilə qeyd edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Canlı yayım müsahibə xarakteri daşıyıb, qonaq həm aparıcının, həmçinin də istifadəçilərin suallarını cavablandırıb.

    Həmsöhbətlər Ermənistan–Azərbaycan Dağlıq Qarabağ müharibəsi, Ermənistanın təcavüzkar mövqeyi və bu mövqeyə olan beynəlxalq hüququ baxış mövzusu ətrafında müzakirələr aparılıb. Əlövsət müəllim son günlərdə ABŞ Konqresinin erməni təcavüzünü tanıması faktını böyük uğurun kiçik qələbəsi adlandırıb və bu hadisənin gələcəkdə bu məsələyə beynəlxalq mövqeyi dəyişə biləcəyi ehtimalını dilə gətirib.

    Canlı yayımda son günlərdə Fransada, Brüsseldə, Nyu-Yorkda həmvətənlərimizə qarşı aparılan təxribat xarakterli münaqişələr, atəşkəs rejimində dinc əhaliyə vurulan ziyan və s. mövzular da müzakirə olunub.

    Qonaq bu cür mürəkkəb dönəmdə xarici diaspor təşkilatlarının, səfirliklərin üzərinə böyük məsuliyyətin düşdüyünü və onların xaricdə yaşayan həmvətənlərimizi müdafiə etməli olduqlarını qeyd edib. O, həmçinin bu günlərdə xalqımızı birlik nümayiş etdirməyə, informasiya müharibəsi məkanında daha məsuliyyətli olmağa səsləyib. Yalnız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin siyasəti və xalqın birliyi sayəsində bir gün Qarabağda Azərbaycanın bayrağının dalğalanacağına əmin olduğunu vurğulayıb.

    Sonda Əlövsət Allahverdiyev gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərən belə səpkili canlı yayımların təşkilinə görə Respublika Gənclər Kitabxanasının rəhbəri Oruc Quliyevə və bütün kollektivə öz dərin minnətdarlığını bildirib.

    İstifadəçilər Bakı Dövlət Universitetinin kafedra müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CC_mrl6iAhu/ linkı vasitəsilə baxa bilərlər.

     
  • Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir

    Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.

    Qalereyadan bildirilib ki, bu layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, şöhrət və nüfuz qazanacaqları əhatəni daha da genişləndirməkdən ibarətdir. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər. Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (başqa sözlə əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar. Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələrini və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərmələri kifayət edəcək.

    Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

  • Klassik janrların üzləşdiyi böhran

    Bir neçə onilliklər boyu Hollivudun böyük kinostudiyaları bütün istehsallarını klassik janrlara – komediya, vestern, melodrama, detektiv filmlərinə yönəltmişdi. Hər bir kinostudiyanın öz çəkiliş meydançası və cəmiyyət tərəfindən qəbul olunan özünəməxsus bir dünyası vardı. Əgər hansısa bir ehtiyatsız və küt bir gənc onun üçün əlçatmaz olan bir qıza vurulurdusa, əgər hansısa bir polis şerifi qanundan kənar fəaliyyət göstərən bir qrup cinayətkarın əlində saxladığı şəhərə daxil olurdusa və yaxud hansısa bir pis qanqster bütün şəhəri vahiməyə salırdısa, o zaman tamaşaçı əvvəlcədən bilirdi ki, həmin o gənc öz sevgilisinin qəlbini fəth edəcək, şerif qanunları tətbiq edəcək, qanqster isə öz əməllərinə görə cavab verməli olacaq. Klassik janrların süjetləri aydın və əvvəlcədən məlum idi. Buna baxmayaraq, tamaşaçı belə filmləri həvəslə qəbul edirdi.

    1960-cı illərdə klassik janrlar böhranla üzləşdi. Bu, tamaşaçıların nə yeni tələblərinə görə, nə də çəkilən filmlərin bir-birini təkrar etdiyi üçün idi. Bu şəraitə iki amil təsir etdi – bundan öncə böyük studiyaların film istehsalı sistemindəki böhran və Şimali Amerika kino sənayesinə nüfuz edən müəllif kinosunun yeni konsepsiyası. Studiyalar janrların əməl etdiyi qaydalar üzərində nəzarəti götürdükdə kinoşünaslar bu qaydalara məhəl qoymayaraq yeniliklər etməyə başladılar. Hamı da bu baxışlar sisteminə yenilikləri ilə öz töhfəsini vermək istəyir, yeni istiqamətlər axtarırdılar. Bütün bunlar da bir çox janrların müasirləşməsinə gətirib çıxaran yeni dövrə keçid etdi, bəzi janrlar isə bir növ yox oldular.

    Vestern janrı ən çox dəyişikliyə məruz qalan janr oldu. Klassik bir xətlə cərəyan edən “İki nəfər birlikdə at çapır”, “Qərbin fəthi”, “Nevada Smith”, “Qızıl suyuna çəkilmiş” ekran əsərlərində olan Qərbin romantik dünyası get-gedə bədbinliyə və zorakılığa məhkum oldu. Tezliklə insanları köhnə qaydaları müzakirə etməyə səsləyən filmlər görünməyə başlandı. Yaraşıqlı və şərəfli konvoy Robert Aldriçin “Sonuncu sübh çağı”, Marlon Brandonun “Möhkəm üz”, Eliot Silversteynin “Sadəlövh partlayış”, Riçard Bruksun “Peşəkarlar” filmlərində əzab çəkən, sərxoş və şübhəli qəhrəmanların ortaya çıxmasına yol açdı. Ancaq janrı alt-üst edən, onu kökündən dəyişən şəxs Sam Pekinpah oldu. Onun şokedici filmləri (Hündür dağda baş verən döyüş, Vəhşi birləşmə, Cable Hogue balladası, Balaca Billy) Qərbi fərqli bir formada, vəhşi, rüşvətxor və bulaşıq rənglərdə təqdim edirdi. Kinoda baş verən inkişaf Pekinpahın filmlərindəki qəhrəmanların oyununda aydın görünür. Söhbət, həyatla barışmış, at çapmaqdan yorulmuş və zəmanənin dəyişdiyini görən obrazlardan gedir. Bu ekran əsərlərinin yüksən keyfiyyətə malik olmasına baxmayaraq, onlar tarixdə bir dönüş yaratmadı, əksinə, daha çox yavaş-yavaş öləziməkdə olan janra bir sönük rəng verdi.

    Musiqili kinonun da bəxti çox gətirmədi. “Metro”nun istehsal etdiyi “West Side Story”, “My Fair Ledy” və ya “Təbəssüm və göz yaşları” kimi parlaq ekran əsərlərinin uğur qazanmasına baxmayaraq, istehsalçılar belə filmlərin tamaşaçıları artıq cəlb etmədiyini görüb, musiqili filmlərə maraq göstərmədilər və bu janr son olaraq unuduldu. Buna bənzər hadisə detektiv janrın da başına gəldisə, amma janr çulunu sudan çıxara bildi. “Warner”in 1930-cu illərdən dəbə gətirdiyi qanqsterlər haqqında çəkilən filmlər öz cazibədarlığını itirdi. Janrın gələcəyi dumanlı olaraq qalırdı. Ancaq “Alına dəyən güllə” filmi bu dumanı dağıtmağa müvəffəq oldu. Britaniyalı rejissor Con Burmanın səhnələşdirdiyi bu ekran əsəri janra müasir estetik görkəm bəxş etdi. Piter Yeyts və Vilyam Fridkinin kinematoqrafiyada yeni resurs sayılan maşınların bir-birini təqib etmələrini kəşf etməklə detektiv janrını möhkəmlədə bildilər. Sonradan “Çirkin Harry”, “Yeni senturionlar”, “Qaçış” kimi filmlər yarandı.

    Müvafiq yaradıcı axtarışlar sayəsində qorxulu filmlər və fantastik janr xilas ola bildi. Bədheybətlər haqqında çəkilən filmlərin uğursuzluğundan sonra Alfred Hiçkokun “Psycho” və “Quşlar” kimi mükəmməl ekran əsərləri qorxulu filmlər janrını düşdüyü bataqlıqdan çıxartdı. Bir çox rejissorlar bu cür filmlər çəkərkən psixoloji obraz yaratmağa cəhd göstərirdilər. Bədbin təsvirlər yaratmaqla onlar bir növ gərginliyin zirvə nöqtəsini axtarırdılar. Beləliklə, Cek Kleytonun “Gözləmə”, Robert Aldriçin “Meyit üçün beşik nəğməsi”, Samuel Fullerin “Şok dəhlizi”, Terens Yanqın “Günbatanadək gözləməli”, Roman Polanskinin “Şeytan toxumu” kimi gözəl nümunələr ərsəyə gəldi.

    Fantastik filmlərə gəldikdə, bu janrda da bir eniş müşahidə olunurdu. Hansısa filmin istehsalında xüsusi effektlərin istifadə olunmasına baxmayaraq (Riçard Flayşerin “Gözəl səyahət” ekran əsərində olduğu kimi, bir neçə alim bir insanın həyatını xilas etməkdən ötrü kiçilib onun bədəninə daxil olurlar), janrın yoxuşa doğru irəliləməsi 1968-ci ildən başlanır. Həmin il iki ekran əsəri tamaşaçıları heyran qoyur. Onlardan biri “2001, kosmik odisey” əsərində Stenli Kubrik tamaşaçılarda kainata maraq oyatdı. İkinci film isə “Meymunlar planeti” ekran əsəridir ki, burada Franklin Şaffner fantastik janrın bütün imkanlarını ortaya qoymağı bacarıb.

    Baş verən dəyişikliklər dram və komediya janrlarına təsir etməsə də, hətta müharibə janrında da gözlənilməz bir partlayış olsa belə, “Navarone topları”, “The Dirty Dozen” və ya “Qartal döyüşü” filmlərindəki kimi, macəra filmləri janrı 1960-cı illərin böhranı zamanı zərər çəkən klassik janrlardan oldu. Əvvəlki nəsildən fərqli olaraq, o qədər də sadəlövh olmayan camaat, fantaziya krallıqları, qalxan və qılınc dövrünün tarixini seyr etməyi artıq arzulamırdı. Ancaq “Gəmidə üsyan”, “Jason and the Arqonauts”, “Lord Jim” və ya “Padşahlıq edə bilən adam”, əsasən də rəqibsiz Ceyms Bondun “Agent 007” filmindəki möhtəşəm təqdimatı, eyni zamanda “Rusiyadan sevgi ilə” və “Goldfinger” ekran əsərləri macəra filmləri janrını yox olmaq təhlükəsindən xilas etdi…

  • Qida mühəndisliyi ixtisası üzrə karyera imkanları

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I ixtisas qrupu üzrə qida mühəndisliyi ixtisasına qəbul həyata keçirilir.

    UNEC-dən bildirilib ki, bu ixtisası seçən abituriyentlər UNEC-in müasir laboratoriya və auditoriyalarla təchiz olunan yeni kampusunda təhsil alacaqlar.

    Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini və istehsal mərhələlərini və s. öyrənirlər. Bundan əlavə, mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlığın və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir.

    Müvafiq ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən şərabçılıq və qıcqırtma istehsalı olan (pivə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının, çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı, şəkər və yağ istehsalı, iaşə müəssisələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq və s. kimi çalışa bilər.

    Həmçinin idxal və ixrac olunan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun elmi-tədqiqat institutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanılması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin şöbələrində fəaliyyət göstərə bilərlər.

     
  • Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilirSabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir

    Azərbaycanda iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-34° isti, Bakıda gecə 22-25°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.

    İyulun 24-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-34° isti, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

     
  • BP gənc mühəndislər üçün biznes təhsili proqramına başlayır

    BP şirkəti Azərbaycanda gənc mühəndislər üçün yeni biznes təhsili proqramına başlayıb.

    “BP Azerbaijan”dan bildirilib ki, Azərbaycanda BP tərəfindən tam maliyyələşdirilən bu proqram gənc mühəndislərin öz karyeralarında ehtiyac duyduqları idarəetmə və biznes bacarıqlarını inkişaf etdirmələrinə yardım etmək üçün nəzərdə tutulub. Bu layihə BP-nin ölkədə potensialın yaradılmasına və ümumilikdə təhsilin inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir.

    Proqram çərçivəsində gənc mühəndislərə daxili və xarici əməliyyatları təkimilləşdirməkdə lazım olan analitik vasitələr və üsulları tədris etmək üçün geniş təlimlər təklif olunacaq. Gözlənilir ki, bu yeni bacarıqlar gənc mühəndislərə mürəkkəb biznes problemlərini təhlil etməyə və qiymətləndirməyə imkan yaradacaq, “problem həll etmə” və “qərar vermə” kimi sahələrə çevik yanaşmalar tətbiq etməyə kömək edəcək.

    Proqram Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən idarə olunacaq və ölkədəki bütün təşkilatların gənc mühəndisləri üçün açıq olacaq. Proqramın kurikulumuna biznesin idarə olunmasına dair nəzəri və praktiki biliklər, nizamlayıcı təlimlər və uğurlu təcrübəçilər ilə iş daxildir.

    Bu gün proqramın açılışına həsr edilmiş onlayn tədbirdə çıxış edən BP-nin Yaxın Şərq və Xəzər Regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Uzun illər gənc mühəndisləri işə götürərkən biz öz təcrübəmizdə də bir çox hallarda müşahidə etmişik ki, onların peşə bilikləri və texniki bacarıqları güclü olsa da, idarəetmə və biznes bacarıqlarında çatışmazlıqlar olur. Beləliklə, qərara gəldik ki, gənc mühəndislərə dünyada və Azərbaycanda müasir bizneslərin və təşkilatların daha çox tələb etdiyi zəruri biznes idarəetmə bacarıqlarının inkişaf etdirilməsində yardım edə bilərik. Bu mühüm proqramın idarə edilməsini öz üzərinə götürdüyünə görə BANM və onun rəhbərliyinə minnətdarlığımızı bildiririk və əminik ki, bu, BP və bu möhtəşəm ali məktəb arasında çox uğurlu əməkdaşlığın digər bir bariz nümunəsi olacaq”.

    BANM-in rektoru Elmar Qasımov bildirib: “Bu cür layihələr gənc mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına xidmət edir. Əminəm ki, layihədə tədris olunacaq modullar iştirakçılara onların biznes karyerasında, hətta gündəlik həyatlarında müsbət dəyişikliklər edəcək biliklər verəcək. Peşəkar kadr olmaq istəyən mühəndislərin akademik və texniki biliklərlə yanaşı, sosial bacarıqlara da yiyələnməsi müasir dövrün tələbidir. Belə bir unikal layihəyə dəstək verdiyinə görə BP şirkətinə təşəkkür edir və bütün iştirakçılara uğurlar diləyirəm”.

    Təlimlər 8 əsas moduldan ibarət olacaq - Rəhbərlik və komandalar: digərlərini necə moyivasiya etməli; Layihələrin idarə edilməsi və risklər; Maliyyə idarəetməsi; İnsan resursları; Dəyilikliklərin idarə olunması; “Design thinking”; Çevik idarəetmə; Etik normalar və tələblərə uyğunluq. Layihənin ümumi dəyəri 258 min AZN-dir.

    Qeyd edək ki, BP şirkəti Azərbaycanda təxminən 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 76 milyard dollardan çox sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib. Azərbaycanda BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

    Ötən 28 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

    2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 milyon dollar xərcləyib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 87 milyon dollardan çox vəsait xərcləyib.