Sabah Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlarda 16 min 52 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri ilə görüş keçirilib.
İnstitutdan bildirilib ki, direktor akademik Vaqif Fərzəliyev qonaqlara elmi tədqiqat müəssisəsinin yaranma tarixi, strukturu, fəaliyyətinin əsas istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri, son illərdə əldə etdiyi fundamental nəzəri və tətbiqi nailiyyətləri haqqında geniş məlumat verib. İndiyə qədər ölkə iqtisadiyyatında tətbiq olunan və real iqtisadiyyata töhfə verəcək işlərdən bəhs edib. Ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrlərdə AKİ-nin tətbiq olunmuş və hazırda tətbiq olunmaqda olan elmi işlərini diqqətə çatdırıb.
Akademik Vaqif Fərzəliyev qeyd edib ki, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsi AMEA YT Parkın rezidentlərinə də elmi-texniki dəstək göstərir: “Təmənnasız edilən bu işlər əsasən müxtəlif sürtkü materiallarının yaradılması, onların beynəlxalq standartlara uyğun sınaqlarının aparılması, ayrı-ayrı sürtkü materiallarının istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin tərtib edilməsi istiqamətlərini əhatə edir. İnstitut müvafiq təşkilatlarla razılaşdırılmalar aparılmasına da töhfə verir. AMEA Təcrübə Sənaye Zavodunun istehsal etdiyi sürtkü materiallarının tətbiqi ilə əlaqədar istehlakçı təşkilatlarda müəlliflik nəzarətinin həyata keçirilməsi, həmin məhsullara dair Azərbaycan, rus və ingilis dillərində reklam prospektlərinin hazırlanması və zavodun laboratoriyalarında müvafiq analizlərin aparılması üçün AKİ tərəfindən kadr hazırlığı aparılıb”.
Akademik bundan sonra da YT Park və onun rezidentlərinə elmi-texniki dəstəyin veriləcəyini diqqətə çatdırıb.
YT Parkın direktoru, akademik Əli Abbasov AMEA-nın müxtəlif tətbiqyönlü elmi-tədqiqat müəssisələrinin, o cümlədən kimya institutlarının alimlərinin əldə etdikləri elmi nəticələrin kommersiyalaşdırılmasının rəhbərlik etdiyi Parkın əsas vəzifələrindən biri olduğunu qeyd edib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu istiqamətin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Aşqarlar Kimyası İnstitutuna gəlişinin əsas məqsədinin bu elmi müəssisəsinin texniki potensialı, YT Parkda tətbiqi mümkün olan real işləri ilə yerində tanış olmaq, iki qurum arasında perspektiv planda dayanan əməkdaşlıq məsələlərini müzakirə etmək olduğunu bildirib.
O məlumat verib ki, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə intellektual biliyin, elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti və istiqamətlərinin müzakirəsinə həsr olunan onlayn konfrans keçirilib: “Konfransda texnologiyaların transferinin milli iqtisadi strategiya ilə əlaqəsi, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi müzakirə edilib. Eyni zamanda, elmi tədqiqatların maliyyələşdirilmə strukturu, tədqiqat mərkəzi, universitet və sənaye əməkdaşlığı, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi kimi vacib məsələlər diqqət mərkəzində olub. AMEA-nın bu istiqamətdə institutları və alimlərinin təcrübəsindən istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb”.
Görüşdə AMEA-nın tətbiqi institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirməsi, innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyaya yönəldilməsi, elmi nailiyyətlərin stimullaşdırılması istiqamətində fəal iş yerinə yetirilməsinin məqsədəuyğunluğu qeyd edilib. Əməkdaşlıq edilə biləcək konkret istiqamətlər haqqında da geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaq institutun bəzi zərif üzvi sintez və analiz laboratoriyalarının cihaz və avadanlıqları ilə yaxından tanış olub.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə “Virtual BİR mən” adlı layihəyə start verilib.
Nazirlikdən bildiriblər ki, layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır.
“Virtual BİR mən” layihəsinin ilk vebinarı Ümumdünya Səhiyyə Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BMT könüllüsü Fənarə Bünyadzadənin iştirakı ilə “Beynəlxalq könüllülük” mövzusunda keçirilib. 100-dən çox tələbə-könüllünün iştirak etdiyi vebinarda könüllülülərin beynəlxalq arenada təmsilçiliyi, BMT könüllüləri haqqında məlumat verilib və tələbə-könüllülərin sualları cavablandırılıb.
Onlayn layihə çərçivəsində tələbə-könüllülər üçün peşəkar təlimçi və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə təlim, vebinar və görüşlər keçiriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan-Ukrayna Mərkəzinin rəsmı açılış mərasimi olub.
Təntənəli açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Dmitri Boçarov, Dneprdə yaşayan Azərbaycan diaspor fəalları, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri, yerli KİV-lər iştirak ediblər.
Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra açılış mərasimində çıxış edən səfir E.Axundova bildirib ki, bu cür mərkəzlərin açılması Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin, təhsilinin təbliği üçün gözəl platformadır. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri Sərxoş İsmayılov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, Mərkəzin açılması iki ölkə arasında dost münasibətlərin növbəti bariz nümunəsidir.
Universitetin rektoru D.Boçarov çıxış etdikdən sonra memorial lövhənin açılışı oldu. Daha sonra tədbir iştirakçıları Azərbaycan-Ukrayna Mərkəzində yaradılan şəraitlə tanış olub və səfirlik tərəfindən gətirilən kitablar Mərkəzə hədiyyə edilib.
Mərkəzin açılış mərasimindən sonra universitetin rektoru ilə səfir arasında görüş keçirilib. Görüşdə təcrübə, tələbə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Daha sonra Dneprin digər ali məktəbində Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzinin açılması üçün rəsmi imzalanma mərasimi keçirilib.
Rəsmi imzalanma mərasimindən öncə səfir E.Axundova və Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak arasında görüş keçirilib. Rektor bildirib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın nəticəsidir ki, ali təhsil ocağında Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzi açılıb. Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Hər iki ölkənin universitetləri arasında tələbə, müəllim və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Səfir E.Axundova öz növbəsində göstərdikləri dəstəyə görə universitet rəhbərliyinə və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova təşəkkürünü bildirərək, Azərbaycan dövlətinin bu cür layihələrə hər zaman dəstək verdiyini söyləyib. O, görüşdə səslənən təkliflərin dəyərləndiriləcəyini və müvafiq addımlar atılacağını qeyd edib.
Sonra Mərkəzin yaradılmasına dair sənəd rektor və N.Əhmədov tərəfindən imzalanıb. Bundan sonra Mərkəzdə yaradılan ilkin şəraitlə tanışlıq olunub, səfirlik tərəfindən kitablar hədiyyə edilib. Sonda Dneprdə təhsil alan azərbaycanlı məktəblilər Azərbaycana dair kompozisiya təqdim ediblər.
İyulun 22-si yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları yazıçının yaradıcılığına dair “Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz” adlı virtual sərgi hazırlayıblar.
Kitabxanadan bildirilib ki, sərgidə yazıçının fəaliyyətinə dair rəsmi sənədlər, fotolar, Azərbaycan, türk, ingilis dillərində nəşr olunan kitabları, həmçinin məsləhətçi, müəllifi olduğu, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yunus_Oguz/index.html linkindən istifadə edə bilərlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın gözəl diyarı olan Şuşa haqqında “Şuşadan xatirələr” adlı videoçarx və virtual sərgi hazırlayıb.
İdarədən bildirilib ki, videomateriallar kitabxanaların sosial media hesablarında paylaşılıb.
Şuşa - Qarabağın alınmaz qalası, poeziya və musiqi, elm və incəsənət mərkəzidir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırıblar.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək məqsədilə “Viber”, “Facebook Messenger”, “Telegram” sosial şəbəkə istifadəçiləri üçün çatbot (süni söhbət simulyasiyası) hazırlanıb.
DİM-dən bildirilib ki, çatbotun demo – sınaq versiyası istifadəçilərin ixtiyarına verilib.
Çatbot Mərkəzin informasiya texnologiyaları mütəxəssisləri tərəfindən hazırlanıb və təmənnasız olaraq Səhiyyə Nazirliyinə də təqdim olunub.
İstifadəçilər proqramın daha da təkmilləşdirilməsi üçün irad və təkliflərini press@dim.gov.az elektron poçt ünvanına yollaya bilərlər. Çatbotun (@medazbot) hazırlanmasında məqsəd əhalinin COVID-19 infeksiyası haqqında maarifləndirilməsinə dəstək olmaq, müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə vətəndaşlara yardım etmək, həmçinin sorğuda iştirak edən şəxslərin qeydlərinə əsasən əldə olunan məlumatların “informasiya bazası” rolunu oynamaqla gələcəkdə atıla biləcək addımların müəyyən edilməsinə kömək göstərməkdir.
Smart tipli mobil telefon istifadəçiləri qeyd olunan onlayn mesajlaşma proqramlarında çatbot vasitəsilə məlumatları sual-cavab şəklində əldə edirlər. Çatbota keçid üçün mobil telefonunuzda müvafiq proqramların axtarış bölməsində “@medaz” yazmaqla axtarış edə və ya aşağıdakı linklərdən istifadə etmək olar.
Viber:
viber://pa/info?uri=medazbot
Telegram:
“Facebook Messenger”də isə axtarış bölməsində “@medaz” yazmaq lazımdır.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alması üçün 3 nəfər Azərbaycan Respublikası vətəndaşına yer ayrılıb və bununla bağlı müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər üçün sənəd qəbulu 9–16 iyul tarixlərində aparılıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeyd olunan müddət ərzində sənədlərini təqdim edən abituriyentlərlə DİM tərəfindən 20 iyul 2020-ci il tarixində ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test, həmçinin rus, ingilis dillərində onlayn müsahibə keçirilib.
Onlayn test və müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunub.
İkinci mərhələ Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilən bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği ilə bağlı təkliflər hazırlanacaq.
Baş Nazir Əli Əsədovun sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən təklifləri Azərbaycan Respublikasının Təhsil, Maliyyə və Ədliyyə nazirlikləri icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcəklər.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və “BP Azerbaijan” şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyi 14-cü Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib.
Universitetdən bildirilib ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.
COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki proqram iyulun 24-dək onlayn formatda həyata keçiriləcək. Bu il Bakı Yay Enerji Məktəbinə 14 ölkəni təmsil edən 40 iştirakçı seçilib. Proqramda enerji şirkətlərinin kiçik və orta mütəxəssisləri, müxtəlif dövlət qurumlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak edirlər.
Proqram çərçivəsində tədris ediləcək mövzular iştirakçıların həm enerji, həm də ətraf mühitlə bağlı biliklərini gücləndirəcək. Bakı Yay Enerji Məktəbinin müəllim və məruzəçiləri akademiya, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləridirlər.
Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.