Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa, düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, vətən torpağının hər qarışında muğam sədaları eşidilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 75 il ötür.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Noyabrın 29-da “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda altı həftəlik akselerasiya keçib və milli finalda komandalar artıq öz startaplarını təqdim edəcəklər.
Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib.
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresdə “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunub.
Reportun yerli bürosu xəbər verir ki, sərgidə tarixi İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunub.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirilir.
Tarixi hadisələri sadəcə təkcə xronika yazıları və ya şifahi rəvayətlərlə deyil, həm də üstündən yüzilliklər keçməsinə baxmayaraq, onların “nəfəsini” hiss etməklə öyrənmək olarmı? “Mənim Köhnə şəhərim” (“İçərişəhərim”) adlı Şirvanşahlar Sarayı Kompleksində keçirilən sərgi bu suala birmənalı cavab verir. Məkana daxil olmaq kifayətdir ki, qədim daş divarların qoxusunda hiss edilən magiyanın şahidi ola biləsən... Burada başlıca amil heç də muzey vahidləri deyil. Sərgidə eksponat qismində tarixi dəyəri olan əşyalar, fotoşəkillər və sənədlər nümayiş etdirilir. Onları bilavasitə Köhnə şəhərin sakinləri təqdim ediblər. Elə bu səbəbdən də sərgi sözün əsl mənasında unikaldır.
“Mənim Köhnə şəhərim” sərgisi, hər şeydən əvvəl, öz əcdadlarının həyat tarixçəsi bu məkanla əvvəlcədən bağlı olan yerli ailələrə xitab edir. Beləliklə, cəmiyyətə çox dərin məna kontekstində ciddi mesajlar verilir: həqiqi “qala” sakinləri hələ də köhnə şəhərdə yaşayırlar və onlar İçərişəhərin özü kimi qədim tarixə malik olan və nənə-babalarının miras qoyduqları əşyalardan istifadə edirlər. Əcdadlarının yadigarı olan hər bir eksponat konkret ailələr üçün əziz və qiymətlidir. Onların arasında təxminən üç yüz illik tarixi və öz kökləri ilə Qalaya bağlı olan insanlar da var.
“Mənim Köhnə şəhərim” sərgisində təqdim edilən yüzdən çox eksponatın ən qədimləri XVIII əsrə aiddir, ən müasirləri isə XX əsrin yadigarıdır. Bu əşyalar arasında musiqi alətləri, dini eksponatlar, sənəd və fotoşəkillər, nəfis aksesuarlar da var. Sonuncular diqqəti onunla cəlb edir ki, onlar çox vaxt gəlinlərin cehizlərinə daxil edilib. Ailələr indi də bu əşyaları səliqə ilə saxlayırlar. Ekspozisiyada, həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid müqəddəs kitabları da görmək olar. Sərginin ən maraqlı eksponatlarından biri Bakının müdafiəsində öz qoşunu ilə iştirak etmiş türk sərkərdəsi Nuri Paşanın igidliyi ilə fərqlənən İçərişəhər sakininə hədiyyə etdiyi xəncərdir. Bu nadir eksponatı həmin şəxsin nəvəsi təqdim edib və onun ailəsi xəncəri bu günədək sevə-sevə qoruyub saxlayır. Sərgidəki hər bir əşya böyük tarixi hadisələrin şahididir, həmçinin qədim Bakının etnoqrafik dəyərlərini, bədii yaradıcılıq aləmini, ailə-məişət ənənələrini əks etdirir.
Sərgidə nümayiş etdirilən bütün eksponatlar onların həqiqi olmasını müəyyən edən mütəxəssislər tərəfindən yoxlanılıb. Onların hər biri işarələnib və etiketlər vurulub.
Arzu edənlər noyabrın 30-dək sərginin eksponatları ilə tanış ola bilərlər. Qeyd etmək lazımdır ki, hər birinin arxasında nəsillərdən nəsillərə ötürülən real tarixin olduğu bu nadir əşyaları bir daha görmək çətin ola bilər. Onlar varisləri hələ də İçərişəhərdə yaşamağa davam edən insanların mənəvi aləminin bir hissəsini ehtiva edir. Beləliklə, sərgi tamamilə başqa bir dəyərə malikdir. Bunun da əsas səbəbi İçərişəhərin canlı tarixidir. Məlumdur ki, təbii miqrasiya prosesi bütün dünyada gedir və bu məsələdə Bakı da istisna deyil. Amma bu qlobal tendensiya fonunda elə ayrıca ailələr var ki, İçərişəhər onlar üçün yüz illərdir ki, yaşayış yeri olaraq qalır. Ola bilər ki, turizm zonasının birinci və ikinci küçələrində onlar o qədər də gözə dəymir. Lakin bir az dərinə getdikcə, tamamilə ayrı bir həyatın, vitrin ruhundan uzaq olan mənzərənin, başqa səslərin, danışıq tərzinin, ənənələrin şahidi olursan. “Mənim Köhnə şəhərim” sərgisinin təməl prinsipi də “qala” sakinlərinin həyat tərzidir. Yeri gəlmişkən, sərgiyə giriş sərbəstdir.
İçərişəhər onunla unikaldır ki, bugünədək öz simasını qoruyur, dinamik tərzə malikdir və çoxsaylı turistlər üçün cəlbedicidir. “Mənim Köhnə şəhərim” sərgisinin ideya təməli də məhz bu cür hərtərəfli amillərdir. Təşkilatçılar sərgi çərçivəsində əyani şəkildə vurğulamaq istəyiblər ki, İçərişəhər həm idarə, həm qoruq, həm də ayrıca ərazi vahidi kimi öz qiymətini təkcə daşlarda deyil, eyni zamanda, burada yaşayan insanlarda qoruyub saxlayır.
Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.
Anım mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan kino sənətinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Rasim Ocaqovun sənəti, yaradıcılığı kino sənətimizin, xalqımızın dəyərli incisidir. Kinomuzu təkcə Respublikamızda yox, eyni zamanda beynəlxalq müstəvidə də tanıdıb. Çəkdiyi filmlər görkəmli sənətkarı yaşadıb və yaşadacaq.
Zamanın və kinonun dəyişdiyini söyləyən Xalq artisti Fəxrəddin Manafov deyib: “Təəssüflər olsun ki, heç nə əbədi deyil. Peşəyə gəlmək, aktyor olmaq, filmlərə çəkilmək olar. Amma lazımi olan zaman lazımi olan yerdə olmaq şansdır. Mən aktyor olacaqdım, lakin Rasim müəllim mənim həyatımı dəyişdi. Altı filmdə rol almışam. Mən o filmlərdə nə isə edə bilmişəmsə, bu mənim üçün böyük şərəfdir".
Rasim Ocaqovla birgə çalışmış Xalq artisti, kinorejissor Vaqif Mustafayev onunla bağlı xatirələrini bölüşüb: “Rasim Ocaqov haqqında ümumi söz demək mümkün deyil. Onunla ilk dəfə “Qatır Məmməd” filmində tanış olduq. Emin Sabitoğlu, Rasim Ocaqov və mən çox zaman Azərbaycan kinosunun gələcəyi barədə söhbətlər edərdik. Mənim çəkdiyim "Bəyin oğurlanması" filmini çox bəyənmişdi. Bundan sonra mən Rasim Ocaqovun bir daha sənətə və sənətkara necə həssas münasibətinin şahidi oldum”.
Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun varlığı idi. O qeyd edib ki, Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək.
Korifey sənətkarların heç vaxt unudulmayacağını söyləyən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, onlar öz sənətləri ilə unudulmazdılar. Gərək geriyə dönüb baxanda yaxşı sənət əsərləri qoyub gedəsən. Bu mənada Rasim Ocaqov xoşbəxt sənətkardır.
Xalq artisti Oqtay Mirqasımov Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb.
Anım mərasimində çıxış edən natiqlər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüb və onun Azərbaycan kino tarixinə bəxş etdiyi bənzərsiz ekran əsərlərindən danışıblar.
Dekabrın 1-də “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, son illərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpia” tammetrajlı bədii filmləri, “Sarılar - Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü” və “Qafqaza qayıdış” sənədli filmləri ölkəmizin aparıcı tədris ocaqlarından olan ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrə nümayiş etdiriləcək.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda keçirilməsinin əhəmiyyətindən və gələcəkdə geniş auditoriyada təbliğ olunması imkanından danışıb. Bu gün təqdimatı keçirilən kitabın müəllifinin yaradıcılığında əsasən lirik şeirlərə və sonetlərə üstünlük verdiyini bildirib. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda, çox kövrək, həssas bir janrı olduğunu vurğulayaraq, bu əsərlərin yazılması əhəmiyyətindən danışıb. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif edib.
“Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva “Ruhumun çağırışları” kitabı haqqında məlumat verərək bildirib ki, Eldar müəllim özünün poetik duyğuları ilə şeir dünyasının gözəlliyini bizə çatdırır.
Azərbaycan Texniki Universitetin müəllimi Yusif Hüseynov atasının yaradıcılığından bəhs edərək onun 400 sonetin müəllifi olduğunu bildirib.
Tədbirdə iştirak edən digər natiqlər kitab haqqında fikirlərini bölüşərək, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Təqdimatda Eldar Hüseynovun “Azərbaycan”, “Ruhumun çağırışları”, “Şərq necə də gözəldir!” şeirləri Azərbaycan və rus dillərində səsləndirilib.
Müəllif Eldar Hüseynov 10 il ərzində çap olunmuş “Gəlmə”, “El Bakuvinin yüz soneti” kitabları, “Prometey”, “Ən birinci və əsli” poemaları haqqında məlumat verərək, 3-cü kitabına daxil olan 100 sonetin Şərq xanımlarının gözəlliyinə, zərifliyinə, insani keyfiyyətlərinə həsr etdiyini söyləyib.
Sonda müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb, kitablarını kitabxanaya hədiyyə edib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun 90 və Xalq artisti, sevilən aktyor Həsən Məmmədovun 85 illik yubileyi münasibətilə “Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual sərgilərdə Xalq artistlərinin Azərbaycan kino sənətinə qızıl sətirlərlə yazılan yaradıcılıq fəaliyyətləri haqqında məlumat verilir.
Xalq artisti, görkəmli rejissor Rasim Ocaqova həsr edilən virtual kitab sərgisində onun yaratdığı ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verməsi, Azərbaycan kinosunu yeni zirvələrə ucaltması, çəkdiyi həqiqi sənət nümunələrinin Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olması haqqında məlumatlar təqdim edilir.
Virtual kitab sərgisində Xalq yazıçısı Anarın, Xalq artistləri Rasim Balayev və Fəxrəddin Manafovun, sevilən bəstəkar Emin Sabitoğlunun görkəmli kinorejissor haqqında xatirələri, birgə fotogörüntüləri, Rasim Ocaqovun lentə aldığı filmlərdən fraqmentlər də yer alır. Virtual kitab sərgisində “Azərbaycan kinosu”, “Azərbaycan kino salnaməsi”, “Azərbaycan kinosu və müharibə”, “Kinoşünaslıq” kimi 10-dan çox kitabın biblioqrafik təsviri verilir.
Xalq artisti, yüzə qədər filmdə yaddaqalan obrazlar yaradan Həsən Məmmədova həsr edilən virtual kitab sərgisində aktyorun həyat və yaradıcılıq rolu, ekranda canlandırdığı filmlər, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat verilir. Virtual kitab sərgisində aktyorun çəkildiyi “Dədə Qorqud”, “Bir cənub şəhərində”, “Böyük dayaq” və digər filmlərdən fraqmentlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino sənətindən, görkəmli teatr və kino sənəti nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan kinomatoqrafçıları”, “Onların dünəni”, “Azərbaycan Dövlət Milli Dram Teatrı” kimi kitabların biblioqrafik təsviri yer alır.
“Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitab sərgilənməkdədir.
Xalq artistləri Rasim Ocaqovun 90 və Həsən Məmmədovun 85 illik yubileyləri münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilib.
Tarixi dram janrında çəkilən “The Crown” serialı altıncı mövsümü ilə izləyicilərin qarşısına çıxacaq.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, iki hissədən ibrət olan serialın sonuncu hissəsi dekabrın 14-də yayımlanacaq.
Final mövsümünün ilk dörd seriyası noyabrın 16-da nümayiş olunub.
Ekran əsərində medianın şahzadə Diananın həyatına olan diqqətini görmək mümkündür. Şahzadə Diana rolunu ona bənzərliyi ilə seçilən Elizabet Debiki ifa edib.
“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (Creative Talks) layihəsi həyata keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, “Creative Talks” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.
Layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə - Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa ümumilikdə 100 tədbir keçiriləcək.
Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq.
“Yaradıcı Həftə” çərçivəsində müzakirələr noyabrın 27-dən 28-dək Bakıda Yarat Müasir İncəsənət Məkanında, Sumqayıtda isə noyabrın 29-dan 30-dək Heydər Əliyev Mərkəzində təşkil ediləcək.