Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxanalar vətənpərvərlik ruhlu videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası Suraxanı və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri ilə birlikdə xalqımızın bu çətin günlərdə vətənpərvərlik və mübarizə ruhunu dəstəkləmək məqsədilə videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, hər üç müəssisənin əməkdaşlarının iştirak etdiyi videoçarxda torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsi yad edilib və Milli Qəhrəman Təbriz Xəlilbəylinin atası, Xalq şairi Xəlil Rza Ulutürkün “Odər yurdu, Od torpağı” şeiri səsləndirilib.

     
  • “Bakı, Moskva, Varşava” adlı kitaba resenziya üçün müsabiqə elan edilib

    Polşanın “Qes Agentliyi” nəşriyyatı və Kalisz şəhərindəki Dövlət Şəhər Kitabxanası Mixail Marsinin "Bakı, Moskva, Varşava" adlı kitabına resenziya üçün müsabiqə elan edib.

    Kitab Bakıda doğulub yaşamış Moskvada ali təhsil almış, işləmək üçün Varşavaya köçmüş və həyatını bu şəhərlə bağlamış azərbaycanlı rəssam barədədir.

    Kitabdakı hadisələrin və baş qəhrəmanın həyatı fonunda Azərbaycanın mədəniyyəti, kulinariyası, adi bakılıların gündəlik həyat tərzi barədə maraqlı məlumatlar verilir. Hadisələr ötən əsrin 70-ci illərindən başlayaraq bu günümüzədək davam edir.

     
  • “Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

    “Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir.

    Təhsil Nazirliyindən bildirilib ki, iyulun 20-də saat 16:00-da “Sənədlərin saxlanılması və redaktəsi üçün bulud xidmətləri” mövzusunda vebinar keçiriləcək.

    Xatırladaq ki, iyulun 6-dan etibarən “Virtual məktəb”də müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlara start verilib. Vebinarların keçirilməsində məqsəd müəllimlərin tədrisdə yeni alətlərin tətbiqi ilə bağlı biliklərini genişləndirmək və şagirdlərdə alqoritmik düşüncə, proqramlaşdırma, kodlaşdırma kimi İKT bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir. Hər həftə könüllü və ödənişsiz formada təşkil olunan vebinarlar barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird və regional müəllim qruplarında, eyni zamanda, layihənin rəsmi “Facebook” səhifəsində paylaşılır. Müəllim və şagirdlər tədbirin linkinə daxil olmaqla qeydiyyatdan keçmədən canlı görüşlərdə iştirak edə bilirlər.

    Həmçinin yuxarıda adları qeyd edilən təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Fənlər üzrə ixtisas hazırlığı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi tədbirlər, şagirdlərin yay müddətini daha maraqlı və səmərəli keçirmələri məqsədilə “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər”, “Proqramlaşdırma dilləri”, “Riyazi təşəkkürün inkişafı” kimi dərnək və vebinarlar təşkil olunur.

     
  • Milli Dram Teatrı mövsümə yekun vurub

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci teatr mövsümünə “Qarabağnamə” tamaşası ilə yekun vurub.

    Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, səhnə əsəri onlayn şəkildə nümayiş olunub. Mətbuat katibi bildirib ki, 147-ci teatr mövsümü haqqında danışanda ilk növbədə Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyinə həsr olunan təntənəli yubiley tədbirini qeyd etmək lazımdır: “Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbiri həm də onunla əlamətdar oldu ki, teatrımızın 21 əməkdaşı “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundular. Mövsüm ərzində isə “Yaşar”, “Dəli yığıncağı”, “Şaxta baba və Beffan nənələr” tamaşalarının premyerası keçirilib. Təəssüf ki, koronavirus pandemiyası bütün sahələrə olduğu kimi teatr sahəsinə də öz mənfi təsirini göstərdi. Mart ayından etibarən teatr öz fəaliyyətini dayandırdı. Eduardo de Filipponun “Filumena Marturano” tamaşasının premyerası planlaşdırılırdı ki, bu premyera ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salındı”.

    O əlavə edib ki, xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirib: “Mart, aprel, may və iyun ayları üçün virtual repertuar tərtib olundu və cari repertuarda olan, eyni zamanda teatrın arxivində olan tamaşalar “YouTube”, “Fecebook” platformaları və “azdrama.az” rəsmi internet saytı vasitəsilə nümayiş olundu. Sevindirici haldır ki, bu tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənildi.

    Artıq teatr mövsümü başa çatdı. Karantindən sonra bizim teatrın ilk işi məşqləri yarımçıq qalan “Filumena Marturano” tamaşasının premyerası olacaq. Daha sonra tamaşaçılarımız çox maraqlı, məşhur əsərləri səhnəmizdə izləyə biləcəklər. İnanıram ki, koronavirus təhlükəsi tezliklə ölkəmizdən uzaqlaşacaq və Akademik Milli Dram Teatrı həmişə olduğu kimi növbəti teatr mövsümündə də öz fəaliyyətini böyük uğurlar üzərində quracaq, öz daimi tamaşaçılarını yeni premyeralarla sevindirəcək”.

    Qeyd edək ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

    Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edir.

    Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

    O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

     
  • Alimlər baş-beyinin uyğunlaşmağa məsul olan hüceyrələrini müəyyənləşdiriblər

    İnsan beynində olan 89 milyard sinir hüceyrəsinin yalnız cüzi bir hissəsi şəxsin dəyişən vəziyyətlərə uyğunlaşmaq imkanını təmin etməyə qadirdir. İnsanın koqnitiv bacarıqlarına məsul olan neyronların baş-beyinin mürəkkəb strukturunda yerləşdiyi yer aşkarlandığı halda onlar təkcə sağlam insanlara öz intellektual imkanlarını artırmağa deyil, həm də psixi xəstəliklərin adekvat müalicə metodlarınının axtarışını xeyli asanlaşdırmağa kömək edir. ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin tədqiqatçıları baş-beyin neyronlarının rəqəmsal tədqiqatlarının son nailiyyətlərinə istinad edərək bu qənaətə gəliblər. Tədqiqatçılar öz kəşflərinin nəticələrini ABŞ Milli Elmlər Akademiyasının PNAS jurnalında dərc etdiriblər.

    TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, məqalədə insan beyninin, xüsusən onun qabığının uzun müddət təkamül dəyişikliyinə məruz qaldığı qeyd edilir. Bildirilir ki, bu orqanın strukturunda inkişaf dəyişiklikləri ilə yanaşı, insanın dəyişən həyat şəraitinə tez uyğunlaşması bacarığı da artıb. Bununla belə istənilən mənfi təsir koqnitiv bacarıqları zəiflədib və “homo sapiens” tərəfindən əldə olunmuş vərdişlərin itirilməsinə gətirib çıxarıb.

    Mütəxəssislər qeyd edirlər ki, baş-beyinin məlum abıq nahiyəsində fəallıq azaldığı halda həm psixi, həm də nevroloji xəstəliklər ağır keçir və onlarda aparılan müalicənin təsiri daha az olur.

    Aşkar olunan hüceyrələr özlüyündə beyin qabığının işini aktivləşdirən “dəyişdirici açar” rolunu oynayır.

    Vanderbilt Universitetinin Psixologiya və informatika kafedrasının dosenti, layihənin rəhbəri Tilo Vomelsdorf yazır: “Bu hüceyrələr qıcıqlandırıcını dəf etməkdə, ona cavab vermək üçün ən yaxşı yollarda beyinin bütün qüvvəsini işə salan tumbler rolunu oynayır. Onlar olmadığı halda enerjinin çoxu beyinə mənfi təsirlərin qarşısının alınmasına yönəlir”.

    T.Vomelsdorf əmindir ki, beyinin ən aktiv neyronlarını ayırmaq və onlara təsir imkanı yeni hipotezə yol açır. Məsələn, tədqiqatçıların məlumatına görə, beyində musiqi alətində çalmağa məsul olan sinir hüceyrələri adoptogen neyronları ilə yanaşı yerləşir. Sonuncuların yerini bilmək hər hansı psixi xəstəliyin müalicəsini tezliklə seçməyə kömək edər. Kortikal təbəqədən aşağıda baza qanqlisi səviyyəsndə yerləşmiş sinir hüceyrələrini tədqiqatçılar insanın koqnitiv bacarıqlarına məsul hesab edirlər. Bu hüceyrə qrupu real məişət vəziyyətinin kompüterlə imitasiya olunması zamanı bioaktivliyin ölçülməsi vasitəsilə müəyyən edilib. Alimlərə Kanadanın Ontario əyalətində York Universiteti Görmə Tədqiqatı mərkəzindən həmkarlar da kömək ediblər. Belə ki, onlar beyinin qeyd edilən nahiyələrində fəallığı izləməyə imkan verən simulyativ vasitə hazırlayıblar.

    Alimlər öz metodlarından istifadə edərək görmə obrazlar fonunda hüceyrələrin fəallığını ölçən zaman məlum olub ki, əgər sınaqdan keçən şəxs tapşırığı yerinə yetirə bilirdisə, fəallıq azalırdı, yox əgər, çətinliklə qarşılaşırdısa, hüceyrə fəallığı artırdı.

    Vomelsdorfun laboratoriyasının əməkdaşı Kianuş Banai Borouşeni deyib: “Aşkar etdiyimiz neyronlar, görünür ki, çətinliyi aradan qaldırmaqda, habelə yeni daxil olan informasiya siqnallarını gücləndirməkdə digər neyron zəncirlərinə kömək edir”.

    Vanderbilt Universitetinin farmakologiya üzrə professoru Liza Monteca vurğulayıb: “Neyrobiologiyada inqilab olacaq. Alimlər bu neyronların yerini bilən zaman molekulyar və genetik alətlərin köməyilə sinir hüceyrələrini idarə etmək üçün texnologiyalardan istifadə etmək imkanları işə salına bilər. Düşünürəm ki, Vomelsdorfun laboratoriyası bizə bu imkanı verir”.

  • Botanika İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

    AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayeva və gənc əməkdaşları Elgün Mustafabəyli, Aytac Əliməmmədova, Elnarə İsgəndərli və Yaqut Yusifova "FungalDB" məlumat bazasının (https://fungidb.org/) təşkil etdiyi onlayn vebinarda iştirak ediblər.

    İnstitutdan bildirilib ki, "FungalDB" göbələklər aləmi üçün inteqrə genom və funksional genom məlumat bazası olub, tədqiqat işlərində kömək edə biləcək məlumatlar, alətlər və vizual görüntülər sistemindən ibarətdir. Bu sistemdən istifadə edilərək orqanizmdən gen səviyyəsinədək elmi suallara cavab tapmaq üçün bir çox mənbədən əldə edilən məlumatlar standart iş axınlarına görə təhlil edilir. “FungalDB” 2011-ci ildən fəaliyyət göstərir və 2015-ci ildən “EuPathDB” məlumat bazaları ailəsinə (bioinformatika resurs mərkəzi) inteqrasiya olunub.

    Vebinar iştirakçıları sertifikata layiq görülüblər.

     
  • Abituriyentlərin nəzərinə: UNEC-də II qrup üzrə yeni ixtisas açılıb

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə beynəlxalq ticarət və logistika ixtisası açılıb.

    UNEC-dən bildirilib ki, beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

    İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

    Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrup üzrə maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq ticarət və logistika, marketinq, menecment və dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına qəbul aparılır.

     
  • Qətər mətbuatında İçərişəhər və onun bəşəri əhəmiyyətinə dair məqalələr yerləşdirilib

    Qətərin ərəb dilli “Əl-Şərq” və ingilis dilli “Peninsula” qəzetlərində İçərişəhər və onun müstəsna bəşəri əhəmiyyətinə dair məqalələr dərc olunub.

    Məqalələrdə İçərişəhərin tarixi təşəkkülü barədə məlumat verilib, onun unikal memarlıq incisi olduğu bildirilib.

    Qeyd olunub ki, İçərişəhər qədim Bakının mərkəzi, Bakı isə orta əsrlər Azərbaycan dövləti olan Şirvanşahların paytaxtı olub. 19-cu əsrdə neft sənayesinin inkişafı ilə Bakının sürətlə böyüməsinə və memarlıq xüsusiyyətlərinin dəyişməsinə baxmayaraq, İçərişəhər tarixi özünəməxsusluğunu və arxitekturasını qoruyub saxlayıb. Məqalələrdə 2000-ci ildə İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi vurğulanıb.

    İçərişəhərin ən məşhur tarixi tikililəri olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi və Məhəmməd məscidi barədə, həmçinin İçərişəhərin statusu, idarə olunması və qorunması barədə ətraflı məlumat verilib.

     
  • Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək

    Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf son günlər Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində cərəyan edən hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatla başlanan döyüşlərdə azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı sosial şəbəkə hesabından paylaşımlar edərək tarixi Vətəninə dəstəyini ifadə edib.

    Görkəmli müğənninin paylaşımında deyilir: “Mən yaralanmış və həlak olmuş Azərbaycan əsgərləri, hərbçiləri və sadə vətəndaşlarına görə dərin hüzn hissi keçirirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını dayandırmasını istəyirəm və təcili atəşkəs çağırışlarına mən də qoşuluram.

    Müğənni Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonuna hücumları zorakılıq kimi qiymətləndirib. O, “Nyu-York Tayms” qəzetinin saytından (nytimes.com) Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrlə bağlı xəbərdən də paylaşım edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni silahlı qüvvələri tərəfindən zəbt edildiyini və illərdir davam edən bu vəziyyətin insanların həyat işığının söndürülməsinə səbəb olduğunu vurğulayır.

    Müğənni, həmçinin bildirib ki, COVID-19-la üz-üzə olduğumuz dövrdə Ermənistan öz simasını daha aydın göstərdi.

    Qeyd edək ki, müğənni soydaşımız bir neçə gündür özünün “İnstagram” hesabında üzərində Azərbaycan bayraqları olan #QARABAĞAZƏRBAYCANDIR başlıqlı paylaşımlar edir və bu onun çoxsaylı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanır.

    Sami Yusufun paylaşımlarına və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının dayandırılması barədə çağırışına müxtəlif ölkələrdən çoxlu sayda insanlar qoşularaq həmrəyliyini ifadə edib.

     
  • Anar Kərimov Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini təyin edilib

    Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Dövlətimizin başçısının digər Sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

    Prezident İlham Əliyevin imzaladığı daha bir Sərəncamla isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.