Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq yazıçısı Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb

    Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb.

    Birinci cildə yazıçının üç romanı, həmçinin həyatı, elmi, bədii yaradıcılığı ilə bağlı yalnız faktlardan ibarət məlumat daxil edilib. Yazıçının ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

    “Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

    Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

    Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

    “Sehrbazlar dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013) Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), Amerikada (2015), İtaliyada (2016), Rumıniyada (2019) nəşr edilib.

    “Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “И некого забыть” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında “Под сенья Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında Arif Acaloğlunun tərcüməsi və önsözü ilə işıq üzü görüb.

    Kamal Abdullanın roman yaradıcılığı həm də onunla əlamətdardır ki, bu əsərlər haqqında təkcə Azərbaycan ədəbiyyatşünasları və mədəniyyətşünasları (Anar, İsa Həbibbəyli, Vaqif İbrahimoğlu, Niyazi Mehdi, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Rəhilə Qeybullayeva, Mehman Qaraxanoğlu və b.) deyil, eyni zamanda dünya ədəbi-bədii fikrini təmsil edən, ədəbi-mədəni iqlimi yaradan, istiqaməti müəyyən edən məşhur ədəbiyyatşünaslar yazıblar. Franko Kardini, Umberto Eko (İtaliya), Lev Anninski və Lüdmila Lavrova, Yuri Polyakov, Konstantin Kedrov, Anastasiya Yermakova (Rusiya), İrfan Ülkü, Yasəmən Bayer, Arif Acaloğlu, Mehman Musaoğlu (Türkiyə), Maks Statkeyviç (ABŞ), Lyudmila Bejenaru, Livia Cotorcea (Rumıniya), Ziqlinde Hartman (Almaniya), İçiro İto (Yaponiya), Sutha Svarnakar (Braziliya), Klod Aliber (Fransa) və başqaları Kamal Abdullanın yaradıcılığına yüksək qiymət vermiş, romanlarına həsr olunan məqalələr yazmış, yazıçının dünya ədəbi-kulturoloji panoramındakı yeri ilə bağlı dəyərli fikirlər bildiriblər.

    Kamal Abdullanın romanları Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın, intellektual nəsrin bariz nümunələri kimi qeyd olunur.

    Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə intervyu və məqalələri, 7-ci cildinə onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara münasibətini əks edən parçalar daxil edilib.

     
  • İrəvan Teatrı 138-ci mövsümünü başa vurub

    İyulun 20-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 138-ci teatr mövsümünün bağlanışı münasibətilə videokonfrans keçirib.

    Tədbiri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev açaraq İrəvan Teatrının pandemiya dönəmindəki fəaliyyətindən geniş danışıb. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri əsasında Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq mövcud karantin vəziyyətində insanların asudə vaxtının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” layihəsi çərçivəsində İrəvan Teatrı sosial şəbəkə üzərindən onlayn formatda tamaşaçılarla ünsiyyət qurub, yaradıcılıq müzakirələri aparıb.

    “Bu günlərdə gərgin həyat rejimi ilə üz-üzə dayandığımız bir həqiqətdir. Bu həqiqəti dərk edən hər kəs sabahımızın reallıqları barədə düşünməyi özünə borc hesab etməlidir. Bu yolda bizlərin də üzərinə düşən bütün həlli mümkün olan və olmayan məsələlərdə Prezident İlham Əliyevin ətrafında sıx birləşmək borcumuzu bir an belə unutmadıq. Çətin və gözlənilməz olan hər bir vəziyyətdən uğurla çıxmaq üçün dövlətimizin siyasətinə ruhən bağlı şəkildə dəstək olmağa, bu istiqamətdə iradəli olmağa çalışdıq”, - deyə İ.Piriyev bildirib.

    Qeyd olunub ki, aprel ayında teatrın “Facebook” səhifəsində canlı yayım vasitəsilə həftəiçi hər gün yayımlanan tamaşalar teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Ay ərzində nümayiş olunan 30 tamaşaya 14 min 628 tamaşaçı baxıb. Həmçinin may, iyun ayları boyunca teatrın “Facebook” səhifəsində paylaşılan link vasitəsilə teatrın “YouTube” kanalında həftə içi hər gün virtual repertuarla izləyicilərə tamaşalar təqdim edilib. Bunlardan M.F.Axundzadənin “Mürafiə vəkilləri”, Hidayətin “İrəvanda xal qalmadı”, Aqşin Babayevin “Xilaskar”, Jan Batist Molyerin “Məcburən doktor”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, İftixarın “Qurtuluş dastanı”, “Dan yeri söküləndə”, “Haqq mənəm”, “Qanlı qızıl toy” və "Soyqırımı tarixinin dastanı", Xalid Hüseyninin “Min möhtəşəm günəş”, Ramiz Abdullayevin “Olacağa çarə yoxdur”, Teyfiq Əl-Hakiminin “Hərraca qoyulmuş sultan”, Sabir Şahtaxtının “Ölüm həsrəti” və s. digər maraqlı tamaşaları qeyd etmək olar.

    Eyni zamanda, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qoşqar Narqabilin “Rəis və beş dul qadın” və U.Şeksprin “Kral Lir” əsərlərinin yaranmış vəziyyətə görə dayandırılmış məşqləri aprelin 18-dən “Zoom” proqramı vasitəsilə davam etdirilib. Məşqlər həftəiçi 6 gün virtual aparılıb.

    Karantin günlərində teatrın rəhbərliyi tərəfindən kollektivin onlayn toplantıları da baş tutub. Ev şəraitində İrəvan Teatrının fəaliyyətinin tənzimlənməsi məsələlərinə həsr olunmuş videokonfrans, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, 28 May - Respublika Günü və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə videokonfranslar keçirilib.

    Sonra videokonfransda kollektivin üzvləri çıxış edərək fikirlərini bölüşüblər.

     
  • Opera ifaçılığında unudulmaz sima

    Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir.

    Bu gün istedadlı opera ifaçısı Ağababa Bünyadzadənin anadan olmasının 105 ili tamam olur.

    Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirir və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnir. Ancaq bu sənətin dalınca getmir. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılır. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edir.

    Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində təhsil alır. 1940-cı ildə vətənə dönür. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alır. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayır. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edir. Bir müddət sonra teatrın solistləri arasında öz yerini tutur.

    Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.

    Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. Həmçinin Şahvələd (“Aşıq Qərib” – Z.Hacıbəyov), Hökmdar (“Nizami” – Ə.Bədəlbəyli), Yavər (“Azad” – C.Cahangirov), Atakişi (“Sevil” – F.Əmirov), Ağalar bəy (“Nərgiz” – M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” – V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” – Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” – C.Rossini) və s. partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

    A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və operada yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.

    A.Bünyadzadə Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində dahi bəstəkar haqqında xatirələrində deyir: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də vardım. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm. Əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İfamı İ.Hidayətzadə dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.

    A.Bünyadzadə respublikanın hüdudlarından kənarda – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

     
  • Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak ediblər

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri dünyanın ən nüfuzlu ali teatr təhsili müəssisələrindən olan Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib.

    ADMİU-dan bildirilib ki, yarım ay davam edən kurslar peşəkar aktyorlar, rejissorlar və teatr pedaqoqları üçün nəzərdə tutulub. Aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti istiqamətləri üzrə təşkil edilən kurslarda universitetin "SABAH" qruplarının və Teatr sənəti fakültəsinin müəllimləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Böyükxanım Məmmədbəyova, Nicat Kazımov, Kəmalə Mehdiyeva, Yaqut Paşazadə, Gümrah Ömər, Nofəl Vəliyev, Ruslan Şöhrətoğlu, Ceyhun Dadaşov və Nargilə Qəribova iştirak ediblər.

    ADMİU-nun müəllimləri ixtisasartırma kurslarında QİTİS-in rektoru Q.Zaslavski, Rusiyanın Xalq artisti, Dram rejissorluğu kafedrasının müdiri, professor İ.Rayhelhauz, Rusiyanın Əməkdar incəsənət xadimləri, professorlar İ.Promptova və A.Barmak, Səhnə plastikası kafedrasının müdiri A.Zakirov kimi görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.

    Kursun sonunda universitetin müəllimlərinə ixtisasartırma proqramında iştiraklarını təsdiqləyən vəsiqələr təqdim ediləcək.

     
  • Sabah paytaxtda 37, bəzi bölgələrdə isə 41 dərəcə isti olacaq

    Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27°, gündüz 33-38° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacağı gözlənilir.

    Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 12-17°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 20-21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

    Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 35-41° isti olacaq.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 28-30° isti olacağı proqnozlaşdırılır.

    Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti olacağı bildirilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

    Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 36-41° isti olacağı ehtimalı var.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-25°, gündüz 33-38° isti, dağlarda gecə 22-24°, gündüz 25-30° isti olacağı gözlənilir.

     
  • İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb

    Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

    Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir.

    Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edir. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Dövlət başçısının dəstəyi ilə Böyük Vətən müharibəsi veteranları bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar.

    Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

    Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsinin, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar.

    Respublika Veteranlar Təşkilatının nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək qiymətləndiriblər.

    Qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən, keçirilən aksiya iyulun sonunadək davam edəcək.

     
  • Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi

    Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar özü də uzun illər Azərbaycanda heykəltəraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sənətdə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.

    Bu gün Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, professor Tokay Məmmədovun anadan olmasından 93 il ötür.

    1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

    Tokay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

    Heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst portretlərini qeyd etmək olar.

    Heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Tokay Məmmədov heykəltəraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu əsərdə qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Heykəltəraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

    T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

    Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

    Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

     
  • “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində oxuculara “Azərbaycan bayrağı” şeiri təqdim olunub

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı yeni layihəyə start verib. Layihəyə əsasən, kitabxananın fəxri oxucuları, vətənpərvər ruhlu şair və yazıçıların qələmə aldıqları yazılarla Azərbaycan əsgərlərinə dəstək olurlar.

    Kitabxanadan bildirilib ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə qoşulan şair Ramiz Qusarçaylı şəhidlərimizin qürur mənbəyi olan Azərbaycan bayrağına həsr etdiyi yeni şeirini virtual oxuculara təqdim edib.

    Vətənin azadlığı naminə döyüşə hazır olan Ramiz Qusarçaylının “Ulduzunu, ayını göydə mələklər ötər, Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər” misralarının yer aldığı “Azərbaycan bayrağı” adlı şeiri azadlıq eşqi ilə yanan xalqın səsi oldu.

     
  • Uşaq incəsənət məktəbi şagirdinin beynəlxalq müsabiqədə uğuru

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdi onlayn formada keçirilən "Art Olimpia" 5-ci beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak edib.

    İdarədən bildirilib ki, müsabiqədə məktəbin şagirdi Fəxriyyə Əlizadə uğurla çıxış edib və münsiflər heyətinin qərarı ilə “Yunior-2” yaş qrupunda “Solo” nominasiyasında 1-ci yerə layiq görülüb.

     
  • Türkiyə və Azərbaycan alimləri arasında növbəti videokonfrans

    İyulun 16-da Türkiyə və Azərbaycan alimləri arasında növbəti videokonfrans keçirilib.

    Xarici ekspertlərin də qatıldığı videokonfrans “Birinci Dünya müharibəsindən sonra Azərbaycan – Osmanlı - Almaniya arasında əlaqələr” mövzusuna həsr olunub.

    Konfrans Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində, o cümlədən Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında elmi potensialın iştirakının artırılması, bu sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsi, habelə təhlil və mütaliə vərdişlərinin formalaşması məqsədilə baş tutub.

    Konfransda ekspert olaraq Türkiyə Cümhuriyyəti Konya vilayətində yerləşən Nəcməddin Ərbakan Universitetinin Xarici dillər fakültəsinin direktor müavini Fatih Çolak və həmin universitetdə fəaliyyət göstərən TİGA Araşdırma Mərkəzinin direktor müavini Şeyma Akın iştirak ediblər.

    Gənc mədəniyyət işçilərinin də marağına səbəb olan konfransda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, əməkdaşlar Nurəddin Babazadə və İsmayıl Nəsirov mövzu ilə bağlı çıxış ediblər.

    Tədbir iştirakçıları tərəfindən iki qardaş ölkə arasında mövcud münasibətlərin qorunması məqsədilə birgə layihələrin, xüsusilə də mədəniyyət və elm müstəvisində olan tədbirlərin reallaşdırılmasının vacibliyini bildirən konfrans iştirakçıları tarixi mövzulara müraciət olunmasının önəmliyini vurğulayıblar.

    Mərkəzin şöbə müdiri Nurəddin Babazadə və elmi katib Cavid Əliyev mövzular ətrafında çıxış edərək, mədəniyyətin xalqlarımızın tarixində oynadıqları roldan bəhs ediblər. Daha sonra tədbiri yekunlaşdıran mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev xalqlarımız arasında tarixboyu davam edən qardaşlıq münasibətlərini bu gün nümayiş etdirdikləri öz siyasi iradəsi ilə inkişaf etdirən Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin mövcud istiqamətdə atılan təşəbbüslərinin inkişafında elm və mədəniyyət sahələrində çalışan mütəxəssislərin rolundan danışıb.