Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Polşa filmləri Azərbaycanda nümayiş olunacaq

    Polşa film festivalı “Visla” iyuldan dekabradək dünya turnesinə çıxacaq.

    Turne çərçivəsində Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Xorvatiya, Serbiya, Türkiyə və digər ölkələrdə 10 yeni polyak filmi nümayiş olunacaq. Bakıda filmlərin nümayişi noyabrın 12-dən 17-dək Landmark Jaz-klub “Rotonda”-da baş tutacaq.

    “Visla” festivalının proqramına təkcə polyakların deyil, həm də xarici tamaşaçıların marağına səbəb olan ən son Polşa filmləri daxildir. Beynəlxalq kinofestivallarda müxtəlif mükafat almış repertuara komediya, dram və triller filmləri daxildir.

     
  • “Rusiya” sənədli filmlər festivalı noyabrda keçiriləcək

    Rusiyada daha bir ənənəvi kinofestivala film qəbulu yeni elan olunub.

    “Rusiya” sənədli filmlər festivalı noyabrın 23-dən 28-dək Yekaterinburq şəhərində keçiriləcək.

    Qeyd edək ki, xarici filmlər üçün də açıq olan sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən təşkil olunur. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim edilir. Festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, elmi-kütləvi və sənədli televiziya filmləri də qəbul olunur. İştirak üçün ərizələr sentyabrın 10-dək qəbul edilir. Festivalda iştirak etmək istəyən azərbaycanlı rejissorlar da http://www.rossia-doc.ru/ saytı vasitəsilə müraciət edə bilərlər.

     
  • İstedadlı həmyerlimizin yeni videoklipi

    Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə videoklip “YouTube” kanalında təqdim edilib.

    Layihə barədə məlumat verən musiqiçi bu günlərdə onu populyar “Pyer M.Krauze” teleşousunda çıxışa dəvət etdiklərini bildirib. Teleşounun müəllif Pyer M.Krauze Fəridədən öz zövqünə uyğun, “güclü, fədakarlıqla, əminliklə səslənən” mahnı seçməsini xahiş edib. Skripkaçı sevimli bəstəkarı olan Hans Zimmerin bir əsərini – baş rollarda Tom Henks və Odri Totunun çəkildiyi “Da Vinçi kodu” kinofilminə yazdığı “Chevaliers de Sangreal” melodiyasını ifa etmək qərarına gəlib.

    “Şouda uğurla çıxış etdim. Mənə tanımadığım adamlardan məktublar gəlməyə başladı. Onlar mənim çıxışıma heyran olmuşdular və bir daha ifamı dinləmək istəyirdilər. Bu musiqiyə videoklip çəkmək ideyası bax beləcə yarandı”, – deyə musiqiçi bildirib.

    Fəridənin sonuncu klipini çəkən rejissor və fotoqraf Mariya Çistyakova ona Baden-Vürtemberq federal əyalətindəki Frauenlob şəhərini göstərib. Burada antik teatrları xatırladan məşhur monastırın xarabalıqları yerləşir.

    “Mən o dəqiqə başa düşdüm ki, öz klipimizi məhz burada çəkəcəyik”, - deyə Fəridə etiraf edib. O, almaniyalı rejissor Mixa Rotuya klipin çəkilişlərini öz üzərinə götürməyi xahiş edib.

    “Mənim kliplərimin çəkilişlərində hər dəfə müxtəlif rejissorlar işləyir, lakin ideya və ssenarilər daim mənə məxsusdur. Onlar mənim düşüncələrimi videoklipə köçürməyə yardım edirlər. Çox xoşbəxtəm ki, bu, olduqca gözəl alınır”, - deyə Fəridə vurğulayır.

    Musiqiçinin sözlərinə görə, hər şey ideyanın yaranmasından başlayır. Bu ideya həyata keçməyənədək onu rahat buraxmır. Aktyorların, geyimlərin, musiqinin seçimi və bütün təşkilati işlərlə – məşqlərin vaxtından başlanmış video üzərində ən son cizgilərədək hər şeylə özü məşğul olur. Buna görə də o, etiraf edir ki, belə layihələr çox vaxt və enerji tələb edir: “Mən bu layihələri sevirəm. Sadəcə olaraq, bununla yaşayıram”.

    Təqdim olunan videoklipdə Fəridə Karlsrue Konservatoriyasında birgə təhsil aldığı istedadlı violonçelçalan Vasili Bıstrov ilə duetlə çıxış edir.

     
  • Mədəniyyət işçilərinin videokonfransı olub

    İyulun 16-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə Bakıda və respublikamızın müxtəlif regionlarında çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans təşkil olunub.

    Mərkəzdən bildirilib ki, konfransda Qarabağ qaziləri və Aprel döyüşlərinin qəhrəman zabitləri Əhliyət Mehdiyev, Hikmət Məmmədov, həmçinin 90-cı illərdə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində və Goranboy rayonu ətrafında gedən döyüşlərin iştirakçısı, hüquqşünas, "Uspex" şirkətinin təsisçisi Soslanbek Piliyev (Moskva, Rusiya) iştirak edərək öz təəssüratlarını bölüşüb və mövzuya dair maraqlı fikirlər səsləndiriblər.

    Eyni zamanda, tədbirdə iştirak etmiş 100 nəfər mədəniyyət işçisi maraqlı diskussiyalara qoşularaq gördükləri işlər və əhali arasında vətənpərvərlik ruhunun dəstəklənməsi məsələsində mədəniyyətin rolundan söhbət açıblar.

    Mərkəzin elmi katibi Cavid Əliyev əsgərlərimizin şücaətindən, igidliyindən danışaraq, hərbçilərin qəhrəmanlıq və Vətənə sədaqətlilik nümunələri haqqında misalları iştirakçıların diqqətinə çatdırıb.

    Tədbirin sonunda mərkəzin direktoru Asif Usubəliyev 12 iyul tarixində Tovuz rayonunda erməni hərbi təxribatları nəticəsində baş vermiş hərbi insident və daha sonra iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində xalq, ordu və dövlət vəhdətinin təcəssümü sayıla biləcək möhtəşəm hadisədən, habelə insanların kütləvi şəkildə yığışmasından, öz şəxsi ambisiyaları naminə fürsətçiliklə məşğul olan bir qrup müxalifətçidən bəhs edib. “Mövcud obyektiv durumda bir vətəndaş olaraq ən üzücü mənzərələrdən biri, məhz bəzi qüvvələrin yaranmış vəziyyətdən “ucuz” faydalanma cəhdlərini müşahidə etməkdən ibarətdir”, - deyən A.Usubəliyev mədəniyyət işçilərini hadisələrə düzgün qiymət verməyə çağırıb və mövcud vəziyyətdə ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına cavab olaraq dövlətin yanında olmağın vacibliyini vurğulayıb. Belə ki, hətta pandemiya dövründə qlobal humanitar təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası Prezidenti və onun ümumbəşəri bəla ilə mübarizədə dünya qüvvələrinin səfərbər olunmasına dair çağırışlar siyasəti ölkəmizin beynəlxalq münasibətlər sisteminin tammənalı subyekti statusunun təsdiqinə xidmət edir.

     
  • “Virus və İnsan” mövzusunda müsabiqə elan olunub

    Koreya Respublikasının Seul Milli Universitetinin Dərman Biokonvergensiyası Araşdırma Mərkəzi (Biocon) “Virus və İnsan” mövzusunda 8-ci Bio-Art Beynəlxalq Müsabiqəsini keçirir.

    Müsabiqə rəqəmsal fotoqrafiya, mikroskop fotoqrafiyası, kompüter qrafikası və videoklip kateqoriyaları üzrə təşkil olunub.

    Birinci, ikinci və üçüncü yerin qaliblərinə pul mükafatı, iştirakçılara isə sertifikat təqdim olunacaq.

    Ətraflı məlumat əldə etmək üçün https://bio-art.org/notice/view_notice/21  ünvanına daxil olun.

     
  • Milli Azərbaycan Tarixi Muzeyində samuray dəbilqəsi saxlanılır

    AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda yapon samurayının dəbilqəsi qorunur.

    Muzeydən bildirilib ki, sarı, ağır metaldan, nəbati naxışlı, əjdaha fiqurlu, narıncı rəngdə iki iri və iki kiçik qotazlı ipdən ibarət olan dəbilqə SSRİ Qaz Sənayesi naziri Sabit Orucova Yaponiyada olarkən hədiyyə edilib. Hədiyyə Azərbaycan-Yaponiya əlaqələrinin tədqiqi baxımından əhəmiyyətlidir.

     
  • UNEC-də magistraturaya onlayn sənəd qəbulunun vaxtı uzadılıb

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya qəbul olanların sənədlərinin qeydiyyatı iyulun 20-dək uzadılıb.

    UNEC-dən bildirilib ki, magistraturaya qəbul olan bakalavrlar arayışlarla bağlı universitetin onlayn “Bir pəncərə” xidmətinə müraciət edə bilərlər. Arayışlar 1 gün ərzində onlayn olaraq müraciət edənlərə təqdim olunacaq. Magistraturaya sənəd qəbulu şənbə və bazar günləri də aparılacaq.

  • Azərbaycan Dillər Universitetində “Çin dili körpüsü” onlayn müsabiqəsi

    Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən məktəblilər arasında keçirilən “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə onlayn turu təşkil edilib.

    ADU-dan bildirilib ki, onlayn müsabiqə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası – Konfutsi institutlarının (Xanban) qərargahı və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Müsabiqədə orta məktəblərin və Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər. Çinin Azərbaycandakı səfiri xanım Qo Min onlayn müraciətində müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb və “Çin dili körpüsü” yarışmasının Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə daha bir töhfə olduğunu bildirib.

    Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini, iki ölkənin universitet tələbələri və müəllimləri arasında əlaqələrin qurulması üçün yeni imkanlar açdığını qeyd edərək, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb.

    Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanda Çin dili tədrisinin genişləndirilməsi və təqaüd proqramlarının mübadiləsi üçün müsabiqənin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

    Onlayn müsabiqənin iştirakçıları sözügedən mövzuda Çin dilində nitq söyləyib, bu ölkənin mədəniyyəti haqqında suallara cavab verib və incəsənəti üzrə ustad dərsləri zamanı əldə etdikləri bacarıqları nümayiş etdiriblər. Müsabiqənin nəticələrinə görə, birinci yeri tutan şagirdlər beynəlxalq müsabiqənin finalında iştirak edəcək və Çində növbəti mərhələlərdə təhsil alacaqlar.

     
  • Avstraliyanın cənubunda aborigenlərin ən qədim məskəni aşkar edilib

    Avstraliyanın cənubunda Murrey çayının sahilində alimlər aborigenlərin məlum məskənlərindən ən qədimini aşkar ediblər. Tapıntının təsviri “Australian Archaeology” elmi jurnalında dərc edilib.

    TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri – Flinders Universitetindən (Avstraliya) arxeoloq Kreyq Uestell deyib: “Biz Avstraliyanın cənubunda son buzlaq dövrünədək yaranmış süxur təbəqəsi üçün ilk radiokarbon tarixləşdirmə üsulunu tətbiq etdik. Tədqiqat göstərdi ki, aborigenlər bu əraziyə keçmişdə hesab olunandan 22 min il əvvəl gəliblər”.

    İlk insanlar Avstraliyaya təqribən 50 min il əvvəl gəliblər. O zaman dəniz suyunun səviyyəsi indikindən on metrlərlə aşağı idi ki, bunun da nəticəsində qədim insanlar indiki Zond adlarının, Yeni Qvineyanın və Avstraliyanın bütün ərazisində məskunlaşmış, quruda və dayaz sulu sahillər boyunca irəliləmişlər.

    Buzlaq dövrü başa çatanda adalar və qitələr arasındakı quru “körpülərin” üstü su ilə örtülüb və müasir aborigenlərin əcdadları təcrid olunub. Onların qitədə yaşayışa uyğunlaşmasını arxeoloqlar və paleontoloqlar fəal öyrənirlər, həmçinin insanın meydana gəlməsinin Avstraliyanın meqafaunasının itməsinə təsir edib-etməməsini müəyyənləşdirməyə çalışırlar.

    Kreyq Uestell və onun həmkarlarının fikrincə, qitənin köklü xalqlarının əhalisi ərazidə arxeoloqların və antropoloqların əvvəl güman etdiklərindən də tez yayılıb. Tapılan məskənin sakinləri ikitaylı molyusklar və çayda yaşayan digər canlılarla qidalanıblar. Aborigenlər molyuskların çanağını yaxınlıqdakı boş çalaya atıblar ki, həmin tullantılar yüz illər ərzində toplanıb. Bunun sayəsində tədqiqatçılar nəinki ərazidə sakinlərin nə ilə qidalandığını, həm də yaşayış məskənin əsasının qoyulmasını və mövcudolma müddətini təfsilatı ilə öyrəniblər. Alimlər ən aşağı təbəqədəki molyusk çanağının yaşını müəyənləşdirərək ilk insanların Murrey çayı sahillərində məskunlaşmasının Avstraliyanın cənubunda insanın meydana gəlməsinin güman edildiyi tarixdən 29 min əvvəl olduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, ilk aborigenlər çayın məcrasının vaxtaşırı dəyişməsi səbəbindən burada məskunlaşıblar. Bu, həmçinin həmin dövrdə qitənin iqliminin indikindən daha çox quraq olması ilə əlaqədardır. Quraq iqlim səbəbindən Avstraliyanın cənubunda bütün ərazi, demək olar, səhra və yarımsəhralarla örtülüb, onların qumları isə vaxtaşırı Murrey və Darlinq çaylarına tökülərək onların məcrasının dəyişməsinə səbəb olub.

     
  • Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi

    Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Azər Rzayev özünəməxsus üslubda yazıb-yaradaraq fərdi məktəbini yaradıb. Böyük sənətkarların ailəsində dünyaya göz açaraq, musiqiyə sonsuz bağlılıq ruhunda tərbiyə alıb yetişmiş bir bəstəkar və ifaçı kimi hələ gənc yaşlarından respublikamızın musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilib.

    Bu gün tanınmış bəstəkar, Xalq artisti Azər Rzayevin anadan olmasından 90 il ötür.

    Azər Rzayev 1930-cu il iyulun 15-də Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb. İlk təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində alıb. Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə - bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirib. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayiətçi kimi fəaliyyətə başlayıb.

    A.Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınıb. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülüb. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərib, Radio və Televiziya komitəsində səs rejissoru (1958-1960), M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) olub.

    Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.

    Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkestr üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.

    1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb.

    İnstrumental musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər, habelə, kinoya və teatr tamaşalarına yazdığı musiqi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmiş gözəl sənət nümunələri ilə milli mədəniyyətimizə imzasını daxil edib.

    Uzun bir yaradıcılıq yolu keçmiş Azər Rzayev sənətə gedən yolda istedad və zəhmətini ortaya qoyaraq mükəmməl nümunələrin müəllifinə çevrilib. Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərlərinin uğurla tamaşaya qoyulmasında təşəbbüskar olub. Dövri mətbuatda çap etdirdiyi məqalələr, radio və televiziyada apardığı verilişlər onu ölkəmizdə Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi də yaxşı tanıdıb.

    Azər Rzayev bütün ömrünü sənətə, milli mədəniyyətimizin inkişafına həsr edib. Sənətkar musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə bir sıra fəxri adlara və mükafatlara layiq görülüb. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adları, "Şöhrət" ordeni, "Humay" mükafatı ilə təltif olunub.

    Azərbaycanda yeni ifaçılar nəslinin yetişdirilməsində də Azər Rzayevin rolunu xüsusi qeyd etməliyik. Bu gün müxtəlif musiqi kollektivlərində çalışan ifaçıların bir çoxunun sənət aləminə vəsiqə alması onun yarıməsrlik pedaqoji fəaliyyətinin nəticəsidir.

    Bəstəkar 2015-ci il dekabrın 14-də də Bakı şəhərində dünyasını dəyişib.