Sabirin heykəli... Nərimanovun heykəli... Bakıda bu heykəlləri görməyən, bu heykəllərin qarşısında dayanıb onlara tamaşa etməyən tək-tək adam olar. Görürük, tamaşa edirik, amma çox vaxt onları yaradanın kim olduğunun fərqinə varmırıq. Bu bənzərsiz sənət əsrlərinin müəllifi Cəlal Qaryağdıdır.
Bu gün tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 105 il ötür.
Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.
Gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Bir neçə əsərinin adını çəkmək kifayətdir. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general - mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.
Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.
Bir qədər də Nəriman Nərimanovun tunc abidəsi barədə bilgi vermək istəyirik. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Ola bilməz ki, bunun səbəbi sizi maraqlandırmasın. Elə isə qeydləri oxumaqda davam edin.
1970-ci illər idi. Heykəltəraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.
Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.
Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.
C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.
Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.
Bu gün Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü geniş şəkildə qeyd olunur. Ölkənin bütün vilayətlərində dörd il əvvəl törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar təsis edilən bu günə geniş hazırlıq işləri görülüb.
Bir neçə gün əvvəl Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi ölkə daxilində və xaricdə keçiriləcək tədbirlər proqramını elan edib.
Proqrama əsasən İctimai Əlaqələr İdarəsinin təşkilatçılığı ilə iyulun 14-də axşam Prezident Administrasiyasının bağında görkəmli bəstəkar və pianoçu Fahir Atakoğlunun bəstələdiyi “15 Temmuz dastanı” simfonik əsəri ilk dəfə səhnədə yer alıb.
Konsertdə Prezident Administrasiyasının Simfonik Orkestri, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Çoxsəsli Xoru və tanınmış sənətçi Sami Savni Özerin birgə çıxışı ediblər.
Tədbirlər planına əsasən ölkənin hər yerində 15 iyun şəhidlərinin əziz xatirəsi anılacaq, şəhid və qazilərə həsr olunan proqramlar nümayiş ediləcək. Bildirilir ki, Prezident Administrasiyasında, Türkiyə Böyük Millət Məclisində anım mərasimləri təşkil olunacaq. Ümumilikdə təsdiq olunan 2238 proqramın bir hissəsi ölkə xaricində keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa xitabı və şəhid ailələri ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Həyata keçirilən hüquqi tədbirlər nəticəsində dövlət çevrilişində iştirak etmiş çox sayda vəzifəli şəxs həbs edilib. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, dövlətin qorunmasına dəstəyini əsirgəməyib.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binə şəhidlərinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı təqdimatını sosial şəbəkə istifadəçiləri və izləyiciləri üçün təqdim edib.
Kitabxanadan bildirilib ki, təqdimatda Binə qəsəbəsindən şəhid olmuş oğulların şərəfli tale yolu, şücaətləri əks olunub.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz öz qanları bahasına bu gün tarixin yeni səhifələrini yazıblar. Onlardan 27 nəfər Binə qəsəbəsinin şəhidləridir. Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.
1988-ci ildən başlayaraq işğalçı ermənilərin növbəti fitnəkarlığının qurbanları olan Azərbaycan övladlarının döyüş məharətini, Şəhidlik zirvəsinə gedən yolunu tez-tez yada salaq, onu heç unutmayaq.
Vəzifəsindən, yaşından asılı olmayaraq, hər bir azərbaycanlı Şəhidlərin adlarını əbədiləşdirmək, xatirələrdə yaşatmaq üçün əlindən gələni etməlidir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir.
Qalereyadan bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 18:00-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Vətən uğrunda həlak olmuş şəhidlərimizə həsr olunan videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, “Şəhidlik zirvəsi” adlı videoçarxdakı şeirləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı səsləndirib.
Səsləndirilən şeirdə anaların şəhid balalarının məzar daşına laylay oxuması, deyə bilmədiyi dərdini və arzusunu qəbir daşına söyləməsi, ananın yeganə təsəllisinin övladının şəhidlik zirvəsinə yüksəlməsi olduğu vurğulanır.
Videoçarx “YouTube” kanalında yerləşdirilib.
Şota Rustaveli adına Gürcüstan Teatr və Kino Universitetinin təşkilatçılığı ilə “İncəsənət və müasirlik” mövzusunda İncəsənət Tədqiqatçılarının XIII Beynəlxalq Elmi Konfransı keçirilib. Tbilisidə keçirilməsi planlaşdırılan konfrans COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə "Google Hangout Meet" platforması üzərindən təşkil edilib.
Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Bildirilib ki, tədbirdə ölkəmizi ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov təmsil edib. Gürcüstan, Almaniya, Polşa, Litva, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Ukrayna və Belarusdan teatr mütəxəssislərinin qatıldığı konfransda azərbaycanlı teatrşünasın “XX əsrin teatrı. Teatrdan qeyri-teatra doğru” mövzusunda məruzəsi maraqla qarşılanıb və geniş diskussiyaya səbəb olub.
A.Kutateladze adına Tbilisi Dövlət İncəsənət Akademiyası və V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə keçirilən konfrans virtual məkanda geniş əks-səda doğurub.
AMEA və Fransanın Monpelye Universiteti arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində müştərək doktorantura proqramı uğurla həyata keçirilir. Sazişin şərtlərinə əsasən, tərəflərin ayrılıqda və birgə komissiyalarının müsahibəsindən keçən doktorantlar hər iki təşkilatda təhsil almaq hüququ qazanırlar. Təhsil müddəti bitdikdən sonra isə doktorantlar vahid müdafiə prosesini keçərək ikili diploma sahib olacaqlar. AMEA və Monpelye Universiteti müştərək doktorantlarının ilk müdafiəsi 2021-ci il üçün nəzərdə tutulur.
Proqramın tələblərinə uyğun olaraq, hazırda 4 azərbaycanlı doktorant 2 il müddətinə təhsilini Monpelye Universitetində davam etdirir, onların təhsillərinin 3-cü ili isə AMEA-da həyata keçiriləcək. Daha 2 doktorant 2020-ci il üzrə müsabiqənin qalibi kimi bu proqrama daxil edilib.
Lakin doktorantura səviyyəsində ikili diplom proqramı Azərbaycanda yeni olduğundan, bu istiqamətdə müəyyən addımlar atılmasına ehtiyac var. AMEA-dan bildirilib ki, bu məqsədlə qurumun akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fail Kazımov və Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın iştirakı ilə onlayn görüş keçirilib.
Görüşdə ikili diplom üzrə Fransa təcrübəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin müddəaları, onların AMEA və Monpelye Universitetinin müştərək doktorantura proqramına tətbiqi üzrə müzakirələr aparılıb. Həmçinin bu istiqamətdə təkliflərin hazırlanaraq AAK-la müzakirə edilməsi qərara alınıb.
Bundan başqa, onlayn görüşdə hazırda bu proqram üzrə təhsil alan doktorantlar, onların əldə etdiyi uğurlar və qarşılaşdığı problemlərə dair fikir mübadiləsi aparılıb.
Hər bir xalqın tarixində onun heç vaxt unutmadığı, böyük iftixarla yada saldığı önəmli günlər, mühüm tarixlər var. Azərbaycan xalqının taleyinə də millətin oyanışı və formalaşmasında böyük rolu olan bir çox hadisələrin baş verdiyi günləri qeyd etmək düşmüşdür. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin nəşri belə unudulmaz tarixlərdən biridir. Bu il qəzetin yaranmasından 145 il ötür. Neçə illər, əsrlər keçsə də hər zaman Azərbaycan mətbuatından söz açarkən bu qəzet böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq. “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Azərbaycan ictimai-siyasi tarixinə günəş kimi doğdu. Bəlkə də o zamanlar qəzetin yaradılmasında iştirak edən maarifpərvər ziyalılarımız böyük maddi və mənəvi çətinliklər şəraitində fəaliyyətə başlayan bu nəşrin neçə-neçə məktəblər yaradacağını, böyük bir inqilabi hadisəyə çevriləcəyini təsəvvür etmirdilər. O zaman yalnız bir amal var idi – qabaqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq. Həsən bəy Zərdabinin redaktoru və naşiri olduğu “Əkinçi” qəzeti “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər” kimi şöbələrdən ibarət idi və fəaliyyətə başladığı ilk aylarda az tirajla, kiçik formatda çap olunurdu. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. Onun səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.
Bu fikirləri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O qeyd edib ki, cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. “Əkinçi”dən sonra yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirməyə başlamışdılar. “Əkinçi”nin fəaliyyəti və H.Zərdabinin elmi irsi Azərbaycanın alim və tədqiqatçıları tərəfindən dərindən araşdırılıb, neçə-neçə kitab və monoqrafiyalar, məqalələr çap olunub. Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 145 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur. Bu gün ölkəmizdə 40-dan çox gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər dərc olunur. Azərbaycanda ümumilikdə 95 teleradio yayımçısı və operatoru, 12 ümumrespublika televiziya, 12 regional televiziya, 16 radio və 3 peyk televiziya yayımçısı fəaliyyət göstərir. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəmlər ölkəmizdə azad medianın uğurla inkişaf etdiyini göstərir.
Nərgiz Qəhrəmanova vurğulayıb ki, Azərbaycan hökuməti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 2020-ci il 30 iyun tarixli Sərəncamı jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyəri bir daha təsdiqləyir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.
“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da mətbuatımızın inkişafında böyük rolu olan bir qurum kimi bu il jurnalistikanın 145 illiyini qeyd edir. AMEA-nın rəsmi veb-portalı olan science.gov.az, AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzeti və Akademiyanın “Elm TV” internet televiziyası bu gün ölkənin elm sahəsində fəaliyyət göstərən öncül, nüfuzlu mətbuat orqanlarındandır. İlk mətbu nümunəmizin nəşrindən düz 120 il sonra, 1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytı olan science.gov.az müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunur. Bu il 25 yaşını qeyd edən science.gov.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv işıqlandırır, təbliğ edir. Hazırda bəşəriyyəti cənginə alan koronavirus pandemiyası dövründə bütün dünyada mətbuatın necə güclü vasitə olduğu, 4-cü hakimiyyət rolunu oynadığı bir daha ön plana keçib. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən jurnalistlər cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayanırlar.
Science.gov.az da koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.
AMEA Rəyasət Heyətinin digər mətbu orqanı olan “Elm” qəzeti ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən nəşrlərdəndir. Qəzet Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir. Burada görkəmli elm xadimləri ilə müsahibələrə, AMEA-da həyata keçirilən müxtəlif tədbirlərə, o cümlədən elmi tədqiqatlarla bağlı məqalələrə rast gəlmək mümkündür.
Azərbaycanın ilk elmi internet televiziyası olan “Elm Tv” isə AMEA-nın institut və təşkilatlarında keçirilən tədbirləri lentə alır, gənc alim və mütəxəssislərin reallaşdırdığı maraqlı layihələri işıqlandırır. “Elm Tv” Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. 2019-cu il oktyabrın 23-də AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə bu elm ocağı ilə yanaşı, science.az-ın və akademiyanın digər mətbuat orqanlarının da həyatında yeni mərhələ başlanıb. İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilib, idarəetmə sistemi modernləşdirilib.
On bir ildən artıqdır ki, mən də Azərbaycan mətbuatının, AMEA-nın və ən əsası science.gov.az portalının bir parçası olmaq, ölkəmizin elm adamları, ziyalıları ilə birgə çalışmaq və elmimizin təbliğini həyata keçirməkdən qürur duyuram.
Jurnalist fəaliyyətimdən başqa, AMEA-nın ictimai həyatında da – Azərbaycan mətbuatının inkişafı yönündə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edirəm. Fəaliyyətim dövründə jurnalistika sahəsində müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda, treninqlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bugünədək ölkə mətbuatında Azərbaycanın jurnalistika tarixi, tanınmış alimlərimizin həyat və fəaliyyəti, ölkə elmində baş verən yeniliklər və mühüm hadisələrə dair 30-a yaxın məqaləm dərc olunub. İnanırıq ki, həm bütövlükdə Azərbaycan, həm də AMEA mətbuatı illər keçdikcə daha da inkişaf edəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması istiqamətində fəaliyyətini daha da genişləndirəcək. Mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə ölkənin müxtəlif media orqanlarında fəaliyyət göstərən bütün qələm sahiblərini ürəkdən təbrik edir, jurnalistikamızın yüksələn xətlə tərəqqisi yönündə həmkarlarıma yaradıcılıq uğurları arzu edirəm!", - deyə Nərgiz Qəhrəmanova bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin funksionallığı xeyli genişləndirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da altsistemdə əhatə olunacaq. Altsistemdə həmin məlumatlar əlilliyin qiymətləndirilməsinin daha təkmil və obyektiv, həmçinin çevik aparılmasına imkan verəcək.
Əlilliyin qiymətləndirilməsi məqsədilə indiyədək vətəndaşlarla bağlı edilmiş müraciətlərin sayı və imtina səbəbləri də xüsusi bölmədə əksini tapacaq.
Artıq iyulun 15-dən əlilliyin qiymətləndirilməsi prosesi təkmilləşdirilmiş “Əlillik” altsistemi üzərindən həyata keçirilir.
Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 31-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 31-36° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 30-35° isti, dağlarda gecə 18-20°, gündüz 23-28° isti olacağı ehtimalı var.