Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Paytaxt məktəbliləri xarici təhsil müəssisələrinə dəvət olunub

    Paytaxt məktəbliləri nüfuzlu xarici təhsil müəssisələrinə dəvət olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanovanın onlayn formada keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğur qazanaraq, "Volfram tədqiqat mükafatı"na layiq görülmüş "Baykal başlıqotu dərman bitkisində gümüş nanohissəciklərinin sintezi və onların antioksidant, antibakterial aktivliyi" mövzusundakı tədqiqat işi ABŞ təhsil müəssisələrinin diqqətini cəlb edib. Belə ki, Alabama Universitetinin nəzdində fəaliyyət göstərən Birminqem Sənət və Elm Kollecindən, eləcə də Milvauki Mühəndislik Məktəbindən Nigar Alşanovaya təhsilini və tədqiqatını davam etdirmək üçün dəvət gəlib. Eyni zamanda, tədqiqatyönlü ali təhsil müəssisələri olan Renseiler Politexnik İnstitutu, Templ Universiteti və Florida Texnologiya İnstitutu Nigar Alşanovanı tədqiqatını inkişaf etdirmək üçün yaradıcılıq və araşdırma düşərgələrinə dəvət ediblər.

    175 nömrəli tam orta məktəbin digər şagirdi Angelina Şevlyakova isə onlayn qaydada keçirilən rus dili üzrə beynəlxalq olimpiadanın qalibi olub və I dərəcəli diploma layiq görülüb. Bu uğuruna görə o, Sankt-Peterburq Universiteti tərəfindən humanitar ixtisaslar üzrə təhsil almağa dəvət edilib.

     
  • Xaricdə təhsil almaq istəyən məzunların nəzərinə

    Xaricdə təhsil almaq istəyən məzunlar ali məktəblərə qəbul imtahanlarında da iştirak edə bilərlər.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 17-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

    O bildirib ki, həmin məzunlar buraxılış imtahanında iştirak etdikdən sonra qəbul imtahanına buraxılacaqlar.

     
  • Buraxılış imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək

    Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 17-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

    O bildirib ki, iyulun 23-də və 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti buraxılış (qəbul) imtahanlarında 60 min nəfərin iştirakı gözlənilir. İştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri bu imtahanda iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

     
  • Polşada Almaniya-Azərbaycan ortaq istehsallı film nümayiş olunacaq

    Polşanın Jupia şəhərindəki “Dostluq” bulvarında açıq hava film festivalında Almaniya-Azərbaycan ortaq istehsalı olan “Staniçek” (“Korset”) filmi nümayiş olunacaq.

    Filmin nümayişi iyulun 24-də və pulsuz olacaq.

    Rejissoru alman Veyt Xeymer olan komediya janrlı film 2018-ci ildə çəkilib. Rollarda Azərbaycan, Serbiya, Almaniya, Rusiya və İspaniyadan olan aktyorlar çəkilib.

     
  • “COVID-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində iyulun 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “COVID-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti” (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması) mövzusunda videokonfrans keçirilib.

    Akademiyadan bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak ediblər.

    Qeyd edək ki, videokonfransda Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, fəlsəfə elmləri doktoru, sənətşünaslıq üzrə doktor, professor Mina Hacıyeva (moderator), Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr.Vüsalə Yusif məruzəçi qismində çıxış ediblər.

     
  • Qarabağ müharibəsi ilə bağlı yeni film

    AzTV-nin Sabah Yaradıcılıq Studiyasında Qarabağ müharibəsi ilə bağlı yeni film çəkilib.

    “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. Bir saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.

    Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Fahir Səmədoğlu, bəstəkarı Vüsal Ömərov, rəssamı Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.

    Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.

  • Rusiyada “Kinotavr” festivalının payızda keçirilməsi qərara alınıb

    Rusiyada kino sahəsinin aparıcı baxış-müsabiqələrindən olan “Kinotavr” festivalının payızda keçirilməsi qərara alınıb. 31-ci “Kinotavr” festivalı sentyabrın 11-dən 18-dək Soçidə təşkil ediləcək.

    Bu haqda festivalın saytında məlumat verilib.

    Bir qayda olaraq iyun ayında keçirilən festival bu il pandemiya və karantin səbəbindən ertələnmişdi.

    Təşkilatçılar bildirib ki, festival Soçidə ənənəvi qaydada keçiriləcək. Sadəcə olaraq, məlum səbəblərə görə format bir qədər dəyişəcək. Belə ki, “Kinotavr” bu il daha az sayda qonaq qəbul edə biləcək, əyləncə proqramı ixtisar olunacaq və bütün epidemioloji göstərişlərə maksimum əməl olunmaqla keçiriləcək.

    Hazırda 31-ci “Kinotavr” proqramı üzərində hazırlıq işləri gedir. Yeni şərtlər və akkreditasiya qaydaları festivalın rəsmi saytında (www.kinotavr.ru) dərc olunacaq.

    Xatırladaq ki, kino müsabiqəsi 1990-cı ildən etibarən Soçidə keçirilir. Yarandığı ilk illərdə müsabiqədə ancaq Rusiya filmləri iştirak etsə də, 2011-ci ildən etibarən xarici ölkələrin rus dilində çəkilmiş filmlərinin festival proqramında iştirakı reqlamentə əlavə olundu.

     
  • Sən uzaq, yaşıl ada…

    Mirzə Babayevin şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılar hər kəsin qəlbini ovsunlayıb, yaddaşlara əbədi həkk olunub.

    Bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 107 il ötür.

    Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopub.

    Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.

    Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.

    Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi yüksəklərə qaldırıb.

    Mirzə Babayev aktyor kimi müxtəlif rolları peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. Onun “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.

    Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.

    Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.

    Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.

    İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.

     
  • Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual bilik yarışmasına start verib

    Azərbaycan Dövlət Rəsm Qalereyası iyulun 15-də saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verib.

    Qalereyadan bildirilib ki, sənətsevərlər virtual olaraq ilk incəsənət mövzulu onlayn bilik yarışmasında iştirak edərək öz biliklərini yoxlayıblar.

    İştirakçılar virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” (@azgallery.az) sosial media hesabının canlı yayımı vasitəsilə qoşulublar.

    Növbəti yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “WhatsApp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

     
  • “Azərbaycanın özünə qayıdışı” mövzusunda videokonfrans təşkil edilib

    Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 51-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.

    MKS-dən bildirilib ki, “Azərbaycanın özünə qayıdışı” mövzusunda təşkil edilən konfransda Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salınıb, ölkəmizin inkişafı naminə gördüyü işlərə nəzər yetirilib. “Hər bir xalqın tarixində elə hadisələr olur ki, onlar zaman-zaman, əsrlər keçsə də, daim xatırlanır, minnətdarlıq hissi ilə yad olunur. 51 il bundan əvvəl Azərbaycanın, onun xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başladı. İyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi haqqında qərar ictimai düşüncədə və fərdi düşüncədə respublikanın dəyişilməsinə ehtiyacın dərk edilməsi ilə üst-üstə düşdü. O zaman milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü, aqrar əyalətdən inkişaf etmiş sənaye ölkəsinə doğru inkişaf başladı. 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı işinə başlanıldı”, - kimi fikirlər videokonfransda söylənilib, mərzələr dinlənilib, çıxışlar olub.

    Bir həqiqət mövcuddur ki, Azərbaycan var olduqca, Ulu Öndərin adı da onunla bir yerdə çəkiləcək, nə qədər ki, Azərbaycan xalqı Heydər Əliyev yoluna sadiqdir, Azərbaycan da yüksələcək, ucalacaq və dünyanın ən zəngin, qüdrətli və firavan ölkəsi, Heydər Əliyevin şah əsəri kimi özünü daim təsdiqləyəcək.