İtaliyada onlayn formada keçirilən kulinariya müsabiqəsində Azərbaycan təmsilçiləri də yarışır.
“İtalia a Tavola” (“İtaliya masa arxasında”) kulinariya saytının keçirdiyi “Vegetarian Challenge” müsabiqəsi ötən ilin noyabrından bu ilin sonunadək davam edəcək. Hər ay bir neçə qalibin olduğu müsabiqə iştirakçıları yeməklərini sosial şəbəkələr üzərindən təqdim edirlər. Ən çox səs toplamış yemək qalib seçilir.
Yalnız vegetarian yeməklərin iştirak etdiyi müsabiqədə bu ay Azərbaycanı iki aşpaz təmsil edib. Xanım Əliyeva narşərablı tərəvəz salatı və Seymur Rəcəbov kartoflu gürzə ilə iddiaçılar arasındadır.
Ölkəmizdə COVID-19 pandemiyası ilə əlaqədar davam edən xüsusi karantin rejimi insanları müvəqqəti izolyasiya şəraitində evlərində qalmağı, tibbi maska taxmağı və sosial məsafə saxlamağı tələb edir.
Bu səbəbdən fəaliyyətini onlayn qaydada davam etdirən bir çox dövlət qurumu və incəsənət məkanları kimi Azərbaycan Dövlət Rəsm Qalereyası da sosial media hesabları vasitəsilə sənətsevərləri asudə vaxtlarını evdə maraqlı və səmərəli keçirmələri üçün bir sıra virtual layihələr həyata keçirir.
Sənətsevərlər tərəfindən xüsusi maraqla qarşılanan #birəsər həştəqi ilə hər həftə bir incəsənət əsərlərinin bədii təhlili, eləcə də #rəssamlarıtanıtanıt devizli görkəmli Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və tanınmasına xidmət edən onlayn layihələri qeyd etmək olar. Qalereyanın rəsmi sosial media hesabları (ADRQalereya.az,@azgallery.az) vasitəsilə incəsənətə marağın artırılması məqsədilə davamlı aksiyalar, rəssamlarla canlı yayımlar, müxtəlif mövzulu virtual sərgilər mövcud şəraitdə onlayn davam edir.
Bununla yanaşı, ötən həftə start götürən yeni “ARTAP” adlı incəsənətə aid maraqlı sual layihəsi sənətsevərlərin böyük marağına səbəb olub. İntellektual bilikləri müəyyənləşdirməyə, zənginləşdirməyə stimul verən “ARTAP” layihəsinin sualları hər həftənin birinci günü qalereyanın sosial media hesablarında paylaşılır.
Qalereyanın növbəti yeniliyi “+5C” adlı ilk incəsənət mövzulu onlayn bilik yarışmasıdır. Azərbaycan Dövlət Rəsm Qalereyası “Instagram” (@azgallery.az) sosial media platformasında həyata keçirilən “+5C” onlayn yarışmasında incəsənət biliyinə, dünyagörüşünə güvənən şəxsləri iştirak etməyə, 5 suala cavab verib, hədiyyə qazanmağa dəvət edir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşlarının audio məqalələrinin hazırlanması da yeni virtual layihəyə daxildir.
Yeni virtual layihələrə Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” (@azgallery.az), “Facebook” (ADRQalereya.az) sosial media hesabları vasitəsilə qoşulub, iştirak etmək və ya izləmək mümkündür. Qalereyanın mövcud və yeni layihələrindən xəbərdar olmaq üçün rəsmi saytını (www.azgallery.az) izləmək tövsiyə edilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin məntiqi davamı olan “Vətənimizə virtual səyahət” layihəsini uğurla davam etdirərək növbəti virtual turu Mingəçevir şəhərinə təşkil edib.
Kitabxanadan bildirilib ki, videoçarxda şəhərin tarixi ilə bağlı izləyicilərə maraqlı faktlar çatdırılır və fotolar nümayiş olunur. Videoçarxda İkinci Dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəri olan Mingəçevirin tikintisi, böyüməsi və inkişafı ilə bağlı informasiya verilir. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı, Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) və Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası haqqında maraqlı məlumatlar videoçarx vasitəsilə izləyicilərə təqdim olunur.
Materialda Heydər Əliyev Mərkəzi, Tarix Muzeyi, Rəsm Qalereyası, Mingəçevir Dövlət Dram Teatrı, Gənclər Evi, Bayraq Meydanı, Soyqırımı abidəsi, Şəhidlər xiyabanı, Mingəçevir Dövlət Universiteti, Ana Dili abidəsi və digər müasir tikililərin, bununla yanaşı bir sıra istirahət mərkəzləri və parkların fotoları göstərilir.
Şəhərin kosmosdan görünüşünün fotosunun da yer aldığı videoçarx Azərbaycanın Milli Qəhrəmanları olan mingəçevirlilərdən Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev, Rəşad Mirabov və digər görkəmli şəxsiyyətlərin siyahısı ilə yekunlaşır.
Videoçarxda yer alan “Mingəçevir” mahnısı Xalq artisti Brilliant Dadaşova tərəfindən ifa olunur.
Mingəçevir şəhəri haqqında videoçarxı kitabxananın “YouTube” kanalında və “Kitabsevər uşaqlar”ın “Facebook” səhifəsində izləmək olar.
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovla keçirilib.
Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən görüşə1500-dən çox izləyici qatılıb. Qonaq, ilk növbədə, son günlər Azərbaycanın Tovuz ərazisində respublikanın müstəqilliyi, ərazi bütövlüyü naminə aparılan döyüşlərdə həlak olunmuş şahidlərimizin xatirəsini yad edərək, ailələrinə səbir diləyib.
O, pandemiya dövründə insanların rastlaşdıqları problemləri qruplara bölərək çox izahlı şəkildə təsvir edib və problemlərin aradan qaldırılması yollarını izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, insanların kiçik xoşbəxtliklərdən zövq almağı bacarmalarından söhbət açıb. Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın əməkdaşı Günay Həsənovanın da suallarını cavablandırıb.
Canlı yayım zamanı mütaliə mövzusuna geniş yer verilib, qonaq istifadəçilərə “Qobusnamə”, “Kəlilə və Dimnə”, fərdi inkişaf üçün Viktor Franklın “Həyata hə demək” və s. bu kimi kitabları oxumağı tövsiyə edib.
Canlı yayım zamanı müsahib rəhbərlik etdiyi Psixologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyətindən də danışıb, burada tam təmənnasız olaraq əhaliyə təqdim edilən “Qaynar xətt” xidməti haqqında məlumat verib.
Sonda qonaq Elnur Rüstəmov bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.
İstifadəçilər Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CCl5D3pCLbn/ linkı vasitəsilə baxa bilərlər.
Respublika Gənclər Kitabxanasının əməkdaşları Elnur Rüstəmov haqqında videoçarx hazırlayıblar, bu materiallar kitabxananın “Instagram” səhifəsinin https://www.instagram.com/p/CCjFRfVBPJ_/ linki altında yerləşdirilib.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövrdə ölkəmizə gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 26,7 faizi Gürcüstan, 14,5 faizi Türkiyə, 7,0 faizi İran, hər birindən 2,1 faiz olmaqla Hindistan və Ukrayna, 2,0 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, hər birindən 1,2 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və İraq, 0,7 faizi Belarus, 0,6 faizi İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 76,2 faizini kişilər, 23,8 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan - 6,9 dəfə, Macarıstandan - 5,3 dəfə, Yaponiyadan və İsraildən - 5,1 dəfə, Polşadan - 4,7 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,6 dəfə, Kanadadan - 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan - 4,0 dəfə, İraqdan - 3,9 dəfə, Fransadan - 3,8 dəfə, Almaniyadan - 3,7 dəfə, Omandan - 3,6 dəfə, Niderlanddan - 3,5 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil, 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub. Ölkə vətəndaşlarının 33,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 20,5 faizi Rusiya Federasiyasına, 9,5 faizi Türkiyəyə, 7,2 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,3 dəfə azalıb.
2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan Yazıçılar Birliyində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu.
Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı.
Düşmənin bu təxribatçı həmləsini dəf edərkən 4 qəhrəman Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhədimiz qorunub və düşmən əsgərləri torpaqlarımızın bir qarışına da ayaq basa bilməyib.
Azərbaycan Yazıçılar Birliyi olaraq, bu narahat günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna daha yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayırıq!
Eyni zamanda, işğalçı Ermənistanın bu çirkin və qanlı təxribatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın cilovlanması üçün səy göstərməyə çağırırıq!”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Art Olimpiya” V beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.
İdarədən bildirilib ki, Azərbaycanda ilk dəfə onlayn keçirilən müsabiqədə məktəbin şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov uğurla çıxış ediblər və münsiflər heyətinin qərarı ilə “Yunior 2” yaş qrupunda, “fortepiano dueti” nominasiyasında 1-ci yerə layiq görülüblər.
Müsabiqədə şagirdlər bəstəkar Arif Məlikovun fortepiano üçün yazılmış "Skertso" əsərini ifa ediblər.
Pakistanda nəşr edilən “İslamabad Post” qəzetində, “Diplomatic News Agency” və “Dispatch News Desk” xəbər agentliklərində, eləcə də “Centreline” jurnalında İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya mədəni irsi“ adlı məqalə dərc olunub.
Məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma altında muzey olduğu və Bakının akropolu və ya Qədim şəhər adlandırıldığı bildirilib. XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq şəhərin qala divarlarından kənara çıxaraq genişləndiyi, divarların xaricində bir çox binaların inşa edildiyi və Bakının sürətlə böyüdüyü qeyd olunub.
Müəllif İçərişəhərin əzəmətinin, onun misilsiz memarlıq abidələri və şəhər planlamasının əsl küçə mənzərələri ilə vəhdətini özündə əks etdirməsini ifadə edir. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu - Qız Qalası olduğunu bildirən müəllif XII-XV əsrə aid Şirvanşahlar Sarayının da Azərbaycan memarlığının incisi olmasından bəhs edib .
Məqalədə İçərişəhərin ərazisi, idarə edilməsi, tarixi abidələri və onların qorunması, eləcə də Qız qalası və Şirvanşahlar sarayı barədə ətraflı məlumat da oxucuların diqqətinə çatdırılıb.
Materialın sonunda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı tarixi binaların olduğu qeyd olunub və bu tarixi məkanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduqdan sonra şəhər rəhbərliyi tərəfindən Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi, Bəylər məscidi və digər tarixi abidələrin qorunması və bərpası istiqamətində işlərin uğurla başa çatdırılmasından bəhs olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına salınmış qədim tarixi memarlıq abidəsi olan Qız qalası haqqında videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx vasitəsilə izləyicilər paytaxtımızın incisi Qız qalasına virtual tura çıxacaq, abidənin özəllikləri barədə ətraflı məlumat əldə edə biləcəklər.
Videomaterial kitabxananın “Instagram” hesabında izləyicilərə təqdim edilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu üçün qeydiyyat davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə link vasitəsilə iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.
Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlar üzrə təhsil almaq mümkündür.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə müraciət etmək olar.