Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Virtual məktəb”də interaktiv dərslərin nümayişi davam edir

    “Virtual məktəb”də interaktiv dərslərin nümayişi davam edir.

    Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib ki, iyulun 15-i saat 16:00-da müxtəlif alətlərdən istifadə etməklə 4 müəllim öz dərslərini təqdim edəcək və mövzu ətrafında müzakirə aparılacaq.

     
  • BDU-da akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilmiş onlayn tədbir keçirilib

    İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycanda fiziologiya elminin banisi, 1944-1950-ci illərdə BDU-nun rektoru olmuş Əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilmiş onlayn dəyirmi masa keçirilib.

    BDU-dan bildirilib ki, tədbirin moderatoru, universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov Azərbaycanın ilk fizioloq alimi Abdulla Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, Azərbaycan elminə böyük töhfələr vermiş Abdulla Qarayev elm və təhsil tariximizdə silinməz iz qoyub.

    BDU-nun rektoru Elçin Babayev akademik Abdulla Qarayevin çoxşaxəli elmi və ictimai fəaliyyətindən danışıb. Qeyd edib ki, 1938-ci ildə təməli qoyulan Eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri olmuş akademik Abdulla Qarayev bütün həyatını fiziologiya, biologiya və tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafı işinə həsr edib. 1941-ci ildən BDU-da çalışmağa başlayan A.Qarayev rektor vəzifəsinədək yüksəlib. Alimin qətiyyətli fəaliyyəti nəticəsində 1950-ci illərin ortalarında universitet ölkədə ən güclü elmi mərkəzə çevrilib. A.Qarayev tabeliyində çalışan əməkdaşların qayğısına qalıb, onların problemlərinin həllinə əlindən gələni köməyi əsirgəməyib. Bu səbəbdən onun əziz xatirəsi həmişə uca tutulur və ehtiramla yad edilir.

    AMEA-nın vitse-prezidenti, akademiyanın həqiqi üzvü, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova “Akademik Abdulla Qarayev elmin təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, akademik A.Qarayev adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırıb. Respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk akademik qurum məhz onun təşəbbüsü ilə Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olub. Sonradan Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Fiziologiya İnstitutu təsis olunub. Bu gün akademik Abdulla Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun rəhbərliyi dövründə irəli sürdüyü ideyaları inkişaf etdirərək respublikada aparılan fizioloji tədqiqatların koordinasiyasını həyata keçirir, gənc kadrların yetişdirilməsinə töhfə verir.

    Daha sonra Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimovanın, AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin A.Qarayev adına Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədovun, Fiziologiya İnstitutunun baş elmi işçisi Rafiq Qasımovun, BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, dosent Validə Mədətovanın və kafedranın dosenti Ruhəngiz Babayevanın və doktorant Könül Həsənovanın çıxışları dinlənilib.

    Çıxışlarda akademikin keçdiyi mənalı ömür yolu, yüksək insani keyfiyyətləri, milli fiziologiya məktəbinin yaradıcısı kimi Azərbaycan elmi istiqamətində gördüyü işlər, dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və sair) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində apardığı elmi tədqiqatlar, Azərbaycan dilində dərsliklər nəşr etdirməsi, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilib.

    Ailə üzvləri adından akademik Abdulla Qarayevin nəvəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Vəfa Adıgözəlova çıxış edərək BDU-nun rəhbərliyinə, AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinə və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını çatdırıb.

    Onlayn dəyirmi masa Fiziologiya İnstitutunun Abdulla Qarayev haqqında hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.

     
  • Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir

    Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.

    Müsabiqəyə qeydiyyat bu il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim-2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.

    Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

    Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

    Müsabiqənin münsiflər heyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində xsm.2016@mail.ru adresinə müraciət edə bilərlər.

    Təşkilat komitəsi münsiflər heyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaq.

    Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

     
  • “YARAT”da “Rəqəmsal yuxular” mövzusu müzakirə ediləcək

    İyulun 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Rəqəmsal yuxular” mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci anonim virtual müzakirə olacaq.

    “YARAT”dan bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı mövzular müzakirə ediləcək.

    Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edəcək.

     
  • “Bakı və Abşerona virtual səyahət” layihəsi çərçivəsində Balaxanı kəndinə virtual tur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası bu dəfə izləyiciləri “Bakı və Abşerona virtual səyahət” layihəsi çərçivəsində Bakının qədim kəndlərindən olan Balaxanıya virtual tura dəvət edib.

    İdarədən bildirilib ki, səyahət kitabxananın “Instagram” və “Facebook” səhifələrində yayımlanıb.

    Balaxanı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir, Sabunçu və Zabrat qəsəbələri, Ramana, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır.

    Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

    1989-cu ildən başlayaraq qəsəbənin qərb hissəsində “Yeni Balaxanı” adlanan yaşayış massivi formalaşmağa başlayıb. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınıb.

    Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrisol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.

    Tədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Ədəbiyyat tarixindən məlumdur ki, Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışıb. Bir çox məşhur şeirlərini də o, məhz Balaxanıda yazıb.

     
  • Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub

    Tamaşasız və tamaşaçısız bir teatr mövsümünü də belə yola saldıq.

    Koronavirus səbəbindən 147-ci teatr mövsümündə bir çox premyeralar baş tutmasa da, sənət ocaqları belə çətin vəziyyətdə işi günün tələbləri səviyyəsində qurmağa çalışdı. Onlayn təqdim olunan tamaşalar yeni dövrün çağırışı olsa da teatrlar bunu bacardı və öz pərəstişkarlarını unutmadı. Amma mart ayına qədər qazanılan uğurlara, görülən işlərə yenidən nəzər salmağa dəyər.

    Belə ki, hələ ötən payızda yeni başlanan mövsümə nəzərən yubileylərlə zəngin tamaşalar xronikası gözlənilirdi. Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650, böyük ədiblər Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150 illik yubileyləri ilə bağlı sərəncamlarından irəli gələrək ayrı-ayrı teatrlarda tamaşalar hazırlandı. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı teatr həftəsi”, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “2+1” III Eksperimental teatr festivalı keçirildi. Ara-sıra teatrların yerli və xarici qastrolları, beynəlxalq festivallarda fərqli format və tərkiblərdə iştirakları da nəzərə çarpdı.

    Tamaşaçıları üçün darıxan Akademik Opera və Balet Teatrı bu mövsümün ən azı ilk yarısını məhsuldar yaşayıb. Teatrın yaradıcı kollektivi paytaxtdan kənarda da, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının səhnəsində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının tamaşası ilə çıxış edib.

    Dəvətli dirijorlar Korneliya fon Kerssenbrok və Mixail Aqrest (Almaniya), Yakopo Sipari de Peskacserollinin (İtaliya) idarəsində opera nümayişləri reallaşıb. Dəvət olunmuş solistlərdən Rusiyadan Andjey Beletski, Nikolay Yeroxin, Ukraynadan Nikolay Şulyak, Eduard Martınyuk, Tatyana Qanina, Boqdan Pançenko, Belarusdan Stanislav Trifonov, Vladimir Qromov, Gürcüstandan Teymuraz Ququşvili və başqalarının çıxışlarını da izləyicilər bu mövsümdə alqışlayıblar.

    Balet artistlərinə gəlincə, teatrın səhnəsində çıxış etmiş Rusiya Böyük Teatrının aparıcı solistləri Angelina Vlaşinets, Kristina Kretova, Klim Yefimov, Sankt-Peterburqun Mariinski Opera və Balet Teatrının premyeri, həmyerlimiz Timur Əsgərovu, Ukraynadan dəvət olunmuş Stanislav Olşanskini qeyd etmək olar.

    147-ci teatr mövsümü haqqında danışanda Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illik yubileyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbiri həm də onunla əlamətdar oldu ki, teatrın 21 əməkdaşı orden, medal və fəxri adlar, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olundular.

    Mövsüm ərzində isə teatrın səhnəsində “Yaşar”, “Dəli yığıncağı”, “Şaxta baba və Beffan nənələr” tamaşalarının premyerası keçirildi.

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında “Paris Notr-Dama ithaf” tamaşası olub.

    Teatr Albaniyanın Elbasan şəhərində keçirilən XXI “Skampa – 2019” Beynəlxalq Modern Teatr Festivalında “Qodonun intizarında” tamaşası ilə uğurla iştirak edib.

    Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İranda keçirilən 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının bir qolu – V İran Teatr Sərgisində də iştirak edib. Bundan başqa, TÜRKSOY təşkilatının təşəbbüsü ilə fevralın 9-da Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş yubiley mərasimində də teatr təmsil olunub.

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da mövsümü dolğun keçib, yaradıcı kollektiv uşaqlar və böyüklər üçün yeni səhnə əsərləri təqdim edib. Misal olaraq Şərq motivləri əsasında hazırlanan “Sindibad”, Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dəli yığıncağı”, Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanan “Şəhərin qış gecələri” tamaşalarını deyə bilərik.

    Premyeralarla yanaşı, qarşılıqlı qastrollar, yaradıcılıq mübadilələri də bu mövsümün payına düşür. Bu mənada teatrın Qırğızıstanın Oş şəhərində festivalda iştirakını, Özbəkistanın Gənc Tamaşaçılar Teatrı ilə qarşılıqlı səfərini vurğulamaq olar.

    30 yaşını qeyd edən Yuğ Dövlət Teatrının da yubiley mövsümü zəngin olub. Teatrda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mənəm, mən” tamaşası böyük maraqla qarşılandı. 2020-ci il üçün repertuar planına əsasən M.Vişnekin “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanmış “Kloun-bizzz” tamaşası da bu mövsümdə hazırlandı.

    Digər yubilyar kollektiv, təntənəli və maraqlı ad günü tədbiri ilə 25 yaşını yola salan Dövlət Pantomima Teatrı da mövsümü natamam başa vurmaq məcburiyyətində qalıb. Teatrın qurucusu, Xalq artisti Bəxtiyar Xanızadənin hazırladığı “Yük” tamaşası hazır olsa da, pandemiya səbəbindən tamaşaçı qarşısına çıxa bilmədi.

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci mövsümünü premyeralarla başa vurub. Teatrın əsas truppası və nəzdindəki studiyaları “Yeddi nar çubuğu”, “Balıqçı və balıq”, “Qara balığın nağılı”, “Solğun sevgilər”, “Dovşanın ad günü” tamaşalarını izləyicilərə təqdim etdilər.

    Şuşa Dövlət Musiqili Dram Teatrı üçün bu mövsüm yaddaqalan olub. Mövsümü ilk dəfə Bakı şəhərindəki öz binasında açan teatrın səhnəsində “Dəli Domrul”, “Nağıllar aləmində” (uşaq tamaşası), “Anamın kitabı”, “Danışan gəlincik ” tamaşaları hazırlanaraq teatrsevərlərin ixtiyarına verildi. Teatr cari mövsüm ərzində Ağdam, Yevlax, Masallı, İmişli, Biləsuvar və Quba rayonlarında qastrol səfərlərində də olub.

    C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü məhsuldar yaşayıb. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında tamaşa hazırlanıb. Yaradıcı heyət bu tamaşa ilə Balakən, İmişli və Saatlı rayonlarında qastrol səfərinə də gedib. Teatrda İmir Məmmədlinin “Oğru və Doğru” əsəri də yeni səhnə həyatını yaşayıb.

    Bakı Uşaq Teatrı bu mövsümdən artıq Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirir. 18-ci mövsümünü başa vuran teatr mövsümün əvvəlində Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” festivalında uğurla iştirak edib. Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Göyçək Fatma” tamaşası festivalda diplomla təltif olunub. Teatr Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi “2+1” Eksperimental teatr festivalında da 2 tamaşa ilə çıxış edib. Analara və oğullara ithaf olunan “Ballı” tamaşasının festivaldakı nümayişi həm də premyera idi.

    Bölgələrdə fəaliyyət göstərən sənət ocaqları da başa çatan mövsümdə öz yaradıcılıq planlarını icra etməyə çalışıblar.

    51-ci mövsümünü yekunlaşdıran Sumqayıt Dövlət Dram Teatrının repertuarı yeni səhnə əsərləri ilə zənginləşib. Mövsümün əvvəlində C.Cabbarlının “Solğun çiçəklər” faciəsini tamaşaçılara təqdim edən teatrda Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Sevgilim Sumqayıt” tamaşası da hazırlandı. J.P.Sartrın “Dəfn edilməmiş ölülər” pyesi teatrın səhnəsində özünün yeni həyatını yaşadı. C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin və Ə.Haqverdiyevin ölməz “Kimdir müqəssir?” faciəsinin səhnə yozumu da bu mövsümün payına düşür.

    Qusar Dövlət Ləzgi Dram Teatrının da mövsümü rəngarəng olub. Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərini səhnələşdirən yaradıcı heyət “2+1” III Eksperimental teatr festivalı çərçivəsində bakılı sənətsevərlər qarşısında iki tamaşa ilə (“Üç gün, üç gecə”, “Sədəf”) çıxış edib. 20 Yanvara həsr olunmuş “Şəhidlər” tamaşası bu mövsümdə izləyicilərlərlə görüşüb. “Səkkiz qadın”, “Hərənin öz ulduzu”, “Peşəkar ər” tamaşaları da teatrın yeni səhnə işlərindəndir.

    Mingəçevir Dövlət Dram Teatrı bu mövsümdə “Caninin etirafı” adlı tamaşa ilə teatr ictimaiyyəti qarşısına çıxıb. Yaradıcı heyət elə paytaxt Bakıya qastrolunu da bu nümunə ilə edib.

    Cənub bölgəmizin sənət ocağı olan Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi mövsüm ərzində müəyyən işlər görsələr də, ölkənin digər konsert-tamaşa müəssisələri kimi, ümumilikdə nəzərdə tutduğu bir sıra layihələri gerçəkləşdirə bilməyib. 2019-cu ilin noyabrında Bakıda Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə keçirilən “Teatr həftəsi” çərçivəsində Lənkəran kollektivi böyük dramaturqun “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” tamaşasını təqdim edib.

    Şəki Dövlət Dram Teatrı isə özünün mövsümünü J.Molyerin və M.Bulqakovun əsərləri əsasında “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə açmışdı. Teatrda C.Cabbarlının “Sevil”, A.Məmmədovun “Dəli Domrul” əsərləri də bu mövsümdə tamaşaya qoyulub. Teatr C.Cabbarlının “Sevil” tamaşası ilə Bakıda da teatrsevərlərin qarşısına çıxıb.

    Qazax Dövlət Dram Teatrında isə mövsüm ərzində R. Ağayevin “Bir gecənin nağılı” tamaşası təqdim olunub.

    Ağdam Dövlət Dram Teatrı tamaşa planına uyğun olaraq nümayişlərini reallaşdırıb. Bu sıraya “Qəribə dilənçi”, “Cadu əməliyyatı”, “Mən ölməyəcəm”, “Qoşulub qaçan qız”, “Günahsızlar” tamaşalarını daxil edə bilərik.

    Füzuli Dövlət Dram Teatrı da cəbhə xəttində yaşayan teatrsevərlərin sənət zövqünə xitab eləmək üçün fərqli səhnə əsərlərini yeni quruluşlarda təqdim edib. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azadlıq yolu”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun 110 illiyi ilə əlaqədar “Qafqaz dağlarından boylanan günəş” adlı poetik xalq tamaşalarını göstərmək olar. Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar hazırlanan “Yaddaş” tamaşası da bu mövsümə aiddir.

    Pandemiyaya müqavimətini onlayn formatda tamaşa nümayişləri, sosial şəbəkələrdən canlı yayımlar və elə virtual məşqlərlə göstərən Azərbaycan teatr sənətinin təmsilçiləri bütün yarımçıq plan-proqramları ilə ümidlərini yeni mövsümə bağlayıblar.

     
  • Fransız əsilli Azərbaycan rəssamı

    XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri də Vidadi Nərimanbəyovdur. Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünya şöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. 1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir. Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

    Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana - Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 94 il ötür.

    Rəssam könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığından müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.

    V.Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin daimi eksponatıdır.

    Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: “Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir”.

    V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. “Xatirələr” əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir... Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

    Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

    Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

    Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.

  • Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

    Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb.

    DGKA-dan bildirilib ki, imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn formada şifahi keçirilib. İmtahan sualları tələbələrə akademiyanın elektron sistemi tərəfindən ünvanlanıb və tələbə sualları onlayn qaydada şifahi şəkildə cavablandırıb.

    Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.

    Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən, bir sıra güzəştlər tətbiq olunub.

    İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq müvafiq qərarlar qəbul edib.

     
  • Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur

    AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan çaylarında suyun azalması, ölkədə su ehtiyatları problemi tədqiq olunur. Bu barədə institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov məlumat verib.

    Coğrafiyaşünas alim bildirib ki, transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayının suyu 25 faiz azalıb. Bundan əlavə, Azərbaycan ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşməsi çayların suyunun azalmasına səbəb olub.

    Alim, həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. O, Azərbaycanda su probleminin həllində qənaətcilliyin mühüm rol oynadığını deyib. M.Həsənov işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının navalçalar vasitəsilə toplanaraq suvarmada və digər məqsədlərlə istifadəsini, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini çıxış yolu kimi gördüyünü qeyd edib.

     
  • Botanika İnstitutunda Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli tədqiqatlar aparılır

    AMEA-nın Botanika İnstitutu iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi ilə bağlı müasir çağırışların həlli üçün beynəlxalq elmi cəmiyyətə inteqrasiya olunub, xarici tərəfdaşları ilə birgə elmi tədqiqatlar aparır. İngiltərənin Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı” bu fəaliyyətin bir nümunəsidir. Son illərdə qlobal miqyasda müşahidə edilən ətraf mühit dəyişiklikləri Azərbaycanda unikal bitkilərin mövcudluğu üçün dönməz bir şəkildə təhdid hesab edilə bilər. İntensiv antropogen fəaliyyət (neft hasilatı, rekreasiya, infrastrukturun genişləndirilməsi) bitki örtüyündə “qırmızı” kritik zonaların yaranmasına gətirib çıxarıb ki, bu da öz növbəsində bəzi bitki növləri üçün itmə təhlükəsi yaradıb. Qeyd etmək lazımdır ki, ölkəmizin florası qiymətli dərman, qida və dekorativ kimi faydalı, eləcə də endem və relikt bitki növləri ilə zəngindir.

    Bu fikirləri müsahibəsində Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə söyləyib. O bildirib ki, bu kimi növlərin gələcək nəsillər üçün qorunub saxlanılması, çoxaldılması və elmi tədqiqat işlərinin aparılması məqsədilə onların toxumlarının toplanılması ilə “ex situ” mühafizəsinin təşkilindən öncə çoxsaylı monitorinq işlərinin aparılması zəruridir. Cari ilin yaz-yay aylarında Botanika İnstitutunun bir qrup əməkdaşı - Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani, Toxum bankı sektorunun müdiri Aida İbrahimova, Təhsil şöbəsinin müdiri Kəmalə Əsədova, biologiya üzrə fəlsəfə doktoru Rəna Abdıyeva, elmi işçi Nigar Mürsəl və gənc magistrant və doktorantlardan ibarət qruplar da məqsədli toxum kolleksiyalarının toplanılması üzrə ölkənin müxtəlif rayonlarında çöl şəraitində aparılan ekspedisiyalarda iştirak ediblər. Böyük Qafqaz dağ silsiləsinin dağlıq və dağətəyi ərazilərini əhatə edən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, Kür-Araz ovalığında yerləşən Kürdəmir rayonu və Abşeron rayonu ərazisində vaxtaşırı monitorinq və araşdırmalar aparılıb. “Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı” çərçivəsində cari dövr üçün hədəf siyahı hazırlanıb. Daha sonra bitki növlərinin çiçəkləmə və meyvəvermə dövrü, yayılma əraziləri, endemizm və təhlükə altında olması, faydalı xüsusiyyətləri və s. məlumatları əhatə edən məlumat bazası tərtib edilib. Beləliklə, cari ildə layihə üzrə mart-iyul aylarında Azərbaycanın yuxarıda qeyd edilən rayonlarında aparılan çöl işləri zamanı 21 bitki növünün toxum, herbari və çöl məlumatları toplanılıb, onlara şəkil və digər materiallar əlavə olunub.

    “Bununla yanaşı, ölkəmizin 5 rayonu üzrə 26 nadir bitki növünün 40 senopopulyasiysı tədqiq edilib, onların müasir vəziyyəti və mühafizə statusu qiymətləndirilib. Tədqiqatlar müxtəlif meşə massivlərində müəyyən edilmiş pilot sahələrində aparılıb. Bu zaman 300-ə qədər herbari nümunəsi yığılaraq təyin olunub və institutun mövcud herbari kolleksiyasının zəngilləşdirilməsi və gələcək tədqiqatların aparılmasında istifadə olunması məqsədilə xüsusi şəraitdə saxlanılıb. Ekspedisiyalarda müşahidə olunan karantinin təbiətə təsirinin mühüm fenomenini xüsusilə qeyd etmək lazımdır: antropogen yüklənmənin azalması (əhali tərəfindən dərman və qida bitkilərin toplanması, tapdalanma və s.) əvvəlki illərdə az qala yoxa çıxan bəzi nadir növlərin çoxalmasına səbəb olub. Məsələn, təhlükə altında olan “Limodorum abortivum (L.) Sw.”, “Phelypaea coccinea (M. Bieb.) Poir.” və s. növlərin əvvəlki illərə nisbətən fərdlərinin sayında artım müşahidə edilib. Lakin bəzi bitki növlərinin sayına təbii mühitdə hələ də az rast gəlinir. Layihə çərçivəsində Azərbaycanın bir endem bitki növü (Calligonum bakuense Litr.) və Qafqazın üç endem bitki növünün (Galanthus caucasicus (Baker) Grossh., Tulipa eichleri Regel və Iris carthaliniae Fomin) toxumları toplanılıb. Digər toplanılan bitki növləri isə təhlükə altında olaraq, Azərbaycanın “Qırmızı kitabı”nın ikinci nəşrinə daxil edilib. Bəzi növlərin yeni yayılma arealları monitorinqlər və müşahidələr zamanı müəyyənləşdirilib. COVID-19 pandemiyasının həyatımızın bütün aspektlərinə ciddi mənfi təsirinə baxmayaraq, Botanika İnstitutun alimləri bitki örtüyünün mühafizəsi istiqamətində işləri davam etdirirlər. Eyni zamanda, bu səylər dövlətimizin dəstəyi olmadan reallaşa bilməzdi. Dövlətimiz bizə bu qeyri-müəyyən vaxtlarda missiyamızı davam etdirməyə, maddi və mənəvi cəhətdən bizi dəstəkləməyə daim kömək edir.

    Sözügedən beynəlxalq proqram üzrə AMEA Botanika İnstitutu tərəfindən tərtib olunan tərəfdaşlıq hesabatı uğurla qəbul edilib. Deməli, alimlərimiz davamlı şəkildə irəliləyərək, bu gün tədqiqat prosesinin dəyişdirilmiş, lakin kifayət qədər funksional şəkildə davam etdiyini təsdiqləyə bilirlər”, - deyə akademik Validə Əlizadə fikrini yekunlaşdırıb.