Azərbaycanda iyulun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-33° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Qeyd edək ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu, indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı, nəticə əsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticə əsaslı) aparılıb.
Eyni zamanda, agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə əlaqədar normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və digər istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.
Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyidir.
Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticə əsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilib. Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticə əsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb. Müvafiq yanaşmaya əsasən, monitorinq və qiymətləndirmə 2019-cu il üzrə ilkin buraxılış indikatorları üzərindən aparılıb.
Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.
Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 102 il ötür.
Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.
İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni, məncə, unutmaq nə demək ?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu .
-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.
O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi. Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
Polşada keçirilən “Billboards Art Moves” 13-cü İncəsənət Festivalı çərçivəsində reklam lövhələri müsabiqəsi elan olunub.
Müsabiqə Polşanın Torun şəhərində yerləşən Rusz Fondu tərəfindən təşkil olunur.
Bu ilin mövzusu - “Epidemiyalar qlobal fəlakət, cəza, yoxsa özünüzü və dünyanı yenidən kəşf etmək fürsətidir?”.
Beynəlxalq münsiflər heyəti tərəfindən seçilən ən yaxşı 10 iş sentyabr-oktyabr aylarında Torun şəhərində xüsusi məkanda çap edilərək sərgilənəcək.
Müsabiqənin qalibinə pul mükafatı veriləcək. Ətraflı məlumatı festivalın saytından http://artmovesfestival.org əldə etmək olar.
İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı alman jurnalist Urs Unkaufun müəllifliyi ilə “Ostexperte” xəbər portalında “Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmasının 20 illiyi” sərlövhəli geniş məqalə yerləşdirilib.
Məqalədə 20 il bundan öncə Bakının İçərişəhəri Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bildirilir və bu il həmin tarixin 20 illiyi qeyd olunur. Qala Divarları, Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Məhəmməd Məscidi, eləcə də İçərişəhərdəki abidələr, onların tarixçəsi, təfərrüatları və mədəni əhəmiyyəti barədə məlumat verilir.
Məqalədə vurğulanır ki, İçərişəhər, Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq qorunur. Məqalədə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti barədə məlumat diqqətə çatdırılır. Əlavə edilir ki, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə təsis edilib. Qeyd olunur ki, İçərişəhərin Vahid İdarəolunması Planı və Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan hazırlanıb. Bu müstəvidə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər sadalanır.
Məqalədə, həmçinin tarixi binaların (Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd Məscidi, Bəylər Məscidi, Bakı Xan Sarayı) bərpası və onların beynəlxalq mədəniyyət mərkəzlərinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilir.
Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə reallaşdırılan layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.
Konfransı açan Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycanın ali təhsil sistemində aparılan əsaslı islahatlar və ali təhsilin əlçatanlığı üçün imkanların daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir müavini hazırda ölkəmizin ali təhsil pilləsinin 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış tövsiyələrə, bu sahədə müsbət dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirildiyini bildirib. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası barədə danışan Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.
Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Aİ ilə ölkəmiz arasında əməkdaşlıqda təhsil sahəsinə xüsusi önəm verildiyini bildirib. O, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirin moderatoru olan Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iki ildən artıq müddətdə icra edilən layihənin həyata keçirilməsində davamlı dəstəyə görə Təhsil Nazirliyinə, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə, avropalı tərəfdaşlara, pilot universitetlərə, eləcə də müvafiq dövlət və özəl qurumlara təşəkkürünü bildirib.
Layihənin ölkələr üzrə rəhbərləri Bruno Kurval (Fransa), Giedrius Viliunas (Litva) və Baiba Ramina (Latviya), rezident müşaviri Liza Baydanova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev görülən işlərdən və layihənin ölkənin ali təhsil sahəsində həyata keçirilən islahatlara verdiyi töhfələrdən bəhs ediblər.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tvinninq layihəsinin pilot universitetlər üçün əhəmiyyətindən, görülmüş işlərin real nəticələrindən və müvafiq istiqamətlər üzrə davamlılığın təmin edilməsi üçün atılacaq addımlardan söz açıblar.
Tədbir iştirakçıları layihənin uğurla icra olunmasından məmnunluqlarını ifadə edib və layihə çərçivəsində yaradılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xatırladaq ki, icrasına 2018-ci ilin aprel ayında başlanılan sözügedən layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin davamı olaraq icra olunub. Son iki il ərzində icra edilmiş layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən ibarət olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.
İnstitutdan bildirilib ki, karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu radiasiya materialşünaslığı ixtisası üzrə radiasiya qeydedici cihazların əsasları fənnindən keçirilib.
Qeyd edilib ki, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və elmi müəssisənin digər rəhbər şəxsləri magistrantların yay imtahan sessiyasının bütün imtahanlarında iştirak edib, həmçinin müdafiə işləri haqqında təklif və tövsiyələr səsləndiriblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Mərkəzinin müəllimi Şəbnəm Həsənovanın məqaləsi ABŞ-ın “Jamestoun” Qlobal Tədqiqat və Təhlil Fondu (The Jamestown Foundation-Global Research & Analysis) tərəfindən nəşr olunub.
UNEC-dən bildirilib ki, Ş.Həsənova “Trans-Adriatik Boru kəməri-TAP layihəsi çərçivəsində görülən işlər hansı mərhələdədir? Bakıdan mövqe” (Where Does the TAP Gas Pipeline Project Stand to Date? The View From Baku) adlı məqaləsində layihənin iqtisadi və siyasi dividentləri ətrafında bəhs etməklə yanaşı, Azərbaycanın Avropanın enerji xəritəsini yenidən formalaşdırdığı tezisinə xüsusi diqqət yetirib. Müəllif məqalədə Azərbaycanın transmilli enerji layihələrində artan rolu, Avropanın enerji təhlükəsizliyinə və bölgədə ehtiyac duyulan qaz tədarükünün şaxələndirilməsinə verdiyi töhfə, onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsiri məsələlərinə də toxunub.
Qeyd edək ki, müəllifin Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrin nüfuzlu elmi jurnallarında məqalələri dərc olunub. Ş.Həsənova “Türkiyə Enerji Strategiyası və Siyasəti Araşdırılması” beyin mərkəzinin (think-tank) tədqiqatçı ekspertidir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.
Qeydiyyat üçün tələb olunan sənədlər:
- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;
- Cari ildə məzun olan tələbələrin bitirdikləri universitetdən bu barədə arayışı;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 3x4 sm ölçüdə 4 ədəd şəkil;
- Tərcümeyi-hal;
- Sağlamlıq haqqında tibbi arayış;
- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.
Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.
2020-ci il sentyabrın 1-də Şərq xalqlarının I Bakı qurultayının keçirilməsinin 100 illiyi tamam olacaq. 1920-ci il sentyabrın 1-dən 7-dək Bakıda Yaxın və Orta Şərqdə imperializmdən qurtuluş mübarizəsi aparan müsəlman xalqlarının I qurultayı keçirilib. Qurultay Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi istiqamətində atılmış mühüm addım idi. İdeya və təşkilatçılığın dövrün Azərbaycan ictimai-siyasi elitası tərəfindən irəli sürülməsi respublikamızın bu prosesdə oynadığı əhəmiyyətli rolun göstəricisi idi. Yubileylə əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai və Humanitar Elmlər bölmələrinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda elmi konfrans keçiriləcək.
İnstitutdan bildirilib ki, konfransda iştirak üçün tezisləri iyulun 15-dək təqdim etmək lazımdır.
Konfransa “Şərq xalqlarının Bakı qurultayı Sovet Rusiyası və Kommunist İnternasionalının Şərq siyasətinin tərkib hissəsi və göstəricisi kimi”, “1914-1920-ci illər Şərq ölkələrində gedən inqilabi proseslər Kominternin Şərq siyasətini şərtləndirən amil kimi”, “Şərq xalqlarının I qurultayı. Sovet Rusiyası və Kominternin Şərq siyasətində Azərbaycanın yeri”, “Azərbaycan SSR Şərq xalqlarının inqilabi mübarizəsi üçün ilk müsəlman sosialist respublikası nümunəsi kimi”, “Şərq xalqlarının I qurultayı Azərbaycan və Türküstanın milli qüvvələrinin gözü ilə”, “Azərbaycanın Sovet-kommunist rəhbərliyinin Şərq xalqlarının Bakı qurultayında təmsilçiliyi”, “Nəriman Nərimanov və Şərq xalqlarının I qurultayı” mövzularında tezislər qəbul olunur.
İştirakçılar konfransa, həmçinin Şərq xalqlarının I qurultayı və Qafqaz (Şimali və Cənubi) respublikaları, Rusiyanın müsəlman xalqları, Türküstan (Orta Asiya respublikaları), İran, Türkiyə, Ərəb dünyası, Çin, Koreya, Hindistan, Uzaq Şərq ölkələri, İslam məsələləri, Şərqin müsəlman xalqlarına təklif edilən ideologiyalar, qurultayın perspektivləri və nəticələri mövzularında tezislər təqdim edə bilərlər.
Konfransa “Şərq dünyası I və II Dünya müharibələrindən sonra. Yeni yol axtarışında”, “SSRİ-nin dağılmasının dünya kommunist və sol hərəkatlara təsiri (Şərq ölkələri kontekstində)”, “Beynəlxalq kommunist və sol hərəkatların müasir durumu. Şərqin solyönümlü inqilabi təşkilatları”, “XX əsrin sonu-XXI əsrin əvvəllərində Şərq ölkələrində ideoloji və siyasi proseslər”, “Ərəb ölkələri və narıncı inqilablar”, “Müasir dövrdə İslam və islami siyasi təfəkkür”, “Şərq ölkələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi”, “İslam Əməkdaşlığı Təşkilatı və müasir Şərqin aktual problemləri”, “İslam ölkələri mühitində siyasi liderlik rəqabəti” mövzularında tezislər qəbul olunur.
Eyni zamanda, iştirakçılar müsəlman Şərqində dövlətçilik modeli və keçmiş SSRİ-nin müstəqilliyini bərpa etmiş respublikaları, Türkiyə Cümhuriyyəti, İran və Rusiya Federasiyası tərkibində müsəlman respublikaları mövzularına müraciət edə bilərlər.
Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər baki_qurultayi-100@mail.ru elektron ünvanına göndərilməlidir.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.
Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq
Telefon: (+994 50) 586 13 36