Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ili üçün təhsilin bütün pillələri üzrə əcnəbilərin sənəd qəbulu davam edir.
UNEC-dən bildirilib ki, universitetdə əcnəbi vətəndaşlar üçün bakalavr dərəcəsi üzrə 22 ixtisasa, magistratura dərəcəsi üzrə 56 və MBA proqramı üzrə 20 ixtisaslaşmaya, eləcə də doktoranturaya qəbul həyata keçirilir. Əcnəbilər üçün hazırlıq kursları da təşkil olunur.
Tələbələrin seçimindən asılı olaraq, tədris Azərbaycan, ingilis, türk və rus dillərində aparılır.
Əcnəbilərin sənəd qəbulu elektron formada həyata keçirilir. Qaydalara əsasən, əcnəbilər tədris pilləsi, ixtisas və tədris dili üzrə seçimini edərək, tələb olunan sənədləri elektron formada təqdim edirlər. Müvafiq tələblərə cavab verən namizədlər UNEC-də təhsil almaq hüququ qazanırlar.
Sənəd qəbulu avqustun 31-dək davam edəcək.
Ətraflı məlumatı: http://unec.edu.az/idareetme/international-students/ linkində əldə etmək mümkündür.
Əlaqə admission@unec.edu.az saytı vasitəsilə yaradıla bilər.
Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla başa çatıb.
BDU-dan bildirilib ki, iyulun 10-da bakalavriat pilləsində 180 qrup üzrə 4011 (262 nəfəri “SABAH” qrupundan olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 37 ixtisaslaşmada 29 fənn üzrə 122 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 30 qrup üzrə 483 tələbə imtahanlarda iştirak edib.
Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Lazımi texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib, tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iyulun 14-də onlayn “Məzun günü” keçiriləcək.
ADNSU-dan bildirilib ki, saat 11:00-da baş tutacaq “Məzun günü” universitetin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə müəllif videoklipi “YouTube” kanalında təqdim edilib.
Bu barədə musiqiçinin özü xəbər verib. O, söhbətində bildirib ki, bu günlərdə onu “Pyer M Krauze” alman teleşousunda çıxışa dəvət ediblər. Bu teleşou populyarlığına görə Rusiya televiziyasında yayımlanan “Veçerniy Urqant”la müqayisə edilə bilər. Teleşounun müəllif Pyer M Krauze Fəridədən öz zövqünə uyğun, “güclü, fədakarlıqla, əminliklə səslənən” mahnı seçməsini xahiş edib. Skripkaçı özünün sevimli bəstəkarı olan Hans Zimmerin bir əsərini - baş rollarda Tom Henks və Odri Totunun çəkildiyi “Da Vinçi kodu” kinofilminə yazdığı “Chevaliers de Sangreal” melodiyasını ifa etmək qərarına gəlib.
“Mən şouda uğurla çıxış etdim. Mənə tanımadığım adamlardan məktublar gəlməyə başladı. Onlar mənim çıxışıma heyran olmuşdular və bir daha ifamı dinləmək istəyirdilər. Bu musiqiyə videoklip çəkmək ideyası bax beləcə yarandı”, - deyə musiqiçi bildirib.
Fəridənin sonuncu klipini çəkən rejissor və fotoqraf Mariya Çistyakova ona Baden-Vürtemberqd federal əyalətindəki Frauenlob şəhərini göstərib. Burada müəyyən mənada antik teatrları xatırladan məşhur monastırın xarabalıqları yerləşir.
“Mən o dəqiqə başa düşdüm ki, öz klipimizi məhz burada çəkəcəyik”, - deyə Fəridə etiraf edib. O, almaniyalı rejissor Mixa Rotuya klipin çəkilişlərini öz üzərinə götürməyi xahiş edib. Bu heyrətamiz yerlərin bütün gözəlliyini təsvir etmək və tarixlə bağlılığını vurğulamaqdan ötrü çəkilişlərdə drondan istifadə edilib.
“Mənim kliplərimin çəkilişlərində hər dəfə müxtəlif rejissorlar işləyir, lakin ideya və ssenarilər daim mənə məxsusdur. Onlar mənim düşüncələrimi videoklipə köçürməyə yardım edirlər. Çox xoşbəxtəm ki, bu, olduqca gözəl alınır”, - deyə Fəridə vurğulayır.
Onun sözlərinə görə, hər şey ideyanın yaranmasından başlayır. Bu ideya həyata keçməyənədək onu rahat buraxmır. Aktyorların, geyimlərin, musiqinin seçimi və tamamilə bütün təşkilati işlərlə - məşqlərin vaxtından başlanmış video üzərində ən son cizgilərədək hər şeylə Fəridə özü məşğul olur. Buna görə də o, etiraf edir ki, belə layihələr çox vaxt və enerji tələb edir. “Mən bu layihələri sevirəm. Sadəcə olaraq, bununla yaşayıram”, - deyə Fəridə bildirir.
Təqdim olunan videoklipdə Fəridə Karlsrue Konservatoriyasında birgə təhsil aldığı istedadlı violonçelçalan Vasili Bıstrov ilə duetlə çıxış edir. “O da mahnılara “kaver”lər edir, “YouTube”da öz kanalı var, həmçinin “Instagram”ın fəal istifadəçisidir”, - deyə istedadlı musiqiçi sonda vurğulayıb.
Hələ doktoranturada oxuyanda elmi assosiasiya yaratmaq ideyası məni düşündürürdü. Fransada Azərbaycan diasporasının elmi müstəvidə də fəaliyyət göstərməsini arzulayırdım.
Bu sözləri “Alim” Elmi Assosiasiyasının ideya müəllifi və rəhbəri, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günel Səfərova deyib.
Bildirib ki, doktorantura dərəcəsində təhsilini bitirdikdən sonra, bu fikir onu daha çox cəlb edib və nəhayət, Fransada yaşayan soydaşlarımıza müraciət edərək arzusunu reallaşdırıb.
“Alim” Elmi Assosiasiyasının ərsəyə gəlməsində Fransadakı səfirliyimizin mədəniyyət mərkəzinin böyük rolu və dəstəyi oldu. Məhz Azərbaycanın adını daşıyan və mədəniyyətini təşviq edən bu mərkəzdə ilk dəfə toplaşdıq. Biz görüşməyimiz üçün şərait yaradan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevə təşəkkürümüzü bildiririk. Səfir şəxsən özü ilk toplantımızda iştirak edərək, tövsiyələrini bildirdi. Səfirliyimizin gənc tədqiqatçılara mənəvi dəstəyini ifadə etdi. Dəstəyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov başda olmaqla komitənin bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Bu fikir yaranandan reallaşana qədər komitənin mənəvi dəstəyini daim hiss etmişik”,- deyə Günel Səfərova vurğulayıb.
G. Səfərova mədəniyyət mərkəzinin milli mədəniyyətimizə təşviqindən söz açıb. Bildirib ki, ötən il Fransada mədəni irs abidələrini ziyarət etmək üçün təşkil edilən açıq qapı günündə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil ilə birlikdə mədəniyyət mərkəzində yerləşən milli muzeyə vizit təşkil edərək, yerli ictimaiyyətə mədəniyyətimiz haqqında məlumat veriblər.
Akademik Diskussiya Klubunun “Azərbaycanın arxeoloji və etnoqrafik materiallarında qadın kultu” mövzusuna həsr edilmiş növbəti vebinarı keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, seminarın əsas mövzusu tarixdə ana xaqanlığının mövcudluğu və bunun əksini düşünən mülahizələrə dair arqumentlər ortaya qoyaraq, ikili yanaşmalara cavab axtarmaq olub. Vebinarda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “Azərbaycanda qadın kultu və qadınla bağlı inanclar”, muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova “Qadın kultu, yoxsa matriarxat” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər iddiaların əsas qaynağı sayılan arxeoloji qazıntılardan əldə olunan artefaktların və etnoqrafik əsərlərin təhlili əsasında dişi fiqurları və onların semantikası haqqında araşdırmaları təqdim ediblər. Onlayn tədbirdə muzeyin Arxeologiya və Etnoqrafiya fondlarında mühafizə olunan qadın kultu və inancları ilə bağlı eksponatlardan ibarət təqdimat böyük marağa səbəb olub.
Vebinarda AMEA-nın Arxeologiya və Etnoqrafiya, Radiasiya Problemləri və A.A.Bakıxanov adına Tarix institutlarından, Milli Azərbaycan Tarixi Muzeyindən nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, Akademik Diskussiya Klubu AMEA-nın müxtəlif institutlarında çalışan, Gənc Alim və Mütəxəssislər Şurasının fəal üzvlərindən ibarətdir. Klubun əsas məqsədi Azərbaycanda arxeologiya, etnoqrafiya və antropologiya sahələrində çalışan gəncləri bir araya gətirərək, fəal elmi müzakirələrin aparıldığı bir platforma yaratmaqdır.
İspaniyanın “Patrimonio actual” internet portalında Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi barədə məqalə dərc olunub.
Məqalədə Qoruqları İdarəetmə Mərkəzinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırdığı qeyd olunub.
UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.
Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.
Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır.
Kəndin tarixi ilk məskunlaşma izləri eramızdan əvvəl IV minilliyə – Tunc dövrünə təsadüf edir. Elmi araşdırmalar nəticəsində Xınalıq kəndində qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının izləri aşkar edilib.
Azərbaycanın Xınalıq kəndi özünəməxsus dili, özünəməxsus adət və ənənələrinə malikdir. Kənd dağların əhatəsində yerləşməsi səbəbindən kənd sakinləri heç bir dil qrupuna aid olmayan öz dillərini qoruya bilmişlər.
Xınalıq kəndi özünəməxsus memarlığı ilə diqqəti ilk baxışdan cəlb edir. Burada yamaclar çox dik olduğu üçün evlər bir-birinə çox yaxın tikilmişdir. Evlərin damlarında tüstü bacaları qurulub, döşəmələr və divarlar kilimlərlə örtülüb.
Qeyd olunur ki, Xınalıq kəndində Xıdır Nəbinin türbəsi, Şeyx Şalbuz və Əbu Müslimin məscidləri, qədim qəbiristanlıqlar, həmçinin kəndin ilk sakinlərinin məbədləri da daxil olmaqla bir çox tarixi məkanlar mövcuddur.
Azərbaycan hökuməti kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə 2007-ci ildə ərazini mədəni-tarixi və etnoqrafik qoruq elan edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub.
BŞTİ-dən bildirilib ki, müsabiqə bu qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I-VIII sinif şagirdləri arasında təşkil olunub.
Müsabiqənin nəticələrinə əsasən, 274, 288 və 220 nömrəli tam orta məktəblərin şagirdləri Fəqan Xəlilli, Fatimə Şükürzadə, Zəhra Abdulalı müvafiq olaraq I, II, III yerin sahibi olublar.
Yarışmada fərqlənən 15 iştirakçı -3, 20, 30, 34, 71, 78, 81, 125,142, 191, 232, 234 və 274 nömrəli tam orta məktəblərin şagirdləri Azər Məmmədli, Fatimə Abdullazadə, Əyyub Ramazanov, Aysu Bayramova, Melisa Sərsəm, Selcan Baxşıyeva, Sara Qurbanova, Validə İmamvəliyeva, Zeynəb Abbasova, İbrahim Quliyev, Zəhra Məmmədli, Emin Gülməmmədzadə, Nəsrin Şəfiyeva, Sevinc Şıxova, Nurcan Nurəliyeva isə tərifnaməyə layiq görülüblər.
Qeyd edək ki, “Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa üzrə onlayn təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən müsabiqənin solo ifa kateqoriyası üzrə ümumilikdə 150 iş təqdim edilib.
Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri üzə çıxarmaq, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, bu istiqamətdə aparılan işləri daha da inkişaf etdirməkdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Keyfiyyətə nəzarət şöbəsi tələbələr arasında distant təhsil və imtahanlarla bağlı sorğu keçirib.
UNEC-dən bildirilib ki, sorğuda 4949 respondent iştirak edib. Onların böyük əksəriyyətinin UNEC-də keçirilən distant dərslərə və imtahanlara münasibəti müsbət olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) “Biz birlikdə güclüyük” rəsm müsabiqəsi elan edib.
AzMİU-dan bildirilib ki, “Pandemiya şəraitində biz” devizi altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 22-dək aparılacaq.
İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər diplomla təltif olunacaqlar.
İyulun 25-də rəssam Nizar Məmmədovla görüş zamanı qaliblərin adları açıqlanacaq və diplomlar təqdim ediləcək.