Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Pilot peşə təhsil proqramları üzrə qəbul üçün qeydiyyat aparılır

    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu üçün qeydiyyat davam edir.

    Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə link vasitəsilə iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

    Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

    Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.

    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür.

    Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə müraciət etmək olar.

     
  • Bakı Dövlət Universitetində akademik Abdulla Qarayevin 110 illiyinə həsr olunan onlayn tədbir

    İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) akademik Abdulla Qarayevin 110 illiyinə həsr olunan dəyirmi masa keçiriləcək.

    BDU-dan bildirilib ki, tədbir “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. İştirak etmək istəyənlər iyulun 13-ü saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət edə bilərlər.

     
  • Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərova başsağlığı verib

    Azərbaycanın Xalq artisti, ustad xanəndə, görkəmli pedaqoq, professor Canəli Əkbərova ağır itki üz vermişdir.

    Sənətkarın oğlu Asəf Əkbərov dünyasını dəyişmişdir.

    Mədəniyyət Nazirliyinin kollektivi bu ağır itki ilə bağlı Xalq artisti Canəli Əkbərova, sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, məhruma Allahdan rəhmət diləyir.

    Allah rəhmət eləsin.

     
  • Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın həyata keçirdiyi “Yaradıcı oxucularımız” layihəsi davam edir: şair və yazıçılar öz əsərlərini kitabxanaya təqdim etməkdədirlər.

    Kitabxanadan bildirilib ki, növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sənəm Səfərova (Sənəm Səbayel) “Sevilməyən qadın, dərilməyən gül” və “Gecəyarı oxuyan quş” şeirlərini kitabxanaya təqdim edib.

     
  • İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi yaradılır

    İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi fəaliyyət göstərəcək.

    Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə səfərdə olan təşkilatın Avropa bölgəsinin direktoru doktor Hans Kluge ilə birgə açıqlamasında bildirib.

    Nazir ÜST üçün xüsusi əhəmiyyət kəsb edən bu ofisin COVID-19 pandemiyası ilə bağlı ehtiyacların ödənilməsi istiqamətində fəaliyyət göstərəcəyini, bununla da Türkiyənin beynəlxalq arenada mərkəzi mövqeyə sahib olacağını bildirib.

    F.Koca H.Kluge ilə görüş zamanı pandemiya ilə bağlı bölgə və dünyadakı mövcud vəziyyətin də müzakirə olunduğunu qeyd edib.

     
  • Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq

    Fransanın məsləhətçi komissiyası sayılan Milli İrs və Memarlıq Komissiyası Notr-Dam kilsəsinin yenidən bərpası ilə bağlı qərar vermək üçün bu gün bir araya gəlib. Mütəxəssislər iclas zamanı kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.

    Elmundo.es saytına istinadən xəbər verilir ki, XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi dam örtüyünün eynilə bərpası üçün ölkə əhalisi və bu işi görəcək mütəxəssislər arasında yekdil bir fikir mövcuddur.

    Parisin qotik üslublu incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan dam örtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.

    Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə dam örtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib.

  • Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual bilik yarışması keçirib

    Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən iyulun 8-də saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verilib.

    Qalereyadan bildirilib ki, sənətsevərlər virtual olaraq ilk incəsənət mövzulu onlayn bilik yarışmasında iştirak edərək öz biliklərini yoxlayıblar.

    İştirakçılar virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” (@azgallery.az) sosial media hesabının canlı yayımı vasitəsilə qoşulublar.

    Növbəti yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “WhatsApp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

     
  • Kitabxana bu dəfə Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılığına müraciət edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılığına müraciət edib.

    İdarədən bildirilib ki, kitabxananın metodika-biblioqrafiya şöbəsi yazıçının şah əsəri sayılan “Mücrü” əsərini səsləndirib.

    Qeyd edək ki, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb və Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib. Görkəmli yazıçı 2013-cü ildə vəfat edib.

     
  • Tarix Muzeyində Mahmudabad zərbxanasının gümüş sikkələri qorunur

    AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan orta əsr sikkələri sırasında Mahmudabad şəhər-zərbxanasının gümüş dirhəmləri və təngələri önəmli tapıntılardandır.

    Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Mahmudabad şəhərinin yerləşmə mövqeyi hələ ötən əsrdən tədqiqata cəlb edilib və bu zərbxananın Xəzər dənizi sahilində, Kür çayının mənsəbində olması qeyd edilib. Mahmudabad dirhəmlərinin ilk istehsalı şirvanşah İbrahim ibn Sultan Məhəmmədin (1380-1418) hakimiyyəti dövrünə təsadüf edib, son təngələri isə Qaraqoyunlu hökmdarları Pirbutaq (1410-1418) və Yusifin (1406-1420) dövründə zərb olunub. Sonrakı əsrlərdə feodal müharibələri nəticəsində tənəzzülə uğrayan Mahmudabad şəhər-zərbxanasının dövrümüzədək qalan sikkələri bu şəhərin adını yaşadan yeganə tapıntılardır.

    Şirvanşah İbrahim ibn Sultan Məhəmmədin hakimiyyəti dövrünə aid ilk Mahmudabad dirhəmlərinin (1,3–1,9 qram) üst tərəfində “Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın rəsuludur”, ətrafında dörd xəlifə adları, arxa tərəfində mərkəzdə “Mahmudabad zərbi”, ətrafında: “əzəmətli, ədalətli sultan, Allah hakimiyyətini uzun etsin” sözləri həkk edilib.

    Muzeyin Numizmatika fondunda qorunan 1389-cu ilin Mahmudabad dirhəminə Qızıl Orda xanı Toxtamış xanın adı həkk olunub. Bu dirhəmlər Toxtamış və Teymur qoşunlarının Kür yaxınlığında olan döyüşü ərəfəsində, Cəlairi çəki standartına müvafiq zərb edilib. 1402-1403-cü illərin Mahmudabad təngələri (5,8–6,1 qram) Teymuri çəki standartına uyğun zərb edilib. Belə təngələrin diametri 25–29 millimetrdir. Teymuri hökmdarı Şahruhun dövrünə təsadüf edən 1420–1421-ci illərin Mahmudabad təngələrində (5,82 qram) sikkəüstü zərb var.

    Qaraqoyunlu hökmdarları Pirbutaq və Yusifin dövrünə aid Mahmudabad təngələrinin (5,05 qram) üst tərəfinə İslam simvolu, ətrafında dörd xəlifənin və hökmdarların adları, zərbxana və zərb tarixinin bir hissəsi həkk edilib.

     
  • “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Şabrana virtual tur təşkil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası karantin rejimi dövründə “Evdə qal və sağlam ol” çağırışını dəstəkləyir. Bir sıra layihələr həyata keçirən kitabxana “Vətənimizə virtual səyahət” layihəsini təşkil etməklə bu çətin dövrdə insanlara dəstək olur və Azərbaycanın şəhər və rayonlarını tanıtmağa çalışır.

    Kitabxanadan bildirilib ki, layihə əsasında növbəti virtual səyahət Şabran rayonuna həsr edilib. Videoçarxın ilk dəqiqələrindən bir şəhər, bir qaçqın qəsəbəsi, altmış kəndin yerləşdiyi rayon ərazisi barədə geniş məlumat verilir.

    Təbiətinin göz oxşayan Zağlı və Zeyvə meşələri, Kiçik Qafqaz sıra dağları, Gilgil, Dəvəçi və Şabran çayları, Səmədbulaq, Zeyvə şəlalələri, Ənbil gölü, palçıq vulkanı, həmçinin burada yerləşən Taxtakörpü su anbarı, Şabran Limanı videoçarxda fotoları ilə birlikdə yer alır.

    Şabran rayonunun flora və faunası iqliminə görə fərqlidir. Videoçarxda zoğal, sumaq, zirinc, itburnu, cırhacı alması, Abasbəyi armudu, qoz, badam, quzuqarnı göbələyi kimi bitkilərin fotoları nümayiş edilir.

    Videoçarxda Şabran rayonunun tarixi abidələri də verilir. Tarixi abidələr sırasında Çıraq qala, Alban kilsəsi, Çaqqallıtəpə abidəsi, Dağbilici kəndində qədim qəbiristanlıq abidəsi göstərilir.

    Videoçarxda, həmçinin muzeylərin siyahısı verilir, Xızırzində Baba, Xaltan İstisu və Pirəkəkül Baba ziyarətgahlarının fotoları sistemli şəkildə əks olunur. Şabranın şöhrət qazanmış görkəmli şəxsiyyətlərinin siyahısı videoçarxda təqdim olunur. Şabranda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıq və müxtəlif növ xalçaların fotoları verilir. Şabran mətbəxinin dadlı təamları videoçarxda yer alır. Rayonda arıçılığın məşhur olduğu da görünür. Videoçarx Şabranın müasir binaları, istirahət mərkəzləri və parklarının fotoları ilə yekunlaşır. Videoçarx Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın “Şabran” mahnısı ilə müşayiət olunur.

    Videoçarxları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyniadlı “YouTube” kanalında da izləmək mümkündür.