Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şair İsmayıl İmanzadənin kitablarının təqdimatı olub

    İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. O vaxtdan bəri ötən müddətdə şairin qələmindən çıxan kitablarda onun duyğularını ifadə edən qanadlı misralar oxucu ürəyinə yol tapıb. Dünyaya göz açdığı Cəbrayıla qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı, torağaylı çöllərin yay duyğuları, gənclik illərinin sevdası ilə yanaşı yurd sevgisi də öz əksini tapıb. Doğma torpağın işğalından sonra Mingəçevirə pənah apararaq “arzularından özünə dam tikən”, “ağrı-acısına bürünüb yatan”, “Kürü Araz, Bozdağı Diri dağ bilən” şair məcburi köçkün taleyi yaşayıb. Xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq sevinci əlavə olunub.

    AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair İsmayıl İmanzadənin “Ömür muncuq düzümüdür”, uşaqlar üçün yazdığı “Hər çəməndən bir çiçək” və ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət “Halal insanın söz halallığı” kitablarının təqdimat mərasimində bu barədə danışılıb.

    Yazıçılar Birliyin katibi Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, şair Musa Ələkbərli və başqaları şairin yaradıcılıq məziyyətləri, indiyədək işıq üzü görən 30-dan artıq kitabı barədə bəhs ediblər. Müəllifin uşaqlar üçün yazdığı şeirlərdə sadəlik, axıcılıq, dil rəvanlığı ilə yanaşı etnoqrafik detallar xüsusilə diqqəti cəlb edir.

    Çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərən İsmayıl İmanzadənin rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb etdiyini və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın çap edildiyini də vurğulayıblar.

    Mərasimdə çıxış edən şair İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına yüksək dəyər verənlərə minnətdarlığını bildirib.

    Doğma yurdu tərk edəndən evinin açarları ilə çıxan və onu əziz bir xatirə kimi özündə saxlayan İsmayıl İmanzadə indi yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Mərcanlı kəndində çıraq yandırmağa tələsir. Şairin özünün də dediyi kimi, axı “ömür muncuq düzümüdür, harda qırıla-qırıla...”

  • Azərbaycan ərazisindəki beynəlxalq marşrutlara yeni yük növü cəlb edilib

    "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC daha bir yeni yük növü olan ilmenit qumunun Azərbaycan ərazisindəki beynəlxalq marşrutlara cəlb edilməsinə nail olub.

    Report bu barədə şirkətə istinadən xəbər verir.

    Məlumata görə, ilmenit qumu "ADY Express"in ilk dəfə Orta Dəhliz vasitəsilə daşıdığı daha bir yeni yük növüdür. Ümumi daşınmanın həcmi 10 min ton olan yük 151 yarımvaqonda nəql edilib və təyinat yerinə çatdırılıb. Yük Syerra-Leonedən göndərilib, Gürcüstanın Poti limanında yükaşırma əməliyyatından sonra Azərbaycandan keçərək Qazaxıstana çatdırılıb.

    İlmenit qumu unikal xüsusiyyətlərə malikdir və müxtəlif sənaye sahələrində, o cümlədən metal istehsalında geniş istifadə olunur. Bu yükün daşınması əməkdaşlığın inkişafı üçün yeni perspektivlər və tranzit daşımalar sahəsində əlavə imkanlar yaradır.

    "ADY Express" Azərbaycanın tranzit dəhlizləri ilə ilmenit qumu və digər növ yüklərin daşınması sahəsində əməkdaşlığı bundan sonra da davam etdirməyi planlaşdırır.

  • Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib

    Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.

    Reportun DGK-ya istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhərinin və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

    Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

  • "Azərkosmos" Braziliya Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Braziliya Kosmik Agentliyi arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Report bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

    Məlumata görə, sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq.

    Memorandum çərçivəsində tərəflər kənd təsərrüfatı, su ehtiyatları, şəhər və regional planlaşdırma, ətraf mühitin qiymətləndirilməsi, torpaq örtüyünün xəritəsi, fəlakətlərin monitorinqi, təbii ehtiyatların xəritələşdirilməsi, dəniz və yerüstü monitorinqi, geoməkan sistemləri, yerüstü peyk stansiyalarında kommunikasiyaya aid peyk görüntülərinin emalının nəticəsi olaraq, hər iki ölkədə sosial-iqtisadi inkişafı dəstəkləmək istiqamətlərini genişləndirəcək. Həmçinin kosmik elm, texnologiyalar və tətbiqlər sahələrində hər iki ölkənin peşəkarları üçün akademik və təlim imkanları araşdırılacaq.

    "Azərkosmos"un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək.

    Braziliya Kosmik Agentliyinin rəhbəri Marko Antonio Şamon bildirib ki, Azərbaycanın kosmik sektorda böyük potensialı var və ondan müxtəlif sahələrin, o cümlədən elmi tədqiqatlar, texnoloji innovasiyalar, təhsil və iqtisadiyyatın inkişafı üçün uğurla istifadə edilə bilər.

  • "Napoleon" bioqrafik filmi kinosevərlərə təqdim ediləcək

    “Joker” filminin ulduzu Xoakin Feniksin baş rolu canlandırdığı "Napoleon" bioqrafik filmi noyabrın 22-də Amerika kinoteatrlarında nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, "Napoleon" epik dramı “Apple Original Films” və “Columbia Pictures” şirkətləri tərəfindən dəstəklənir.

    Rejissor Ridley Scot tarixi şəxsiyyət Napoleon Bonapartın həyatını ekranlaşdırıb.

    Nümayişdən bir müddət sonra film sosial şəbəkə istifadəçiləri üçün yayımlanacaq.

  • Xalq artisti Əli Əsgərova həsr olunmuş xatirə gecəsi keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşəbbüsü ilə noyabrın 25-də Azərbaycan klassik vokal məktəbinin görkəmli nümayəndəsi, Prezident mükafatı laureatı, Xalq artisti Əli Əsgərova həsr olunmuş xatirə gecəsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, anım günündə tamaşaçılara ilk dəfə olaraq Əli Əsgərovun həyat və yaradıcılığından bəhs edən film təqdim olunacaq.

    Eyni zamanda, onun ifası və yaratdığı obrazlarla yadda qalan operalardan məşhur klassik ariyalar səslənəcək.

    Konsert proqramında Xalq artistləri Gülnaz İsmayılova və Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Anton Ferşstandt, beynəlxalq müsabiqələrin qalibləri Mahir Tağızadə və Atəş Qarayev çıxış edəcək.

  • “Disney” studiyasının yubileyi Nizami Kino Mərkəzində qeyd olunacaq

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq.

    Tədbirdə “Walt Disney Feature Animation” tərəfindən istehsal olunan musiqili döyüş-macəra filmi “Mulan” (1998) nümayiş etdiriləcək.

    1923-cü ildə Walt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. Şirkətin ilk böyük uğuru 1928-ci ildə yayımlanan, bu gün də sevə-sevə izlənilən “Mickey Mouse” cizgi filmidir.

    İlk tammetrajlı animasiya filmi “Ağca və yeddi cırtdan” isə 1937-ci ildə animasiya dünyasında inqilab edib. Hazırda “Disney” personajları, əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

  • “Sevgi şərbəti” operası Bakı Musiqi Akademiyasında nümayiş olunub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında ukraynalı opera rejissoru Nikola Tretyakın quruluşunda səhnəyə qoyulan "Sevgi şərbəti" operası nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, tamaşada ilk dəfə çıxış edən, Nemorino rolunu canlandıran Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əməkdar artistin ifasında ikinci pərdədə səslənən “Una furtiva lagrima” ariyası tamaşanın ən yaddaqalan anlarından biri olub.

    Eyni zamanda, ilk dəfə tamaşada çıxış edən Mahir Tağızadə Belkore obrazını özünəməxsus təqdim edib. Operanın baş rol ifaçısı Əməkdar artist İnarə Babayeva (Adina) və Xalq artisti Əkrəm Poladov (Dulkamara) öz partiyalarını yüksək peşəkarlıqla ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin professional ifaları da özünəməxsusluğu ilə seçilib.

    70-ə yaxın operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisettinin yaradıcılığında “Sevgi şərbəti”, “Lüçiya Di Lammermur”, “Don Paskuale”, “Favoritka” kimi operalar xüsusi yer tutaraq ona dünya şöhrəti gətirib.

    “Sevgi şərbəti” operasını Q.Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlayıb. Tamaşa ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulub, bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib.

  • Naxçıvan Dövlət Milli Dram Teatrı "Qonaq Teatr" layihəsi çərçivəsində Bakıda çıxış edib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "Qonaq Teatr" layihəsi çərçivəsində noyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı "Edama məhkumun son günü" (Viktor Hüqo) psixoloji dramı ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə oynanılan tamaşa görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

    Tamaşada edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular əks olunur, edamla yanaşı, yazılmamış iyrənc və rəzil qanunlar, bu cür qanunların fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olması ön plana çəkilir.

    Tamaşadan sonra Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibətilə təbrik etdi, teatrın keçdiyi şərəfli inkişaf yolundan danışıb.

    Sonra Naxçıvan Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illiyi münasibətilə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov anadan olmasının 65 illiyinə görə, teatrın baş rejissoru Mir Qabil Əkbərov “Edama məhkumun son günü” tamaşasının uğurlu quruluşu münasibətilə İttifaqın Fəxri fərmanı ilə təltif edilib.

  • Türkiyənin tanınmış ifaçıları Bakıda konsert verəcək

    Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, konsert noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

    Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.