Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Müəllimlər üçün təkrar onlayn müsahibələrin keçirilmə tarixi açıqlanıb

    İyulun 10-da dövlət ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi iyulun 8-i saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.

  • “Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı Türkiyənin Dənizçilik bayramı münasibətilə onlayn keçirilən Boğaziçi beynəlxalq virtual rəqs, musiqi və incəsənət yarışmasında uğurla iştirak edib.

    İdarədən bildirilib ki, yarışmanın təşkilatçılarından biri də Boğaziçi Folklor Birliyinin gənclik və idman klubu idi.

    Təşkilatın rəhbəri Mehmet Refik Ertenin məlumatına əsasən, dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası səbəbindən uşaqların evdə qalaraq asudə vaxtlarının təşkili və yaradıcılıqlarının inkişafına yönələn fəaliyyətlər sırasında dördüncü olan bu yarışma Dənizçilər bayramına həsr olunub.

    Yarışma “YouTube” kanalında yayımlanıb və könüllülük əsasında təşkil olunub. Yarışmada Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bosniya-Herseqovina, Rusiya Federasiyasından Yakutiya, Dağıstan, Başqırdıstan, Çuvaşıstan və s. daxil olmaqla 13 ölkədən rəqqaslar qatılıb. Yarışmaya fiziki imkanı məhdud rəqqaslar da qoşulublar.

    Münsiflər heyətinin üzvləri isə 5 ölkədən olan tanınmış müəllimlər olub. Müsabiqə “rəqs”, “vokal”, “ailə qrupları” nominasiyaları və incəsənət yarışmasından ibarət idi.

    Azərbaycanı təmsil edən “Səma” rəqs ansamblının üzvlərindən Ləman Əhmədova 18 yaşlı yeniyetmələr arasında Qran-Pri diplomuna, Xədicə Seyidova 14 yaşlı uşaqlar arasında I yerə və diploma, Nigar İsrafilova 13 yaşlı uşaqlar arasında Qran-Pri diplomuna, Nurcahan Əbilova 12 yaşlı uşaqlar arasında I yerə və diploma, Aydan Məmmədli 11 yaşlı uşaqlar arasında I yerə və diploma, Nərmin Xələfova “Stilizə olunmuş rəqs” nominasiyasında I yerə və diploma layiq görülüb.

    “Səma” rəqs ansamblının rəhbəri Səma Sadıqova istedadlı uşaqları yetişdirdiyinə görə beynəlxalq yarışmanın “Təşəkkürnamə”si ilə təltif olunub.

    Rəqs qrupu uğurlu çıxışına görə Təşkilat Komitəsi tərəfindən 2020-2021-ci illərdə Türkiyədə keçiriləcək beynəlxalq festivallara dəvət edilib.

     
  • Mərkəzi Elmi Kitabxana Abdulla Şaiqin kitablarını elektron formatda təqdim edir

    AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin əsərlərini PDF formatda oxuculara təqdim edir.

    MEK-dən bildirilib ki, istifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olub nəşrləri yükləyə bilərlər.

    Xatırladaq ki, xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.

     
  • Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur

    Almaniyanın “Lambert” nəşriyyatı AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İslam Sadığın “Şumer və türk dastanları” kitabını Avropa xalqlarının səkkiz dilində – ingilis, fransız, alman, italyan, ispan, dan, polyak, portuqal və rus dillərində nəşr etdirir.

    Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanda şumerşünaslığın bir elm kimi yaradılıb formalaşmasında böyük əməyi olan İslam Sadığın “Şumer və türk dastanları” kitabında onun bu sahədəki araşdırmalarının az bir qismi toplanılıb. Nəşrdə əsasən Şumer və türk dastanları müqayisəli şəkildə araşdırılıb, çoxlu sayda oxşar motivlər üzə çıxarılıb.

    Şumer və türk dastanlarının müqayisəli təhlilinə həsr edilmiş ilk sanballı tədqiqat işi olan bu monoqrafiyanın Avropada 8 dildə nəşr olunması Azərbaycan elminin və bütövlükdə türkologiyanın uğurudur.

    Xatırladaq ki, İ.Sadığın “Şumer və türk dastanları” kitabı ötən il Türkiyədə nəşr olunub.

     
  • Mərkəzi Elmi Kitabxana Abdulla Şaiqin kitablarını elektron formatda təqdim edir

    AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin əsərlərini PDF formatda oxuculara təqdim edir.

    MEK-dən bildirilib ki, istifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olub nəşrləri yükləyə bilərlər.

    Xatırladaq ki, xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.

     
  • Pandemiya dövründə İslam dünyasında təhsil müəssisələrinin könüllü inkişafı mükafatı təsis edilib

    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Həmdan bin Rəşid əl Məktum Fondu COVID-19 pandemiyası dövründə İslam ölkələrində təhsil müəssisələrinin inkişafına könüllü töhfə verən fərdlər və təşkilatlar üçün mükafat təsis edib.

    Bunu ICESCO-nun Baş direktoru Salim əl-Malik bəyan edib. Onun sözlərinə görə, 300 min dollar məbləğində vəsait ayrılacaq mükafat pandemiya dövründə innovativ və inklüziv təhsilin inkişafına töhfə verəcək üç subyektə veriləcək.

    Həmdan Fondunun baş katibi Camal Əl Məhairi qeyd edib ki, dekabrın 17-də yekun vurulacaq müsabiqənin hər üç qalibinə 100 min dollar məbləğində mükafat təqdim olunacaq. Müsabiqədə ayrı-ayrı fərdlər, xeyriyyə təşkilatları, könüllülər institutları və donorlar iştirak edə bilər. Təhsil müəssisələrinin inkişafı layihələri və görülmüş işlərlə bağlı hesabatlar http://ha.ae/en/icesco internet saytına təqdim ediləcək. Hesabatlarda son üç il ərzində təhsil müəssisələri üçün binaların tikilməsi, onların zəruri avadanlıqlarla təchizi, COVID-19 pandemiyası şəraitində təhsilin davamlılığının təmini üzrə məsələlər əks olunmalıdır. Rəsmi müraciət forması Hamdan.icesco.prize@ha.ae ünvanına göndərilməlidir.

     
  • Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.

    Üzərində Əbdürrəhim bəy Haqverdiyevin təsvirini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

    Xatirladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq səfirlik tərəfindən bundan əvvəl də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları hazırlanaraq dövriyyəyə buraxılmışdı.

     
  • AzTV yeni layihəyə start verir

    Azərbaycan Televiziyası (AzTV) özünütəcrid günlərində yeni layihəyə-böyük musiqi meydanına start verir. Yay mövsümündə AzTV-də bazar günləri “Yay axşamı” adlı konsert proqramları yayımlanacaq.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ərazisində “Yay axşamı” layihə üçün xüsusi konsert meydançası quraşdırılıb. Layihənin premyerası iyulun 12-də saat 23:00-da baş tutacaq.

    Səhnə Bakının ən yüksək nöqtələrindən birində yerləşdiyindən konsert proqramları şəhərin mənzərəsi, dəniz buxtası fonunda efirə veriləcək.

    Həftəsonu musiqisevərlər müxtəlif janrlarda səslənən musiqi nömrələrindən zövq almaq imkanına malik olacaqlar. Hər buraxılışın mövzusu fərqli olacaq: estrada, opera və caz musiqisini sevənlər ulduzlarımızın ifasında ən gözəl musiqi nömrələrini dinləyəcək. Retro musiqi həvəskarları da unudulmayıb. Onlar üçün 80-ci illərin hitləri səsləndiriləcək. Eləcə də, tamaşaçılarımız instrumental musiqi, kinofilmlərdən mahnılar, romans, muğam və başqa ifaları dinləyə biləcəklər.

    Yaradıcı qrup AzTV-nin baş prodüseri Nazilə Babayeva, aparıcı Kamran Ağabalayev, Müşfiq Kərimov, Araz Sultanov, Elnur Məmmədovdan ibarətdir.

    Nazilə Babayeva layihə ilə bağlı danışaraq bildirib ki, bu, AzTV-nin mütəmadi olaraq təqdim etdiyi maraqlı layihələrdən biridir: “Layihə uzunömürlüdür, lakin onun təqdimatı pandemiya dövrünə təsadüf etdi. Bu, özünütəcrid dövründə təqdim olunan ilk böyükmiqyaslı musiqi layihəsidir və bu dövr üçün lazımlıdır. Bu layihə üzərində uzun müddət idi çalışırdıq. Çünki onun tamaşaçılarımız üçün maraqlı olmasını istəyirdik. Ümid edirik ki, istədiyimizə nail olduq”.

    Birinci konsert proqramında Xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Xəyyam Nisanov, Əməkdar artist Ədalət Şükürov, Samirə Əli-Məryəm iştirak edəcək.

    Qeyd edək ki, tamaşaçılar konserti təkcə efirdən deyil, AzTV-nin “facebook” səhifəsindən də izləyə biləcəklər.

  • Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

    Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

    Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.

  • “Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir

    Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.

    Müsabiqəyə qeydiyyat bu il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim-2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.

    Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

    Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

    Müsabiqənin münsiflər heyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində xsm.2016@mail.ru adresinə müraciət edə bilərlər.

    Təşkilat komitəsi münsiflər heyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaq.

    Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.