Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə xalq teatrları və gənclərimiz mövzusunda “Teatrlarda yeni yanaşmalar və yeni təfəkkür formaları” adlı onlayn görüş keçirilib.
Mərkəzdən bildirilib ki, tədbir çərçivəsində “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvü Bərdə RMİ-nin əməkdaşı Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi təşkil olunub.
Altmışdan çox iştirakçısı olan görüşdə Azərbaycan teatr sahəsində xüsusi xidmətləri və fəaliyyətləri olan insanlar, o cümlədən Əməkdar artist Teymur Məmmədov, Kəmalə Paşazadə, teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov, Əməkdar artisti, ADMİU-nun “Dram teatrı və kino aktyoru” fakültəsinin baş müəllimi Yaqut Paşazadə, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa, regional Mədəniyyət mərkəzlərinin və Xalq teatrlarının nümayəndələri Eldəniz Mustafayev, Teymur Məmmədov, Validə Nabatova, Mehman Quliyev, Nahid Musayev, Mirsamir Mirxəlilli, həmçinin mərkəzin əməkdaşları Nurəddin Babazadə, Rafiqə Nəsirova, “Bölgə” eksperimental teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədov və digərləri çıxış ediblər.
Çıxış edənlər teatrın mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunublar. Qeyd olunub ki, əsas məqamlardan biri isə səhnəyə qoyulan yeni əsərlərin seçilməsi olub. Belə ki, xalq teatrlarının fəaliyyət istiqamətlərindən biri həvəskar və peşəkar gənclərin xalq teatrlarına cəlb edilməsidir. Eyni zamanda müzakirə zamanı vurğulanıb ki, əyalət teatrlarının paytaxt teatrları ilə ünsiyyətinin yaradılması kimi mövzular xüsusi marağa səbəb olacaq.
Tədbirin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev teatrların mövcud problemlərindən danışaraq, onların postpandemiya dövründəki fəaliyyət perspektivlərindən bəhs edib. Vurğulanıb ki, regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyəti müasirləşməli, sahə üzrə mövcud problemlər müzakirə yolu ilə həll olunmalı, xalq teatrları və dərnəklər arasında əlaqələr genişləndirilməlidir. A.Usubəliyev xüsusi olaraq xalq teatrları tərəfindən müraciət olunan ssenarilərin səviyyəsi və mövzularına toxunub. “Toxunulan mövzuların aktuallığı və müasirliyi aktyor oyunu qədər vacib məsələlərdəndir, çünki tamaşaçı tamaşada yaşadığı həyatın güzgüsünü görməlidir. Məhz mövzunun aktuallığı, aktyorun istedadı və səhnənin sehrli gücü tamaşaçını teatra bağlaya bilər”, – deyən mərkəzin direktoru xalq teatrlarının təkrar olaraq renessans dövrü yaşamasına haqqı olduğunu bildirib.
Kolumbiyanın məşhur “De la literatura” (“Ədəbiyyat haqqında”) “Facebook” səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının ispan dilinə tərcümə olunmuş “Buz heykəl” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı pandemiya dövründə sosial şəbəkələrdə müxtəlif şair və yazıçıların əsərlərinə müraciət edir.
İdarədən bildirilib ki, bu dəfə kitabxananın əməkdaşı Qızılgül Məmmədova “Kitabxanaçı tövsiyə edir” rubrikasında Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun şeirlərini səsləndirib.
Hazırlanmış videoçarx kitabxananın sosial media şəbəkələrindəki hesablarında paylaşılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də və 19-da XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.
DİM-dən bildirilib ki, imtahanda iştirak edənlər Mərkəzin internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və prosesin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə DİM-in saytında tanış olmaq mümkündür.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 21 min 212 nəfərdən 488-i imtahana gəlməyib. Beş nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Lənkəran şəhəri 1 saylı şəhər tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu göstərib.
Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyulun 27-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 20-22-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Sadə zəhmət adamından tutmuş xalqın böyük ziyalılarına qədər neçə-neçə insanın həyat salnaməsini, tale yolunu qələmə alıb. Qəhrəmanlarını da özü seçib. Azərbaycanın Əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfovanın qələmə aldığı yazıların hər birindən canlı insan, onun sevinci, kədəri boylanır. Bu gün Azərbaycan jurnalistikasında dəst-xətti ilə seçilən Svetlana xanımın 82 yaşı tamam olur. AZƏRTAC görkəmli jurnalistin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Svetlana Nəcəfova 1938-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961-ci ildə “Pioner” jurnalı redaksiyasında texniki redaktor kimi başlayıb, 1964-1973-cü illərdə orada şöbə müdiri işləyib. 1973-1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru və baş redaktorun müavini vəzifələrində çalışıb. Hələ gənc yaşlarında “Komsomolskaya pravda” qəzetində dərc edilən hekayəsi onun istedadından xəbər verirdi.
1996-2003-cü illərdə “Respublika” qəzeti redaksiyasında Humanitar problemlər şöbəsinin müdiri, 2003-2008-ci illərdə isə Teleradio şirkətinin əməkdaşı olub. Hazırda təqaüddə olan S.Nəcəfova, eyni zamanda, Azərbaycanda qadın hərəkatında fəal iştirak edib.
S.Nəcəfova “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm”, “Dan ulduzu”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Vətən”, “Araz”, “Humay” və digər mükafatlara layiq görülüb. Beş publisistik, bir bədii, bir tərcümə kitabının müəllifidir. İlk kitabı “Qırmızı qalstuklar klubu” 1966-cı ildə çap olunub. Sonralar onun “Ömrə sevinc gətirənlər”, “Hər ömür bir nəğmədir”, “Biz beynəlmiləlçilərik”, “Onun taleyi”, “Azərbaycanın qeyri-hökumət qadın təşkilatları” kitabları böyük tirajla çap edilib. ABŞ-ın “Kim kimdir?” nəşri onun adını özünün 2000-ci il nominantlarının siyahısına, 2005-ci ildə isə Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiya Svetlana xanımı sülhməramlı səfir kimi öz sıralarına qəbul edib.
Sovet dövründə tənqidi oçerklər yazmaqdan çəkinməyən S.Nəcəfova hər zaman haqq tərəfdarı olub, övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, jurnalistin yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. “Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”, - deyir Svetlana xanım.
Zəngin dünyagörüşü, jurnalist peşəkarlığı, səmimi, mehriban davranışı Svetlana Nəcəfovaya ən mötəbər qapıları açmağa imkan verib. O, “Azərbaycan qadını” jurnalında işləyərkən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevadan müsahibə alıb, habelə akademik Şəfaət Mehdiyev, görkəmli jurnalist Nəsir İmanquliyev, yazıçı Ələviyyə Babayeva, şairə Zivər Ağayeva, Xalq rəssamları Maral Rəhmanzadə, Xalidə Səfərova və Kamil Xanlarov, Əməkdar rəssam Mahmud Tağıyev, rəssam Çingiz Abbasov, Əməkdar incəsənət xadimi Bilqeyis Məmmədova, professor Mirvari Tağıyeva, Əməkdar jurnalist Sona Bağırova və başqaları haqqında oçerk və məqalələr yazıb. Eləcə də tarixçi-alim Sara Aşurbəyli, Xalq şairi Nəbi Xəzri, yazıçılar Əli Əmirli, Əli Səmədli, şairə-bəstəkar Xanım İsmayılqızı, oftalmoloq Tamilla Şəfəq, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər tanınmış simalarla müsahibələri Svetlana xanımın mövzuya, problemə yanaşması baxımından jurnalistikamızda dəyərli nümunələrdir. Həyata, insanlara sonsuz məhəbbətlə qələmə aldığı “Sınaq saatı”, “Xatirəyə dönmüş günlər”, “Dörd ilin ayrılığı”, “Analar şərəfinə elegiya” “Mərdlik məktəbi”, “Nə tez kişiləşir oğlanlar”, “Sınaq günləri”, “Sevinc payı”, “20 Yanvar- qan yaddaşımız” və digər məqalələri publisistikanın gözəl nümunələridir. S.Nəcəfovanın istər sovet dövründə, istərsə də müstəqillik illərində qələmə aldığı yazılar bu gün də aktualdır. O, qəhrəmanını oxucuya mükəmməl tanıtmaq üçün ən xırda detaldan parlaq uğuruna qədər uzanan yolu oxunaqlı dillə şərh edib. Bu yazılar, eyni zamanda, müəllifin həmişə özünə sadiq qaldığını bir daha təsdiqləyir. Heç vaxt şan-şöhrət dalınca getməyən Svetlana Nəcəfova qələmi ilə geniş oxucu auditoriyası qazanıb.
Svetlana xanım üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir: “Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur…”
Svetlana xanımı doğum günü münasibətlə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi nəzərdə tutulur. Məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindən ibarətdir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA çərçivəsində 2020-2021-ci tədris ili üçün xüsusi qruplar açılır. Birgə razılığa əsasən, ilkin olaraq idman menecmenti və kommunikasiya ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar müvafiq qrupların formalaşdırılması, tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi prosesinə start verilir.
Xatırladaq ki, “SABAH” qrupları təhsil sistemində 2014-cü ildə yaradılan innovativ layihədir. 2019-cu ilin statistikasına əsasən, “SABAH” məzunlarının böyük bir hissəsi (müraciət edənlərin 88 faizi) ölkə daxili və xaricində (müraciət edənlərin 96 faizi) magistraturaya qəbul olub, dövlət (müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin 78 faizi) və özəl sektorun müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərir. Azərbaycan təhsil sistemində artıq özünü doğrultmuş “SABAH” qrupları layihəsinin 6 illik təcrübəsindən istifadə edilməsi ADBTİA-da istedadlı tələbələrdən ibarət xüsusi qrupların yaradılmasına və uğurla fəaliyyət göstərməsinə əsaslar yaradır.
Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.
İnstitutdan bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları üçün sərtləşdirilimiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
-Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından iyulun 6-dan etibarən çap edib götürə bilirlər. İmtahanlar respublikanın 41 şəhər və rayonunda keçiriləcək.
Həmin gün əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. Rus bölməsinin abituriyentləri qəbul imtahanından dərhal sonra Azərbaycan dili (dövlət dili) imtahanını da verirlər.
Həmçinin ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı DİM-ə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.
Bundan əlavə, imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcək.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda ümumilikdə 8370 abituriyentin iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.
“Elsevier” sisteminə daxil olan yüksək impakt faktorlu “Cell” elmi jurnalının builki 181-ci cildinin 5-ci sayında “Anadolu, Şimali Levant və Cənubi Qafqazın Neolitindən Tunc dövrünədək genom tarixi” (Genomic History of Neolithic to Bronze Age Anatolia, Northern Levant, and Southern Caucasus) adlı beynəlxalq elmi tədqiqat layihəsinin ilkin nəticələrinə həsr olunmuş məqalə dərc edilib. Elmi məqalənin beynəlxalq müəllif kollektivinə Azərbaycan, Almaniya, Türkiyə, İtaliya, ABŞ, İngiltərə, Fransa, Avstraliya və Cənubi Koreyanı təmsil edən tanınmış arxeoloqlar və genetiklər daxildir. Müəllif heyətində Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundov və Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil ediblər.
Bu barədə Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə nəticələri əks olunmuş tədqiqata Ön Asiya ərazisində Neolit, Xalkolit, Tunc və Erkən Dəmir dövrlərinə aid insan qalıqlarından götürülmüş nümunələr cəlb edilib.
Tədqiqata cəlb edilmiş Azərbaycan ərazisindəki Neolit dövrünə aid Şomutəpə mədəniyyətinin Menteştəpə (tarix üzrə fəlsəfə doktoru F.Quliyev və fransalı arxeoloq, doktor B.Lyonnetin tədqiqatları) və Qarabağ Neoliti mədəniyyətinin Polutəpə (tarix elmləri doktoru T.Axundovun tədqiqatları) abidələrində aşkar olunmuş insan qalıqlarından nümunələrin genetik analizi elmə yeni faktları məlum edib. Müəyyən olunub ki, Neolitin sonunda Anadolu və Cənubi Qafqaz genofondu qarşılıqlı təsir proseslərinin məcmusu kimi təzahür edib. Həmçinin arxeogenetik tədqiqatlar, müasir Suriyanın şimal-qərbində quyu qəbirdə aşkar edilmiş insan qalıqları İlk Tunc dövrünün sonunda müasir İran və Türkmənistanın həmsərhəd arealından miqrasiyanın olduğunu göstərir. Hələlik bu cür fakt yeganə olduğu üçün “fərdi miqrasiya faktı” kimi dəyərləndirilib. Beləliklə, tədqiqatlar miqrasiyaların Son Neolitdə qarşılıqlı istiqamətlər üzrə getməsi barədə nəticəni ortaya çıxarır.
Qeyd edək ki, məqalədə əksini tapmış nəticələr Maks Plank adına Təbiətşünaslıq İnstitutunun Arxeogenetika departamenti laboratoriyasının layihəsi üzrə aparılan tədqiqatların ilkin mərhələsinə daxildir. İlin sonunda azərbaycanlı tədqiqatçıların da daxil olduğu tədqiqatlara əsasən regionun Son Tunc və Erkən Dəmir dövrü əhalisinin genetik nümunələrinin analizi üzrə nəticələri elmi ictimaiyyətə açıqlanacaq.
Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.
İnstitutdan bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.