Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aşıq sənəti ümumtürk abidəsi “Dədə Qorqud”da

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Zoom” proqramı vasitəsilə “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Qırğızıstandan olan saz-söz dünyasının elm adamları qoşulub.

    Bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən məlumat verilib.

    Azərbaycan ərazisində tarixən Gəncəbasar, Borçalı, Göyçə, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan kimi aşıq mühitləri formalaşıb. Bu baxımdan “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda konfransın təşkili böyük əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində aşıq sənətinin gənclər arasında təbliği yolları, birgə layihələr və dünyada mövcud nəzəri yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Videokonfransda “Azərbaycan aşıq sənətində Şirvan mühitinə dair”, “Qarabağ aşıq mühitinin özəllikləri”, “Təbriz-Qaradağ aşıq mühitinin ustad-şagird ənənəsi”, “Ünlü Qars aşığı: aşıq Şenlik Baba haqqında”, “Sulduz aşıq mühiti haqqında” və digər mövzularda məruzələr dinlənilib.

    Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatına əsasən “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” 2018-ci ildə türk dünyasının mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sözügedən türk folklor abidəsinin din, əxlaq, məişət, fəlsəfə və sair təzahür formalarından danışan məruzəçilər gələcəkdə tədqiqat potensiallarının səfərbər olmasına dair razılığa gəliblər.

    Onlayn tədbirdə türk dünyasının alim və sənət adamların türk birliyinin qorunması və yaşadılması üçün birgə layihələr reallaşdırması zərurəti də vurğulanıb. Qeyd edək ki, mövcud istiqamətdə Mərkəz tərəfindən artıq bir neçə yerli və beynəlxalq layihələr həyata keçirilib. Bu baxımdan AMEA-nın Folklor İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş bir sıra seminar və konfranslar sırasında Gədəbəy rayonunda keçirilmiş “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda konfrans xüsusi qeyd olunmalıdır.

    “Dədə Qorquddan qalan miras - aşıq sənəti” mövzusunda beynəlxalq elmi-praktik videokonfransın sonunda iştirakçılara elektron sertifikatlar təqdim edilib.

     
  • Pandemiya dövründə incəsənətin inkişaf yolu müzakirə ediləcək

    Bu gün saat 21:00-da Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovla “Pandemiya dövründə incəsənətin inkişaf yolu” mövzusunda canlı yayım olacaq.

    Qalereyadan bildirilib ki, görüşdə rəssamlar pandemiya səbəbindən hazırda dünyada yaranmış mövcud vəziyyətin ölkəmizdə yaradıcılıq prosesinə təsirindən danışacaq və izləyicilərin ünvanladığı suallara cavab verəcəklər.

     
  • Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir

    Karantin rejiminə ciddi əməl olunmaması fəsadlara səbəb ola bilər. Hazırkı vəziyyət narahatlıq yaradır. Çünki insanlar bəzən qaydaları pozur, karantin rejiminə əməl etmir və bu da çox ciddi narahatlıq yaradır. İnfeksiyanın yayıldığı ilk günlərdən ölkəmizdə də bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub, infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində çox böyük işlər görülüb.

    Hamı və hər kəs bu işdə nümunə göstərməlidir. Necə ki, Böyük Vətən müharibəsi illərində “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!” şüarının tələblərinə uyğun yaşayırdılar, biz də bu gün Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” deyib milli birlik, vətəndaş həmrəyliyi və sosial məsuliyyət hissi nümayiş etdirməliyik. Bu da müharibədir, lakin həmin müharibədən fərqli olaraq onu gözlə görmək olmur. Yediyin yeməklə, udduğun hava ilə, toxunduğun əşya ilə bədəninə daxil ola bilən kiçik virus mikrobları gen və işıqlı dünyanı başına dar edə bilər. Bununla üzləşməmək üçün mümkün olan yolu çox asan və sadə yolu həkimlər göstəriblər: sosial məsafə, maska taxmaq və gigiyena qaydalarına riayət etmək!”

    Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.

    Bu sahədə hər kəsin vətəndaş məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını söyləyən Xalq artisti Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətini xatırladıb: “Biz bu müraciətlərə dəstək olmalı və gələcəyimiz naminə həmrəylik nümayiş etdirməliyik. Sosial izolyasiya aksiyasında məsuliyyətlimizi hiss edək. Bütün dünyanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə bu gün çox vacibdir. İndi hər kəs qaydalara riayət etməli, öz sağlamlığını nəzarətdə saxlamalı, gigiyena qaydalarına əməl edərək qoruyucu maskadan istifadə etməlidir. Bəllidir ki, virus hava-damcı yolu ilə yayılır və biz bunu görmürük. Bu səbəbdən də özümüzü və ətrafımızdakıları ikiqat qorumalıyıq. İndi bu xəstəlikdən qorunmaq üçün hər şey öz əlimizdədir. Hər kəs özünü qorumaqla ətrafdakıları qorumalıdır. Əfsus ki, hələ də cəmiyyətdə yaxın və qohumları yoluxmayana qədər virusa inanmayanlar var. Xəstəlik gələndə artıq çox gec olur. Ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Bu bir reallıqdır ki, ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Çalışaq ki, bu çətin məqamda özümüzlə harmoniyanı tarazlaşdıra bilək , yeni maraqlar və fəaliyyətə köklənək”.

  • Nəbi Xəzri yaradıcılığı Türkiyənin ədəbiyyat portalında

    Türkiyənin məşhur Erikagacioyku.com (Alça ağacı hekayə saytı) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin türk dilinə tərcümə edilmiş “İki səs”, “Dəniz... Səma... Məhəbbət” kimi şeirlərinin yayımına başlayıb.

    2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Nəbi Xəzrinin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

    Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.

     
  • “Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb

    Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün ilkin siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, UNESCO-nun Azərbaycan üzrə Milli Komitəsi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

    Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

    Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

    Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

     
  • "Sehrbaz qadın" onlayn nümayiş olunacaq

    İyulun 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsində məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan "Sehrbaz qadın" tamaşasını nümayiş etdirəcək.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.

    Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakteri ilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özü ilə saraya gətirir və ona evlənmək təklif edir…

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

     
  • Dəyişən reallığa uyğunlaşan mədəniyyət

    Rəqəmsal fəaliyyətin dövrün tələblərinə uyğun təşkili mədəniyyət subyektlərinin gələcək fəaliyyətinin səmərəliliyinə xidmət edəcəkdir. Bu və digər mövzuları iyulun 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal dünyanın yeni mədəniyyət məkanlarına inteqrasiyası və insanlara psixoloji təsiri” adlı elmi vebinarda iştirak edən alim və mütəxəssislər müzakirəyə çıxarıblar.

    Mərkəzdən bildirilib ki, vebinarda Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın baş müəllimi, professor, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “İkinci nəfəs” psixologiya mərkəzinin direktoru, psixoloq Natiq Muradbəyli, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, BMA-nın Elmi tədqiqatlar laboratoriyasının müdiri Nuridə İsmayılzadə mövzu ətrafında açıq müzakirələr aparıblar.

    Mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və daha çox onun müxtəlif istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqteyi-nəzərdən müzakirə olunub.

    Vebinarda, həmçinin mərkəzin elmi katibi Cavid Əliyev, elmi işçisi Səadət Şirinova, metodist Sevinc Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

    Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, koronavirus sayəsində dünyanın bütün inkişaf etmiş texnologiyaları bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və digər sistemlərini qaçınılmaz dəyişikliklərə məruz qoyub. Unifikasiya, mədəni deqradasiya, yad tendensiyaların yeridilməsi, ənənəvi dəyərlərin dəyişikliklərə uğraması, yeni peşə münasibətləri meyarının meydana gəlməsi və s. bu kimi amillərin aktuallaşması müasir dövrdə sahə əməkdaşlarından öz işlərinə ikiqat məsuliyyətlə yanaşmanı tələb etdiyini bildirən A.Usubəliyev mövcud istiqamətdə qısa müddət ərzində gücləndirilmiş təlimlərin təşkil olunacağını vurğulayıb.

     
  • Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə böyük Azərbaycan şairi, pedaqoq və XX əsr repressiya ədəbiyyatının tanınmış nümayəndəsi Mikayıl Müşfiq haqqında Vikipediya Beynəlxalq Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

    AMM-nin Vikipediya könüllüləri tərəfindən yaradılan bölmədə Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan şairin həyatı, yaradıcılığı, repressiya dövründə fəaliyyəti, yaratdığı əsərlər haqqında məlumatlar yer alıb.

    Bölmədə, həmçinin qeyd olunur ki, XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi və irsinin təbliği məqsədilə Azərbaycanda dövlət tərəfindən mühüm işlər görülüb.

    Şair Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona ölümündən sonra bəraət verilib.

    Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarına əsasən Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.

    Bakı şəhərində Mikayıl Müşfiqin büstü ucaldılıb, Qaradağ rayonunda qəsəbəyə şairin adı verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ədibin 100, 110 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub.

  • “Vətənimizə virtual səyahət” layihəsi əsasında Yardımlı rayonuna virtual tur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi Yardımlı rayonuna təşkil olunmuş virtual turla davam edir.

    Ölkəmizi tanıtmaq məqsədilə hazırlanmış növbəti videoçarx Yardımlı rayonunun giriş fotosu və xəritə təsviri ilə başlayır. Videoçarxda rayonun ərazisi, əhali sıxlığı, nəqliyyat vasitəsi, telefon və poçt kodları məlumat şəklində əks olunur.

    Videoçarxda 1938-ci ildən rayonun Yardımlı adlandırıldığı, həmsərhəd olduğu ərazilər və onlar arasındakı məsafələr, inzibati bölgüsü haqqında məlumatlar izləyicilərə təqdim olunur. Həmçinin rayonun tarixi ilə bağlı məlumatlar da ətraflı şəkildə işıqlandırılır.

    Videoçarxda Yardımlı rayonunun təbiəti də öz əksini tapıb.

    Videoçarxda Lənkəran-Astara bölgəsində ən uzun çayların Yardımlı ərazisindəki Viləş çayla Bolqarçayı olduğu və bu çayların qollarının adları, onların qovşaqları haqqında məlumat da qeyd olunur.

    Yardımlı ərazisi tariximizi əks etdirən bir sıra abidələrlə zəngindir. Videoçarxda rayonun kəndlərində əlli iki məscidin yerləşdiyi, “Alar”, “Dəlikli daş”, “Köhnəqışlaq”, “Qaravuldaş” kimi mağaraların, “Dik altdıq”, “Qızbala” kimi yerlərin fotoları və siyahısı təqdim olunur.

    Videoçarxda tarixi abidələrlə yanaşı, təbiət abidələri də təsvir olunur. Təbiət abidələri sırasına daxil olan “Dəlləkli çinar” haqqında informasiya verilir.

    Yerli əhəmiyyətli abidə kimi verilən “Qız qalası”nın yerləşdiyi ərazi və digər məlumatlar da videoçarxda nümayiş olunur. Videoçarx “Yardımlı” mahnısı ilə müşayiət olunur.

    Videoçarx Yasamal rayon MKS-nin “YouTube” kanalında yerləşdirilib.

     
  • İtaliyada “Life beyond tourism - Travel to Dialog” beynəlxalq sərgisi virtual nümayişlərə başlayıb

    İtaliyada keçirilməsi planlaşdırılan və pandemiya səbəbindən təxirə salınan “Life beyond tourism - Travel to Dialog” beynəlxalq sərgisinin bütün proqramı təxirə salınmışdı. Layihə təşkilatçıları sərgini virtual rejimdə keçirməyi qərara alıblar.

    Bu gün 20 ölkədən 100-dən çox rəssam bu layihənin assosiativ üzvüdür. Onların içində Azərbaycan ilə yanaşı, Belçika, Kanada, Kipr, Gürcüstan, Yunanıstan, İtaliya, Litva, Norveç, Polşa, Çexiya, Böyük Britaniya, Rumıniya, Rusiya, Serbiya, İspaniya və ABŞ Tayland, Türkiyə, Ukrayna var. Bu ölkələrdən olan rəssamlar əsərlərini “Life beyond tourism - Travel to Dialog”un virtual sərgisində nümayiş etdirmək imkanına malikdirlər. Bunun üçün əsərlər sentyabrın 15-dək qəbul olunur.

    Qoşulmaqla sənətkarlar əsərlərini dərhal dünyanın 111 ölkəsindən olan 15 mindən çox istifadəçi üçün nümayiş etdirə biləcəklər.

    İlk sərgi artıq keçirilir. Burada 3 ölkədən 24 əsərə tamaşa etmək olar.