Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxana virtual xidməti davam etdirir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası sosial izolyasiya ilə əlaqədar oxuculara online xidməti davam etdirir.

    Kitabxananın oxucuları hazırladıqları müxtəlif mövzuda rəngarəng videoçarxları təqdim edir. Növbəti videoçarxda Fidan Umarovanın səsləndirdiyi “Uca bayraq” şeiri maraq doğurub. Məktəblilər Lalə Tağıyeva və Nazlı Əliyeva isə videoçarxlarda rus dilində Vətənə və bahara həsr olunmuş şeirlər səsləndirib.

     
  • “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçiriləcək

    “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlərin təşkili layihəsinin icrasına başlayır.

    Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi müsabiqəyə təqdim edilərək qalib olmuşdur.

    Quba rayonunda icra olunacaq layihənin məqsədi Azərbaycan xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafına, eyni zamanda, xalçaçılıq sənətinin iqtisadi cəhətdən gəlir mənbəyi kimi tanıdılmasına dəstək olmaqdır.

    Layihə çərçivəsində xalçaçılıq sənətinin öyrədilməsi üçün lazım olan dəzgah və alətlərlə təchiz olunmuş məkanda nəzəri və praktik təlimlər təşkil ediləcək. Əsas məqsəd regionun ucqar ərazilərində xalçaçılıq potensialının artırılması və xalçaçılıq sahəsində ixtisaslı kadr hazırlığının həyata keçirilməsidir. Eyni zamanda, regionda və ucqar kəndlərdə sahibkarlığın inkişafına stimul vermək məqsədilə layihə iştirakçılarına peşə sahibi, peşəyə yiyələnməklə yanaşı, həmçinin bu sənətə sahib olmaqla gəlir əldə etmək imkanı qazandırmaq əsas vəzifəmizdir.

    Layihədə regionun əsasən ucqar kəndlərində yaşayan, xalçaçılıq peşəsinə böyük marağı olan və bu peşəyə yiyələnmək istəyən 10 nəfər xanımın iştirakı nəzərdə tutulur.

     
  • Fərhad Bədəlbəyli: Bir udum havaya möhtac olmamaq üçün karantin rejiminə əməl etməliyik

    Bəzi insanların pandemiyaya şübhə ilə yanaşması, müxtəlif sosial şəbəkələrdə zərərli fikirlər paylaşması, bəzilərinin isə məsuliyyətsiz davranışları haqlı olaraq cəmiyyətdə narahatlıq doğurur. Ona görə də karantin rejiminə ciddi riayət olunması, lazım gələrsə, daha sərt tədbirlər görülməsi olduqca vacibdir.

    “Artıq 6 aydan çoxdur informasiya gündəmində aparıcı yer tutan koronavirus infeksiyası dünyanı dəyişib, həyatımıza yeni çalarlar gətirib. Daha əvvəlki kimi səhərlər işə, axşamlar evə, asudə vaxtlarımızda qohum-qardaşla, dost-tanışla görüşə tələsmirik. Hamı mümkün qədər evə qapanıb, küçəyə-bacaya çıxanda da əvvəlki kimi arxayın, sərbəst hərəkət etmir. Xüsusən ictimai yerlərdə hər addımımıza fikir verməli, hər hərəkətimizi ölçüb-biçməliyik, çünki həm özümüzün, həm də ətrafımızda olanların həyat və sağlamlığı bundan asılıdır”,- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli AZƏRTAC-ın müxbiri ilə söhbətə belə başlayıb.

    Yeri gəlmişkən qeyd edək ki, Fərhad müəllim Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvüdür. Müsahibimiz mövqeyini əsaslandıraraq deyib: “İndi elə bir dövrə gəlib çıxmışıq ki, bir an da olsa sayıqlığımızı itirməməli, vətəndaş məsuliyyətini unutmamalıyıq. Kiməsə elə gələ bilər ki, bu sözləri tez-tez və qədərindən artıq təkrar edirik. Mağazaya girirsən, avtobusa, metroya minirsən, hansısa ünvana üz tutursan, yenə də həmin elanlar, həmin xəbərdarlıqlar... Başqa yol yoxdur axı? Mən dünyada nəfəs almaq üçün tıncıxan insan iztirabından böyük əziyyət tanımıram. Nəfəs almaq, oksigen dolu havanı ciyərlərinə çəkmək bəlkə də bizə bəxş olunan ən böyük nemətlərdən biri, sağlam insanın ən böyük xoşbəxtliyidir. Vay o gündən ki, bir udum ciyərdolusu havaya həsrət qalasan, nəfəs almaq üçün o dünyanı görüb-gələsən. Koronavirus infeksiyası bəşəriyyəti bax bu cür çətin imtahana çəkib. Nəfəs həyat deməkdir, onun kəsildiyi anda ömür bitir. Bizə həyat verən bir udum havanın, nəfəsin kəsilməməsi üçün yeganə çıxış yolu Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etmək və ona uyğun yaşamaqdan ibarətdir”.

    Ölkəmizdə sanitar-epidemioloji vəziyyətin nəzarət altında olduğunu bildirən Xalq artisti qeyd edib ki, həyata keçirilən tədbirlərin səmərəli nəticə verməsində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Koronavirusla mübarizədə tibbi maskadan istifadə və sosial məsafənin qorunması ən ilkin şərtlərdən biridir.

    Böhranlı vəziyyətlərdə insanların səbir və dözüm göstərməsinin vacibliyini vurğulayan Fərhad Bədəlbəyli 2011-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ zamanı yapon xalqının nümunəvi davranışını buna misal çəkdi: “Həmin təbii fəlakət nəticəsində 18 mindən artıq insan həyatını itirdi, 2 mindən çox adam itkin düşdü. Ölkənin bir sıra şəhərlərində su üçmərtəbəli bina hündürlüyünə qalxdı, dəniz limanları tamamilə dağıldı. Lakin həmin o ağır günlərdə yapon xalqı məhrumiyyətlərə sinə gələrək dəyanət və dözüm göstərdi. İnsanlar özlərini itirmədilər, hər şeyi çox anlayışla qarşılayaraq bir-birlərinə dayaq oldular. Nəticədə Yaponiya qısa zaman ərzində təbii fəlakətin nəticələrini aradan qaldıraraq öz inkişafını davam etdirdi və həyat əvvəlki məcrasına düşdü. Bəzən insanlar karantin şəraitində yaşamağın çətinliyindən gileylənəndə istər-istəməz həmin hadisəni xatırlayıram. İndi hamı pandemiyanın nə vaxta qədər davam edəcəyi ilə maraqlanır. Mən onları başa düşürəm, ancaq onlar da başa düşməlidirlər ki, koronavirusun həyatımızdan çəkilib getməsi bizim hər birimizdən və göstərdiyimiz vətəndaş məsuliyyətindən asılıdır. Bunu virusun yayılma sürətinin azaldığı Yaponiya, Cənubi Koreya kimi ölkələrin timsalında aydın görə bilərik”.

    Onun sözlərinə görə, hətta ən zəngin ölkələr belə virusla mübarizədə çətinlik çəkir. Qərb mart ayının ortalarında özünü karantinə alıb və yalnız indi ehtiyatla küçəyə çıxmağa başlayıb. Dünya dövlətləri koronavirusa qarşı qlobal mübarizə aparmaq üçün yeni kampaniyaya start veriblər. Gəlin biz də edə edək ki, bu bəladan mümkün qədər az itkilərlə çıxaq.

    Xalq artisti əlavə edib: “Çox vaxt, xüsusilə təbiətdə şəxsi nümunə göstərməyi ən əsas məsələlərdən biri hesab edirlər. Ataların da gözəl bir sözü var: özünə rəva bilmədiyini başqalarına məsləhət görmə! Mən özüm bu qaydalarla yaşayıram. Ətrafımda olanların da hamısını buna çağırıram. Hər gün evdən harasa çıxıramsa, mütləq maska ilə çıxıram, özümə həmişə antiseptik dezinfeksiyaedici məhlul götürürəm. Sosial məsafəni də heç vaxt yaddan çıxarmıram. Hələ mən bu həyatın gözəlliklərindən, övladlarımdan, nəvələrimlə əylənməkdən, onların nazı ilə oynamaqdan doymamışam. Yaşamaq istəyirsənsə, həyatın davamını arzu edirsənsə, pandemiya qaydalarını gözləməli və onun şərtlərinə əmə etməlisən. Mən “davam” deyirəm və həyatsevərləri də buna çağırıram”...

  • Roma Papası və II Yelizaveta haqqında film çəkilib

    Roma Papası və II Yelizaveta məşhur italiyalı rejissor, “Oskar” mükafatçısı, bundan öncə “Cavan Papa” və “Yeni Papa” seriallarının müəllifi Paolo Sorrentinonun yeni filminin qəhrəmanlarına çevriliblər.

    “Netflix” platforması üçün nəzərdə tutulan qısametrajlı ekran əsərində qəhrəmanların pandemiya ilə əlaqədar olaraq özünütəcridindən bəhs olunub.

    Minifilmdə suvenir fiqurları kimi təsvir olunan qəhrəmanlar bir-birləri ilə dialoq aparırlar. Filmin süjet xəttinə görə 94 yaşlı ingiltərəli kraliça Romada rəsmi səfərdə olarkən qəflətən elan olunan karantinə görə təcrid olunmaq məcburiyyətində qalıb. Özünütəcrid zamanı o, 83 yaşlı Papa Fransisko ilə qarşılaşıb.

    Paolo Sorrentino filmdə iki monarxın düşdükləri şəraitdə vaxtlarını öldürməkdən ötrü nələr danışacağını təsəvvürünə gətirməyə çalışıb.

     
  • Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazanıblar

    “Gilavar” Azərbaycan Foto Klubun təşkilati dəstəyi ilə keçirilən növbəti beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

    Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazə ilə keçirilən “Azerbaijan Photo Salon 2020” adlı fotomüsabiqədə ilk dəfə çox sayda ölkə və iştirakçı təmsil olunub. Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Şimali Makedoniyadan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

    Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.

    Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca beşinci beynəlxalq fotomüsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 125 mükafata 39 ölkənin 124 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov, Kərim Abbasov, Nurlan Tahirli və Əziz Kərimov qızıl medal, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 6 mükafat əldə olunub”.

    Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son üç ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların və qazanılan mükafatların sayı artır.

     
  • Nurəddin Mehdixanlı: Dünyamızı və həyatın gözəlliklərini qorumalıyıq...

    Neçə aylardır ki, istər mətbuat səhifələrində, istər televiziya kanallarında, istərsə sosial şəbəkələrdə pandemiya dövrünün qaydaları haqqında kifayət qədər məlumatlar verilir, informasiyalar səslənir. Mübaliğə kimi çıxmasın, günün nə vaxtı televiziya kanallarının düyməsini bassan, orda qlobal pandemiya dövrünün tələbləri, virusdan qorunma qaydaları, sosial məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması ilə əlaqədar süjet və roliklərin nümayiş olunduğu ilə üzləşmək olar.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı aparılan təbliğata baxmayaraq hələ də sosial məsuliyyətsizlik göstərən, dünyanı cənginə alan dəhşətli fəlakətin ciddiliyini dərk etməyən vətəndaşların məsələyə münasibətindən narahatlığını bildirib.

    O, verdiyi müsahibədə öz fikirlərini belə ifadə edib: “Dünya altı aydan çoxdur ki, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. Mart ayından başlayaraq bütün dünya təbabətini aciz qoyan mutagen xarakterli qlobal bəşəri təhlükənin geniş yayılmaması üçün ən vacib və gərəkli addımlar atılıb, zəruri tədbirlər görülüb. “Başına gələn başmaqçı olar”,-deyiblər. Artıq bizim də bu sahədə xeyli təcrübəmiz var. Hesab edirəm ki, ötən müddətdə hər kəs necə dəhşətli bir müharibə ilə üz-üzə olduğumuzu dərk edir. Bəli, topsuz-tüfəngsiz, silahsız-sursatsız amansız müharibə yaşından, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq can almaqda davam edir. Onun qurbanlarının sayı gendən-günə artır. Nə qədər ki, bu xəstəliyə qarşı peyvənd tapılmayıb, nə qədər ki, onun müalicəsi üçün dərman preparatları yoxdur, onda bircə yol qalır ki, o da hər kəsin özünü bu dəhşətli bəlanın girdabına düşməkdən qorumaqdır. Yəni mümkün qədər evdən bayıra çıxmamaq, yaxud çıxdığın təqdirdə antiseptik vasitələrlə dezinfeksiya olunmaq, maska taxmaq, yolda, küçədə, mağazada, dükan-bazarda, nəqliyyat vasitəsində sosial məsafəni gözləmək, təmas və ünsiyyətdən uzaq olmaqdır. İndiki şəraitdə bu sadə və sadə olduğu qədər də vacib və həyati əhəmiyyətli tələblərə əməl etməmək nə deməkdir? Kimsə buna əməl etmirsə və hansısa əsassız bəhanələrlə özünə haqq qazandırmaq istəyirsə, bunun sosial məsuliyyətsizlikdən başqa adı yoxdur. Təmas və hava-damcı yolu ilə yayılan infeksiyadan qorunmağın mümkün yolu ancaq bundan ibarətdir”.

    Həmsöhbətimiz daha sonra deyib: “Hansısa filosofun belə bir sözü var: “Ən çətin iş ən asan olandır, lakin zamanında sən bunu etmədin”. Bəli, doğrudan da belədir. Vaxtında etmədiyin, görmədiyin sadə və kiçik bir şey sonra böyüyüb çox ciddi problemə çevrilir. İndiki halda məndən, səndən, bizdən, hamımızdan asılı bircə şey varsa, o da maska taxmaqdan, tez-tez əllərimizi yumaqdan, gigiyenik qaydalara əməl etməkdən və sosial məsafə saxlamaqdan ibarətdir. Burda çətin nə var? Bunu etməklə özümüzü, sağlamlığımızı, ətrafımızı, doğmalarımızı, yaxınlarımızı, bütövlükdə cəmiyyəti qorumuş oluruq. Niyə biz yalnız xəstəlik gəlib özümüzün və ya hansısa əzizimizin yaxasından yapışandan sonra onun varlığına inanmalıyıq? Gedib xəstəxana palatasına düşəndə, reanimasiya otağında nəfəs darlığı ilə üzləşəndə çox gec olur, onda vaxtında etmədiyin hərəkətlər, görmədiyin tədbirlər üçün təəssüflənir, yanıb-yaxılırsan. Televiziya ekranlarında müalicə müəssisələrində həyatla ölüm arasında çırpınan, yaşamaq uğrunda, bir udum havanı rahat almaq üçün mübarizə aparan koronavirus xəstələri haqqında süjet nümayiş olunanda sakit, hissiz-duyğusuz baxmaq olmur. Ona görə də məsuliyyətli olmaq, bizdən asılı olan qaydalara əməl etmək lazımdır ki, belə ağır mənzərələrlə üzləşməyək”.

    Xalq artisti fikrini belə yekunlaşdırıb: “Bizə bu dünyada ən qiymətli nemət olan ömür payı verilib və hər birimizin yaşadığımız bu dünyada vətəndaşlıq və insanlıq borcumuz var. İlk növbədə dünyanın gozəlliklərini duya-duya, hiss edə-edə, bəxtimizə düşən ömür payını sağlam, xəstəliklərdən, ağrı-acıdan uzaq yaşamağa çalışmalı və üzərimizə düşən vətəndaşlıq borcunu dərk etməliyik. Bu, canımızın sağlığını, ailə üzvlərimizi, doğmalarımzı və əzizlərimizi, ətrafımızda olanları qorumaqdan, yaşadığımız dünyanın gözəlliklərini bizdən sonra gələn gənc nəslə ötürməkdən, onların da xoşbəxtliyi üçün cavabdehlik hissi daşımaqdan ibarətdir. Biz bu səadəti öz gözəlliklərini səxavətlə bizə bəxş edən qoynunda yaşadığımız dünyanın gələcək sakinlərinə də bəxş etməliyik. Dünyanı, həyatı və canımızın sağlamlığını qoruya-qoruya yaşamalı, sosial məsuliyyətimizi unutmamalıyıq. İndiki halda yol yalnız və yalnız sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına ən ciddi şəkildə riayət etməkdən ibarətdir. Başqa alternativ yoxdur!”

     
  • Kukla Teatrının iyul ayı üçün onlayn repertuarı maraqlı tamaşalarla zəngindir

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyul ayı üçün nəzərdə tutulan onlayn repertuarı açıqlayıb.

    Repertuarı təqdim edirik:

    3 iyul - “Oyaq gözəl”

    4 iyul - “Durna balığı” (rus dilində)

    5 iyul - “Sehrbaz qadın”

    10 iyul - “Turp”

    11 iyul - “Çəkməli pişik”

    12 iyul - “Qızıl balıq”

    Qeyd edək ki, tamaşalar teatrın “YouTube” kanalından nümayiş olunacaq.

     
  • Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir

    İyulun 17-i, saat 20: 00-da “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “YouTube” və “facebook” sosial şəbəkəsindəki səhfələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil olunacaq.

    Onlayn konsertdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, bədii rəhbəri və mətbuat katibi Güllü Eldar Tomarlı,  Səadət Buta, Südabə İrəvanlı, Cəvahir Qaraqızı, Gözəl Kəlbəcərli, Lətifə Çeşməli, Kəmalə Məhyəddinqızı və Ayşə Səyyadqızı iştirak edəcəklər.

     
  • “Durna balığı” onlayn göstəriləcək

    A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 4-də rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə onlayn çıxış edəcək.

    Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

    Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.

    Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalında nümayiş olunacaq.

     
  • Görkəmli alim Xəlil İsmayılova həsr edilmiş virtual sərgi

    İyulun 1-i görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılovun doğum günüdür. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgi virtual olaraq təqdim olunub.

    Sərgidə alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu və haqqında yazılmış kitabların elektron versiyaları yer alıb.

    Virtual sərgidə tammətnli resurslar da yerləşdirilib. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Ismayilov/index.html linkindən istifadə edə bilərlər.