Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

    Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

    Qeyd edək ki, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparmışdır.

    Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

     
  • Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib

    30 iyun 2020-ci il tarixində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

    İclas 2020-ci ilin noyabr ayında keçiriləcək plenar sessiyanın gündəliyinin hazırlanması və "İqlim dəyişikliyi və davamlı inkişaf" və "Süni intellekt və mədəniyyət, yaradıcılıq və mədəni irs" mövzuları haqqında məlumat verilməsi ilə başlayıb.

    İclas zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə töhfə: Rəqəmsal dövrdə İncəsənət, Mədəniyyət, Mədəni İrs və Söz Azadlığı” mövzusunda manifestin layihəsi və “Avropa Şurası Rəqəmsal Sərgisi” üçün konsepsiya mövzusu müzakirə olunub. Həmçinin, Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son illər ərzində tətbiq edilən yeniliklər təqdim edilib.

    İclasda Azərbaycan nümayəndə heyəti çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində xüsusi karantin rejimi dövründə görülən işlərdən danışdı və bir sıra layihələrin həyata keçirilməsi təklifini irəli sürdü.

    Bundan əlavə, Avropa Landşaft Konvensiyasının həyata keçirilməsi üçün milli siyasət və beynəlxalq əməkdaşlıq, 2020-2022-ci illər üzrə iş proqramı və fəaliyyət planı müzakirə edilib.

    Sonda Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclasının yekun hesabatı qəbul olundu və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirildi.

  • Ölkəmiz Ümumdünya Folklor Birliyinin təşkil etdiyi beynəlxalq festivalda təmsil olunub

    Ümumdünya Folklor Birliyi (World Folklore Union IGF) tərəfindən virtual olaraq təşkil edilən beynəlxalq festivala ölkəmiz də qatılıb.

    Ölkəmizi bu festivalda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi təmsil edib. Festivalın birinci günü elmi-praktik konfrans, ikinci günündə isə milli geyimlərin təqdimat mərasimi baş tutub. Adıçəkilən festivalın konfrans və təqdimat günlərində mərkəzin elmi katibi, Bakı Dövlət Universitetinin müəllimi Cavid Əliyev iştirak edib. Videokonfransın əsas müzakirə mövzusu mövcud pandemiya dövründə beynəlxalq onlayn festivallarının təşkili, dünya ictimaiyyətinə mədəniyyətin dəstəyi ilə yüksək əhval-ruhiyyənin aşılanması, eyni zamanda, hər bir ölkənin milli mədəniyyətinin tanıdılması olub.

    Ölkəmiz adından çıxış edən C.Əliyev mədəniyyət sahəsində fasiləsizliyin önəmindən, habelə milli identikliyin qorunması baxımından folklor festivalının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, respublikamızda hər iki ildən bir milli azlıqların folklor festivalı, habelə xalq teatrlarının müsabiqəsinin təşkili və bu mövzuya uyğun konfranslar keçirilir.

    Festivalın 2-ci günündə Azərbaycanın milli geyimi olan Çuxa haqqında videorolik təqdim olunub və bu əlbisə barədə ətraflı məlumat verilib. Çuxanın tarixi, istifadə qaydaları, ilk dəfə hansı əsərlərdə rast gəlinməsi barədə bilgilər festival iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, Çuxanın hazırkı dövrdə əsasən, milli rəqslərin ifası zamanı istifadə olunduğu vurğulanıb.

    Qeyd edək ki, Virtual Beynəlxalq Folklor Festivalının moderator ölkəsi Rumıniya olub. Bu tədbirdə dünyanın bir çox ölkələrindən - o cümlədən Fransa, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Hindistan, Meksika, Ukrayna, Belarus, Polşa, İsrail, Serbiya, Çex Respublikası, Xorvatiya, Yunanıstan, Vyetnam və Kosta-Rikadan nümayəndələr iştirak edib. Məlumat üçün bildirək ki, hazırda növbəti festivala Azərbaycanın ev sahibliyi etməsi ətrafında danışıqlar aparılmaqdadır. Belə ki, 50-dən artıq ölkəni özündə birləşdirən sözügedən beynəlxalq təşkilat beynəlxalq müstəvidə milli adət-ənənələrin təbliği və folklor nümayəndələrin tanıdılmasında böyük nüfuza malik olan legitim təşkilatlardandır.

     
  • Misirin qədim abidələri ICESCO-nun irs portalında nümayiş etdiriləcək

    Misirin qədim abidələri və muzeyləri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) irs portalında, habelə “Rəqəmsal Evi” vasitəsilə nümayiş etdiriləcək.

    Bu barədə Misirin Turizm və Qədim Abidələr naziri Xalid əl-Ənani və ICESCO-nun Baş direktoru Salim əl-Malik arasında videokonfrans vasitəsilə keçirilən müzakirələrdə məlumat verilib.

    Misirin Turizm və Qədim Abidələr Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, misirli nazir ICESCO və UNESCO-nun Qahirədə regional mərkəzinin açılması təklifini irəli sürüb. O qeyd edib ki, həmin mərkəz mədəni irs nümunələrinin qeyri-leqal ticarətinin qarşısını almaq istiqamətində fəaliyyət göstərə bilər. Bundan başqa, ICESCO-nun Baş direktoru və Misirin naziri qədim abidələrin mühafizəsi, sənədləşdirilməsi və bərpası üzrə əməkdaşlıq barədə razılıq əldə ediblər. Qeyd olunub ki, yaxın vaxtlarda istifadəyə veriləcək möhtəşəm Böyük Misir Muzeyində fəaliyyət göstərəcək qədim abidələrin bərpası üzrə mərkəz İslam dünyasında ən təcrübəli mütəxəssisləri cəlb edəcək.

    Müzakirələrdə Misirin Dünya İrs Siyahısında olan abidələrinin ICESCO-nun İslam Dünyası İrs Siyahısında yer alması, həmçinin Böyük Misir Muzeyinin binasının təşkilatın Müasir Memarlıq İrsi Siyahısına daxil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər mədəni irs abidələrinin qanunsuz ticarətinin qarşısını almaq məqsədilə bir neçə İslam ölkəsi və beynəlxalq ekspertlərdən ibarət kiçik işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

  • DİM təsviri sənət istiqaməti üzrə bakalavrların imtahanda yerinə yetirdikləri tapşırıqları təqdim edir

    Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura səviyyəsinə qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında bakalavrların hazırladıqları əl işlərinin fotolarını təqdim edib.

    DİM-dən bildirilib ki, qabiliyyət imtahanlarında bakalavrların hazırladıqları əl işlərinin fotosurətləri Mərkəzin saytında yerləşdirilib.

    Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanı iyunun 11-də keçirilib.

     
  • Tacikistan portalında Azərbaycan xalçası haqqında məqalə yerləşdirilib

    Tacikistanın avesta.tj portalı öz səhifəsində rus dilində “Azərbaycan xalçası xalqın milli sərvətidir” sərlövhəli məqalə yerləşdirib.

    Materialda Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilir, bildirilir ki, xalçalar xalqının həyatında və məişətində əsas yer tutur.

    Yazıda xalçaçılıq sənəti ilə bağlı ətraflı söhbət açılır, Azərbaycan Milli Xalça Muzeyindən danışılır, bildirilir ki, muzeydə 14 min eksponat qorunur.

    Məqalədə Quba, Bakı, İrəvan, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalça məktəblərinin xüsusiyyətləri şərh olunur, xalıların oxşar və fərqli cəhətləri izah edilir.

    Bildirilir ki, 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olunub.

    Vurğulanır ki, Azərbaycan Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib.

     
  • Məktəblilər hazırladıqları videoçarxı kitabxanaya təqdim ediblər

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar öz fəaliyyətini virtual olaraq davam etdirir. Pandemiya ilə mübarizə aparmaq daha çox yoluxmanın qarşısını almaq məqsədi ilə “Biz birlikdə güclüyük!”, #EvdəQal çağırışına həmrəy olaraq MKS-nin Mərkəzi Kitabxanası çətin günlərdə oxucuları pozitiv olmağa səsləyir.

    İdarədən bildirilib ki, evdə qalaraq mütaliə edən, vaxtlarını səmərəli keçirən, oxucular hazırladıqları videoçarxları mütəmadi olaraq kitabxanaya təqdim edir. Növbəti videoçarxda 53 nömrəli məktəbin şagirdləri şairlərimizin şeirlərini səsləndiriblər.

  • Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib

    İyunun 30-da Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

    Nazirlikdən bildirilib ki, iclas 2020-ci ilin noyabr ayında keçiriləcək plenar sessiyanın gündəliyinin hazırlanması və "İqlim dəyişikliyi və davamlı inkişaf" və "Süni intellekt və mədəniyyət, yaradıcılıq və mədəni irs" mövzuları haqqında məlumat verilməsi ilə başlayıb.

    İclas zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə töhfə: Rəqəmsal dövrdə İncəsənət, Mədəniyyət, Mədəni İrs və Söz Azadlığı” mövzusunda manifestin layihəsi və “Avropa Şurası Rəqəmsal Sərgisi” üçün konsepsiya mövzusu müzakirə olunub. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son illər ərzində tətbiq edilən yeniliklər təqdim edilib.

    İclasda Azərbaycan nümayəndə heyəti çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində xüsusi karantin rejimi dövründə görülən işlərdən danışaraq bir sıra layihələrin həyata keçirilməsi təklifini irəli sürüb.

    Bundan əlavə, Avropa Landşaft Konvensiyasının həyata keçirilməsi üçün milli siyasət və beynəlxalq əməkdaşlıq, 2020-2022-ci illər üzrə iş proqramı və fəaliyyət planı müzakirə edilib.

    Sonda Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclasının yekun hesabatı qəbul olunub və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirilib.

     
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa və Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib.

    İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə bildirib: “Bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma "Dağlıq Qarabağ Respublikası"nda cərəyan edir və film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Həmin filmin Venesiya, Nyu-York, Dovil, Toronto, San-Sebastyan, Anqulem, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Bu kinolentin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər. Bu baxımdan, Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəlxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi daşıyan filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla əlaqədar Fransanın Azərbaycandakı səfirliyinə və Kann Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərmişik. Ümidvarıq ki, istəyimizə nail ola biləcəyik”.

     
  • Deputat: Azərbaycan turizm sektorunda mövcud potensialın qorunub saxlanması üçün dəstəyini davam etdirəcək

    Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini özündə ehtiva edir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sektorlardan biridir.

    Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    "Nəzərə alsaq ki, ötən il turizmin inkişafı baxımından yaddaqalan il olub. Belə ki, keçən il ölkəyə 3 milyondan çox turist gəlib. Bu, ölkəyə gələn turistlərin sayının illik olaraq 15 faiz artması deməkdir. Əcnəbilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xərcləyiblər. Bu da ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir", - deyə V.Bayramov qeyd edib.

    O deyib: "Biz 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etməsini müşahidə edirik. Əvvəlki illərdə formalaşan infrastruktur ölkəyə daha çox turistin gəlməsinə imkan yaradıb. Vizaların verilməsi sisteminin elektronlaşması, eləcə də bu istiqamətdə şəffaflığın gücləndirilməsi də Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərib. Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib. Turizm sektorunda infrastrukturun və logistik xidmətlərin inkişaf etdirilməsi, eləcə də turizm şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə bağlı dövlət tərəfindən dəstək olub. Pandemiya ölkəmizə turist axınına birbaşa təsir göstərdi. İqtisadi paket çərçivəsində turizmdə çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edə bildilər. Dövlətimizin başçısının siyasi iradəsi pandemiyanın təsirlərini bütün sektorlar üzrə minimumlaşdırmaqdan ibarət olduğunu nəzərə alsaq, pandemiyanın davam etdiyi növbəti aylarda da dövlət dəstəyi davam edəcək. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm dövlət dəstəyinin gücləndiriləcək sektorlardan olacaq. Azərbaycan turizm sektorunun və bu sahədə çalışan sahibkarların, vətəndaşlarımızın daha yaxından dəstəklənməsi siyasətini davam etdirir. Azərbaycan bu sektorda mövcud potensialın qorunub saxlanması üçün dəstəyi davam etdirəcək".