Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Siyavuş Kərimi: Hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir

    Bu gün dünyanı bürüyən koronovirus pandemiyasına qarşı hamı birlikdə mübarizə aparmalıdır. Təəssüflər olsun ki, görülən tədbirlərə, göstərilən səylərə baxmayaraq virusa yoluxan və ölənlərin sayı günbəgün artmaqdadır.

    Azərbaycanda COVID-19-a qarşı çox ciddi və zəruri addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülən preventiv tədbirlər, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində çox böyük işlər görülüb. Sözsüz ki, bu sahədə hər kəsin vətəndaş məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır.

    Bu fikirləri müsahibəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.

    Onun sözlərinə görə, milyonlarla insanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə çox vacibdir: “Mütəxəssislər qapalı yerlərdə, hətta açıq sahələrdə də maskadan istifadənin təhlükədən qorunmaqda müstəsna rol oynadığını dönə-dönə vurğulayırlar. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Əlbəttə, bütün bunlar insanların sağlamlığı, onların həyatının qorunması məqsədi ilə edilib. Təəssüf ki, ətrafımızda olanlar arasında hələ də bu bəşəri təhlükəni və onun faciəli nəticələrini anlamayanlar var. Onlar nəinki bu qayda və göstərişlərə əməl etmir, hətta tibbi göstəriş və gidinik qaydalara ciddi riayət edənlər də həqarətlə baxırlar.

    Əslində pandemiya çox dəhşətli bəladır. İnfeksiyaya yoluxan hər kəs bu virusu onlarla insana ötürə bilər. Son həftələrdə ölkəmizdə infeksiyaya yoluxmaların sayı 500-dən aşağı enmir. Bu, böyük rəqəmdir. Düşünürəm ki, ciddi karantin rejiminin uzadılması da bu məsələyə bəzi insanların məsuliyyətsiz yanaşmasının nəticəsidir. Dövlət qurumları, operativ qərargahın nümayəndələri, ayrı-ayrı tanınmış şəxslər bu məsələdə məsuliyyətli olmağa, maska taxmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, sosial məsafə gözləməyə çağırsalar da, buna riayət etməyənlərin sayı azalmır. Biz bəşəri təhlükəyə laqeyd münasibət bəsləyənlərə, vətəndaş məsuliyyətini dərk etməyənlərə qarşı kəskin olmalı, onları ictimai qınağın hədəfinə çevirməliyik. Neçə aylardı kı, dünyanın nizamı pozulub, iqtisadi geriləmələr baş verir, bütün mədəni-kütləvi tədbirlər, idman yarışları təxirə salınıb. Şübhəsiz ki, bu, heç kəsin ürəyincə deyil. Hamı əvvəlki qaynar həyatı yaşamaq, dünyanın gözəlliklərindən zövq almaq istəyir. Hesab edirəm ki, pandemiyanın həyatımıza gətirdiyi bu süstlük uzun müddət davam edə bilməz. Lakin bundan da böyük fəsadların olmaması üçün qoyulan qayda və qanunlar əməl etməliyik”.

    Xalq artisti Siyavuş Kərimi fikrini belə yekunlaşdırıb: “Xüsusi ehtiyac və zərurət olmadıqda heç vaxt evdən çıxmıram, harasa üz tutanda maska taxır, ara məsafəsi saxlayır və antiseptik vasitələrdən istifadə edirəm. Necə deyərlər, özümə rəva bildiyim bu qaydaları hər kəsə məsləhət görürəm”.

     
  • Dövlət Turizm Agentliyi: Ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb

    Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizm sahəsidir. Dünya turizmi faktiki olaraq sıfır nöqtəsindədir və bu sahədə müşahidə edilən böhran qlobal xarakter daşıyır. Azərbaycana səfər edən xarici vətəndaşların cari ilin may ayı üzrə statistik göstəricilərini 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 90 faiz azalmanın müşahidə olunduğunu görə bilərik.

    Ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb.

    Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

    Qurumun məlumatına əsasən, ümumiyyətlə, turizm sahəsinin iqtisadiyatın digər sahələrindən fərqli xüsusiyyəti bundan ibarətdir ki, dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq.

    Bütün bunları nəzərə alaraq, turizmin bərpası dörd mərhələdən - hazırlıq, daxili turizimin bərpası, bir sıra ölkələrlə sərhədlərin açılması və bütün dünya ilə sərhədlərin açılması mərhələlərindən keçəcək. Həmçinin turizmin pərpası üçün ölkələri ziyarət edəcək insanların psixoloji durumu əsas götürülməlidir. Burada əsas kriteriya o olmalıdır ki, insanların sağlamlığının qorunması əsas şərt kimi qəbul edilsin. Yəni insanlar yeni şərtlərə adaptasiya olunmalıdırlar.

    “Ölkəmizdə turizm sahəsinin inkişafı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatələnib. Bu sahə neft və qaz sənayesindən sonra ölkə iqtisadiyyatına gəlir gətirən ikinci sahədir. Turizm həm biznesdir, həm də ölkənin tanıtımıdır. Hazırda turizmə dəstək olacaq təkliflər ondan ibarətdir ki, bundan əvvəlki kimi, bu sahəyə dəstək davamlı olsun. Bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da yardım göstərilib. Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir”, - məlumatda belə deyilir.

    Vurğulanır ki, dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq, turizm sahəsinin ən çox ziyana uğramış sahələrdən biri olduğunu qeyd edib. Prezidentimiz Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı da turzim sahəsinə davamlı yardım göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

    “Dövlət Turizm Agentliyi olaraq bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət etmişik. Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir”, - deyə bildirilir.

  • Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

    Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

    Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

    Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib. O, görkəmli bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

    Emin Əliyev Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

    Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.

  • Hacı Zeynalabdin Tağıyevdən bəhs edən ekran əsəri beynəlxalq film festivalında

    Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” sənədli filmi Los-Ancelesdə “FLICKFAIR” film festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizəyə qatılıb. Qaliblərə ümumi dəyəri 10 min ABŞ dolları olan mükafat veriləcək.

    “100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, ekran əsərinin posteri festivalın əsas səhifəsində yerləşdirilib.

    Onun sözlərinə görə, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

    “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarımızdan köməyini əsirgəməyib, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”, -deyə Cəlaləddin Qasımov bildirib.

    O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini söyləyib.

    C.Qasımov deyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

    Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

    Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni isə Xalq artisti Eldost Bayram səsləndirir.

     
  • Ağdaş rayonuna virtual tur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası elan olunmuş karantin rejimi müddətindən başlayaraq oxucularla virtual ünsiyyəti qoruyaraq müxtəlif layihələrlə fəaliyyətini davam etdirir. Azərbaycanın rayon və şəhərlərinə virtual turlar təşkil etməklə izləyicilərin vətənin hər guşəsi ilə tanış olmalarına şərait yaradır. “Vətənimizə virtual səyahət” layihəsində növbəti sırada Ağdaş rayonudur.

    Kitabxana əməkdaşının hazırladığı videoçarxın ilk dəqiqələrində Ağdaşda bir şəhər, iki qəsəbə, 72 kənd olduğu qeyd edilib. Videoçarxda Ağdaşın Kür çayı boyunca Tuqay meşələri, Kür çayı, Türyançayı, Böyük Qafqaz dağlarının ətəkləri, bir sözlə bu ərazinin flora və faunası haqqında məlumatlarla tanış olmaq mümkündür.

    Ağdaşın Tarix-Diyarşünaslıq Muzeyi (XIX əsr), Mərkəzi Kitabxananın binası, müasir park və binaları da videoçarxa daxil edilib.

    Ağdaşda: Hacı Məhəmməd Ağa (XIX əsr), Hacı Osman, Hacı Bəsəl Əfəndi (XIX əsr), Hacı İsmayıl Ağa (XIX əsr) məscidləri və Üveys baba, Ərəbocağı ziyarətgahları, 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi var. Habil Əliyev adına Musiqi Məktəbi, Meyvə Emalı Zavodu, Ləki Stansiyasının fotosu da burada yer alıb.

    Hazırlanmış videoçarxda rayonun kənd təsərrüfatı, tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ləziz yeməkləri haqqında da məlumatlar verilir.

    Videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib. Həmçinin uşaqlar videoçarxı “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyniadlı “YouTube” kanalında izləyə bilərlər.

     
  • Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

    Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

    Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib. O, görkəmli bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

    Emin Əliyev Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

    Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.

     
  • Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti ilə onlayn müzakirə təşkil edilib.

    ATAA-nın mətbuat xidmətindən bildirilib ki, müzakirə zamanı ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, aviauçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

    Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizm şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb. Rüfət Hacıyev iyunun 18-dən AZAL tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da diqqətə çatdırıb.

    Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

    Azal rəsmisi karantin bitdikdən sonra, bilet satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacağını qeyd edib. O, eyni zamanda, turizm şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.

    Eldar Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.

    Müzakirələr çərçivəsində Rüfət Hacıyev iş yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədilə ATAA tərəfindən turizm şirkətləri üçün yeni standartlar təklifinin hazırlandığını da diqqətə çatdırıb.

    Onlayn müzakirələrin sonunda ikitərəfli görüşlərin mütəmadi olaraq keçirilməsi, AZAL və ATAA üzvləri arasında pandemiya və post-pandemiya dövründə kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.

     
  • Şanxayda Beynəlxalq Kinofestival keçiriləcək

    Pandemiya səbəbindən təxirə salınan 23-cü Şanxay Beynəlxalq Kinofestivalın keçirilməsi iyulun sonlarına nəzərdə tutulub.

    TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin “Çjunqo Çjentsyuanbao” qəzeti məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, bundan öncə festivalın təşkilat komitəsi iyunun 12-13-dənə nəzərdə tutulan tədbiri təxirə salmışdı. Ancaq dəqiq vaxt göstərilməmişdi. Açıqlamada bildirilmişdi ki, koronavirusun yayılmasına baxmayaraq, filmlərin nümayişinə hazırlıqlar davam edir, çünki festivala nəinki ölkə daxilində, eyni zamanda bütün dünyada müxtəlif təşkilatlar tərəfindən maraq göstərilir.

    Qeyd edək ki, Şanxay Beynəlxalq Kinofestivalı 1993-cü ildən keçirilir. Festivalın münsifləri heyətinə müxtəlif vaxtlarda Oliver Stoun və digər dünya şöhrətli kinematoqrafçılar daxil olub. Şanxay Beynəlxalq Kinofestivalı artıq yerli tədbir deyil, dünya festivallarından biri sayılır. Uzun illər davam edən festivalın fəaliyyəti nəinki Çinin kino sənayesinə təsirsiz ötüşməyib, hətta beynəlxalq mədəni mübadilə və əməkdaşlıq platformasına çevrilib.

     
  • “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub

    Beynəlxalq Muğam Mərkəzi (BMM) və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində onlayn videokonfrans təşkil edilib.

    Konfrans Avrasiya Xalqları Assambleyasının təşəbbüsü ilə reallaşıb.

    Videokonfransda ilk olaraq, BMM-nin fəaliyyət və yaranma tarixini, habelə BMM ilə AXA arasında əlaqələri əks etdirən videoçarx təqdim olunub. Hər iki nümunə təşkilatların qarşılıqlı əlaqələrinin daha dolğun təqdimatı məqsədilə hazırlanıb. Videokonfransda Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili də müzakirə olunub.

    Konfrans Lyubov Yolkinanın moderatorluğu ilə keçirilib.

    BMM-in direktoru Murad Hüseynova çıxış edərək rəhbəri olduğu qurumun yaradılması tarixindən, fəaliyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Regionlarda inşa edilən muğam mərkəzləri haqqında məlumat verib. Bir saatdan artıq davam edən konfrans zamanı Murad Hüseynov, həmçinin BMM-nin genişmiqyaslı layihələri, beynəlxalq əlaqələri, habelə milli musiqimiz, milli alətlərimiz haqqında məlumatı diqqətə çatdırıb.

    Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova çıxışı zamanı ötən il Azərbaycanda təşkil edilən Avrasiya Xalqları Assambleyası günlərinin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan dövlətinə bir daha minnətdarlığını ifadə edib. Həmin mötəbər tədbir çərçivəsində BMM-də təşkil edilən görüşləri vurğulayaraq qonaqpərvərliyə görə, təşəkkürünü bildirib. BMM-də qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması və Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masada müzakirə edilən məsələlərin aktuallığını vurğulayıb.

    Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova yenidən Bakıda olacaqlarına, qarşılıqlı layihələrin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib. Konfransda BMM-ilə birlikdə Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. BMM-nin direktoru bildirib ki, qarşılıqlı əlaqələr xalqların mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, ortaq mədəni dəyərlərin bərqərar olmasına şərait yaradır.

    Konfransda, həmçinin professor, AMEA-nın musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək milli musiqimiz, folklor nümunələrimiz, muğam sənəti və BMM-nin elmi-nəzəri araşdırmaları, BMM-nin layihələr üzrə meneceri , Avrasiya Televiziya və Radiosu Akademiyasının akademiki Arzu Qulamov BMM-nin yeni fəalliyyət istiqamətləri mövzusunda fikirlərini bölüşüblər.

    Konfrans birgə əməkdaşlıın perspektivləri mövzusunda müzakirlərlə davam edib.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. Gələcəkdə mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərin inkişafı - mühazirələr və onlayn layihələr, beynəlxalq onlayn konfransların təşkili nəzərdə tutulub. 

  • “Muğam axşamları” onlayn layihəsi davam edir

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” onlayn layihəsinin konsertləri mərkəzin “YouTube” kanalı vasitəsilə izləyicilərə təqdim olunur.

    BMM-nin “YouTube” kanalı, “Facebook” və “Instagram” səhifələri vasitəsilə yayımlanan konsertlərdə mərkəzin solistləri bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər.

    İndiyədək layihə çərçivəsində 4 konsert nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səsləndirilib. Budəfəki konsertdə muğam televiziya müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.