Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Kitabxana Silahlı Qüvvələr Gününə həsr olunan elektron məlumat bazasını təqdim edib

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan elektron məlumat bazasını virtual rejimdə təqdim edib.

    Elektron məlumat bazasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında rəsmi sənədlər, dövlət rəmzlərimiz, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı yorulmaz tarixi fəaliyyətindən, müstəqilliyimizin, dövlətçiliyimizin əsas təminatçısı olan milli ordumuzun uğur və nailiyyətlərindən, onun tarixindən bəhs edən kitablar, Milli Qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş nəşrlər və əsgərimizə dair mahnı və şeirlər təqdim olunur. Elektron məlumat bazasında yer alan resurslar tam mətnləri ilə təqdim olunur.

    Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Azerbaycan/index.html linkindən istifadə edə bilərlər.

     
  • Milli Dram Teatrı “21:15 qatarı” tamaşası ilə iyun repertuarını yekunlaşdırıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı türkiyəli yazıçı-dramaturq Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” adlı tamaşa ilə iyun repertuarını yekunlaşıdırb.

    Şair Dilsuz tərəfindən Azərbaycan dilinə tərcümə olunan səhnə əsəri sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn təqdim olunub. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

    Xronometrajı 75 dəqiqə olan tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

    Qeyd edək ki, T.Orbayın pyesləri dünyanın çoxsaylı teatrlarında tamaşaya qoyularaq böyük tamaşaçı auditoriyası qazanıb.

     
  • Çiçək ətirli sevgilər şairi

    Azərbaycan ədəbiyyatının incə ruhlu, zərif təbiətli şairi, Məhsəti Gəncəvi yaradıcılığını özünəməxsus üslub və formada davam etdirən, yeni ənənələrlə zənginləşdirən Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşamışdır. Hələ ilk gənclik çağlarından özünün istedadı ilə ədəbi mühitdə ulduztək parlayan, sözündə, fikrində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatı tarixinə gözəl, dəyərli əsərlər bəxş etmişdir. “Çadra” onun “Dan ulduzu” jurnalında (1928) çap olunmuş ilk şeiri, “Şeirlər” isə (1934) ilk kitabıdır. İndiki məqamda yadıma şairin ”İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma” Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən” (1957) kitabları düşür. Bildiyimə görə, cəm halda onların sayı 35-dir. Kitabların əksəriyyəti nəşr olunduğu vaxtlardan ədəbi mühitin diqqətini cəlb etmiş, müzakirə mövzusu olmuş, oxucular tərəfindən böyük rəğbətlə, sevgi ilə qarşılanmşdır. Nigar xanımın şeirlərində, ümumən bütün əsərlərində təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları yaradıcılığının leytmotivini təşkil etmişdir.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 107 il ötür.

    Bu gün sevimli şairimizin şeirlərini yenidən oxuyanda qəribə, həm də xoş hisslər keçirir, həmin şeirlərin zamanında dillər əzbəri olduğunu da xatırlayıram. Çiçəklərin adına yazdığı bahar ətirli şeirlər, ana məhəbbətilə vəsf etdiyi poetik incilər, Nizamiylə, Füzuliylə söhbətləri, balalarımızın ürəyini oxşayan bədii nümunələr, hansını deyim... Hələ tərcümə əsərləri, Məhsəti Gəncəvinin rübailəri, Nizaminin, Nəvainin qəzəlləri, A.S.Puşkindən, M.Y.Lermontov, A.Axmatova, M.Svetayeva, Qərb ədəbiyyatının görkəmli nümayəndələrindən dilimizə çevirdiyi möhtəşəm əsərlərin N.Rəfibəylinin yaradıcılığında əlahiddə yeri var.

    Qəlbi çiçəklər kimi zərif, incə olan Nigar Rəfibəyli şeirinin dilində sözündə, ifadəsində bir həzinlik duyuram. Bu həzinlik insanın təbiətində bir bahar ovqatı yaradır. Bu şeirlər qışın sərt günlərində belə, insana yaz təravəti bəxş edir, könülləri nurlandırır. Güllər insana yaraşıq verir, gözəl rayihəsilə ruhumuzu oxşayır. Bir-biri ilə bəhsə girən çiçəklər insan qiyafəsində, obrazında bizimlə həmsöhbət olur. Şairin şeirləri insanla təbiət arasında bir yaxınlıq, bağlılıq duyğusu yaradır.

    Nigar Rəfibəyli şeirlərinin qəribə bir işığı, istiliyi də var. Bu işığın cazibəsi alıb-aparır adamı. Bir “Qərənfil” şeiri var şairin. Burda müəllif onu elə əzizləyib vəsf edir ki, deyirsən bəs, təbiətin ən istəkli canlısı, güllərin şahıdır qərənfil. Sonra onun əksər şeirlərində bütün güllərin, çiçəklərin bənzərsiz vəsfini görəndə anladım ki, Nigar xanım bənövşəni, nərgizi, yasəməni... təbiətin yaratdığı, bitirib-yetirdiyi bütün gülləri sevir və insanın həyatına gözəllik səpən bu zərif gül-çiçəklərin yerini göstərir. Bir şeirində yazır:

    Ömrümü güllərə məftun yaşadım,

    Gülü, bənövşəni, nərgizi sevdim...

    ... Ömrümün bəzəyi oldu həmişə

    Gah dağ çiçəkləri, gah aran gülü.

    ... Çiçəklər aləmi – incə xəyaldır,

    Gözəldir, qəşəngdir zanbaq çiçəklər.

    Yaxud da

    Yuxuda çiçəklər görürəm hər gecə,

    Öpürəm onları gizlicə...

    Bu, duyğusal qadın təbiətinə xas olan zəriflikdi, ülfətdi, sevgidir. Həm də bu, sadəcə məhəbbət deyil. Əslində əksər şeirlərində güllərin, çiçəklərin insan kimi canlı obrazı var. Bu şeirlərdəki çiçəkli sevgilər işıq təki üzünə-gözünə saçılır insanın. Ruha dinclik gətirən, vəsfi göz-könülü oxşayan belə gül ətirli şeirləri kim sevməz ki! Şairin bir çox şeirlərini oxuyanda hiss etdim ki, əsərlərinin mövzusu müxtəlif və çoxçeşidli olsa da onların hamısında gül ətri, çiçək rayihəsi duyulur. Nigar xanım təbiətin bu zərif varlıqlarına insan kimi yanaşır, ətrafa təbiətin, çiçəklərin gözü ilə baxır. Elə yaradıcılığı boyu ən böyük istəyi, umacağı da təbiətdən olub. Günəşdən, meşədən, küləkdən, güllərdən, quşlardan, yarpaqdan, dağdan... hər nə istəyibsə, təbiət də bu saf qəlbli, duyğusal şairdən heç nəyini əsirgəməyib.

    Nigar Rəfibəyli “Odlu-alovlu günlər”dən, müharibə mövzusundan da bəhs edib. Bir şairin, ədəbiyyat adamının düşüncələr silsiləsində qələmə aldığı şeirlərində müharibəyə gedənləri, cəbhədə döyüşənləri, yaralananları əzizi, doğması kimi sevərək vəsf edir. Əsgərləri (ömür-gün yoldaşını da) sevgililərin dili ilə ruhlandırır, bacı olaraq, qardaşlarına cəngavər təki döyüşməsini tövsiyə edir, ana kimi öyüd-nəsihət verir. Bu ağır illərdə vətən qızlarını vəsf edir, arxa cəbhədə onların mərdliyindən, qoçaqlığından söz açır. Övladın anaya, vətənə məhəbbətini dilə gətirir.

    Şair səyahətdə olanda da öz müşahidələri ilə gördüklərini qələmə alır, yaxud da xəyalında yaşatdığı qəhrəmanlarını şəhərbəşəhər, kəndbəkənd gəzdirir. “Qürbətdə axşam” olanda vətən haqqında düşüncələrə dalır, qəribsəyir, vətənin acı tüstüsü, sərt küləkləri üçün darıxır. Sərhəddən kənarda gördükləri poetik yaddaşında qərib mahnılar kimi səslənir. “Rahibə”nin geyimi, soluxmuş gözləri, qupquru əlləri onu üşüdür. Məryəm ananın surəti önündə diz çökən rahibəni qınağa çəkir: “Aç başından qaranı, Gözündən yaşları sil, Canlı insan kimi bax, Qadın kimi danış, gül...” deyə, onu həyatın qoynuna səsləyir...

    Şairin şeirlərinin birində qəlb ağrısı ilə söz açdığı “Bəşər oğlu” böyük Nazim Hikmətin əziz xatirəsinə yazdığı elegiyadır. Şairin əbədiyyətə qovuşduğu gündə millətindən asılı olmayaraq, onu yola salan insanların yanğısını misralarına göz yaşı kimi səpir:

    Tabutunun başında

    Millətləri, xalqları

    Qardaş gördüm;

    Rus qızının, ərəb şairinin,

    Alman kommunistinin

    Gözündə yaş gördüm.

    ... İndi sevdiyin, məhəbbətlə baxdığın

    Gözlər ağlayır...

    Şair həm də anadır, təkcə öz övladlarının deyil, millətin anasıdır – kədərini ürəyində çəkən, bütövlüyü, azadlığı, xoşbəxtliyi yolunda cəfalara qatlaşan mətin bir ana. N.Rəfibəyli dünyaya həm də ana məhəbbətinin işığı ilə baxır. Şair vətənin, onun övladlarının qayğısını ana kimi çəkir. Onun ən böyük məhəbbəti qurub-yaradan və yaşadan insandır. Bu da təbiidir. Dünya insanın varlığı, onun əməlləri, zəhməti ilə gözəldir. Bütün gözəlliklərin yaradıcısı, təbiətin özündən başqa, həm də insandır. Şair harada olur-olsun, Vətəndə, ya qürbətdə, düşüncəsində insanın silsilə obrazını yaradır.

    Bir udum vətən suyuna,

    Bir ovuc vətən torpağına

    Həsrət olanları düşünürəm.

    Vətəndən ayrı düşüb,

    Qürbətdə qalanları düşünürəm.

    Şair təbiətdə üzə gülən, gözə-könülə fərəh çiləyən gözəllikləri, dünyanı özünün şəfqəti, istisi ilə nura qərq edən ana-qadınları vəsf edir, daim dodaqları sevgi nəğmələri pıçıldayır... Hərdən mənə elə gəlir ki, Nigar Rəfibəylinin ədəbi yaddaşından süzülən, könlündən pərvazlanan çox poetik düşüncələri hələ aydınlığa çıxmamış, bəlkə də heç dünyaya gəlməmiş qəlbindəcə məhv olmuşdur. Belə düşünərkən yazıçı Anarın Nigar xanım haqqında nə vaxtsa səsləndirdiyi bu fikirləri xatırladım: “Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik... Həmişə yanındaydıq, həmişə böyründəydik, həmişə onunlaydıq; öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbi ilə baş-başa qalmağa macal tapmırdı”.

    Əslində mənim gendən-genə duyduğum, hiss etdiklərim də bunlar idi. Macal tapsaydı, ədəbiyyat tariximizə daha zəngin ədəbi-mənəvi irsini bəxş edərdi. Amma Nigar xanım bir qadın-ana olaraq ailə yükünü, məsuliyyətini, cəmiyyətə fayda verəcək övladlar yetişdirməyi yaradıcılığından üstün tutmuşdu. Çünki, istedadlı şair, güclü poetik fəhmlə, həyati gerçəkliklər içində ədəbi incilər yaratmağa qadir olan şair, vətəndaş ailəni ən böyük əsəri sanırdı. Mənəvi övladları da zaman-zaman bütün varlığı ilə bağlı olduğu ailənin bətnindən doğulurdu. Şairə gücü, ilhamı verən də onun gözünün nuru, ilhamının həmişəyaşıl pöhrə-budaqları – sevimli Rəsulu, balaları idi... Amma bu gün Nigar xanımın ədəbi irsi ilə bütövlükdə tanış olanda bu hünərvər şairin ədəbi yaradıcılığındakı çoxşaxəlilik məni heyrətə gətirir. Nigar Rəfibəyli həm böyüklər, həm də uşaqlar üçün poetik əsərlər yazan lirik şairdi, tərcüməçidi, publisistdi, özü də bu sahələrin hər birində mükəmməl sənətkardı. Nə gizlədim, bütün bunların fonunda bir oxucu kimi Nigar xanımı həssas, zərif təbiətə, incə duyuma malik, əsrarəngiz güllərin, çiçəklərin insana bəxş etdiyi ülvi sevgilərin tərənnümçüsü kimi daha çox sevir və xatırlayıram...

    1913-cü ildə, yazın son ayı, iyunun 23-də dünyaya gəlib Nigar xanım... Hələ bağ-bağçalar, yaşıl düzənlər, qayaların kölgəsi, daşların arası rəngbərəng gül-çiçək içindədir. Mənə elə gəlir ki, həmişə ilk yazla birgə doğulan bənövşənin, nərgizin, yasəmənin – təbiətin bütün nazlı çiçəklərinin Nigar xanımdan ötrü gözləri yaşarır. Gül-çiçəklər onun vəsflərinin, nazlı oxşamalarının həsrətini çəkirlər. Tezcə də düşünürəm ki, qəmlənməyə dəyməz... Torpaqdan boy göstərən, güc alan, günəşdən nur içən bu gül-çiçəklər hər yazda Nigar Rəfibəylini yad edir, ruhunu salama gəlir, həsrətlilər kimi sanki bir-birinə sarılır, öpüşüb-görüşürlər... Bir də düşünürəm ki, həyat nə qədər davam edəcəksə, hər açılan sabahlarda, hər doğulan baharda, elə bütün fəsillərdə Nigar Rəfibəyli özünün çoxçeşidli əsərləri ilə xalqımız tərəfindən məhəbbətlə yad ediləcək.

  • #kitabxanaçıtövsiyəedir layihəsi çərçivəsində Abbas Səhhətin şeirləri səsləndirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.

    İdarədən bildirilib ki, kitabxananın şöbə müdiri Qızılgül Məmmədova #kitabxanaçıtövsiyəedir layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi, şair, dramaturq Abbas Səhhətin şeirlərini səsləndirib.

     
  • “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı aktrisa Məlahət Abbasova olub

    Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar öz maraqlı qonaqları ilə izləyiciləri sevindirməkdə davam edir.

    Növbəti canlı yayımın qonağı Əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini, azərbaycanlı aktrisa Məlahət Abbasova olub.

    Türkiyədən birbaşa bağlantı edən sevimli aktrisa ilk növbədə Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevi, kitabxananın kollektivini və canlı yayım izləyicilərini salamlayıb, bu fürsətə görə təşkilatçılara öz minnətdarlığını bildirib. O, Türkiyədə davam edən pandemiya rejimi ilə əlaqədar məlumat verib, karantin rejimi altında keçən gündəlik həyatında mütaliəyə, yaradıcı axtarışlara daha çox yer ayırmaq imkanına malik olduğunu dilə gətirib. Məlahət xanım izləyicilərin suallarına əsasən kinoda və teatrda ilk rollarından söhbət açıb, Rasim Balayev, Safurə İbrahimova, Muxtar Maniyev kimi korifeylərlə bağlı xatirələrini bölüşüb. Söhbət əsnasında teatr və kino sənətinin maraqlı paralelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb. Məlahət xanım Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından bəhs edib. Aktrisa məşhur türk serialı “Min bir gecə”yə dəvət olunmasından, aktrisanın yaratdığı obrazın yüksək dərəcədə rəğbət qazanması sayəsində serialın ssenarisində baş verən dəyişikliklər haqqında ilk dəfə canlı yayımda məlumat verib. Öz fəaliyyətində Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verən, bu sahədə nümayiş etdirdiyi vətənpərvərliyi ilə həmişə ön sıralarda olan Məlahət xanım Türkiyə teatr səhnəsində olan rejissorluq fəaliyyətindən H.Cavidin “İblis”, E.Əfəndiyevin “Şekspir” və s. bu kimi əsərlərin səhnələşdirilməsindən danışıb. Bu sahədə tamaşaçıları yaxın gələcəkdə daha gözəl yeniliklərin gözlədiyini vurğulayıb. Canlı yayım zamanı qonaq aparıcı Günay Həsənovanın səsləndirdiyi izləyici suallarını da cavablandırıb.

    Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.

    İstifadəçilər Məlahət Abbasova ilə keçirilən canlı yayıma

    https://www.instagram.com/p/CB_Ojd0CGux/,

    https://www.instagram.com/p/CB_TQQIilnU/ linkləri vasitəsilə baxa bilərlər.

     
  • “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub

    Beynəlxalq Muğam Mərkəzi (BMM) və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində onlayn videokonfrans təşkil edilib.

    BMM-dən bildirilib ki, konfrans Avrasiya Xalqları Assambleyasının təşəbbüsü ilə reallaşıb.

    Videokonfransda ilk olaraq, BMM-nin fəaliyyət və yaranma tarixini, habelə BMM ilə AXA arasında əlaqələri əks etdirən videoçarx təqdim olunub. Hər iki nümunə təşkilatların qarşılıqlı əlaqələrinin daha dolğun təqdimatı məqsədilə hazırlanıb. Videokonfransda Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili də müzakirə olunub.

    Konfrans Lyubov Yolkinanın moderatorluğu ilə keçirilib.

    BMM-in direktoru Murad Hüseynov çıxış edərək rəhbəri olduğu qurumun yaradılması tarixindən, fəaliyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Regionlarda inşa edilən muğam mərkəzləri haqqında məlumat verib. Bir saatdan artıq davam edən konfrans zamanı Murad Hüseynov, həmçinin BMM-nin genişmiqyaslı layihələri, beynəlxalq əlaqələri, habelə milli musiqimiz, milli alətlərimiz haqqında məlumatı diqqətə çatdırıb.

    Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova çıxışı zamanı ötən il Azərbaycanda təşkil edilən Avrasiya Xalqları Assambleyası günlərinin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan dövlətinə bir daha minnətdarlığını ifadə edib. Həmin mötəbər tədbir çərçivəsində BMM-də təşkil edilən görüşləri vurğulayaraq qonaqpərvərliyə görə, təşəkkürünü bildirib. BMM-də qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması və Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masada müzakirə edilən məsələlərin aktuallığını vurğulayıb.

    Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova yenidən Bakıda olacaqlarına, qarşılıqlı layihələrin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib. Konfransda BMM-ilə birlikdə Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. BMM-nin direktoru bildirib ki, qarşılıqlı əlaqələr xalqların mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, ortaq mədəni dəyərlərin bərqərar olmasına şərait yaradır.

    Konfransda, həmçinin professor, AMEA-nın musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək milli musiqimiz, folklor nümunələrimiz, muğam sənəti və BMM-nin elmi-nəzəri araşdırmaları, BMM-nin layihələr üzrə meneceri , Avrasiya Televiziya və Radiosu Akademiyasının akademiki Arzu Qulamov BMM-nin yeni fəaliyyət istiqamətləri mövzusunda fikirlərini bölüşüblər.

    Konfrans birgə əməkdaşlığın perspektivləri mövzusunda müzakirələrlə davam edib.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. Gələcəkdə mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərin inkişafı - mühazirələr və onlayn layihələr, beynəlxalq onlayn konfransların təşkili nəzərdə tutulub.

     
  • “Gilavar” Azərbaycan Foto Klubu “Koronavirus 2” virtual fotosərgisini hazırlayıb

    Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin də əməyi danılmazdır. Çünki bu peşə sahibləri də öz sağlamlığını təhlükə altına ataraq virusla mübarizə aparanlarla çiyin-çiyinə əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar.

    “Gilavar” Azərbaycan Foto Klubu KİV nümayəndələrinin pandemiya dövründə fəaliyyətini əks etdirən virtual fotosərgi hazırlayıb. Sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 videooperatorun 55 şəxsi fotosu yer alıb.

    Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

    https://www.artsteps.com/view/5e9ab18308293b32ee67c5e8, https://youtu.be/zaV1IN01GiE

    Qeyd edək ki, “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan “Gilavar” Azərbaycan Foto Klubunun hazırladığı “Koronavirus” adlanan ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 foto sərgilənib. Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” virtual sərgisi ərsəyə gətirilib.

    Ümumiyyətlə, bu virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq, xəstəlik riskini göz önünə alaraq, kadr arxasında qalaraq peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır. Eyni zamanda, həmin insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir.

     
  • “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün onlayn göstərilib

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunub.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

    Səhnə əsərində musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

    Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.

     
  • Ömrü bir nağıla bənzəyən sənətkar

    1998-ci ilin son baharı... sarılı-qızartdaq xəzəllə örtülmüş bağ-bağatlar, yol kənarlarında, həyətlərdə baş-başa vermiş ağacların budaqlarındakı təkəmseyrək xallı yarpaqlar bir-biri ilə sanki pıçıldaşırlar. Al-əlvan payız güllərinin hüsnü də bir başqa aləmdir. Fəslin belə növrağında xəzəl dolu səki ilə addımlayır, pərən olmuş fikirlərimi sahmana salmağa çalışıram...

    Yolboyu düşünürəm, görəsən ilk baharın son günlərində dünyaya gələn Barat Şəkinskaya ömrün payızında son bahar ovqatını necə yaşayır... Bir vaxtlar “Səhnəmizin Cülyettası” adlandırılan cazibədar aktrisanın sənət taleyi ilə bağlı düşüncəmdə çox suallar yarandığından maraq məni Azərbaycanın müqtədir sənətkarı Barat Şəkinskaya ilə görüşə həvəsləndirmişdi. İlk dəfə telefonda eşitdiyim o ecazkar səsin cazibəsi, məlahəti işıq kimi, musiqi təki qəlbimə axdı... O vaxtdan çox illər ötüb, indi Barat Şəkinskayanın adı teatr və kino tariximizin yaddaşında yaşayır...

    Onunla ilk, həm də son görüşümdə aktrisanın xatirələrin işığında ötənlərə qayıtması pozulmayan yazı kimi yaddaşıma yazıldı. Bu gün qəlbimdə közərən o xatirələr gerçək bir nağılın havasına köklədi məni... Onu deyim ki, əvvəllər Barat adının fərqinə heç varmamışdım. Amma bir zaman haqqında yazmağı qərarlaşdıranda ağlıma gələn ilk sual bu oldu: görəsən, Barat adını kim verib ona? Məgər, gözəl-göyçək qız adları qəhətmiş? Sən demə, Barat adı körpə qızcığaza elə-belə, ad xatirinə verilməmişdi. Həyata qeyri-adi gəlişi ilə qədəm qoyan Barat xanım seçilən və məzmunlu taleyi ilə məni ahənrüba təki özünə yaman çəkmişdi.

    İlk dəfə Barat Şəkinskayanın adını eşidəndə aktrisanı şəkili bilmişdim. Demə, Qarabağlı qızıymış. Nəsillikcə o torpağın tacı, şah damarı Şuşada anadan olublar. Qol-budaqları da gör hansı kökə gedib çıxır: Pənah xana, İbrahim xana. Xurşidbanu Natəvan, Gövhər ağa Şəkinskaya, Həmidə Cavanşir İbrahim xanın ovladlarının qol-qanadlarıdır. Barat xanım danışırdı ki, Dağıstan xanın baldızı acar qızı Yelena Abaşidze ilə evlənən İbrahim xanın məqsədi Rusiyaya yaxınlaşmaq olub. Bu izdivacdan Gövhər ağa və İsgəndər xan doğulub. İbrahim xan acar qızına Zəngəzuru bağışlayıb. Gövhər ağa burdakı Şəki kəndinin adı ilə Şəkinskaya familiyasını götürür. Elə ona görə də Barat xanımgil Cavanşirlər yox, Şəkinskayalar olurlar...

    Barat xanım onu da deyirdi ki, anasının taleyi üzünə heç gülməmişdi. Ana olmaq istəyi ilə alışıb-yanan Ağca xanım üç dəfə bari-həmləni yerə qoyanda dünyaya ölü uşaq gətirmişdi. Hər dəfə də qəlbinin sızıltısı acı göz yaşlarına dönərək ağca yanaqlarından üzü aşağı axıb. Beşiyi boş qalan Ağcanın öz dərdi özünə bəs deyilmiş kimi, qaynanası Zibabəyim də bir yandan onu yeyib-tökür, gününü qara edirdi. Gəlinin əri Həbib xan da ata olmaq yanğısı ilə göynəsə də onsuz da dərddən ürəyi sıxılan arvadının qəlbinə dəyməyə qıymırdı. Dördüncü dəfə də Ağca xanımın vaxtı-vədəsi tamam olanda Zibabəyimin kinli, acıqlı səsi yeri-göyü titrətdi:

    – Mən evimdə bir daha ölü uşağın doğulmasına icazə vermərəm! Qoy harada azad olur-olsun - deyib, gəlini evdən çıxardır. Sonra da Ağcanın fəndgirliyə əl atıb, ölü uşağı dəyişəcəyini güman etdiyindən qonşusu, şəhərin qazisi Əbdürrəhim ağaya gənəşir. Qazi onu əmin edir ki, gəlinin azad olacağı otağın qarşısındakı otaqda əyləşib gözləyər. Beləliklə, 1914-cü il iyunun 7-də sübhçağı Ağca xanım canından, qanından üzülüb gələn yükünü yerə qoyur. Uşaq diridir, amma cınqırını da çıxarmır, ağlamadan, qışqırmadan dünyaya gəlib. Körpənin işıq üzünə qışqırıqsız gəlməsi təzəcə ana olmuş Ağca xanımı qorxudur. Səksəkəli günlər yaşayırlar. 20 gündən sonra körpənin çığırtısı evi başına alır. Ananın üzünə gün doğur... Uşağın doğum günü də həmin vaxtdan – 28 iyundan qeyd olunur. Əbdürrəhim ağa deyir ki, bu uşağı Uca Yaradan verdi. Adını da qazi özü qoyur: Barat. Deyir, Allahın verdiyi bəxşişdir Barat. Uşağın ayağı sayalı olur, Həbib xanla Ağca xanımın ailəsində daha bir qız və bir oğlan gəlir dünyaya...

    Neçə il övlad üzünə həsrət qalan Ağca xanım niyyət edibmiş ki, oğlum olsa 5-6 yaşında məhərrəmlik təziyəsində şərbət paylayar, qızım olsa, “Qasim otağı”nda əyləşər. Allah da Ağca xanımın qız balası üçün elədiyi niyyətini eşidib. Beləliklə, 6 yaşlı Baratı saçları çiyinlərinə tökülmüş halda kəcavəyə əyləşdirirlər. Qızcığaz hələ heç bir rejissorun yarada bilmədiyi bir səhnədə – həyatın məhərrəmlik təziyəsi səhnəsində öz rolunu ifa edib. Sən demə, səhnə taleyi də onunla birgə doğulubmuş...

    XI Qızıl ordu Azərbaycana gələndə vəhşi diviziyası olan Həbib xan Araz qırağına çəkilir. Gözləyir ki, arvadı üçüncü övladını dünyaya gətirsin, ailəsini də götürüb keçsin İrana. Ağca xanım oğlunu dünyaya gətirir, amma əri ilə İrana keçmək istəmir. Balalarını qanadının altına alıb öz ocağına sığınır...

    Barat xanım Şuşada Merdinli məhəlləsindəki evlərini elə aydın təsvir edirdi ki, sanki o yerləri mən də görürdüm. O mülk, o həyət gözlərinin qarşısından çəkilmirdi. Üç mərtəbəli evin quruluşu, içinin döşənməsi, avadanlığı, daş döşənmiş həyətləri, sol tərəfin pilləkənləri ilə düşdüyü bağ-bağatları... Hələ qonşuluqda zəngin mülkləri olan bəyləri, xanımları da adbaad yadında saxlamışdı. Barat xanım Qarabağın qənirsiz gözəli Şuşa ilə bağlı uşaqlıq xatirələrini xəyalında canlandırdıqca, deyirdi ki, mənim yaddaşım görümlüdür. Yazacağım yazını, oynayacağım rolu da əvvəlcədən görürəm. Bu görümün ən yaxşı cəhəti də ondadır ki, gördüyün işə kənardan baxıb, səhvini görə bilirsən...

    Barat Şəkinskayanın sənətkar ömrü həmişə gərgin axtarışlar, yaddaş salnaməsində əks olunan hadisələr, dəyərli anlar, məqamlarla zəngin idi. O rəngarəng, zəngin yaşantılar içərisində ömrü də kamilləşmişdi. Hər kəsin də sənət aləminə gəlişi hansısa bir məqam, hadisə ilə bağlı olur. Görəsən, Barat Şəkinskaya öz sənət yolunu necə seçib, necə tapıb...

    Şuşada Sultan xanımın sinfində dərs keçən Barat orta məktəbi Gəncədə müdirə Sayalı xanımın məktəbində oxumuşdu. Bundan sonra Pedaqoji texnikuma daxil olub. Texnikumu bitirdikdən sonra Gəncənin Sərkar kəndində müəllim işləyib. Gəncədə Qadınlar klubunun həyətində yaşadıqları illərdə onu həmişə uşaq rollarına dəvət ediblər. Barat xanım məktəbdə uşaqlarla işləməyi də sevirdi. Amma görünür, aktyorluq sənətinə intəhasız istəyi hər maraqdan üstün olub. Hətta anasının qızını həkim görmək arzusundan da. Əlbəttə, təsadüfi maraq belə güclü istəyə gətirib çıxarmazdı ki...

    Barat xanım xatırlayırdı ki, Gəncədə yaşayanda anamın dayısı Əbdürrəhim bəy Haqverdiyev övladı olmadığından məni övladlığa götürmək üçün anamdan icazə istəmişdi. Bakıda bizə ev tutacağını, mənim təhsilimlə məşğul olacağını vəd eləmişdi. Amma üç balası ilə nəfəs alan anam dayısının təklifini qəbul etmədi. Baxmayaraq ki, o illərdə dolanışığımız çətin idi, anam evimizin həm kişisi, həm də qadını idi, qanadının altına yığıb, təkbaşına böyütdü, əliçörəkli elədi bizi...

    Mən Barat Şəkinskayanı səhnədə görməmişəm. Radio-tamaşalardan, verilişlərdən səsini dinləmişəm. Amma onu səhnədə görən, rollarını sevən adamlardan çox fikirlər eşitmişəm. Barat Şəkinskaya xarici gözəlliyi, daxili və səhnə mədəniyyəti ilə oynadığı qəhrəmanların xarakterini, taleyini olduqca təbii, doğma hisslərlə yaşayır, tamaşaçıya sevdirə bilirdi. Deyirdi, rolu öyrənməzdən qabaq özümü orada axtarardım. Hərəkətimi görərdim, həyəcanımı duyardım, səsimi eşidərdim. Özümü tapandan sonra bir gecəyə rolumu mənimsəyib səhnəyə çıxardım. Ümumiyyətlə, aktyorun oyununda görünən, duyulan nadir tapıntı aşkar olunursa, bu, onun özünəməxsus istedadıdır. Aktyor səmimi, nəcib olmalıdır. Oynadığı rolların vəkili olmalıdır. Aktyor bütün rollarını sevməlidir, belə olmasa, o obrazı yarda bilməz... Barat xanım bir də onu deyirdi ki, o vaxt teatrımızın ənənəsi belə idi: yeni tamaşada tələsmədən, hissə qapılmadan, səhvə yol vermədən yeni bir aktyor yaratmaq. Bütün rollarını bu ənənəyə sadiq olaraq yaratmışdı Barat Şəkinskaya...

    Barat xanım kimləri oynamamışdı səhnədə... “Sevil”də Gülüşü, “Od gəlini”ndə Solmazı, “Atayevlər ailəsi”ndə Dilşadı, “Hind qızı”nda Sürici, “Cancur Səməd”də Nobəri, “İnci”də Yasəməni, “Namus”da Süsəni, “Şeyx Sənan”da Xumarı, “Yaşar”da Yaqutu, “Romea və Cülyetta”da Cülyettanı, “Vaqif”də Xuramanı, Gülnarı, “Xoşbəxtlər”də Güləri, “Mehmanxana sahibəsi”ndə Mirandalinanı, “Otello”da Dezdemonanı, “Fərhad və Şirin”də Şirini, “Kral Lir”də Kordeliyanı, “Rəqs müəllimi”ndə Florellanı, “12-ci gesə”də Violanı, “Yağışdan çıxdıq, yağmura düşdük”də Yetəri... Üst-üstə 140 rolun ifaçısı olub. 10 filmə çəkilib. Barat Şəkinskayanın yaradıcı ömründə uşaq rolları da yaddaqalan olub. Ona görə yaddaqalan deyirəm ki, aktrisa “Polad Qartal”da Mayanı, “Çiçəklənən arzular”da Nazlını, “Prokuror qızı”nda Larisanı oynayanda uşaqlıq dövründən çox-çox illər ötmüşdü. Elə Nazlı onun 37 yaşında oynadığı sonuncu uşaq rolu olub. Yəni bu yaşda uşaq davranışının, məsumluğunun, saflığının, psixoloji duyumunun təbii cizgilərini tapmaq və səhnə ömrünü yaşatmaq çox çətindir. Lakin Barat xanım böyük məharətlə, vurğunluqla uşaq qəlbinin bütün xüsusiyyətlərini aça bilmişdi. Bu rolların hamısında yeni bir aktyor kimi kəşf olunub, tanınıb. Və bir-birindən xarakterinə, davranışına, xarici görünüşünə görə ciddi surətdə fərqlənən obrazlar yaradıb. Bəyənildiyini, sevildiyini görüncə özünü dünyanın bəxtəvəri sanıb.

    Barat xanımın söhbətlərindən hələ də özünü oynadığı rollarda hiss etdiyini duyurdum. Söhbətlərində tamaşaçı marağının, istəyinin aktrisa üçün ən böyük mükafat olduğunu vurğulayırdı. Ən yüksək adları da hələ gənclik çağlarından almışdı. 26 yaşında Əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Üstəlik nə qədər orden-medallar, Fəxri fərmanlar...

    Barat xanım böyük fəxarətlə, sənətkar yanğısı ilə xatırlayırdı ki, görün bir səhnə taleyimi kimlərlə yaşamışam: Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Möhsün Sənani kimi əvəzsiz aktyorlar, Adil İsgəndərov, Mehdi Məmmədov, Aleksandr Tuqanov kimi yeni axtarışlar, tapıntılarla zəngin olan rejissorlarla...

    Barat Şəkinskayanın səhnə fəaliyyəti bir neçə teatrla bağlı olmuşdur. Müxtəlif vaxtlarda Gəncədə, Bakıda, yenə Gəncədə, Əzizbəyov (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı), Sumqayıt teatrlarında işləyib. Yerindən, kollektivindən asılı olmayaraq aktrisa rollarını da, kollektivini də böyük məhəbbətlə sevib. O, 1960-cı ildə Əzizbəyov teatrında maraqlı işləri ilə yaradıcılığının yeni mərhələsinə qədəm qoyur. Bir-birinin ardınca maraqlı rollar üzərində işə başlayır. “Vaqif”də Xuraman, “Məhəbbətin hökmü”ndə Zeynəb xanım, “Bağlı qapılar”da Mənsur xanım, “Günahsız müqəssirlər”də Kruçininanı oynayır. Hamısında ana rollarının yeni yaradıcısı olan aktrisa sonralar “Nazirin xanımı”nda Jivka rolunu da məharətlə, yeni tapıntılarla oynayır.

    H.Seyidbəylinin “Bağlı qapılar” pyesinin şəkillərini çəkərkən baş rolun ifaçısı olan Barat xanım iki saata yaxın işığın altında dayandığından gözü bərk zədələnir. Dəfələrlə müalicə olunması bir nəticə vermir. Get-gedə işığını tamam itirmiş bir gözünü 20 ildən sonra əməliyyat edir, çıxarırlar. Barat Şəkinskaya 1974-cü ildən səhnədən ayrılır. 1935-ci ildən radio ilə əməkdaşlıq edən sənətkar bundan sonra yenə radio-tamaşalarda, uşaq verilişlərində iştirak edir. 1956-60-cı illərdə fəaliyyətini radio və televiziya ilə bağlayan aktrisa Qızıl fonda daxil olan “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Sirk gəlir”, “Buratino”, “Çippalino” kimi əsərlərdə bənzərsiz obrazlar yaratmışdır.

    Vaxtilə Sona Hacıyeva və Əzizə Məmmədovadan sonra ilk azərbaycanlı aktrisa olan Barat Şəkinskaya bundan həmişə qürur duyurdu. O da özündən sonra səhnəyə gələn gənclərin – Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Şükufə Yusupova, Məleykə Əsədovanın səhnə fəaliyyətini maraqla izləyir, onları özünün davamçıları kimi çox sevirdi.

    O zaman Barat xanımla söhbətimin sonunda aktrisadan xəbər aldım ki, göydəndüşmə sual kimi səslənməsin, gecələr yuxu görürsünüzmü? Təbii, bütün insanlar yuxu görür, amma həmin məqamda sənətkar yuxularının məzmunu məndə maraq doğurmuşdu... Elə bil bu suala bəndmiş, bu zaman onun çöhrəsində təbəssüm qarışıq həyəcan da duydum. Ay qızım, dedi, mən elə sənətə gəldiyim vaxtlardan həmişə işimlə, peşəmlə bağlı yuxular görürəm. Özü də qəribədir, həmişə özümü səhnədə görürəm. Son vaxtlar uşaqlığımı keçirdiyim Şuşanı, Merdinli məhəlləsindəki evimiz yuxularımdan çıxmır. Baxmayaraq ki, 1921-ci ildə Şuşadan çıxmışdıq, bir müddət Göytəpədə yaşayandan sonra Gəncəyə köçmüşdük, yenə yuxularımın vətəni göz açdığım doğma yurdum Şuşadır. Hər gecə röyalarımda şəhərimin daşlı küçələrini dolaşıram...

    Sənətkarın nağıl ömrü elə yuxuda da sona yetdi. Ruhunuz şad olsun, Barat xanım...

  • Kitabxanalar Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarxlar hazırlayıblar

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının filialları 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə videoçarxlar hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarxlarda ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla hər il iyunun 26-nın ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunduğu vurğulanıb.

    Müstəqilliyini yenicə bərpa edən Azərbaycanın dövlətçilik ənənəsinin mühüm qolu olan ordu quruculuğu istiqamətində görülən işlər, tarixin müxtəlif dönəmlərində bu istiqamətdə qarşılaşdığımız çətinliklər və Qafqazda ən peşəkar, mütəşəkkil Silahlı Qüvvələrə malik Azərbaycanın əldə etdiyi nailiyyətlər kitabxanalar tərəfindən hazırlanmış və sosial mediada paylaşılan videomateriallarda öz əksini tapıb.