Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Konan Doylun vərəsələri “Neftlix” şirkətini məhkəməyə veriblər

    İngilis yazıçısı Artur Konan Doylun vərəsələri “Neftlix” şirkətini məhkəməyə veriblər. “The Independent” nəşrinin verdiyi məlumata görə, onlar şirkəti “Enola Holms” filminin yaradılması zamanı müəllif hüquqlarının pozulmasında ittiham edirlər.

    “İsvestiya” qəzetinə istinadla xəbər verilir ki, bu film fantast yazıçı Nensi Springerin Şerlok Holmsun kiçik bacısı haqqında silsilə kitabları əsasında çəkilib.

    2014-cü ildən etibarən Konan Doylun ailəsi yazıçının 1923-cü ilə qədər yazdığı əsərlərin müqabilində müəllif haqqı almır, çünki məhkəmənin qərarına əsasən bu əsərlər ictimai sərvət hesab edilir. Lakin vərəsələrin fikrincə, Springer öz kitablarında yazıçının sonrakı dövrdə yazılmış, yəni bu qadağanın şamil olunmadığı əsərlərindəki müəyyən elementlərdən istifadə edir.

    İddia, həmçinin “Legendary Pictures” kinoşirkətinə, “Penguin Random House” nəşriyyatına, habelə filmin rejissoruna və ssenari müəlliflərinə qarşı yönəlib.

    “Enola Holms” filminin premyerası 2020-ci ilin sonu üçün planlaşdırılıb. Filmdə əsas qadın rolunu Milli Bobbi Braun ifa edəcək, Şerlok Holms obrazını isə aktyor Henri Kavill canlandıracaq. Bundan əlavə, filmdə ingiltərəli aktrisalar Helena Bonem Karter və Fiona Şou da çəkilib.

  • Yazıçılar Birliyindən Kann film festivalına etiraz bəyanatı

    Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann film festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb.

    Bəyanatda erməni rejissorun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz bildirilir.

    Bəyanatda deyilir: “Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə əsaslanan status kvonun möhkəmlənməsinə xidmət edir”.

    Bəyanatda diqqətə çatdırılır ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağdakı qondarma qurumu tanımır: “Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddir. Biz Kann festivalı kimi mötəbər bir tribunadan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etirazımızı bildiririk”.

     
  • Virtual tamaşa təqdimatları davam edir

    Teatrların sosial şəbəkə hesabları üzərindən virtual tamaşa təqdimatları davam edir.

    Bu gün saat 19:00-da Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşasının videoyazısı nümayiş olunacaq. Mirzə Fətəlinin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamları Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

    Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edir.

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının virtual repertuarı da iyunun 27-də Mirzə Fətəli Axundzadə irsi ilə bağlıdır. Bu gün saat 19:00-da teatrın sosial şəbəkə səhifəsində böyük dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının kukla tamaşasının videoyazısı yayımlanacaq.

    Səhnə əsərinin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

    Dövlət Gənc Tamaşaçılar Teatrı isə bu gün bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyicilərə təqdim edib.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

     
  • “Mütaliə edək və öyrənək” silsiləsindən növbəti biblioqrafik icmal Abdulla Şaiqə həsr olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Mütaliə edək və öyrənək” silsiləsindən növbəti biblioqrafik icmal hazırlayıb.

    Kitabxanadan bildirilib ki, pandemiya şəraitində oxucularla virtual rejimdə əməkdaşlığı davam etdirən kitabxana onları Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi əsasında hazırlanan biblioqrafik icmalla tanış edib. Burada yazıçının hekayə yaradıcılığı haqqında məlumat verilir və əsər təhlil edilir.

     
  • “Şanlı Azərbaycan Ordusu” virtual rəsm müsabiqəsi keçirilib

    Gənclərə vətənpərvərlik hissini aşılamaq və inkişaf etdirmək, onların estetik zövqünü formalaşdırmaq, uşaq və gənclərin mədəniyyət sahəsinə olan marağını artırmaq, rəssamlıq sənətini təbliğ etmək və kütləviləşdirmək, yeni istedadların üzə çıxarılmasına dəstək vermək məqsədilə Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən “Şanlı Azərbaycan Ordusu” virtual rəsm müsabiqəsi yekunlaşıb.

    Müsabiqəyə Regional İdarənin əhatə etdiyi rayonlardan, eləcə də Bakı, Gəncə, Şəki, Ağdaşdan iştirakçılar qatılıb. Mədəniyyət işçilərindən təşkil olunmuş münsiflər heyətinə 137 rəsm işi təqdim edilib.

    Müsabiqənin münsiflərin heyətinin qərarı ilə iştirakçı Fidan Abidovanın əl işi qalib elan edilmişdir.  Bundan əlavə 6 müsabiqə iştirakçısı regional idarənin fəxri fərmanı ilə təltif olunub.

    Sənətsevərlərin böyük marağını nəzərə alaraq, gələcəkdə bu kimi müsabiqələrin keçirilməsi planlaşdırılır.

  • Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir

    Koronavirus infeksiyası və xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinin regional idarələrinin əhatə etdiyi müəssisələr də işini əsasən onlayn formada davam etdirir.

    Sumqayıt Dövlət Rəsm Qalereyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənimin keşiyində” adlı virtual rəsm müsabiqəsi elan edib. Layihənin əsas məqsədi gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadı və yaradıcılıq qabiliyyəti olan uşaqları üzə çıxarmaq və onlara vətənpərvərlik hissini aşılamaqdır.

    Müsabiqəyə Sumqayıt şəhərində fəaliyyət göstərən uşaq incəsənət məktəblərinin və rəsm dərnəklərinin şagirdləri qatılır. Hər məktəb 5 şagirdinin müsabiqədə iştirakını təmin edə bilər. Şagirdlər haqqında zəruri məlumatlar Sumqayıt Dövlət Rəsm Qalereyasının “Facebook” səhifəsinin mesaj bölməsinə göndərilir. Müsabiqə iki yaş qrupunda (7-12, 13-17) keçirilir.

    Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələri “Mədəniyyətimizi yaşadaq”, “Mədəniyyət birlikdir” onlayn layihələri çərçivəsində təqdimatları davam etdirir.

    Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası əsasında hazırladığı (quruluş – Аğаəli Cəlilov və İdris İdrisov) tamaşa virtual şəkildə təqdim olunub. Tamaşada Jalə Abdullayeva, Natiq Məmmədov, Günel Vahabova, Şahmar Əsədov, Cavidan Əlizadə, Aytən Xəlilzadə iştirak ediblər.

    Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Silahlı Qüvvələr Günü ilə əlaqədar “Azərbaycan Ordusu dünyanın ən güclü və qüdrətli ordularındandır” mövzusunda onlayn konfrans keçirib. Eyni zamanda, “Ordum varsa, yurdum var” adlı sərgi təqdim edilib.

    Bərdə Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib. Müşavirəyə idarənin şəhər və rayonlar üzrə nümayəndələri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları qatılıb.

    İdarənin rəisi İlyas Hacıyev mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən, daxil olan məktubların vaxtında icra olunması, uşaq musiqi və incəsənət məktəblərində tədris ilinin sona çatması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, tabe müəssisələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi ilə bağlı tapşırıqlar verib. Sonra müşavirə iştirakçılarının hesabatları dinlənilib.

    Regional idarənin tabeliyində olan Tərtər rayon MKS-nin Qarağacı kənd kitabxana filialı tərəfindən səyyar kitabxana xidməti təşkil edilib. Kənd sakinlərinin kitaba və mütaliəyə olan marağını artırmaq məqsədilə təşkil edilən səyyar xidmət zamanı müxtəlif mövzularda kitablar oxuculara çatdırılıb.

  • Milli Kitabxana “Akademik Ziyad Səmədzadə” adlı sərgini virtual rejimdə təqdim edir

    Bu gün akademik Ziyad Səmədzadənin doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Akademik Ziyad Səmədzadə” adlı sərgi virtual rejimdə təqdim olunub.

    Kitabxanadan bildirilib ki, sərgidə rəsmi sənədlər, akademikin fəaliyyətini əks etdirən fotolar, dövri-mətbuat resursları və alimin Azərbaycan, rus dillərində müəllifi, redaktoru, layihə rəhbəri olduğu kitabların elektron versiyaları yer alıb.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ziyad_Semedzade/index.html linkindən istifadə edə bilərlər.

  • Kitabxana “El bilir ki, sən mənimsən…” adlı biblioqrafik icmal hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxucuları Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ilə tanış etmək məqsədilə mütəmadi olaraq müxtəlif biblioqrafik icmallar hazırlayır.

    İdarədən bildirilib ki, “Mütaliə edək və öyrənək” silsiləsindən olan “El bilir ki, sən mənimsən…” adlı ilk icmal Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinə həsr olunub.

  • Azərbaycanlı rəssamların sənət əsərləri Polşada açılan sərgidə nümayiş edilib

    Polşanın Rıbnik şəhərinin Gənclərin Mədəniyyət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

    Mərkəzin 35 illiyinə həsr olunmuş sərgidə 35 ölkədən olan rəssamın 3339 əsəri nümayiş edilib. Bunların arasında azərbaycanlı rəssamların əl işləri də var. Sərgidə Türkiyə, Belarus, Slovakiya, Tailand, Çin, Almaniya və digər ölkələrdən olan balaca rəssamların göndərdikləri rəsmlər də yer alıb.

    İlkin olaraq, yubiley tədbirlərinin daha geniş formatda keçirilməsi planlaşdırılsa da, koronavirusla bağlı elan edilmiş pandemiya səbəbindən mərkəz rəhbərliyi yalnız sərgi ilə kifayətlənməli olub.

     
  • “Bir səbət tənhalıq” tamaşası yenidən nümayiş olunub

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş olunub.

    Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

    Tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu, heç kimin qüsurlu doğulmaqdan sığortalanmadığı qeyd edilir.

    Səhnə əsərində söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.