Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənc rəssamın rəng çalarları

    Təbiət rənglər, çalarlarla doludur. Hər rəngin də öz dünyası, öz dili var. Lakin rənglərin dilini tapmaq hamıya qismət olan xoşbəxtlik deyil. Tale belə bir xoşbəxtliyi gənc rəssam Nərmin Əzimzadəyə nəsib edib. O, istedadı, zəhmətsevərliyi və sənətə olan sonsuz sevgisi nəticəsində az vaxtda çağdaş Azərbaycan rəssamlığının tanınmış nümayəndələrindən birinə çevrilib. Onun yaradıcılıq məhsulları bu gün həm Azərbaycanda, həm də onun sərhədlərində çox-çox uzaqlarda da sənətsevərlərin marağına səbəb olub. Gənc yaşlarından beynəlxalq mükafatlara sahib olan Nərmin Əzimzadə əsərləri müxtəlif janrlardadır.

    Bakıda dünyaya göz açan Nərmin kiçik yaşlarından rəssamlıq sənətinə maraq göstərib, rənglərin qeyri-adi gözəlliyini sevmək və başqalarına da sevdirmək bu sənətin sirlərini daha dərindən yiyələnməyə çalışıb.

    Gənc rəssam müsahibəsində özünün sənətə gəlişindən əldə etdiyi uğurlardan danışıb: “Bizim nəsildə demək olar ki, rəssam olmayıb. Uşaq yaşlarımdan rənglər dünyası məni özünə bağladı. Hər gün öz üzərimdə çalışaraq damla-damla, misqal-misqal al-əlvan rənglərin sirrini öyrənməyə çalışdım və elə bu maraq hissi ilə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldum. Universitet illərində tanınmış rəssamlardan aldığım təcrübə məni rəssamlığa daha yaxından bağladı. Rənglərə aludəlik məni magistr təhsili almaq üçün Türkiyədəki Kocaeli Universitetinin rəngkarlıq fakültəsinə aparıb çıxardı. İndi həmin universitetdə təhsil alıram. İndiyədək müxtəlif sərgilərdə iştirak edərək əsərlərimi nümayiş etdirmiş və uğurlu nəticələrə imza atmışam”.

    Nərmin fırçasının məhsulu olan əsərlərlə rəsm həvəskarlarının və mütəxəssislərin marağına səbəb olub. O, 2016-cı ildə “Berlin-Bakı” qalereyasının Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Almaniyanın Azərbaycandaki səfirliyi ilə birgə keçirdiyi sərgidə “Bremen musiqiçiləri” əsəri ilə 117 iştirakçı arasında birinci yeri qazanıb. Rəssam müəllifi olduğu əsərlər özünün rəng duyumu, milli koloriti ilə diqqəti cəlb edir. Onun “Gecənin işığı”, “Kül olmuş xəyallar” tabloları bu qəbildəndir. Rəssamın əsərləri bədii-estetik cəhətləri ilə yanaşı, həm də milli adət-ənənələrə bağlılığı ilə də fərqlənir.

    Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nərmin Əzimzadə indiyədək 20-dən artıq müxtəlif beynəlxalq və respublika miqyaslı sərginin iştirakçısı olub. O, kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində yüksək dekorativ ifadələrə nail olur. Təbiət mövzusunda olan rəsmlər üzərində işləməyi sevən gənc rəssamın yaradıcılığının əsasını lirik-fəlsəfi mövzulu əsərlər təşkil edir. Onun əl işləri “Berlin-Bakı”, “Qız qalası” qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

    Nərminin sənətə öz baxışı var. Onun çəkdiyi əsərlərin hamısında özünəməxsus cizgilər var: “Mənə elə gəlir ki, sırf özüm kimi çəkirəm. Ola bilsin ki, zaman keçdikcə əsərlərimdə müəyyən çalarlar, rənglər, həyata baxış bucağında dəyişiklər olub. Ancaq mən heç kəsə bənzəmədən öz dünyamı yaratmaq istəyirəm”.

    Sənətdə öz yolu, dəst-xətti olanlar mütləq tanınır və sevilir. Tez və ya gec...

    Nərimin Əzimzadə də bu yoldadır...

     
  • “Naməlum Axundzadə” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşası növbəti dəfə iyunun 27-də saat 19:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş olunacaq.

    Teatrdan bildirilib ki, M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamları Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

    Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edəcək.

     
  • “Tbilisi Open Air” beynəlxalq festivalı təxirə salınıb

    Gürcüstanda hər keçirilən ənənəvi “Tbilisi Open Air” beynəlxalq musiqi festivalı 2021-ci ilin iyun ayına qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yaratdığı ağır vəziyyət səbəb olub.

    Təşkilatçılar iyunun 21-22 və 23-nə nəzərdə tutulmuş festivalı əvvəlcə sentyabrın ikinci yarısına qədər təxirə salmışdılar. Lakin koronavirusun dünyada yaratdığı problemlər səbəbindən festivalın 2021-ci ilə qədər təxirə salınması barədə yeni qərar qəbul olunub.

    Təşkilat komitəsindən bildirilib ki, komitə üzvləri yerli və beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparıb.

    Koronavirusla əlaqədar musiqiçilərin və iştirakçılarının təhlükəsizliyi nəzərə alınaraq festivalın gələn il keçirilməsi məqsədəuyğun hesab olunub.

    Qeyd edilib ki, bu il bütün dünyada keçirilməsi nəzərdə tutulan 2000-nə yaxın festivalın 1900-ü pandemiya səbəbindən təxirə salınıb.

    Tbilisidə ilk dəfə 2009-cu ildə təşkil olunan “Tbilisi Open Air” regionda açıq səma altında keçirilən ən böyük musiqi festivalıdır.

    Festivalda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tanınmış musiqi qrupları iştirak edirlər.

     
  • “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə elan olan “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn yekun sərgisi açılıb. (https://www.facebook.com/ADRQalereya.az/videos/595677631065610/)

    Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim edilib.

    Təqdim olunan əsərlərin təhlili göstərib ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVID-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacarıblar.

    Müsabiqənin pul mükafatına layiq görülənlər bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini iyun ayının 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elektron poçt ünvanına (resmqalereya@gmail.com) göndərməlidirlər.

    Qaliblər müsabiqənin yekunlarına görə, müəyyən olunmuş hədiyyələri və diplomları əldə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan, dezinfeksiya edici maddələrdən istifadə və sosial məsafə saxlamaq) Xətai Sənət Mərkəzinə yaxınlaşaraq, iyun ayının 18-dən etibarən (bazar və bayram günləri istisna olmaqla) iyun ayının sonunadək hər gün saat 10:00-dan 18:00-dək əldə edə bilərlər.

  • Dövlət Rəsm Qalereyası növbəti dəfə virtual sərgi təşkil edəcək

    Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl” layihəsi çərçivəsində iyunun 26-da saat 18:00-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgi təşkil edəcək.

    Sərgidə qalereyanın kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olan əsərlər virtual şəkildə nümayiş ediləcək.

    Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq, virtual sərgini izləməyə dəvət edir.

    “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (Facebook, Instagram) hesabları vasitəsilə izləmək mümkündür.

  • “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı beynəlxalq onlayn forum keçiriləcək

    İyunun 25-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı beynəlxalq onlayn forum keçiriləcək.

    26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan tədbirin əsas məqsədi uşaqlara milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri, öz vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlər haqqında onlara məlumat verməkdir .

    Forumda hər iki ölkənin gələcəyi olan uşaqların məruzələri təqdim olunacaq. Uşaqlar hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.

    Forumu AMM-nin direktoru Samir Abasov açacaq və tədbirin moderatorluğunu Mədəniyyət Mərkəzinin əməkdaşları həyata keçirəcək.

    Forumda əhatəli məruzələrlə fərqlənən uşaqlara AMM-nin fəxri diplomu və hədiyyələr təqdim olunacaq.

  • “Birgə mütaliə” adlı layihə davam edir

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elektron mədəni konsaltinq layihəsi çərçivəsində “Birgə mütaliə” adlı layihəni davam etdirir. Belə ki, layihənin növbəti kitab müzakirəsi “Nutuk” (Nitq) əsərinə həsr olunub. Qeyd edək ki, əsər Mustafa Kamal Atatürkün ideyaları, fəaliyyət istiqamətləri və etdiyi çıxışların ümumi məcmusundan ibarətdir.

    Gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarın spikeri Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin əməkdaşı İsmayıl Nəsirov təyin edilib. Layihə çərçivəsində spiker kitab ətrafında ümumi fikirlər əsasında müzakirələrə start verib və bu müzakirələrdə spikerin kitabda qeyd edilən konkret faktlar əsasında, habelə şəxsi mülahizələri səsləndirilib. Kitab dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb.

    Spikerin çıxışından sonra söz auditoriyaya ötürülüb. Mövzu ətrafında davam edən müzakirələr müxtəlif fikirlərin yaranmasına şərait yaradıb. Müzakirələr zamanı iki qardaş ölkənin tarixi arasında paralellər aparılıb və taleyüklü məqamlarda xalqın liderlərinin müstəsna rolları vurğulanıb. Sözsüz ki, xalq qəhrəmanlarının əbədiləşdirilməsində ədəbiyyatın rolu aparılmış fikir mübadiləsinin əsas predmetlərindən biri olub.

    Türkiyə və Türkmənistandan qatılan qonaqların iştirakı ilə keçirilmiş vebinarda Mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Rəfiqə Nəsirova, Səadət Şirinova, Validə Hacıyeva, həmçinin Pərvin Nəzərəliyeva mövzu ətrafında çıxış ediblər.

    Tədbirin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsini səsləndirərək, elm və mədəniyyət sahəsində çalışan şəxslərin sözügedən qardaşlıq paradiqmasının yaşadılmasına xidmət edəcək müxtəlif layihələrlə mütəmadi olaraq çıxış etmələrinin vacibliyini bildirib. Eyni zamanda, mərkəzin sözügedən layihəsi müasir dövrü xarakterizə edən sosial və mədəni problemlərin açıq müzakirəsinə, həmçinin bu kimi obyektiv tendensiyalarla mübarizədə ziyalıların rolunun artırılmasına xidmət edir.

    Mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsi çərçivəsində istənilən vətəndaş müzakirələrdə fəal iştirak edə bilər.

    Xatırladaq ki, layihə fərqli spikerlər və mövzular ətrafında davam etdiriləcək.

  • “Mənəm, mən...” tamaşası növbəti dəfə onlayn göstəriləcək

    Azərbaycan Dövlət “Yuğ” Teatrı görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə iyunun 25-də sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

    Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib. Saat 19:00-da göstəriləcək səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

    Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

     
  • Gürcü müəllifin mahnısı 21 nəfərin ifasında

    Polşa radiosu gürcü şair və bəstəkar Bulat Okudjavanın mahnısını 21 nəfərin ifasında təqdim edib.

    İfaçılardan biri də azərbaycanlıdır.

    Polşa radiosunun müxbiri Maçey Yastrjebskinin təşkilatçılığı ilə B.Okudjavanın “Gürcü mahnısı” 9 ölkədən 21 nəfərin ifasında polyak və rus dillərində səsləndirilib. Azərbaycandan isə bu mahnının bir hissəsini Cavid İmamverdiyev ifa edib.

    Qeyd edək ki, Bulat Okudjava iki yüzə yaxın mahnının müəllifidir.

     
  • Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq, müxtəlif profilli mədəniyyət müəssisələrinin əməkdaşları üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Bura müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, tanınmış yerli və əcnəbi alimlərin mühazirələri, fərqli təyinatlı təqdimatlar və açıq diskussiyalar daxildir.

    Mədəni konsaltinq layihəsi çərçivəsində iyunun 23-də mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin və sektor müdiri Pakizə Almazovanın "XXI əsrin muzeylər dünyası: inkişaf vektorları” mövzusunda canlı mühazirə təşkil olunub. Zoom proqramı vasitəsilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı, mədəniyyət könüllüləri də iştirak ediblər.

    Tədbirin moderatoru mərkəzin elmi katibi Cavid Əliyev karantin dövrünün bilik və bacarıqların artırılması üçün əlverişli şərait yaratdığını bildirib və daha sonra dinləyicilərə layihə haqqında məlumatlar, perspektiv planlar, habelə mühazirənin müzakirə predmeti haqqında məlumat verib. Məruzə ilə ilk çıxış edən P.Almazova mühazirəsində Azərbaycanda muzey sahəsində aparılan islahatlar, ölkəmizdəki muzeylər dünyasının dinamik inkişafı, muzey memarlığında aparıcı tendensiyalar, muzey ekspozisiyası, muzey menecmenti və digər önəmli məsələlərə toxunub.

    Daha sonra müxtəlif regionlardan olan mədəniyyət işçilərinin iştirakı ilə baş tutmuş açıq mühazirədə A.Usubəliyev çıxış edib. Transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulara toxunub.

    Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb. Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Muzey fəaliyyətinin müasir və klassik modelləri haqqında məlumat verən A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək yanaşmalar haqqında öz fikirlərini iştirakçılarla bölüşüb. Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Muzeylərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması ətrafında da fikir mübadiləsi aparılıb.

    Mühazirədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Gülyana Məmmədova və Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva iştirak ediblər.

    Məruzəçilər və dinləyicilər kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirib, muzeylərin xüsusilə gənc və yeniyetmələr arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyindən də danışıblar.

    Tədbirin sonunda iştirakçılara elektron sertifikatlar təqdim olunub.