Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasını iyunun 25-də “facebook” səhifəsində onlayn nümayiş etdirəcək.
Dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.
Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.
Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.
Səhnə əsəri saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində bir çox rayonlar haqqında videoçarxlar hazırlayıb və sosial şəbəkələr vasitəsilə izləyicilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, növbəti videoçarx Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən Şamaxı rayonu haqqındadır.
Videoçarxda Şamaxının bir şəhər, beş qəsəbə, əlli yeddi kənddən ibarət olan ərazisi və burada yaşayan əhalisinin sayı qeyd edilib. Daha sonra rayonun özünəməxsus, mülayim iqlimi və ona xüsusi gözəllik bəxş edən təbiəti ilə bağlı fotolar sistemli şəkildə izləyicilərə təqdim olunub.
Uca dağların qoynunda yerləşən Dədəgünəş, Çağan, Pirqulu, Talışnuru, Qəleybuğurd, Avaxıl kimi meşələrin, əzəməti ilə göz oxşayan Pirdirəyi və Qız qalası dağlarının, rayonu bol su ilə təmin edən Pirsaatçay, Qozlu, Acıdərə kimi çayların, mineral tərkibə malik olan Nənə, Musa, Şahin, Məlhəm, Nanəli, Qırxbulaq kimi bulaqların siyahısı fotolarla birgə verilib.
Rayonun ecazkar bir mənzərə yaradan florası və heyvanat aləmi ilə zəngin olan faunası videoçarxda əks olunub. Əlverişli iqlimə malik rayonda üzümçülük sahəsi xüsusi yer tutur. İzləyicilərə təqdim olunan videoçarxda mərəndi, mədrəsə, kişmişi, naznazı, təbrizi, və digər müxtəlif növ üzümlərin siyahısı verilib.
Videoçarxda tarixinin qədimliyi ilə seçilən Şamaxıda Yeddi Gümbəz, Gülüstan qalası, Şah Xəndan günbəzi, Piri körpüsü, Qalabazar hamamı və digər bir-birindən maraqlı tarixi abidələrin yaranma tarixləri verilib, Mirzə Ələkbər Sabirin ev-muzeyi ilə yanaşı başqa muzeylərin, Pirqulu, Sanqalan, Yel, Pirsaat kimi pirlərin, Astrofizika Rəsədxanası, Olimpiya kompleksi kimi müasir bina və parkların fotoları da qeyd olunub.
Yurdu Şamaxı olan İmadəddin Nəsimi, Xaqani Şirvani, Seyid Əzim Şirvani, Abbas Səhhət, Məhəmməd Hadi kimi şair və yazıçıların, həmçinin şöhrət qazanmış digər görkəmli şəxsiyyətlərin siyahısı toplanıb, tarixən inkişaf etmiş sənətkarlıq sahələri dəmirçilik, ipəkçilik, zərgərlik, dülgərlik, şərabçılıq, qədimliyi ilə fərqlənən xalçaçılıqla bağlı fotolar da verilib. Videonun sonunda isə Şamaxının mətbəxinə aid müxtəlif növ plovların siyahısı verilib.
Videoçarx Xalq artisti Gülağa Məmmədovun ifa etdiyi “Şamaxı” mahnısı ilə müşayiət olunur.
İzləyicilər üçün qeyd edilən videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.
İyunun 23-də videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclası təşkil olunub.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Videokonfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladıb. O, Türk Şurasının dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil edən ilk beynəlxalq təşkilat olduğunu qeyd edib. Həmçinin əlavə edib ki, bu, türk dövlətlərinin ən yüksək səviyyədə həmrəyliyinin göstəricisidir.
Daha sonra Fuad Nağıyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən operativ və çevik tədbirlər, iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün atılan addımlar haqqında danışıb.
Turizmin pandemiyadan ən çox zərər çəkən sahə olmasını qeyd edən Fuad Nağıyev Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən fevral ayının ikinci yarısından başlayaraq pandemiyanın turizm sənayesinə təsirlərini minimuma endirmək üçün görülən preventiv tədbirlər, həmçinin sənayenin bərpası üçün görülən tədbirlərdən bəhs edib.
O vurğulayıb ki, turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.
Fuad Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.
Sonda Fuad Nağıyev dünya turizm sənayesinin tezliklə öz inkişaf tempinə qayıdacağına ümid etdiyini bildirərək Türk Şurasının növbəti görüşlərinin Azərbaycanda keçiriləcəyinə inamını ifadə edib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın turizm nazirliklərinin, həmçinin təşkilatda müşahidəçi statusa malik Macarıstanın Turizm Agentliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər şəraitində üzv ölkələr arasında turizm sahəsində mövcud əlaqələr, post-pandemiya dövründə turizm üzrə gələcək əməkdaşlıq məsələləri, pandemiyanın təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər üzrə yeni onlayn treninq proqramının başlanması, “Müasir İpək Yolu Turu” birgə layihəsi haqqında müzakirələr keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli ədiblərlə bağlı videoçarxlar hazırlayır.
İdarədən bildirilib ki, növbəti videoçarx Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunub.
Görkəmli şairin anım günü ilə əlaqədar hazırlanan videoçarxda kitabxananın əməkdaşı Qızılgül Məmmədova şairin şeirlərini səsləndirib.
Qeyd edək ki, oxucularda və sosial şəbəkə izləyicilərində Azərbaycan ədəbiyyatı nümunələrinə diqqəti cəlb etmək, mütaliəyə maraq formalaşdırmaq məqsədilə kitabxanada müntəzəm olaraq ucadan oxu saatları, ifadəli şeir təqdimatları həyata keçirilir.
Videoçarxı kitabxananın "Instagram"və "Facebook" hesablarından izləmək olar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev insanların evdə vaxtlarını səmərəli keçirməsi məqsədilə onlayn rəqs kurslarının təşkilinə qərar verib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrədiləcək. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul artıq başlanıb.
Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.
Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.
Emin Əliyev dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
O, Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də Teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.
Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.
İyunun 25-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı beynəlxalq onlayn forum keçiriləcək.
26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan tədbirin əsas məqsədi uşaqlara milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri, öz vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlər haqqında onlara məlumat verməkdir .
Forumda hər iki ölkənin gələcəyi olan uşaqların məruzələri təqdim olunacaq. Uşaqlar hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.
Forumu AMM-nin direktoru Samir Abasov açacaq və tədbirin moderatorluğunu Mədəniyyət Mərkəzinin əməkdaşları həyata keçirəcək.
Forumda əhatəli məruzələrlə fərqlənən uşaqlara AMM-nin fəxri diplomu və hədiyyələr təqdim olunacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.
İyunun 27-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Saat 14:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.
İyunun 25-də Beynəlxalq Muğam Mərkəzi və Avrasiya Xalqları Assambleyası arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində videokonfrans təşkil ediləcək. Videokonfrans AXA-nn təşəbbüsü ilə keçirilir.
Videokonfrans zamanı BMM-nin təqdimatı və Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili müzakirə olunacaq.
Diqqətə çatdıraq ki, sosial izolyasiya dövründə AXA tərəfdaşları ilə bir sıra onlayn görüşlər reallaşdırır. İkitərəfli əməkdaşlıq sazişinin qaydalarına uyğun olaraq növbəti onlayn görüşün BMM ilə keçirilməsi nəzərdə tutumuşdur.
Qeyd edək ki, ötən ilin 30 sentyabr tarixində Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində “Avrasiya Xalqları Assambleyası” ilə BMM arasında birgə əməkdaşlıq sazişi imzalanıb. Bu saziş əsasında ilk olaraq BMM-dəBakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib. Müzakirələr “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusuna həsr edilib. Beynəkxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb. BMM muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, hazırda beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır.
İyunun 19-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Estetik tərbiyə: mədəniyyət siyasətinin strateji prioriteti kimi” adlı vebinar təşkil edilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Xalq və Əməkdar artistlərin, Əməkdar müəllimlərin, Bakı Şəhər C.Hacıyev adına 3 nömrəli və G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi məktəbinin və bir sıra digər müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə uşaq musiqi məktəblərinin fəaliyyəti geniş müzakirə olunub.
Bildirilib ki, musiqi təhsili estetik tərbiyənin ən mühüm hissəsidir. Respublikamızda fəaliyyət göstərən bədii təhsil müəssisələrində bədii zövqün inkişafı və musiqinin başa düşülməsi istiqamətində çox işlər görülür. İstisnasız olaraq, bütün uşaqların məqsədyönlü, ardıcıl musiqi tərbiyəsi təbii ki, musiqi dərslərində həyata keçirilə bilər.
Uşaq və gənclərə ümumi musiqi təhsili vermək, onları yüksək musiqi sənətinə cəlb etmək, xalq, klassik, xarici musiqilərin, habelə müasir bəstəkarların əsərləri vasitəsilə onlarda estetik zövq formalaşdırmaq, musiqi-estetik bilikləri təbliğ etmək, həmçinin böyüməkdə olan gənc nəslin mənəviyyatının dövrümüzün tələbləri ruhunda inkişaf etməsinə kömək göstərmək musiqi-estetik tərbiyə işinin əsas istiqamətlərindəndir.
Təbii olaraq, estetik tərbiyə bəstəkarların əsərlərində də özünü büruzə verir. Məhz bu mövzu ilə bağlı tədbirin moderatoru mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru, Xalq artisti Natəvan Şeyxova, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Əməkdar müəllimlər, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Məhin Orucova, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Yusif Vəliyev, Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Nadir Babayev, Bakı şəhər 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Mamed Quliyev, Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov, Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Tofiq Salmanov estetik tərbiyə ilə əlaqədar geniş şəkildə fikirlərini vebinar iştirakçıları ilə bölüşmüşdür.
Müzakirələrin sonunda səsləndirilmiş fikirlərə dair öz münasibətini bildirən mərkəzin direktoru Asif Usubəliyev musiqi məktəblərinin idarə olunması, onların sosial imici, ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması zərurəti və illər ərzində qazanılmış təcrübənin qorunması yolları haqqında ətraflı şəkildə danışıb. A.Usubəliyev baş verən dəyişikliklər müstəvisində dəyişən reallıqlar, habelə virtual həqiqətin formalaşması fonunda musiqi məktəblərinin fəaliyyəti ilə əlaqədar olaraq Yol xəritəsinin hazırlanmasını xüsusi olaraq vurğulayıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 26-da saat 19:00-da onlayn təqdim edəcək.
Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Səhnə quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Tamaşada əsas rollarda Əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.