Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya yox deyək” adlı elektron məlumat bazası virtual olaraq təqdim olunub

    M.F.Axundzadə adına Milli Kitabxana “Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya yox deyək” adlı elektron məlumat bazasını virtual olaraq təqdim edib.

    Kitabxanadan bildirilib ki, 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə hazırlanan məlumat bazası rəsmi sənədlər, beynəlxalq konvensiyalar, kitablar, məqalələr toplusu, nəşrlərin fotoqalereyası, videoqalereya və faydalı linklər bölmələrindən ibarətdir. Elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

    Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Narkomaniya/index.htm linkindən istifadə edə bilərlər.

  • Muğam sənətinin bədii mədəniyyət aspektləri

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında növbəti onlayn elmi seminar keçirilib.

    Seminarda akademiyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin “Muğam sənətinin bədii mədəniyyət aspektləri” mövzusunda məruzəsi dinlənilib.

    Məruzədə muğam sənəti bədii yaradıcılığın və bədii sənətin bir növü kimi qiymətləndirilib. Qeyd edilib ki, Şərq bədii təfəkkürünün məhsulu olan muğamın əsrlərboyu professional musiqi sənəti kimi yaşaması və inkişaf etməsi, eləcə də muğamın bədii obraz cəhətdən daim zənginləşməsi onun digər yaradıcılıq növləri ilə qarşılıqlı əlaqəsi və təsiri sayəsində mümkün olub. Ümumiyyətlə, muğam professionalizmi özünü digər professional yaradıcılıq sahələri ilə əlaqədə təsdiq edib. Muğam Şərq ölkələrində peşəkar bədii yaradıcılıq sahələri ilə - klassik poeziya, memarlıq, rəssamlıq, şəbəkə, naqqaşlıq, xalça sənətləri ilə qarşılıqlı əlaqə və təsir mühitində yaşamış və inkişaf etmişdir.

    A.Abduləliyev məruzəsində "muğam və poeziya", "muğam və memarlıq", "muğam və rəssamlıq", "muğam və xalça" yaradıcılığında bəzi obraz, termin, struktur əlaqələrini araşdırıb. İlk olaraq, muğam və poeziya münasibətləri üzərində dayanan məruzəçi bu münasibətin üç istiqamətini vurğulayıb. Bu üç istiqamətdən biri də klassik poeziya ilə muğam arasındakı termin və obraz əlaqələridir. Bu aspektdə "məsnəvi", "saqinamə" anlayışları klassik poeziya və muğamda müqayisə yolu ilə araşdırılıb. Bundan başqa, klassik poeziyada "Leyli və Məcnun", "aşiq", "yar" obrazlarının, eləcə də "karvan" obrazının irfani mahiyyəti üzərində dayanan müəllif bu obrazların muğamdakı musiqili tərənnümünə, ortaq terminoloji və obraz təcəssümünə dair faktları göstərib.

    Sonda fəlsəfə elmləri doktoru, bəstəkar və musiqişünas-alim, BMA-nın elmi-yaradıcılıq məsələləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, tanınmış kaman ifaçısı, professor Arif Əsədullayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran bəzi suallara aydınlıq gətirilib, mövzunun elmi cəhətdən aktual olduğu qeyd edilib.

     
  • Növbəti virtual tur Astara rayonunadır

    Sosial izolyasiya müddətində virtual rejimdə işləyən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” adlı layihəyə başlayıb. Layihə çərçivəsində kitabxananın oxucuları Azərbaycanın bir çox rayon və şəhərləri ilə virtual tanış olurlar. Hər bölgəyə həsr olunmuş videoçarxda həmin yerin ərazisi, əhalisi, flora və faunası, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir.

    İdarədən bildirilib ki, kitabxananın hazırladığı növbəti videoçarx Astara rayonu haqqındadır.

    Videoçarxda rayonda bir şəhər, iki qəsəbə, 87 kənd olduğu qeyd edilib. Ardınca Astaranın ərazisi, əhalisi, Bakı şəhəri ilə məsafəsinin 313 km olduğu haqqında məlumat verilir.

    Rayondakı Astara, Pensər, Təngərüd çayları, Pensər kəndindəki Osman, Ərçivan qəsəbəsində Yanar bulağın, İsti suyun, Talış dağlarının fotoları videoçarxda bir-birini əvəz edir.

    Videoçarxı izlədikcə Astara meşələrində dəmirağac, şabalıdyarpaq palıd, şümşad ağacı, ipək akasiya, palıd, vələs, fıstıq, qoz, qızılgöz cökə ağaclarının bitdiyini öyrənirik.

    Rayonun təbiətində bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, çaqqal, tülkü, çöl donuzu, canavar, porsuq, qırqovul, vağ quşu, qaz, kəklik, cüyür, göyərçin, çöl toyuğu və çöl ördəyinə rast gəlmək mümkündür.

    Astara çay, çəltik, limon, naringi, portağal, kinkan, kivi və feyxoası ilə də məşhurdur.

    Videoçarxdan məlum olur ki, rayonda tarixi abidələr çoxdur. Ərçivan qəsəbəsindəki hamam, Minarə qalıqları, Şahağac kəndindəki Türbə, Maşxan kəndində Əhməd Kərim və Mövlanə Seyid Kərim türbələri, Toradidə Baba Rəsul türbəsi kimi yerlərin şəkilləri də verilib.

    Videoçarxda Astara rayonunda olan ziyarətgahlar, müasir tikililər yer alıb. Rayonun görkəmli şəxsiyyətlərinin adları da siyahı verilib.

    Rayonda tarixən ağacoyma, həsir toxuma, misgərlik, qurama, şəbəkə sənəti, təndir kəsmə sənətləri inkişaf edib.

    Virtual turu “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və kitabxananın “YouTube” kanalında izləmək olar.

     
  • Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq, müxtəlif profilli mədəniyyət müəssisələrinin əməkdaşları üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Bura müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, tanınmış yerli və əcnəbi alimlərin mühazirələri, fərqli təyinatlı təqdimatlar və açıq diskussiyalar daxildir.

    Mədəni konsaltinq layihəsi çərçivəsində iyunun 23-də mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin və sektor müdiri Pakizə Almazovanın "XXI əsrin muzeylər dünyası: inkişaf vektorları” mövzusunda canlı mühazirə təşkil olunub. Zoom proqramı vasitəsilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı, mədəniyyət könüllüləri də iştirak ediblər.

    Tədbirin moderatoru mərkəzin elmi katibi Cavid Əliyev karantin dövrünün bilik və bacarıqların artırılması üçün əlverişli şərait yaratdığını bildirib və daha sonra dinləyicilərə layihə haqqında məlumatlar, perspektiv planlar, habelə mühazirənin müzakirə predmeti haqqında məlumat verib. Məruzə ilə ilk çıxış edən P.Almazova mühazirəsində Azərbaycanda muzey sahəsində aparılan islahatlar, ölkəmizdəki muzeylər dünyasının dinamik inkişafı, muzey memarlığında aparıcı tendensiyalar, muzey ekspozisiyası, muzey menecmenti və digər önəmli məsələlərə toxunub.

    Daha sonra müxtəlif regionlardan olan mədəniyyət işçilərinin iştirakı ilə baş tutmuş açıq mühazirədə A.Usubəliyev çıxış edib. Transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulara toxunub.

    Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb. Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Muzey fəaliyyətinin müasir və klassik modelləri haqqında məlumat verən A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək yanaşmalar haqqında öz fikirlərini iştirakçılarla bölüşüb. Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Muzeylərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması ətrafında da fikir mübadiləsi aparılıb.

    Mühazirədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Gülyana Məmmədova və Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva iştirak ediblər.

    Məruzəçilər və dinləyicilər kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirib, muzeylərin xüsusilə gənc və yeniyetmələr arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyindən də danışıblar.

    Tədbirin sonunda iştirakçılara elektron sertifikatlar təqdim olunub.

     
  • “Dörd əkizin nağılı” tamaşası nümayiş olunacaq

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.

    İyunun 27-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

    Saat 14:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

    Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.

     
  • Tanınmış tərcüməçilər mükafatlandırılıb

    Bu il, ömürlərini milli oxucunun dünyagörüşünün zənginləşməsinə, mütaliə zövqünün formalaşmasına həsr etmiş, uzun illər bu sahədə çalışaraq neçə-neçə dünya ədəbiyyatı və elminə dair nadir əsərlərin orijinaldan tərcüməsini ərsəyə gətirmiş tanınmış tərcüməçilər – Vilayət Hacıyev və Vaqif Aslanın 70 yaşı tamam olur.

    Bu münasibətlə, eyni zamanda tərcümə sənətinə verdikləri xüsusi töhfələrə və xidmətlərinə görə hər iki tanınmış tərcüməçi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi Xüsusi Fəxri Diploma və döş nişanına layiq görülüblər.

  • Kitabxana pandemiya ilə mübarizə şəraitində oxucularına virtual xidmət göstərir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası pandemiya ilə mübarizə şəraitində oxucularına virtual xidmət göstərir.

    İdarədən bildirilib ki, bu istiqamətdə kitabxana “Yaradıcı oxucularımız” layihəsini həyata keçirir. Layihə çərçivəsində yazıçı-publisist Sevinc Xəlilqızı (Basqallı) yeni yazdığı “İt və dovşanın dostluğu” nağılını kitabxanaya təqdim edib.

    Nağılda xain kirpinin və paxıl tısbağanın yalanlarına inanaraq öz sevimli dostundan ayrılan dovşanın sonda öz səhvini necə başa düşdüyü təsvir edilir.

     
  • “Ağ və Qara” tamaşası onlayn nümayiş ediləcək

    İyunun 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Ağ və Qara” tamaşası nümayiş ediləcək.

    Səhnə əsərini səhnələşdirən və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.

    Kamran Şahmərdanın “Ağ və Qara” pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşada gözləri tutulmuş uşağın taleyindən, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

     
  • “Yarımçıq qalmış” tamaşası onlayn nümayiş ediləcək

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 26-da saat 19:00-da onlayn təqdim edəcək.

    Teatrdan bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

    Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

    26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə nümayiş olunacaq tamaşada əsas rollarda Əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.

     
  • Dahi mütəfəkkir Abbasqulu ağa Bakıxanov haqqında videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı pandemiya şəraitində, sərt karantin rejiminin tələblərinə uyğun olaraq oxuculara onlayn xidmətlər göstərməkdədir.

    İdarədən bildirilib ki, kitabxana bu dəfə izləyiciləri görkəmli şair, alim, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı ilə tanış edib.

    Xatırladaq ki, Azərbaycan elm tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

    Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib.