Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub

    Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) mətbuat dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan başlayan uzunmüddətli INTERACT layihəsi çərçivəsində tanınmış Rusiyalı rejissor Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutdu.  İnteraktiv formatda baş tutan ustad dərsində 150-dən çox dinləyici iştirak edərək tanınmış rejissora öz suallarını ünvanladı.

    Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir. 

    Tədris laboratoriyası funksiyasını həyata keçirən INTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

    Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunUR.

    INTERACT ONLINE-nin növbəti mühazirəçiləri aşağıdakılardır:

    - Matyö Darras  (Mövzu: “Laboratoriyalar, ko-prodakşn  forumları və festivallar”) – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. Həmçinin “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Positif” kino jurnalında məqalələri dərc olunub (1998-2016), “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda festival proqramının tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

    Əddis Hacıyev (Mövzu: “Bədii quruluş: ideyadan ekrana qədər”) – Rusiya Kinematoqrafçıları İttifaqının Kino və TV Rəssamları Gildiyasının Vitse-Prezidenti. Moskva Kino Məktəbinin (MKB) “Bədii quruluş” proqramının kuratoru. Britaniya Dizayn və İncəsənət Ali Məktəbinin müəllimi. Vizual mədəniyyət və bədii strategiyaların formalaşdırılması sahəsində ekspert. Onlarla bədii filmin və yüzlərlə digər audiovizual məhsulun vizual həllinin müəllifidir. 

    - Matyas Erdeli (Sərbəst müzakirə) – HSC,  xarici dildə Ən Yaxşı Film nominasiyasında Oskar mükafatına layiq görülmüş, Kann Kinofestivalında Qran Pri,  həmçinin BAFTA və Qızıl Qlobus mükafatına layiq görülmüş, rejissor Laslo Nemeşin “Son of Saul” (“Saulun oğlu”) filminin quruluşçu operatorudur. Son bir neçə ildə Kann kinofestivalında çəkdiyi altı müxtəlif filmlə təmsil olunmuşdur. Rejissor Şon Darkin ilə çəkdiyi, baş rollarını Cud Lou və Kerri Kunun ifa etdiyi “The Nest” (“Yuva”) filminin premyerası Sundance festivalında baş tutmuşdur.

    -Natalya Drozd (Mövzu: “Go international: beynəlxalq bazarda ilk addımlar”) –prodüser karyerasına 2009-cu ildə STV Kinoşirkətində başlamışdır. 2013-2015-ci illərdə B’EST-in prodüserlər üçün təhsil kursunun rusiyalı təşkilatçısı olmuşdur. O, 10-dan çox tammetrajlı bədii filmin, həmçinin Anna Parmasın "Gəl boşanaq!" (2019), Nataliya Meşaninovanın “Dünyanın ürəyi” (2018), Boris Xlebnikovun “Aritmiya” (2017) filmlərinin prodüseri və ko-prodüseri olmuşdur. Natalyanın layihələrinin əksəriyyəti Rusiya və Avropa ölkələri arasında ko-prodakşnlardan ibarətdir.  Prodüser qismində Natalya üç dəfə Euroimage fondunun dəstəyini almışdır.  

    Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə formatı və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək. 

    INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

    Layihə iştirakçılarının sayı məhduddur!

    Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.

     
  • “Balaca şahzadə” tamaşası onlayn nümayiş olunacaq

    İyunun 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.

    Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Oleq Bezrukdur.

    Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb - təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Balaca şahzadə” povesti əsasında hazırlanan eyniadlı tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanır.

  • “Kömür” filmi “TRT2” kanalında Azərbaycan dilində nümayiş edilib

    Türkiyənin nüfuzlu “TRT2” televiziya kanalı “Kömür” bədii filmini Azərbaycan dilində nümayiş etdirib.

    “Kömür” bədii filmi tanınmış kinorejissor İsmail Monsef tərəfindən Azərbaycan türkcəsində çəkilib. Filmin çəkiliş dilində, türkcə alt yazı ilə Türkiyədə efirə çıxması böyük maraqla qarşılanıb.

    “Kömür” bədii filmi İranın Azərbaycan vilayətlərindən birində, kənddə yaşayan azərbaycanlı ailənin həyat dramıdır. Zəhmətkeş bir azərbaycanlı ailəsinin qarşılaşdığı problemdən efir əsəri yaradan rejissor filmdə milli dəyərləri, ənənələri, dilin şirinliyini, həyat gerçəkliklərini böyük ustalıqla lentə ala bilib.

    Qeyd edək ki, “Kömür” bir sıra beynəlxalq film festivallarında, o cümlədən İranın “Fəcr” Beynəlxalq Film Festivalında iştirak edib.

     
  • #menimsevimliyazarim çağırışında şair Nüsrət Kəsəmənlinin yaradıcılığı işıqlandırılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #menimsevimliyazarim çağırışında tanınmış şair Nüsrət Kəsəmənlinin yaradıcılığı işıqlandırılıb.

    İdarədən bildirilib ki, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi virtual görüşün qonağı isə şair və kino aktyoru Rəşad Kəsəmənli olub.

    Görüş zamanı Rəşad Kəsəmənli izləyicilərin suallarını cavablandırıb. Şairin şəxsiyyəti və yaradıcılığı, onun ədəbi irsi və düşüncələri övladının ifasında səslənən şeirlərlə müşayiət edilib.

    Rəşad Kəsəmənli, həmçinin öz yaradıcılığı haqqında da söz açıb. İzləyicilərin xahişi ilə Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən bəhanəsiz get” şeirini səsləndirib.

     
  • Milli professional vokal məktəbinin banisi

    Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.

    Bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 123 ili tamam olur.

    O, Şuşada anadan olub və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

    Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

    Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

    Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

    Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

    Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

    Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

    Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

    Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

    Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

    Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

    Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

    Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

    Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib.

    1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Hazırda Şuşa erməni işğalı altında olduğundan buradakı muzeyin taleyi məlum deyil.

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

    Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

    Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

     
  • “Lənət” tamaşası növbəti dəfə onlayn göstərilib

    Azərbaycan Dövlət “Yuğ” Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası (B variantı) növbəti dəfə sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş olunub.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

    Səhnə əsərində Oqtay Mehdiyev (Hersoq Qloster, III Riçard), Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Təranə Ocaqverdiyeva (Kraliça Yelizaveta) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

     
  • İndoneziyada İçərişəhərə həsr olunan poçt markası buraxılıb

    İndoneziyada İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

    Poçt markası Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il fevral 27-də imzaladığı “İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında” Sərəncamı çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən nəşr edilib.

    Poçt markasının üzərində “UNESCO-nun Ümumdünya İrsi - İçərişəhər – Bakının mirvarisi” (The Old City (Icheri Sheher – The Pearl of Baku. World Heritage Site by UNESCO) yazısı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan görüntüsü təsvir olunub.

    Səfirliklə “İndoneziya Poçt Dövlət Şirkəti” arasında əldə olunmuş razılığa əsasən, həmin marka iyun ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

     
  • Riad Məmmədov özünütəcrid dövründə hazırladığı layihəni təqdim edəcək

    İyunun 30-da Azərbaycan və Rusiya pianoçusu Riad Məmmədov “You are an island” adlı layihəni təqdim edəcək. Musiqiçinin bu il baharda özünütəcrid dövründə ərsəyə gətirdiyi layihə kolleksiya vinil plastinka formatında buraxılacaq.

    “You are an island” adlanan alboma üç əsər daxildir: Riad Məmmədovun “Aurora” və “Eventide” adlı iki fortepiano pyesi və “Eternity” adlı embiyent-kompozisiya. Müəllifin bu layihəsi 2020-ci ilin baharında gözlənilmədən bütün dünyanı birləşdirmiş təcrid dövrü barədə düşüncələrdən ibarətdir.

    Kompozisiyalarda musiqiçinin kənar aləmdən təcrid olunması barədə düşüncələrini əks etdirən saat çıqqıltısı, stul cırıltısı kimi kənar səsləri də eşitmək olar. Riad Məmmədov deyir: “Mən anladım ki, bu məqamı, bu ab-havanı əks etdirmək istəyirəm. Ümidvaram ki, belə vəziyyət bir də heç vaxt təkrarlanmayacaq. Tam təcrid vəziyyətini, məni əhatə edən sükutu əks etdirmək. Bəs sükut nədir? Bizi həmişə müxtəlif səslər, küçənin hay-küyü müşayiət edir. Sükutu yalnız o vaxt başa düşürük ki, o, pozulsun. Saatın səsi, mənim evimdəki kökdən düşmüş çalğı aləti, özümün nəfəsim – bütün bu səslər musiqiyə daxil olub, bir anın hissələrinə çevrilib. Hamımızda olduğu kimi, mənim də həyatım birdən-birə kəskin dəyişdi. Məşqlər və konsertlər, onlarla bərabər digər planlar ləğv edildi, yuxudan oyanan kimi dərhal harasa qaçmağa ehtiyac qalmadı. Mən bir neçə ay evdə tək qaldım. Bu işdə mənim şəxsi fikirlərim, hisslərim və duyğularım öz əksini tapıb. Sadəcə, plastinka yazmaq yox, bunu nə üçün etdiyini anlamaq lazımdır. Mən bu dövrü yadda saxlamaq, eyni zamanda, musiqinin təbiətini, əşyaların təbiətini anlamaq istədim. Ən mühüm suallara cavab vermək üçün vaxt yarandı. Karantin dövründə hamımızın ətrafında yaranmış sükutun son dərəcə fərdi formada təsbitidir. Dostum və müəllimim Vangelino Kurentzis bu ideyanı dəstəklədi və bu layihənin həyata keçirilməsində mənə kömək etdi. Buna görə ona çox minnətdaram”.

    “You are an island” vinil plastinkası Riad Məmmədovun bu il tamamladığı üçüncü layihədir. Aprel ayında o, caz-muğam janrında “Əzizəni gözləyərkən” adlı sinql və “Surroqat arzular II” adlı debüt mini-albom buraxıb. Burada Çaykovski, Şopen və Debüssinin əsərləri səslənir.

    Riad Məmmədov “fortepiano” ixtisası üzrə Moskva Konservatoriyasını və aspiranturanı, habelə musiqişünas ixtisası üzrə nəzəri aspiranturanı bitirib. Azərbaycanda, Rusiyada, Belçika, Kanada və Fransada beynəlxalq festivallarda iştirak edib, Teodor Kurentzisin “MusicAeterna” orkestri, Kanadanın “Niagara Silkway” kamera orkestri, “Münchner Philharmoniker” və digər musiqi kollektivləri ilə birgə çıxışlar edib. Həm də pedaqoji fəaliyyətlə məşğul olan musiqiçi Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsinə və “hibrid janrlar” termininə aid elmi məqalələrin müəllifidir.

     
  • Kitabxananın yazıçı və şairlərlə əməkdaşlığı davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yazıçı və şairlərlə əməkdaşlığı davam etdirir.

    İdarədən bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Xanım Mehdixanlı “Cəhənnəmdən gəlmiş mələk” oçerkini kitabxanaya təqdim edib.

    Yazıçı öz aktuallığı ilə günün tələblərinə uyğun olan oçerkində maraqlı məqamlara toxunub. Oçerkdə bir həkimin pandemiya dövründəki fədakarlığından bəhs olunur. Koronavirusun həyatı iflic etdiyi günlərdə onun insanlara etdiyi yardım təsvir edilir. Oçerk insanların pandemiya vəziyyətində düşdükləri çətinliklərdən çıxış yolunu axtarmaqda bir-birinə kömək etməkləri üçün stimul verir.

     
  • Unudulmaz obrazlar yaradan sənətkar

    Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.

    Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanovun vəfatından 55 il ötür.

    Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun “Sabirin məhkəməsi” adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin “Fırtına” adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.

    1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan “Fəhlə Uşaqları Teatrı”na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar Teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının “Aydın” əsərində Aydın, F.Şillerin “Qaçaqlar” əsərində Karl Mor, N.V.Qoqolun “Müfəttiş” əsərində Xlestakov, M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun “Hacı Qəmbər” əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.

    Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın “Sevilya ulduzu” əsərində Sanço, V.Şekspirin “Otello” əsərində Otello, H.Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan, “Səyavuş” əsərində Səyavuş, “İblis”də İblis, C.Cabbarlının “Almas” əsərində Mirzə Səməndər, “Od gəlini” əsərində Əbu Übeyd, “Dönüş” əsərində Ötgün, R.Əlizadənin “Qış nağılı” əsərində Kamillo, M.F.Axundovun “Hacı Qara” əsərində Hacı Qara, S.Rəhmanın “Toy” əsərində Dəmirçi Musa, S.Vurğunun “Vaqif” əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.

    Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacarıb. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaradıb.

    Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin “Şeyx Sənan” əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.

    Aktyor 1943-cü ildə respublikanın “Əməkdar artisti”, 1954-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    A.Qurbanov, eyni zamanda mahir kino aktyoru idi. “Koroğlu” filmində Həsən xan, “Bir qalanın sirri”ində Usta, “Bizim küçə” filmində Bəhram, “Qızmar günəş altında” filmində professor, “Telefonçu qız” filmində Zakirin atası və s. rollarda çəkilib. Aktyorun Azərbaycan kinosunun incilərindən olan “Arşın mal alan” filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir.

    O, müğənni Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.

    Sənətkar 1965-ci il iyunun 22-də faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.

    A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur.