Respublika Gənclər Kitabxanası tərəfindən yayımlanan “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı yazıçı, publisist, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı olub.
Canlı yayım müsahibə xarakteri daşıyıb və yazıçı Respublika Gənclər Kitabxanasının əməkdaşı Günay Həsənovanın və izləyicilərin suallarını cavablandırıb.
Günel Anarqızı ilk növbədə ölkəmizdə son günlərdə müşahidə olunan yüksək yoluxma sayı ilə əlaqədar elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı məsuliyyət nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib. Sonradan qonaq karantin müddətində kitab sifarişi və çatdırılması sahəsində müşahidə edilən müsbət dinamikadan danışaraq, bu məsələnin Bakı Kitab Mərkəzindən də yan keçmədiyini vurğulayıb. Bundan əlavə, qonaq ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında da dəyərli fikirlər söyləyib.
Canlı yayım zamanı Günel Anarqızı müəllifi olduğu “Qarabağ hekayələri” kitabı, son günlərin hadisələrinə həsr olunmuş yazıları haqqında məlumat verib.
O, bir vaxtlar baş redaktoru olduğu, ölkəmizdə böyük populyarlıq qazanmış “El” jurnalının yaranma tarixindən, fəaliyyətindən də danışıb.
Canlı yayımda kitab təbliğatı, mütaliə maraqları, yeni çap olunan kitablar və digər mövzular ətrafında maraqlı söhbətlər aparılıb.
Sonda Günel Anarqızı bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirıb, bu səpkili görüşlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Koronavirus pandemiyasının tüğyan etməsinə rəğmən yaradıcılıq planlarını təxirə salmayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşasını hazırlayıb.
Aylar öncə məşqlərinə başlanılan “Qara balığın nağılı” teatrın bədii şurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.
Məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan bu fərqli səhnə yozumlu tamaşa yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.
Səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyorun canlı plan və kukla oyunu toplusudur.
Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandırdıqları obrazlar (8-i kukla olmaqla) vasitəsilə uşaqlar dərin mənalar ehtiva edən səhnə əsərinin tamamlanmış vizual həllini görəcəklər. Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.
O, bu yeni səhnələşdirmə vasitəsilə tamaşaçılara əzmkarlıq, cəsarət, mübarizlik və ən əsası nikbinlik aşılamaqla bütün savaşların sonundakı mütləq qələbəni göstərməyə çalışıb.
Beləcə bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini “Qara balığın nağılı”nın timsalında həll edən peşəkar kuklaçı rejissor əsər müəllifinin əsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı, yaddaqalan səhnə işi hazırlayıb.
Qeyd edək ki, tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosial izolyasiya qaydalarına əməl olunaraq aparılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 və 8 nömrəli filialları Abdulla Şaiqin həyat və yaradıcılığına müraciət edərək şair haqqında videoçarxlar hazırlayıb.
İdarədən bildirilib ki, şairin “Qızılgül” şeiri də kitabxanaçılar tərəfindən səsləndirilərək videoçarxda öz əksini tapıb.
Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə - oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.
Bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin anadan olmasından 120 il ötür.
Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.
Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar” da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur”. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.
Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli Xalat" və s. filmləri qeyd etmək kifayətdir.
Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.
Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan “Küçələrə su səpmişəm” adlı sənədli film istifadəçilərin ixtiyarına verilib.
Milli Arxiv İdarəsindən bildirilib ki, bu layihə 9 iyun - Beynəlxalq Arxivlər Günü, həmçinin “Beynəlxalq arxivlər həftəsi” çərçivəsində idarənin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanıb.
Sözügedən layihədə “Küçələrə su səpmişəm” xalq mahnısının yaranması, məşhur xanəndələr tərəfindən ifa edilməsi və onun Azərbaycan xalqının mənəvi varidatı olmasını sübut edən ARDSYA-da mühafizə edilən fono və videosənədlər barəsində məlumat verilir.
Sözügedən sənədli filmə Milli Arxiv İdarəsinin “YouTube” kanalından baxmaq olar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 20-də “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə teatrsevərlərin onlayn ixtiyarına verəcək.
Saat 19:00-da göstəriləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Respublikanın Xalq rəssamı Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olmuşdur. O,1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirmişdir.
O, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirmişdir. Mayis Ağabəyov təhsil aldığı illər ərzində M.Boqdanovun kursunda kino sənətinin incəliklərini öyrənmişdir. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. O 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.
İstedadlı rəssam 1965-ci ildən başlayaraq bir sıra beynəlxalq və respublika sərgilərində kino eskizləri və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. 1996-ci ildə Türkiyənin İstanbul, 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə Böyük Britaniyanın London şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş olunmuşdur. 2002-ci ildə Baki İncəsənət Mərkəzində, 2005-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda fərdi sərgiləri keçirilmişdir. Rəssamın 70 illik yubiley sərgisi 2011-ci ildə Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmişdir.
1996-cı ildə pedaqoji fəaliyyətə başlayan Mayis Ağabəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq” kafedrasının professoru idi.
Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov, eyni zamanda çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələrinin və “Filmdə rəssamın rolu” kitabının (2008) müəllifidir.
Mayis Ağabəyov “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək...Ürək...”, “Günaydın, mələyim!” kimi bir çox dəyərli filmlərə tərtibat vermişdir.
O, “Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Danaya”, “Süd verən qadınlar”, “Rəssam və model”, “Novruz”, “Lampa işığı”, “Şərq qadınları” və s. rəngkarlıq və qrafika, “Ana”, “Atlı qız”, “Toreador”, “Model” kimi kiçik həcmli plastika əsərlərini yaratmışdır.
Mayis Ağabəyovun bədii yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilmişdir. Sənətkar 1990-cı ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, təsviri sənət nominasiyasında "Humay" milli mükafatını almışdır (2012).
Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Bakı İncəsənət Mərkəzində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.
Sənətkarın xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin xatirəsinə daima yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib.
Bu gün görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasından 103 il ötür.
Cövdət Hacıyev 1917-ci ildə Şəkidə anadan olub. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Bəstəkar ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. O, bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.
Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunub.
Müsabiqəyə qeydiyyat cari il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim-2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.
Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.
Müsabiqənin münsiflər heyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində xsm.2016@mail.ru adresinə müraciət edə bilərlər.
Təşkilat komitəsi münsiflər heyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaqdır.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən yeni tədris modulları əsasında təşkil olunan ixtisasartırma təlimləri davam edir.
Azərbaycanda aparılan funksional islahatların məntiqi davamı olaraq mərkəz tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən “Bölüşərək zənginləşək" şüarı altında təşkil olunan ixtisasartırma kurslarının növbəti 2-ci mərhələsinə start verildi.
Belə ki, iyunun 18-dən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Heydər Əliyev mərkəzlərinin elmi işçiləri üçün “Zoom” proqramı vasitəsilə rəqəmsal təlimlər təşkil olunub.
Təlimdə təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Heydər Əliyev siyasi fəaliyyətinin virtual olaraq təbliğində elmi işçilərin rolu”, “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularını, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi”, Təlimin təşkili sektorunun müdiri Samirə Cəlilova “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” və Metodiki iş şöbəsinin muzey işi sektorunun müdiri Pakizə Almazova “Heydər Əliyev mərkəzlərində ekspozisiya işinin təşkili” mövzularını təqdim ediblər.
Ağcabədi, Ağdam, Salyan, Kürdəmir, Neftçala, Biləsuvar, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayon Heydər Əliyev mərkəzlərinin elmi işçiləri, həmçinin Xaçmaz, Ağcabədi və Biləsuvar RMİ-lərinin əməkdaşlarının iştirakı ilə keçirilmiş təlimdə dinləyici kimi iştirak edənlərə Mərkəz tərəfindən elektron sertifikatlar təqdim olunacaq.
Təlim zamanı qeyd olunub ki, Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan, mədəni dəyərlərə sahib olan müasir, demokratik, hüquqi və dünyəvi dövlətdir. Bu gün milli-mənəvi sərvətimizə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna dəyər vermək ölkəmizin əsas prioritetidir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bir dövr ərzində dünya arenasında tanıdan şəxsiyyətdir.
Çıxış edənlər vurğulayıb ki, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə siyasi liderin zəngin irsindən bəhrələnən Heydər Əliyev adını daşıyan mərkəzlər müasir Azərbaycanın rəmzinə çevrilib. Heydər Əliyev mərkəzləri Azərbaycan xalqının Ümummilli Liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və mədəniyyətinin, dilinin və digər milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən ideoloji müəssisələrdir. Hər kəsə məlumdur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, mərkəzlər bu gün öz fəaliyyətini rəqəmsal müstəvidə davam etdirərək, Ulu Öndərin siyasi irsinin təbliğində müstəsna rol oynayırlar.
Təlim dinləyicilərinə mərkəz tərəfindən sertifikatlar təqdim olunub.
Təlimin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının aşılanmasında Heydər Əliyev mərkəzlərinin rolu və bu işin strateji əhəmiyyətindən danışıb. Belə ki, regionların ideoloji və azərbaycançılıq məfkurəsinin məbədi olan sözügedən Mərkəzlərin reallaşdırdıqları layihələr sayəsində mütləq olaraq ictimai münasibətlərin ən fəal bəndinə çevrilməsi zəruriyyətini vurğulayan A.Usubəliyev birgə reallaşacaq layihələr haqqında məlumat verib.