Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamı kimi virtual formada turlar həyata keçirir. Növbəti tur Zərdab rayonuna təşkil olunub.
Videoçarx Zərdab rayonunun giriş fotosu ilə başlayır. Bir şəhər, bir qəsəbə, qırx kənd olmaqla qırx iki yaşayış məntəqəsindən ibarət olan rayon ərazisinin təbiəti, tarixi abidələri, muzeyləri, ziyarətgahları, sənətkarlıq sahələri, müasir tikililəri və rayonun iqtisadiyyatı ilə bağlı məlumatlar toplanaraq videoçarx formasına salınıb. Videoçarxda bitki və heyvanat aləmi təsvir edilib. Bitkilər sırasında qovaq, alma, heyva, tut, söyüd, gilas, gavalı, heyvanlar və quşlar sırasında qırqovul, tülkü, turac, alabaxta, bülbül, sığırçın və digərlərinin fotoları toplanıb.
Kür çayı boyunca uzanan Tuqay meşələrinin təsviri videoda fotolarda əks olunub.
Videoçarxda Həsən bəy Zərdabinin ev-muzeyi ilə yanaşı, digər muzeylərin və Veysəl Qarani (Üveys Qarani) ziyarətgahının fotoları, görkəmli şəxsiyyətlərin siyahısı da verilib.
Zərdabda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıqla bağlı fotolar izləyicilərə təqdim edilib.
Azərbaycan mətbəxinə rəng qatan Zərdab mətbəxi düyü və umac halvaları, döşəməli və lobyalı plovları, balıq buğlaması və dovğası ilə videoçarxda nümayiş olunur. İcra hakimiyyətinin binası, rayondakı Heydər Əliyev Mərkəzi, Veteranlar evi, Yaradıcılıq evi, Heydər Parkı və digər istirahət mərkəzlərinin fotoları da yer alıb.
Videoçarx Zərdab rayonun iqtisadiyyatına aid pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq, heyvandarlıq sahələrinin adı çəkilir və fotolarının nümayişi ilə yekunlaşır.
Videoçarx “Zərdab” mahnısı ilə müşayiət olunur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.
Azərbaycanın rayonları haqqında silsilə videoçarxların hazırlanması davam edir.
Karantin günlərində hər birimizin evində bir–birindən maraqlı layihələrlə “qonaq” olan və tamaşaçılara mədəniyyətin müxtəlif sahələrini əhatə edən verilişlər təqdim edən “Mədəniyyət” kanalı yenə də öz ənənəsinə sadiqdir. Belə ki, bu gün saat 16:30-da canlı olaraq efirə gedəcək “Çıxışa doğru” verilişi öz tanınmış qonaqları ilə yenə də insanlara xoş anlar bəxş edəcək. Proqramın qonaqları “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və görkəmli muğam ifaçısı, Xalq artisti Mənsum İbrahimov olacaq.
Efirdə ölkəmizdə karantin elan edilən ilk gündən “Mədəniyyət” kanalı vasitəsilə yayımlanan canlı verilişlər və layihələrin mədəniyyətimizin inkişafındakı rolundan söz açılacaq.
Qeyd edək ki, ölkəmizdə karantin elan edilən ilk günlərdən “Mədəniyyət” kanalı “Gələcəyini düşün, #Evdə qal” aksiyasına start verib. Bütün mədəniyyət müəssisələrinin qoşulduğu layihələrə, xüsusilə “Evdə qal, musiqisiz qalma” layihəsinə “Mədəniyyət” kanalı dəstək olub. Layihə çərçivəsində musiqi xadimləri evlərindən çəkdikləri videolarla öz musiqi töhfələrini tamaşaçılara ərməğan ediblər.
Bundan əlavə, “Bizi birləşdirən Mədəniyyət” verilişi saat 19:00-da həftəiçi 6 gün Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlanaraq mədəniyyətin müxtəlif mövzularını əhatə edən qonaqlarla tamaşaçıların görüşünə gəlib. BMM-nin solistləri muğam ustadları, Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayevə həsr olunmuş buraxılışlarda, “Mədəniyyət” kanalının “Əbədiyaşarlarımız” layihələrində görkəmli xanəndələrin repertuarından ifalar təqdim ediblər. Həmçinin milli alətlərimizə həsr olunan efirlərdə BMM-nin solistlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
“Mədəniyyət” kanalının dəstəyi, BMM–nin təşkilatçılığı ilə artıq bir neçə ildir ki, “Unudulmayanlar”, “Muğam axşamları”, “Milli musiqi alətlərimiz”ə həsr olunan layihələr həyata keçirilir və davam etdirilir. Karantin günlərində öz fəaliyyətini onlayn olaraq davam etdirən BMM-nin layihələri bu gün də “Mədəniyyət” kanalının dəstəyi ilə ictimaiyyətə təqdim olunur. Bu layihələr sırasında milli musiqi alətlətimizə həsr olunan “Mühazirələr”, “Muğam axşamları” konsertləri və görkəmli xanəndələrin həyat və yaradıcılığına həsr olunan mühazirələri misal çəkə bilərik.
Qeyd etmək yerinə düşərdi ki, “Çıxışa doğru” efirinin qonağı olan Xalq artisti Mənsum İbrahimov dəfələrlə sadalanan layihələrin iştirakçısı olaraq öz məlahətli ifaları ilə yanaşı, həm də muğam sənətimizlə bağlı düşüncə və tövsiyələrini gənc ifaçılarla bölüşüb.
“Mədəniyyət” kanalı bu müddət ərzində “Bizi birləşdirən mədəniyyət” layihəsi üzrə “Musiqi dərsi”, “Evdə öyrən”, “Azərbaycan aşıqları”, “XX əsr Azərbaycan operetta inciləri”, “Opera dünyası”, “Sərhədsiz musiqi”, “Muğam ustadları”, “Azərbaycan muzeyləri”, “Biz xalqın içindəyik”, “Bizim Bakı küçələri” kimi təqdimatlarını davam etdirib.
Hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “18 İyun Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi bu mövzuya həsr edilib.
Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib.
Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai rayon Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordum varsa, yurdum var!” adlı onlayn görüş keçirilib.
İştirakçılar silahlı qüvvələrimizin şanlı keçmişini, xalqımızın yaddaşında əbədi yaşayan sərkərdələrimizi yad edərək, bu tarixi qəhrəmanlıq salnaməsinin hər bir səhifəsini qürur hissi ilə xatırladıqlarını qeyd ediblər.
Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova çıxışında Silahlı Qüvvələrin yaranma tarixindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən, ordumuzun qüdrətindən və bu sahəyə olan dövlət qayğısından danışıb.
Görüş çərçivəsində, məktəbin 7-8 sinif şagirdlərinin ifasında Məhəmməd Hadinin, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Süleyman Rüstəmin vətənpərvərlik ruhunda yazılmış şeirləri səslənib, musiqi nömrələri ifa olunub, videoçarx nümayiş etdirilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə təqdim edib.
Sənət ocağının baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə “Nəsillər” (“Generations”) estrada qrupunun üzvləri, teatrın gənc və istedadlı solistləri - Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğlu, musiqisi Kamalın “Sən elə bir zirvəsən” əsərini ifa ediblər.
Qeyd edək ki, yeni yaradılan estrada qrupunun ilk çıxışında gənc solistləri orkestrin üzvləri - Murad Kərimov və Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.
Kompozisiya sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) həmin akademiyanın bazalı elmi-eksperimental laboratoriyası olan orta ixtisas musiqi məktəb-studiyanın 40 illiyinə həsr olunmuş (layihənin müəllifi – professor Tərlan Seyidov) ifaçı musiqiçilərin birinci beynəlxalq onlayn müsabiqəsinə hazırlaşır.
BMA-dan bildirilib ki, müsabiqənin şərtlərinə görə, hər bir iştirakçının qarşısında qeyri-adi və çətin bir vəzifə – üç ziddiyyətli musiqi janrının – akademik, xalq və caz musiqisinin qeyri-adi birləşməsindən ibarət bir proqramın ifasında özünü ifadə edə bilməsi dayanır.
Bütün yaş qruplarının iştirakı ilə nəzərdə tutulan bu müsabiqədə “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “Vokal”, “İnstirumeuntal və vokal ansambllar” nominasiyaları təqdim olunacaq.
İştirakçıların ifasını BMA-nın rektoru, Xalq artisti professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə nüfuzlu beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Müsabiqəyə son qeydiyyat sentyabrın 30-dək aparılacaq.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn yekun sərgisi keçirilib.
Sərgi rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə təşkil edilib.
Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim olunub.
Təqdim olunan əsərlərin təhlili göstərib ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVID-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq-mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacarıblar.
Müsabiqənin pul mükafatına layiq görülənlər bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini iyunun 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elektron poçt ünvanına (resmqalereya@gmail.com) göndərsinlər.
Müsabiqənin yekunlarına görə müəyyən olunmuş hədiyyələri və diplomları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan, dezinfeksiyaedici maddələrdən istifadə və sosial məsafə saxlamaq) iyunun 18-dən etibarən (bazar və bayram günləri istisna olmaqla) ayın sonunadək hər gün saat 10:00-dan 18:00-dək Xətai Sənət Mərkəzinə yaxınlaşaraq əldə edə bilərlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarında maraqlı tamaşalar yer alır.
Səhnə əsərləri sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn təqdim olunacaq. Belə ki,
iyunun 19-da uaşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”, 20-də böyüklər üçün “Dəlinin qeydləri” və 21-də isə “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 14:00 və 19:00-da nümayiş olunacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Вечерный Тошкент” qəzeti, orol.uz və digər portallarda özbək və rus dillərində “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı məqaləsi yerləşdirilib.
Materialda Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikəri haqqında məlumat verilir. Bildirilir ki, erməni qoşunları türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri dağıdır, habelə bu abidələri saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər.
Qeyd olunur ki, erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, tanınmış şairə Xan qızı Natəvanın heykəllərini güllələyib, sonra onları qənimət kimi İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra Bakıya gətirilib.
Müəllif erməni vandallarının bu hərəkətini İŞİD terrorçu qruplaşmasının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Vurğulayır ki, bu vandallıq bu gün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl simasını və barbar xislətini bir daha göstərir.
Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidəni, 22 muzeyi, digər mədəniyyət ocaqlarını məhv etdiyini və tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu bəyan edir.
O, Prezident İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən Sammitində səsləndirdiyi bəyanatını xatırladır: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.
Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarında məcburi köçkünə çevrilməsi, Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək yerinə yetirilmədiyi vurğulanıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı həftsəonu maraqlı tamaşalar göstərəcək.
Səhnə əsərləri sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq. Belə ki, iyunun 19-da Manqurt”, 20-də “Biganələr oteli”, 21-də isə “Mənim sevimli dəlim” tamaşaları təqdim olunacaq.
Səhnə əsərləri müvafiq olaraq saat 19:00-da izləniləcək.